Əlaəddin Təkiş — Vikipediya
Əlaəddin Təkiş | |
---|---|
علاء الدين تكش | |
| |
1172 – 1200 | |
Əvvəlki | Xarəzmşah El-Arslan |
Sonrakı | Sultanşah Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1132 |
Vəfat tarixi | |
Vəfat yeri | Köhnə Ürgənc |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Xarəzmşah El-Arslan |
Həyat yoldaşları | Türkan Xatun İnanc Xatun Fulana Xatun |
Uşaqları | Ələddin Məhəmməd Tacəddin Əlişah Yunus xan Toqan-Toqdu Məlikşah şahzadə Şah Xatun |
Ailəsi | Anuştəkinlilər sülaləsi |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əlaəddin Təkiş Xarəzmşah (tam adı: Əlaəddin Təkiş Əla-əl-Dünya və Din Əbül-Müzəffər) d. ? - o. 1200) — 1172-1200-cü illər ərzində Xarəzmşahlar dövlətinin türkmən hökmdarı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Səltənətin əsas varisi olan Təkiş , Nişapur şəhərinin kənarında olurdu. Kiçik oğlu Sultan Şah, bu fürsəti qiymətləndirərək özünü Xarəzmşahlar Sultanı və Böyük Xaqan elan etdi. Atsızın böyük oğlu Təkiş, qardaşının hökmdarlığını qəbul etmədi, ancaq birinci hərəkət etdiyinə görə səltənət ordusunu arxasına alan Sultan Şaha qarşı təkbaşına mübarizə aparması mümkün deyildi. Qardaşını taxtdan endirmək üçün, qədim düşmənləri olan Qarakitaylardan kömək istədi. Xarəzmşahlara qarşı düşmən münasibət bəsləyən Qarakitaylar əlbəttə bu fürsəti dəyərləndirmişdirlər. Qarakitayların yardım üçün göndərdikləri ordunun başına keçən Təkiş, Nişapura girərək qardaşını taxtdan endirdi və səltənət məqamına keçərək özünü Sultan elan etdi. Sultan Şah, Qarakitay ordusuna qarşı dayana bilməmiş və şəhərdən qaçmaq məcburiyyətində qalmışdır. Bir ildən sonra təkrar səltənət mübarizəsinə girişən Sultan Şah, İraq Səlcuqlarının hökmdarının vəkili Ayaba ilə razılaşaraq təkrar Təkişi devirmək üçün Nişapura girdi. Sultan Şahın bu sınağı müvəffəqiyyətsizliklə nəticələndi və Ayaba döyüşdə öldürüldü. Sultan Şah isə səltənətdən imtina edərək Dihistana qaçdı (1174 ). Təkiş , qüdrətli və güclü bir hakimiyyət yaratdı. Hakimiyyəti dövründə Xarəzmşahlar dövləti nizamı, intizamı və təşkilatlanmasıyla tam mənada bir imperatorluq halına gəldi. Hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi Qarakitaylarla münasibətlərini kəsərək mübarizəyə girişdi. Əvvəllər verdikləri dəstək üçün Qarakitaylara vergi verməyi qəbul edən Təkiş, vergi almaq üçün gələn Qarakitay elçisini məğrur və özündən razı rəftarlarına qəzəblənərək öldürmüş və beləliklə Qarakitaylara açıqca müharibə elan etmişdir. Qarakitaylar da, Atsız dövründə yarımçıq qoyduqları Xarəzm səfərini tamamlamaq üzrə Xarəzmşah Dövlətinin paytaxtı Nişapura hücum etdilər. Təkişin yaratmış olduğu yeni Xarəzmşahlar ordusu əvvəlkindən çox daha güclü idi. Çoxsaylı Qarakitay ordusu ilə birbaşa mübarizəyə girişən Təkiş, bu mübarizədə Qarakitaylara ağır bir məğlubiyyət yaşadaraq uzun illərdir ki, mövcud olan Qarakitay təhlükəsinə qarşı ilk əhəmiyyətli müvəffəqiyyəti əldə etmişdir. Türk yurdlarını 150 il boyunca təhdid edən Qarakitayların qərbə irəliləyişləri bu zəfərlə aradan qaldırılmış oldu.
Təkiş, ondan asılılığını bildirməsinə baxmayaraq qardaşı Sultan Şahdan narahat olurdu. Bu səbəbə görə də, fövqəladə bir vəziyyət olmadıqca Nişapuru tərk etmirdi və buna görə də, strateji hücumlarda ordusunun başında ola bilmirdi. Sultan Şah, 1187-ci ildə vəfat etmiş və beləliklə də, səltənət təhlükəsi ortadan qalxmışdır. Təkiş Xan da, strateji olaraq daha rahat hərəkət edə biləcək vəziyyətə gəlmişdi. Artıq ordusunun başına daha rahat bir şəkildə keçə bilən Təkiş, Şərqi İran və Xorasanı hakimiyyəti altına alaraq sərhədlərini genişləndirmişdir. Xarəzmşahların genişlənməsi Böyük Səlcuqlu Dövlətinin davamçılarından olan İraq Səlcuqlularının Sultanı II Toğrul Xanı narahat edirdi. II Toğrul Xan, İraq coğrafiyasında güclənmiş və İslam Xəlifəsi hesab edilən Abbasi Sultanının müdafiəsini boynuna götürmüşdü. Əldə etdiyi müvəffəqiyyətlərlə Xilafət mövqeyinin siyasi səlahiyyətlərini əlində saxlayan II Toğrul Xan, hakimiyyəti altındakı bölgələrə doğru genişlənməkdə olan Xarəzmşahlara qarşı mübariəyə başlayaraq şəxsən ordusunun başına keçib Xarəzmşahlar ilə döyüşə başlamışdır. Təkiş Xan, II Toğrul xanın ordusunun sayına bərabər olan bir qüvvə ilə başladığı mübarizəni qazanaraq II Toğrul Xanı döyüş meydanında öldürmüşdür. Toğrul bəyin ölümündən sonra İraq Səlcuqluları yıxılmış və Böyük Səlcuq Dövlətinin hakimiyyəti altındakı coğrafiyada varlığını davam etdirən İraq Səlcuqlularının hakimiyyəti altında olan ərazilərdə Xarəzmşahlar dövlətinin sərhədlərinə daxil olmuşdur (1194 ).
Bu qələbədən sonra Xarəzmşahlar tarixlərinin ən geniş sərhədlərinə çataraq İraq, İran və Xorasan bölgələrində hakim hala gəlmişdirlər. Təkiş Xanda özünü təkrar Səlcuq Dövlətinin xələfi olaraq elan edərək Bağdad xəlifəsinindən səltənət mənşuru (Fərmanı) aldı. Təxminən 100 ildir Xilafət mövqeyinin qoruyuculuğunu daşımış olan Səlcuqlar, son Səlcuq dövləti olan İraq Səlcuqlarının da yıxılmasıyla qoruyucusuz qalmışdı. Özünü Səlcuqların varisi elan edən Təkiş, bu vəzifəyə də sahiblənərək, həm Bağdad da olan xəlifənin, həm də Abbasilərin qoruyuculuğunu boynuna götürmüşdür. Bu vəzifənin məsuliyyətindən doğaraq bölgədə xilafətin müxalifi olan İsmaililər ilə mübarizə işinə başlamışdır. İsmaililər, Xilafət hakimiyyətinə etiraz edərək mövcud xəlifələrin hakimiyyətlərini rədd edir və üsyanlar qaldırırdılar. Getdikcə güclənən bu üsyan hərəkatının mənsubları bəzi qalaları ələ keçirərək Xilafət mövqeyinin hakimiyyətini zəiflədirdilər. Təkiş, II Toğrulun zamanında həll edilə bilinməyən bu problemi həll edərək İsmaililərin ələ keçirdiyi qalaları geri alaraq İsmaililik axınlarının Xəlifə üzərindəki təzyiqini ortadan qaldırmışdı.
Təkiş Xan, xəlifənin müdafiəçisi vəzifəsini öz üzərinə götürdükdən sonra genişlənmə siyasətini yavaşlatmış, gücünü bu vəzifəyə cəmləmiş və qalan ömrünü Xilafət mövqeyinə xidmət edərək keçirmişdir. 1200 -ci ildə vəfat edincə yerinə oğlu Məhəmməd keçdi.
Hakimiyyətinin ilk illəri
[redaktə | mənbəni redaktə et]Qardaşı Sultanşahın qaçmasından sonra Xarəzm taxtına 1173-cü ilin yanvar ayının 10-da Əlaəddin Təkiş oturur. O Xarəzmşahların ən qüdrətli hökmdarlarından biri idi. O dövlətin İmperiyaya çevrilməsində ən mühüm pay sahibi olmuşdu. O hələ hakimiyyətinin ilk illərində bir sıra çətinliklərlə üzləşir. Belə ki, qardaşı Sultanşah və anası Melike Türkan xatun Xorasan hakimi Məlik Müəyyədi əmin etmişdilər ki, Xarəzm xalqı və bütün ordu onların tərəfindədir və onların yardımı ilə Təkişi çox asanlıqla məğlub edə bilərlər. Bu səbəblə Məlik Müəyyəd Xarəzm üzərinə hücuma keçir. Sultan Təkiş isə Xarəzmin 20 fərsəxliyində onları gözləyirdi. Bundan xəbər tutan Məlik Müəyyəd əsgərlərini çöldən keçirib, cəm halında Xarəzmə salmaq istəyirdi. Məlik Müəyyədin ordusunun bir qismi Subarlıya girər-girməz Təkişin ordusu tərəfindən darmadağın edilir. Əsir düşən Məlik Müəyyəd öldürülür. Bu məğlubiyyətdən sonra Sultanşah və anası Dihistana qaçırlar. Lakin bura tezliklə Xarəzmşah Təkiş tərəfindən zəbt olunur. Bu hadisədən sonra əsir düşən Melike Türkan xatun öldürür, Sultan şah isə əvvəl Nişapura qaçmalı olur. Burada o kömək məqsədilə Gur sultanı Qiyassədinin sarayına sığınır.
Daxili siyasəti
[redaktə | mənbəni redaktə et]Xarəzmşahlar dövləti Təkişin hakimiyyəti illərində öz siyasi inkişafının ən yüksək zirvəsinə çatır. Həm Qarakitaylarla mübarizədə, həm də Xorasanın müdafiəsi üçün Seyhun çayı ətrafında yaşayan Qanqlı-Qıpçaq tayfalarının hərbi dəstəyindən istifadə etmək istəyən Təkiş bu məqsədlə onlarla nikah əlaqələri yaratmış və dövlət idarəsində Qanqlı-Qıpçaq əmirlərinə mühüm vəzifələr vermişdir.[2]
Xarəzmşahlar dövlətinin imperiyaya çevrilməsi
[redaktə | mənbəni redaktə et]Xarəzmşahların Qarakitaylarla olan dostluğu da Xarəzmşah Təkişin dövründə pozulur. Təkişi özlərindən asılı bir hökmdar kimi qəbul edən Qarakitaylar öz elçilərini Xarəzm sarayına göndərir. Lakin özünə təqdim olunan vergi və hədiyyələrin qarşısında elçinin tamahkarlığı Xarəzmşahı hiddətləndirir. Və elçini öldürtdürür. Təbii ki, Əlaəddin Təkiş bu əmri verərkən özünü Qarakitaylarla müharibə aparacaq gücdə hesab edirdi. Vəziyyətdən xəbər tutan Sultanşah Qarakitaylarla birləşərək qüvvətli bir ordu ilə Xarəzmə doğru ilərləməyə başlayır. Lakin Xarəzm əhalisinin Təkişdən tərəf olduğunu başa düşən Qarakitay ordusu geri çəkilmək qərarına gəlir.[3] Buna baxmayaraq Sultanşahın xahişi ilə ordunun bir qismi Mərv, Sərəxs, Tuz yaxınlığında düşərgə qurur. İlk əvvəl Oğuz rəislərindən Məlik Dinarı, daha sonra isə Toqan şahı məğlub edir. Lakin Sultanşah 1193-cü ilə- ölümünə qədər Nişapuru ələ keçirməyə müvəffəq ola bilməmişdir. 1187-ci ildə Nişapur Xarəzmşah Təkiş tərəfindən tutulur. Sultanşahın ölümündən sonra Mərv də Xarəzmşahların tabeliyinə keçir. Təkiş buraya oğlu Ələddin Məhəmmədi vali təyin etmək istəsə də böyük oğlu Nəsirəddin Məlikşah geniş ov ərazilərinə malik olan Mərvi əldən vermək istəmir. Nəticədə Ələddin Məhəmməd Nişapur vilayətinin valisi təyin edilir.[4]
Qardaşı ilə apardığı mübarizədən müvəffəqiyyətlə ayrılan Təkişin dövləti öz nüfuzunu bütün Şərqi İrana yaymışdı. Bu Təkişə Qərbi İranda gedən siyasi proseslərə müdaxilə etmək imkanı da yaratmışdı. Abbasi xəlifəsi Nəsir ilə İraq Səlcuq sultanı II Toğrul arasında baş verən ixtilaflardan istifadə edən Təkiş 1194-cü il 24 martda Rey ətrafında baş verən döyüşdə Toğrulu məğlub edərək öldürmüşdü. Beləliklə Həmədan da daxil olmaqla Əcəm İraqı və Səlcuqlara aid qalalar Xarəzmşahların əlinə keçir. Mənbələrdən də görünür ki, bu qalibiyyətdən sonra özünü sultan elan edən Xarəzmşah Təkiş öz adına buraxılan pullarda da “sultan”titulundan istifadə etmişdir. Xarəzm şahları içində də bu titulu ilk Əlaəddin Təkiş qəbul etmişdir. Özünü İrandakı müxəlif xanədanlıqların, atabəyliklərin hətta Gurlu hökmdarlarının da hamisi elan edən Xarəzmşah Təkiş bu vəsiləylə nəzəri də olsa bütün İran torpaqlarını öz imperiyası ətrafında birləşdirməyə müvəffəq olmuşdur.[4] Xarəzmşahın İraq ərazisini birbaşa onun tabeliyinə verəciyini ümid edən xəlifə Nəsir li-dinillah Təkişin də digər Səlcuq sultanları kimi onu sadəcə “ruhani rəis” olaraq tanıdğını görüb Xarəzmşahlara qarşı müharibəyə başlayır. Lakin bu müharibədə məğlub olur. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca , Rey isə oğlu Yunus Xana tapşırıb, böyük əmirlərdən Mayacık da oğluna atabəy təyin edərək Xarəzmə qayıdır. Lakin səhhəti ilə əlaqədar problemlərlə bağlı Yunus xan Reyi tərk edir və idarə etmə birbaşa atabəy Mayacıkın əlinə keçir. Vəziyyətdən istfadə edən xəlifə öz ordusu ilə Rey üzərinə hücuma keçir. Bu hücumu dəf etməkdən ötrü köməyə gələn Qutluq İnanc Mayacık tərəfindən öldürülür. Bu səbəblə 1196-cı ildə üçüncü dəfə İraqa səfər edən Xarəzmşah Təkiş Bağdad ordusunu məğlub edir və Həmədanın idarəsini Atabəy Özbəyə, İsfahanı isə nəvəsi Ərbuza tapşırır. Bu zaman böyük oğlu Məlikşahın öldürüldüyü xəbərini eşidir. Buradakı qarışıqlıqlığa son verərək Xarəzmə qayıdır. 1198-ci ildə Xorasana hücuma keçən Təkiş burada atabəy Mayacık və tərəfdarlarını qətl edir. İsmaililərin əlindəki bir sıra qalaları da zəbt etdikdən sonra 1200-cü ildə Xarəzmə qaydır və iyul ayının 4-ü burada vəfat edir.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Y.H. Baura görə "Təkis" adı Türkcə olub "savaşda vuran ər" anlamına gəlir. Bax: Bayur, Yusuf Hikmet, (1950), "Harizmşah Alâü’d-Din “Tekiş” ’in adı haqqında," Belleten, Cilt: 14 No: 56 say.589-95.
- ↑ Gürbüz, Meryem. Harezmşahlarda devlet teşkilatı, ekonomik ve kültürel hayat. İstanbul. 2005.
- ↑ Bünyadov, Ziya. Xarəzmşahlar- Anuştəqinilər dövləti. 1097-1231. Bakı. 2015.
- ↑ 1 2 3 Taneri, Aydın. Xarəzmşahlar. Ankara: TVD yayınları. 1993.