Şəmkir minarəsi — Vikipediya
Şəmkir minarəsi | |
---|---|
40°50′06″ şm. e. 46°07′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəmkir |
Tikilmə tarixi | XI əsrin sonları |
Üslubu | Arran memarlıq məktəbi |
Material | kərpic |
Vəziyyəti | fəaliyyət göstərir[mənbə göstərin] |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəmkir minarəsi — Azərbaycan memarlığının maraqlı nümunələrindən biri.
XI-XIII yüzillərdə qaynaqlarda adı sıx-sıx hallanan Azərbaycan şəhərlərindən olan Şəmkir səyyahların yaddaşında hər şeydən öncə möhkəm qalası və uca və gözəl minarəsi ilə qalmışdır. Ərəb alimlərindən Yaqut əl-Həməvi Şəmkürün Arran ərazisində qala olduğunu qeyd edir, Əbülfida (1273-1331) isə "çox uca və görkəmli" Şəmkir minarəsini heyranlıqla öyür. Azərbaycan memarlıq tarixi üçün də bu əsgi şəhərdənbizə bəlli ən dəyərli abidələr Şəmkir qalası və Şəmkir minarəsidir.
Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir.[1] Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan boy-buxunlu biçimi ilə səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.
Şəmkir minarəsi hər şeydən öncə yetkin üslubu, incə nisbətləri və biçim gözəlliyi ilə diqqəti özünə çəkir. Onun tutum – məkan biçimi sadə həndəsi fiqurların – kub, prizma, silindr – üst-üstə ahəngdar düzümünə əsaslanırdı. Bu aydın sadə fiqurlar içərisində azançı artırması – şərəfə bir qədər mürəkkəb biçimi – daha dekorativ həlli ilə seçilirdi. Bütün bunları ötən yüzildə çəkilmiş gözəl realistik rəsmlərdən də aydın görmək olur.
Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899-cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Florovskinin yazdığına görə Gəncə vilayətinin ən dəyərli qədim abidəsi
"...düzənliyin ortasında Şamxor çayının sol sahilində...yüksələn və demək olar 30 verstdən görünən Şamxor qülləsidir. Qüllənin əsası kub biçimlidir və onun eni yeddi arşın eni yeddi arşın, hündürlüyü beş arşındır. Onun üzərində diametri əsasda beş, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun üst hissəsi hər tərəfi beş arşın, yuxarıda dörd arşınacan olan dairəvi sütun yüksəlir. Onun st hissəsi hər tərəfi beş arşın olan dördbucaqlı karnizlə dövrələnib, karnizin altında...kufi xətti ilə yazılmış böyük kitabə var. Bu karnizin üstündə hündürlüyü altı sajen, yuxarıda artıq dağılan daa bir dairəvi sütun var. Onun diametri əsasda bir sajendən artıq deyil. Bütün qüllənin isə iyirmi səkkiz sajenəcən hündürlüyü var. Qüllənin ortasında 124 iri, demək olar ki dağılmış dolama pilləkən var ki, onunla qalxmaq xeyli çətindir. Yuxarı hissədə karniz altında da görünür pilləkən varmış...Qüllə kərpicdən qum və xırda daşla qarışdırılmış gəclə tikilib; iş olduqca gözəl və möhkəmdir; sement (məhlul) elə bərkdir ki, kərpiclə tamam birləşib. Zamanın artıq çox yerdən bu gözəl abidəni dağıtdığına heyifsilənmədən baxmaq olmur və hətta qüllənin əyilməsi də aydınca hiss olunur."
Tanınmış alim – memar Cəfər Qiyasi qeyd edir ki, bu dolğun təsvirə görə Şəmkir minarəsinin hündürlüyü 60 m-ə yaxın olmuşdur. Onun kürsüsünün plan ölçüləri 5 X 5 metr, dairəvi gövdəsinin diametri aşağıda dörd metrə, yuxarıda 3 metrə yaxın imiş. Minarə yuxarıdan dövrələmə tağ sıralı fənərlərlə tamamlanmışdır. Bu ayrıntı içərisində çıraq yandırılmaqla minarə geniş Arran çöllərində gecələr mayaka çevrilir, on kilometrlərlə uzaqdan şəhərin, onun dini mərkəzinin yerini bəlliləşdirirdi.[1]
C. Qiyasi qeyd edir ki, Şəmkir minarəsinin tamamilə bənzərsiz olması, həm də ancaq gözətçi məntəqəsi kimi müdafiə tikilisi olaraq ucaldılması fikrinin elmi əsası yoxdur. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.[2]
Mil minarələr Səlcuqlu məscidlərinin bir bucağında, çox vaxt şimal bucağında qoyulurdu. Həm də ilk səlcuqlu minarələrinin altlığı kub şəklində olmuşdur. Kərpicdən tikilən və XI əsrdən başlayaraq böyük ərazidə, o sıradan Azərbaycanda geniş yayılan silindr gövdəli minarələr qabarıq kərpic naxışlarla sıx bəzədilirdi. Bu baxımdan Şəmkir minarəsi İsfahan, Savə və başqa şəhərlərdəki Səlcuq minarələrinə görə saya bəzəkli olmuşdur. Zirvəsinin fənər ilə tamamlanması bu çağın Güney Azərbaycan, İran, Anadolu və Orta Asiya minarələri üçün də səciyyəvidir. Savə minarəsinin, Atabəylər Memarlıq Kompleksi və Qarabağlar türbəsindəki minarələrində ilk halda bitməsi şübhə doğurmur.
Tikilmə tarixi XI-XII yüzillərin qovşağına aid edilən Şəmkir minarəsi Səlcuqlar dövrünün mil minarələrindən idi. Sözsüz ki, özü kimi əzəmətli və bitkin memarlıq həlli olan cümə məscidinin, ya da dini kompleksin dominantı imiş. Hər halda orta əsr Şəmkir şəhərinin dini və hətta ola bilsin ki, ticarət mərkəzi də bu minarənin ətrafında olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şəmkir Arxeologiyası Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine