Şirvan-Salyan iqtisadi rayonu — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |

Şirvan-Salyan iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. Şirvan-Salyan iqtisadi rayonu respublika əhəmiyyətli Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan inzibati əhatə edir.
Şirvan-Salyan iqtisadi rayonunun ərazisi Kür-Araz ovalığının şərq hissələrini tutur, şərqdən Xəzər dənizinin suları ilə əhatə olunur. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa, Bakı-Astara dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir.
Təbii sərvətlərinə neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materialları (mişar daşı, qum-çınqıl və s.) aiddir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir.
Şirvanda Cənub DRES işləyir. Salyanda Plastik Kütlə zavodu, Neftçalada Yod-Brom zavodu fəaliyyət göstərir. Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır (Salyan, Neftçala, və s.).
İqtisadi rayonda meyvə-tərəvəz konservləri (Biləsuvar), ət, süd, taxıl məhsulları istehsal edilir. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Xıllı qəsəbəsində balıq yetişdirilməsi üzrə iri zavod yerləşir. Şirvan-Salyan iqtisadi rayonunun ərazisində mövcud olan Osmanlı-Astara dəmir yolu xəttindən Neftçala şəhərinə qol çəkilmişdir. Burada həmçinin Şirvan-Salyan sənaye qovşağı formalaşmışdır. Şirvan və Hacıqabul iqtisadi rayonun nəqliyyat qovşaqlarıdır.