Şalke 04 FK — Vikipediya

Şalke 04 FK
FC Schalke 04
Loqonun şəkli
Klubun tam adı Fußballclub Gelsenkirchen-Schalke 04 e. V.
Ölkə Almaniya Almaniya
Ləqəb(lər) Die Königsblauen (Kral maviləri)
Die Knappen (Mədənçilər)
Kodu S04
Rəng(lər)          Göy-ağ
Yaranma tarixi 4 may 1904 (120 il əvvəl) (1904-05-04)
"Westfalia Schalke" adı ilə
Stadionu Feltins-Arena,
Gelzenkirxen
Tutumu 61.673[1]
Prezidenti Almaniya Matthias Tillmann
Baş məşqçisi Niderland Kees van Wonderen
Liqa 2. Bundesliqa
2023/24 10.
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Şalke Gelzenkirxen 04 Futbol Klubu", (alm. Fußballclub Gelsenkirchen-Schalke 04‎) daha çox bilinən adı ilə "Şalke 04" və ya sadəcə "Şalke"Almaniyanın Gelzenkirxen şəhərində yerləşən peşəkar futbol klubu. Hal-hazırda Almaniyanın 2. səviyyəli liqası olan 2. Bundesliqada çıxış edir.

Klubun ləqəbi olan "Die Kanppen"dən də məlum olduğu üzrə "Şalke" işçi klubudur. "04" klubun yaranma tarixi olan 1904-cü illə əlaqədardır. "Şalke" Almaniyanın ən populyar futbol komandalarından biridir, baxmayaraq ki, klubun ən uğurlu dövrü 1930 və 1940-cı illərə təsadüf edir. 2023-cü ildə olan məlumata görə, klubun 178,000 üzvü var ki[2], bu da onu Almaniyada ikinci, dünyada isə üzvlərinin sayına görə dördüncü ən böyük futbol klubu edir.[3]

"Şalke" Alman yüksək divizionunun 7 dəfə qalibi olmuşdur. Həmçinin 5 dəfə Almaniya kubokunun, 1 dəfə Almaniya liqa kubokunun, bir dəfə isə Almaniya superkubokunun sahibi olmuşdur. Beynəlxalq turnirlərdə isə 1 dəfə UEFA Kubokunun, iki dəfə UEFA İntertoto Kubokunun qalibi olmuşdur. 1937-ci ildə klub həm liqanın həmdə kubokun qalibi olaraq "dubl" etməyi bacaran ilk alman klubu olur. 2001-ci ildən bəri oyunlarını "Feltins-Arena" stadionunda keçirir. Rur qonşuları olan Borussiya Dortmund ilə uzun müddətli bir rəqabətləri vardır. Aralarında oynadıqları matçların adı "Revierderby" adlanır.

1904-1927 — İlk illər

[redaktə | vikimətni redaktə et]
1900-cü illərdə Rur regionundakı tipik mədən quruluşu — "Şalke" klubunun "Die Knappen" ləqəbinin mənşəyi də məhz buradan gəlir. Bu ifadə alman dilində "mədənçi" mənasını verən qədim bir sözdür. Komanda Gelzenkirxen şəhərindəki kömür mədənlərində çalışan fəhlələrdən bir çox oyunçu və azarkeş qazandığı üçün bu adla tanınmağa başlamışdı.

Klub 4 may 1904-cü ildə bir qrup orta məktəb şagirdi tərəfindən "Westfalia Şalke" adı ilə təsis olunub. İlk illərdə qırmızı və sarı rənglərdən istifadə edib. Komanda Qərbi Almaniya Futbol Assosiasiyasına ("Westdeutscher Spielverband") qəbul oluna bilmədi və Almaniyada futbolun erkən dövrlərində mövcud olan qeyri-rəsmi assosiasiyalarda çıxış etməyə məcbur oldu. 1912-ci ildə illərlə uğursuz cəhdlərdən sonra rəsmi liqaya daxil olmaq məqsədilə "Schalker Turnverein 1877" adlı gimnastika klubu ilə birləşdi. Bu razılaşma 1915-ci ilə qədər davam etdi və həmin il "SV Westfalia Schalke" müstəqil klub kimi yenidən quruldu. Lakin bu ayrılıq uzun sürmədi və 1919-cu ildə tərəflər yenidən birləşərək "Turn- und Sportverein Schalke 1877" adını aldılar. Yeni klub ilk uğurunu 1923-cü ildə "Şalke Kreysliqası"nın çempionu olaraq qazandı. Məhz bu dövrdə klub çoxlu sayda oyunçu və azarkeşini Gelzenkirxen şəhərinin kömür mədənçilərindən topladığı üçün "mədənçilər" mənasını verən qədim alman sözü olan Die Knappen ləqəbini aldı.

1924-cü ildə futbol komandası yenidən gimnastlarla yollarını ayırdı, bu dəfə klub sədrini də özü ilə apardı. Onlar "FC Schalke 04" adını qəbul etdilər və bu gün artıq tanınan göy-ağ formaya keçdilər. Bu forma onlara ikinci ləqəblərini – "Die Königsblauen" (azərb. Kral Göyləri‎) qazandırdı. Ertəsi il klub qısa, dəqiq və fərdi ötürmələrə əsaslanan oyun tərzi ilə yerli səviyyədə üstünlük qazandı. Bu sistem sonralar "Schalker Kreisel" (azərb. Şalke fırlanıcısı və ya gyroskopu‎) adı ilə məşhurlaşdı. 1927-ci ildə bu oyun üslubu onları "Gauliga Ruhr" liqasının yüksək divizionuna, oradan da liqa çempionluğuna və milli final mərhələsinin ilkin raundlarına qədər daşıdı.

1928-1933 — Üstünlüyə doğru yüksəliş

[redaktə | vikimətni redaktə et]

Klubun ilkin uğurlarından sonra "Şalke 04" tez bir zamanda xüsusilə fəhlə sinfi arasında populyarlıq qazandı. 1928-ci ildə klub yeni stadion — "Glückauf-Kampfbahn"u inşa etdi və şəhər rəhbərliyinin göstərdiyi dəstəyi qiymətləndirərək adını "FC Gelsenkirchen-Schalke 04" olaraq dəyişdi. 1929-cu ildə klub ilk dəfə Qərbi Almaniya çempionatının qalibi oldu. Lakin növbəti il liqa tərəfindən müəyyən olunmuş maaş limitlərini aşdığı üçün cəzalandırıldı və o dövrün peşəkarlığı qəbul etməyən idman mühitində klub yarım ilə yaxın müddətə yarışlardan kənarlaşdırıldı.

Lakin bu cəza klubun populyarlığına demək olar ki, heç bir təsir göstərmədi: 1931-ci ilin iyun ayında cəzadan sonrakı ilk oyunda "Fortuna Düsseldorf"a qarşı keçirilən matça 70,000 azarkeş toplaşaraq komandaya dəstək verdi. 1931-ci ildən etibarən klubun uğurları artmağa başladı və 1932 Almaniya futbol çempionatında yarımfinala yüksəldi. Burada "Ayntraxt Frankfurt" klubuna 1–2 hesabı ilə məğlub oldu. Növbəti il isə "Fortuna Düsseldorf" ilə finalda qarşılaşdı, lakin bu dəfə rəqib üstün oyun göstərərək 3–0 hesabı ilə qalib gəldi.

1933-1945 — Çempionluq illəri

[redaktə | vikimətni redaktə et]

1933-cü ildə Nasist Rejimi dövründə Alman futbolunun yenidən təşkilindən sonra "Şalke", ölkədəki saysız-hesabsız regional və yerli liqaları əvəzləyən 16 yüksək diviziondan biri olan "Gauliga Westfalen" liqasına daxil edildi. Bu dövr klub tarixinin ən uğurlu onilliyi oldu: 1933–1942-ci illər arasında Şalke ümumilikdə 18 milli final mərhələsinin 14-də iştirak etdi (on dəfə Almaniya futbol çempionatında, səkkiz dəfə isə bu günün DFB-Pokal turnirinin sələfi olan Tschammerpokalda) və iştirak etdiyi hər 11 mövsümdə öz liqasının qalibi oldu.

Klub "Gauliga Westfalen" çərçivəsində keçirdiyi 11 mövsüm ərzində ev oyunlarında heç vaxt məğlub olmadı və yalnız altı səfər oyununda uduzdu. 1935–36, 1936–37, 1937–38, 1938–39, 1940–41 və 1942–43 mövsümlərində isə məğlubiyyətsiz seriya ilə çıxış etdi. Bütün bunlar klubun həmin dövrdəki üstünlüyünün açıq göstəricisidir.

1941-ci ildə "Şalke" azarkeşləri

Şalkenin ilk milli çempionluğu 1934-cü ildə favorit sayılan "1. FC Nürnberg" üzərində 2–1 hesablı qələbə ilə gəldi. Növbəti il klub titulu uğurla müdafiə edərək "Ştutqart"ı 6–4 hesabı ilə məğlub etdi. 1936-cı ildə finala çıxmasalar da, sonrakı altı ilin hər birində çempionatın final mərhələsində iştirak etdilər və 1937, 1939, 1940 və 1942-ci illərdə qalib oldular. Bu milli finallardan üçü Avstriyadan olan klublara qarşı baş tutmuşdu — "Admira Vyana", "Rapid Vyana" və "First Vienna". Bu komandalar 1938-ci ildə Anşluss nəticəsində Avstriyanın Almaniyaya birləşdirilməsindən sonra Almaniyanın "Gauliga Ostmark" liqasında çıxış edirdilər.

"Die Königsblauen" "Tschammerpokal" turnirinin final mərhələlərində də tez-tez çıxış edirdilər, lakin orada o qədər də uğurlu ola bilmədilər. Onlar 1935-ci ildə keçirilən ilk Tschammerpokal finalında "1. FC Nürnberg"ə 0–2 hesabı ilə məğlub oldular. Daha sonra 1936, 1941 və 1942-ci illərdə də finala yüksəlsələr də, yenə məğlubiyyətlə üzləşdilər. Bu turnirdə yeganə qələbələrini 1937-ci ildə "Fortuna Düsseldorf"a qarşı qazandılar.

1933–1945-ci illər arasında keçən ondan çox mövsümdə "Şalke" "Gauliga"da keçirdiyi 189 oyunun 162-də qalib gəldi, 21-də heç-heçə etdi və cəmi 6 məğlubiyyət aldı. Bu dövr ərzində 924 qol vurub, cəmi 145 qol buraxdılar. 1935–1939-cu illər arasında isə bir dəfə də olsun liqa oyunu uduzmadılar. Klubun bu dövrdəki tam üstünlüyü Nasistlər tərəfindən təbliğat məqsədləri üçün istifadə olunur, "Şalke" "yeni Almaniyanın" nümunəsi kimi təqdim edilirdi.

1945-1959 — Müharibədən sonrakı dövr

[redaktə | vikimətni redaktə et]
Fritz Şepan ilə birlikdə tez-tez "Şalke" tarixinin ən böyük futbolçusu hesab olunan Ernst Kuzorra, eyni zamanda Alman futbol tarixinin ən görkəmli hücumçularından biri kimi tanınır. O, Şalkeni 1934–1942-ci illər arasında altı dəfə Almaniya futbol çempionatının və bir dəfə də DFB-Pokalın qalibi edərək ölkə futbolunun dominant komandasına çevirmişdi. Ernst Kuzorra həm də "Şalker Kreisel" kimi tanınan oyun sisteminin əsas aparıcı fiqurlarından biri idi. Bu sistem, sürətli və qısa ötürmələrə əsaslanaraq rəqibi çaşdırmaq və üstünlük qazanmaq məqsədi daşıyırdı.

İkinci Dünya müharibəsinin sonuna yaxın Almaniyada xaosun hökm sürdüyü bir dövrdə, "Şalke" 1945-ci ildə cəmi iki oyun keçirə bildi. Müharibədən sonra klub fəaliyyətini bərpa etdi və bir neçə il ərzində yenə də güclü komanda olaraq çıxış etməyə davam etdi. Onlar milli çempionat mərhələsində "SpVgg Herten" üzərində 20–0 hesablı qələbə qazanaraq rekord müəyyən etdilər. Lakin bu nəticə daha çox Alman futbolunun həmin dövrdəki zəif durumunu əks etdirirdi, nəinki komandanın gücünü.

Bu dövrdən sonra "Şalke"nin oyunu zəifləməyə başladı və 1947-ci ildə yeni yaradılmış "Oberliga West" liqasını yalnız altıncı pillədə tamamladılar. Cəmi iki il sonra isə klub 12-ci yerə qədər gerilədi.

"Şalke" əvvəlki gücünü bərpa etmək üçün 1950-ci illərin ortalarına qədər gözləməli oldu. 1954-cü ildə "Oberliga West" çempionluğu uğrunda gərgin üçlü yarışda mövsümün son oyununda qərar verilərək üçüncü yerdə tamamladılar. Növbəti il isə "DFB-Pokal" finalına yüksəldilər, lakin burada "Karlsruher" klubuna 2–3 hesabı ilə məğlub oldular.

Klubun növbəti və bu günə qədər sonuncu Almaniya çempionluğu isə 1958-ci ildə finalda "Hamburq" üzərində 3–0 hesablı qələbə ilə gəldi.

"Şalke"nin güclü azarkeş bazası təkcə stadionlarla məhdudlaşmır; bu, Gelzenkirxen şəhərində yerləşən St. Joseph kilsəsində də sənədləşdirilmişdir. 1958-ci il qələbəsindən qısa müddət sonra təmir olunan bu kilsədəki şüşə mozaikaların birində Aloysius Gonzaga bir futbol topu ilə, "Şalke" forması və rənglərində təsvir olunub.

1960-2000 — Bundesliqaya daxilolma və “Avrofayter”lər dövrü

[redaktə | vikimətni redaktə et]

1963-cü ildə Bundesliqanın – Qərbi Almaniyanın yeni peşəkar milli futbol liqasının yaradılmasına qədər olan illərdə "Şalke" yaxşı çıxış edərək bir neçə dəfə ilk dördlükdə yer aldı. Bu nəticələr sayəsində 16 komandadan biri kimi yeni yaradılan Bundesliqaya daxil olmağa haqq qazandılar.

Bundesliqadakı ilk illəri "Şalke" üçün çətin keçdi. 1964–65 mövsümündə liqa 18 komandaya genişləndiriləndə qismən şans nəticəsində aşağı liqaya düşməkdən xilas oldular. Sonrakı illərdə liqa cədvəlinin aşağı sıralarında qərarlaşsalar da, 1971–72 mövsümündə ciddi irəliləyiş göstərdilər və mövsümün böyük hissəsində lider olaraq, nəhayət, "Bayern Münxen"in ardından ikinci yeri tutdular. Həmin mövsümdə klub tarixində ikinci dəfə "DFB-Pokal"ı qazandı.

Lakin bu uğurların kölgəsində klub böyük bir böhranla üz-üzə qaldı. 1971-ci il Bundesliqa qalmaqalı çərçivəsində bir sıra "Şalke" futbolçuları və klub rəsmiləri rüşvət almaqda ittiham olundu. Araşdırmalar göstərdi ki, klub bilərəkdən 17 may tarixində "Arminia Bielefeld"ə qarşı keçirilən 28-ci tur oyununda 0–1 hesabı ilə məğlub olmuşdu. Nəticədə, milli komandanın da əsas oyunçuları olan Klaus Fischer, Reinhard "Stan" Libuda və Klaus Fichtel də daxil olmaqla bir neçə futbolçuya ömürlük cəza verildi.

Sonradan bu cəzalar 6 ay ilə 2 il arasında dəyişən müddətli diskvalifikasiyalarla əvəz olunsa da, qalmaqal klubun 1970-ci illərdə dominant komanda olma potensialını ciddi şəkildə zədələdi.

1973-cü ildə klub 1974 FİFA Dünya Kuboku üçün inşa olunmuş və 70,000 tamaşaçı tutumuna malik olan "Parkstadion"a köçdü. Qalmaqaldan sonra komandanın nəticələri qeyri-stabil idi. 1976–77 mövsümündə bir daha Bundesliqada ikinci yeri tutaraq, çempion "Borussiya Münxenqladbax"ın yalnız bir xal gerisində qərarlaşdılar.

1980-ci illərin əvvəllərində Die Knappen çətin dövrə qədəm qoydu və 1981–82 mövsümündə 2. Bundesliqaya düşdülər. Qısa müddət sonra yüksəlsələr də, 1983–84 mövsümündə yenidən aşağı liqaya düşdülər. 1984-cü ildə Bundesliqaya qayıtdılar, lakin 1988-ci ildə bir daha 2-ci liqaya enmək məcburiyyətində qaldılar.

Nəhayət, 1991–92 mövsümündə yenidən Bundesliqaya yüksəldilər və 2021-ci ilə qədər elitada qaldılar.

1997 UEFA Kuboku finalı. "Şalke" və "İnter" komandalarının heyətləri və taktiki düzülüşləri.

Klub 1972-ci ildə qazandığı "DFB-Pokal"dan sonra ilk beynəlxalq uğurunu 1996–97 UEFA Kubokunda əldə etdi. Finalda "İnter" üzərində penaltilərlə qalib gələn "Şalke" Avropa kubokunu başı üzərinə qaldırdı. Niderlandlı baş məşqçi Huub Stevensin rəhbərliyi altında çıxış edən 1997-ci il "Şalke" heyəti azarkeşlər arasında "Avrofayter”lər ləqəbini qazandı və bu ad bu günə qədər klubla assosiasiya olunur.

Almaniyada o zamanlar kifayət qədər tanınmayan Huub Stevens qısa müddətdə "Şalke" azarkeşləri arasında kult şəxsiyyətə çevrildi.

Stevens komandaya xüsusilə müdafiədə ciddi intizam gətirdi. Onun məşhur şüarı "Die Null muß stehen" alman gündəlik dilində də məşhur ifadəyə çevrilib. Bu şüar onun komandasının qapısının toxunulmaz qalmasına verdiyi böyük əhəmiyyəti əks etdirirdi.

2000-2019 — Üst sıralar, Avropada yarımfinal

[redaktə | vikimətni redaktə et]
Azarkeşlər Feltins-Arena stadionunda klubun rənglərini nümayiş etdirirlər.

1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər "Şalke" müasir, kommersiya yönümlü idman təşkilatına çevrilərək Bundesliqanın ən güclü komandalarından birinə dönmüşdü. Klub ardıcıl olaraq 2000–01 və 2001–02 mövsümlərində "DFB-Pokal"ı qazandı və Bundesliqada 2000–01, 2004–05 və 2006–07 mövsümlərində ikinci yeri tutdu.

2000–01 mövsümü "Şalke" azarkeşləri üçün xüsusilə ürəkağrıdıcı oldu. Komanda çempionluğu bayram etməyə hazırlaşarkən, "Bayren Münxen"in "Hamburq" səfərində 90+4-cü dəqiqədə vurduğu qol sayəsində çempionluq əldən çıxdı və titul son anda "Şalke"nin əlindən alındı.

2004–05 mövsümündə əldə edilən ikinci yer sayəsində klub tarixində ikinci dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazandı. Lakin qrup mərhələsini üçüncü sırada tamamlayaraq yoluna UEFA Kubokunda davam etdi. Burada da klub "Sevilya"ya – sonradan kuboku qazanan komandaya – yarımfinalda məğlub oldu.

2005–06 mövsümündə Bundesliqanı dördüncü sırada başa vurdular. 2006–07 mövsümündə isə yenidən ikinci yeri tutaraq, yeddi mövsüm ərzində üçüncü dəfə çempionluğa çox yaxın oldular.

2007–08 mövsümündə "Şalke" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsini adladı və 1/8 finalda "Porto"nu penaltilər seriyasında məğlub edərək 1/4 finala yüksəldi. Bu mərhələdə isə həm səfərdə, həm də evdə 0–1 hesabı ilə uduzaraq "Barselona"ya məğlub oldu və turnirdən kənarlaşdı.

9 oktyabr 2006-cı ildə, Rusiya neft şirkəti Qazprom klubun əsas sponsoru oldu. Şirkət, beş il yarım ərzində kluba təxminən 125 milyon avro sərmayə qoyacağını bildirdi. Bəzi analitiklər bu sponsorluğu siyasi məqsədlərlə, Almaniya ilə dostluq əlaqələri qurmaq cəhdi kimi qiymətləndirirdilər. Bu əməkdaşlıq çərçivəsində "Şalke" və "Zenit" arasında "partnyorluq sazişi" imzalandı; hər iki klub futbol sahəsində təkmilləşmə və təcrübə mübadiləsi aparmaq niyyətində idi.

13 aprel 2008-ci ildə, "Verder Bremen" qarşısında ağır məğlubiyyətdən və Çempionlar Liqasından kənar qalmaqdan sonra klub rəhbərliyi baş məşqçi Mirko Slomkanın vəzifəsindən azad olunduğunu elan etdi. Keçmiş futbolçular Mike Büskens və Youri Mulder müvəqqəti olaraq əsas komandanın idarəsini üzərinə götürdülər.

2008–09 mövsümündə, klub "Tvente" klubunun keçmiş baş məşqçisi Fred Rutteni yeni baş məşqçi təyin etdi və onunla iyun 2010-a qədər müqavilə imzalandı. Lakin nəticələr istənilən səviyyədə olmadığından, 2009-cu ilin mart ayında Rutten vəzifəsindən uzaqlaşdırıldı. Nəticədə, bir daha Büskens, Mulder və Oliver Rek müvəqqəti məşqçi qrupunu təşkil etdilər.

Raul Qonsales, Avropa klub turnirlərində bütün zamanların ən yaxşı bombardiri olduğu dövrdə, 2010–2012-ci illər arasında "Şalke" klubunda çıxış etmişdir. O, kluba gəldiyi andan etibarən həm təcrübəsi, həm də liderliyi ilə böyük təsir yaratdı və azarkeşlərin sevimlisinə çevrildi. Raúl, Şalkedə keçirdiyi müddətdə bir sıra vacib qollar vurdu və klubun 2011 UEFA Çempionlar Liqası yarımfinalına yüksəlməsində mühüm rol oynadı.

1 iyul 2009-cu il tarixində, "Volfsburq"u Bundesliqada zirvəyə daşıyan Feliks Maqat, həm baş məşqçi, həm də ümumi menecer vəzifələri ilə "Şalke" klubuna təyin olundu. Maqatın klubdakı fəaliyyəti, eyni zamanda çox milyonluq transfer xərcləri ilə üst-üstə düşdü. Bu dövrdə klub, beynəlxalq miqyasda tanınmış hücumçular olan Klaas-Jan Huntelaar və Raul Qonsales kimi oyunçuları heyətinə qatdı.

Maqatın rəhbərliyi altında komanda ilk aylar ərzində çox sayda qol vuraraq uğurlu çıxış etsə də, müdafiədəki zəifliklər və Maqatın bəzən mübahisəli heyət seçimləri, 2010-cu ilin dekabrına qədər onu azarkeşlər arasında narazılıqla qarşılanan fiqura çevirdi.

16 mart 2011-ci il tarixində Feliks Maqat vəzifəsindən azad edildi və onun yerinə əvvəllər 2004–2005-ci illər arasında qısa müddət klubun baş məşqçisi olmuş Ralf Ranqnik təyin olundu. Ranqnikin gəlişindən cəmi bir neçə həftə sonra UEFA Çempionlar Liqası çərçivəsində "San Siro" stadionunda "İnter" üzərində 5–2 hesablı sensasiyalı qələbə qazanan Şalke, yarımfinala yüksəldi. Burada isə "Mançester Yunayted" ilə qarşılaşdılar və ilk oyunda 0–2, ikinci oyunda isə 1–4 hesabı ilə uduzaraq turniri tərk etdilər.

Buna baxmayaraq, klub 2010–11 mövsümündə "DFB-Pokal" qazandı. Finalda "Düysburq" üzərində 5–0 hesablı böyük qələbə əldə olundu. Bu, klubun tarixindəki üçüncü "DFB-Pokal" qələbəsi oldu.

1 iyun 2011-ci il tarixində klubun kapitanı və qapıçısı Manuel Noyer, "Bavariya" klubuna transfer olundu.

Daha sonra, 22 sentyabr 2011-ci ildə, Ranqnik baş məşqçi vəzifəsindən dərhal keçərli olmaqla istefa verdiyini açıqladı. Komandaya müvəqqəti olaraq köməkçi məşqçi Seppo Eychkorn rəhbərlik etdi. 27 sentyabr 2011-ci ildə isə klub yenidən Hub Stivens ilə müqavilə imzaladı. Müqavilə 30 iyun 2013-cü ilə qədər nəzərdə tutulmuşdu.

"Şalke" UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı

Əfsanəvi statusuna baxmayaraq, Hub Stivensin "Şalke"yə qayıdışı bəziləri tərəfindən skeptik qarşılandı. Bəzi azarkeşlər onun 1997-ci ildə Şalkeni UEFA Kuboku qələbəsinə aparan müdafiəyəyönümlü sistemə qayıdaraq Ralf Ranqnikin qurduğu hücumameyilli oyunu tərk edəcəyindən narahat idilər. Lakin bu şübhələr əsassız çıxdı.

Şalke mövsüm ərzində qeyri-sabit çıxış etsə də, Bundesliqada üçüncü yeri tutaraq birbaşa UEFA Çempionlar Liqasına vəsiqə qazandı.

1924-1945
1945-1958
1958-1960
1960-1978
1978-1995
1995-hal-hazırda
Sonuncu dəfə 3 fevral 2025 [4] tarixində yeniləndi
Nömrə Ölkə Mövqeyi Futbolçu
2 Argentina DF Felipe Sánchez
5 İngiltərə DF Derry Murkin
6 Almaniya MF Ron Schallenberg
7 Almaniya MF Paul Seguin
8 Almaniya FW Amin Younes
9 Mali FW Moussa Sylla
10 Seneqal FW Pape Meïssa Ba
14 Almaniya MF Janik Bachmann
15 Danimarka FW Emil Højlund
16 Uruqvay MF Mauro Zalazar
17 İsveçrə DF Adrian Gantenbein
18 Qana FW Christopher Antwi-Adjei
19 Türkiyə FW Kenan Karaman (captain)[5]
20 Almaniya MF Arış Bayındır
22 Mali DF Ibrahima Cissé
23 Almaniya DF Mehmet-Can Aydın
24 Fransa FW Ilyes Hamache
Nömrə Ölkə Mövqeyi Futbolçu
25 Mərkəzi Afrika Respublikası MF Aymen Barkok
26 Çexiya DF Tomáš Kalas
27 Almaniya GK Loris Karius
28 Almaniya GK Justin Heekeren
29 Almaniya MF Tobias Mohr
30 Almaniya DF Anton Donkor
31 Almaniya DF Taylan Bulut
32 Almaniya GK Luca Podlech
33 Almaniya DF Vitalie Becker
34 Avstriya GK Michael Langer
35 Polşa DF Marcin Kamiński
36 Almaniya DF Niklas Barthel
37 Almaniya MF Max Grüger
38 Avstriya MF Tristan Osmani
39 Almaniya FW Peter Remmert
Almaniya MF Dominick Drexler
Almaniya GK Ralf Fährmann
Çempion (7) — 1933-34, 1934-35, 1936-37, 1938-39, 1939-40, 1941-42, 1957-58
İkinci (10) — 1932-33, 1937-38, 1940-41, 1971-72, 1976-77, 2000-01, 2004-05, 2006-07, 2009-10, 2017-18
Üçüncü (4) — 1995-96, 2007-08, 2011-12, 2013-14
  • DFB-Pokal
Çempion (5) — 1937, 1972, 2001, 2002, 2011
İkinci (7) — 1935, 1936, 1941, 1942, 1955, 1969, 2005
  • DFL-Supercup
Çempion (1) — 2011
İkinci (1) — 2010
Çempion (3) — 1981-82, 1990-91, 2021-22
İkinci (1) — 1983-84
Çempion (1) — 1996-97
Çempion (2) — 2003, 2004
  1. "Arxivlənmiş surət" (PDF). 2013-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-05-29.
  2. Bunse, Stefan (19 may 2023). "Schalke: Starke Entwicklung bei den Mitgliederzahlen - Schröder ruft neues Ziel aus". RevierSport online (alman dilində). 7 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2025.
  3. "Fußballclubs weltweit – Anzahl der Mitglieder 2021". 22 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2025
  4. "First Team". FC Schalke 04. İstifadə tarixi: 1 iyul 2024.
  5. "Kenan Karaman named FC Schalke 04's new captain". FC Schalke 04. 11 July 2024.