İbrahim Həmzəyev — Vikipediya
İbrahim Həmzəyev | |
---|---|
Digər adları | Miribrahim Həmzəyev Mir İbrahim Həmzəyev |
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Naxçıvan |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşları | Zəroş Həmzəyeva (1938–1982) Barat Şəkinskaya (1931–1933) |
Uşaqları | Ayrum, Himalay, Nizami, Arzu, Solmaz |
Fəaliyyəti | teatr aktyoru və rejissoru |
Fəaliyyət illəri | 1920–1982 |
Təhsili | Bakı Teatr Məktəbi |
Mükafatları | |
Mir İbrahim Mir Tağı oğlu Həmzəyev (25 dekabr 1908 və ya 1908[1], Yelizavetpol – 4 fevral 1982 və ya 1982[1], Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan SSR xalq artisti (1965).
Həyatı
[redaktə | mənbəni redaktə et]Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində tanınmış mömin ailədə anadan olub. 1916-cı ildə Gəncədəki yeni tipli altısinifli məktəbə gedib. 1920-ci ildə Gəncə fəhlə klubunun nəzdindəki dram dərnəyinə üzv olub və buradakı tamaşalarda müntəzəm çıxış edib. 1920–1921-ci illərdə Gəncə hərbi komissarlığında işləyib və bu zaman dram dərnəyindən ayrılmayıb. 1921–1925-ci illərəd Gəncə Pedaqoji Texnikumunda oxuyub. Həm burada, həm də şəhərdəki bir neçə dram dərnəyinin tamaşalarında oynayıb. 1925–1928-ci illərdə Gəncə mərkəzi klubunda direktor işləyib.[2]
1930-cu ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinə daxil olan İbrahim Həmzəyev buranı 1933-cü ildə bitirir.[3] O, Teatr Məktəbində təhsil alarkən paralel olaraq dram dərnəklərində çıxış edirdi. Tətillərdə tamaşalar hazırlayaraq özü də rollar oynayırdı. Ona 21 avqust 1931-ci ildə Hüseyn Ərəblinski adına dram dərnəyində 11 il fasiləsiz çalışdığına görə həmkarlar təşkilatı və dərnəyin kollektivi tərəfindən qızıl medalyon da hədiyyə edilmişdi.[2]
Onun yaradıcılığı təcəssüm etdirən sənədlərdə aktyorun adı, əsasən, İbrahim kimi verilib.
İbrahim Həmzəyev 1932-ci il fevralın 8-də Bakı Türk İşçi Teatrının yardım heyətinə götürülür. Teatr Gəncəyə köçdükdən sonra, 21 mart 1933-cü ildə Gəncə Türk İşçi Teatrının (sonralar Gəncə Dövlət Dram Teatrı) aktyor truppasına daxil olur. 1936-cı ilin mayın 20-də Tiflis Dövlət Türk Dram Teatrına birinci kateqoriya aktyor ştatına qəbil olunan Miribrahim Həmzəyev həmin ilin 15 sentyabrında Tiflisdən qayıdaraq yenidən Gəncə Dövlət Dram Teatrının truppasına qəbul edilir. 1 il sonra, 26 sentyabr 1937-ci ildə ərizə yazaraq işdən çıxıb və 19 oktyabr 1937-ci ildə Naxçıvan teatrının truppasına aktyor götürülüb.[2]
Əksəriyyətini özü və həmçinin Adil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.
İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.
Son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi, səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan İbrahim Həmzəyev bu kollektivdə çoxlu sayda rol oynayıb.
İbrahim Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941–1945), direktor və baş rejissor (1943–1961. Qısa fasilələrlə), direktor (1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947–1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.
Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var.
Naxçıvan teatrının aparıcı aktyorları 1940–1980-ci illərdə özlərinin möhtəşəm rollarının, teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının əksəriyyətini İbrahim Həmzəyevin quruluş verdiyi tamaşalarda ifa ediblər. Rejissor teatrın səhnəsində həm milli, həm də dünya dramaturqlarının klassik və çağdaş mövzulu əsərlərini tamaşaya hazırlayıb.
Rejissor musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və arvad", "Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" əsərlərinə quruluş verib.
İbrahim Həmzəyev tərcümə əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi diqqət yetirib. O, tərcümə pyeslərinin seçilməsində teatrın fundamental yaradıcılıq konsepsiyasını əsas götürüb, janr əlvanlığına, mövzu müxtəlifliyinə çalışıb. Bu baxımdan onun quruluşunda oynanılan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri" (Karlo Haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı ilə seçilən, parlaq aktyor ifalarına görə əlvan olan səhnə əsərlərindəndir.
İbrahim Həmzəyev 1944-cü ildən Sov. İKP üzvü olmuşdur.[4]
İbrahim Həmzəyev 4 fevral 1982-ci ildə Bakıda vəfat edib. 6 fevral 1982-ci ildə Naxçıvanda dəfn olunub.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]İbrahim Həmzəyev birinci dəfə Barat Şəkinskaya ilə ailə həyatı qurub. 3 may 1932-ci ildə onların yeganə övladları olan Solmaz Həmzəyeva doğulub. İkinci dəfə 1938-ci ildə Nehrəmli Zəroş Əliyeva ilə ailə qurmuşdur. Onların 4 övladı olub. 26 noyabr 1939-cu ildə onların birinci övladları Ayrum, 25 aprel 1940-cı ildə Himalay, 12 sentyabr 1943-cü ildə Nizami, 22 mart 1955-ci ildə isə dördüncü övladları Arzu anadan olub.[2]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyun 1965
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- "Qırmızı əmək bayrağı" ordeni — 25 dekabr 1978[2]
- "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946
Teatr səhnəsində oynadığı rollar
[redaktə | mənbəni redaktə et]Faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları
- Arif, Şeyx Sənan ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid)
- Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm)
- Babək ("Babək", Osman Sarıvəlli)
- Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov)
- Yaşar, Elxan, Oqtay, Balaş, Aydın, Bəhram ("Yaşar", "Od gəlini", "Oqtay *Eloğlu", "Sevil", "Aydın" və "Solğun çiçəklər", Cəfər Cabbarlı)
- Nadir şah ("Nadir şah", Nəriman Nərimanov)
- Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov)
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə)
- Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil)
- Fərhad, Vaqif ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun)
- İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)
- Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov)
- Tərlan ("Sənsiz" Şıxəli Qurbanov)
- Nizami ("Nizami", Mehdi Hüseyn)
- Otello, Rodriqo ("Otello", Vilyam Şekspir)
- Karl Moor ("Qaçaqlar", Fridrix Şiller)
- Bersenyev ("Hücum", Boris Lavrenyov)
- Pekievanov ("Zirehli qatar 14–69", Vyaçeslav İvanov)
- Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski)
- Sanço ("Sevilya ulduzu", Lope de Veqa)
- Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami)
- Seyran ("Namus", Aleksandr Şirvanzadə)
- Aleksandr ("İki qardaş", Mixail Lermontov).
İctimai-sosial mənşəli tipik və xarakterik rollar
- Qacar ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev)
- Həsən bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov)
- Camal ("Nişanlı qız", Sabit Rəhman)
- İbad ("Almaz", Cəfər Cabbarlı)
- Şahmar ("Aslan yatağı", Məmmədhüseyn Təhmasib)
- Adil bəy ("Laçın yuvası", Süleyman Sani Axundov)
- Cavad kişi ("Qız atası", Əfqan Əsgərov)
- Polis ("Toros canavarı", Əziz Nesin)
- Hacı Həsən ağa, Fazil ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)
- İbişli ("Adamın adamı", Anar)
- Abbas ("Həyat", Mirzə İbrahimov)
- Oqtay Çingizov ("Sahil əməliyyatı", Cəmşid Əmirov)
- Nadir ("Vətən namusu", Georgi Mdivani)
- Surxay ("Toy", Sabit Rəhman).
Səhnələşdirdiyi əsərlər
[redaktə | mənbəni redaktə et]Naxçıvan teatrında səhnəyə qoyduğu tamaşalar
- "Od gəlini", "Oqtay Eloğlu", "Nəsrəddin şah", "Solğun çiçəklər", "Yaşar" (Cəfər Cabbarlı)
- "Hacı Qəmbər" Nəcəf bəy Vəzirov
- "Ölülər" Cəlil Məmmədquluzadə
- "İki ananin bir oğlu", "Canlı heykəl" Süleyman Rəşidi[5]
- "Səyavuş" Hüseyn Cavid
- "Nadir şah" Nəriman Nərimanov
- "Pəri cadu" Əbdürrəhim bəy Haqverdiyev
- "Fərhad və Şirin", "Vaqif" Səməd Vurğun
- "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız" Sabit Rəhman
- "Bahar suları", "Atayevlər ailəsi" İlyas Əfəndiyev
- "Vicdan əzabı" Əlyar Yusifli
- "Komsomol poeması" İsgəndər Coşqun
- "Vətən" Abdulla Şaiq
- "Aqil və Sərvinaz" Əyyub Abbasov
- "İldırım" Cabbar Məcnunbəyov
- "Qatır Məmməd" Zeynal Xəlil
- "Od içində" Ənvər Məmmədxanlı
- "Ana ürəyi" İslam Səfərli
- "Odlu diyar" Hüseyn Razi
- "Qaçaq Nəbi" Süleyman Rüstəm
- "Otello" Vilyam Şekspir
- "Sevilya ulduzu" Lope de Veqa
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Həmzəyev, Ibrahim Tağı oğlu // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 Rəhimli, İ. İbrahim Həmzəyev. Bakı: Şərq-Qərb. 2017. səh. 7–13. ISBN 978-9952-517-03-3.
- ↑ İlham Rəhimli. İbrahim Həmzəyev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 113–114. ISBN 978-9952-8021-9-1.
- ↑ И. Т. Һәмзәјев // Коммунист. 6 феврал 1982-ҹи ил. С. 3.
- ↑ İctimai və humanitar elmlər seriyası. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİ. 264. ISBN ISSN 2218-4783.