İyun böhranı — Vikipediya
İyun böhranı — Nuru paşanın Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasına və hökumətinə etimadsızlığı ilə bağlı 1918-ci il iyunun 16-17-də yaranmış siyasi böhran.
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan istiqlalı üçün son dərəcə təhlükəli olan bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Milli Şura 1918-ci il iyunun 16-də Tiflisdən Gəncəyə köçdülər. Onların Azərbaycan hüdudlarına daxil olduqları zaman qarşılaşdıqları ilk ciddi məsələ bolşevik-daşnak qüvvələrinin Cənubi Qafqazın müsəlman olan əhalisinə qarşı həyata keçirdikləri soyqırımlarına son qoymaq üçün Osmanlı dövləti tərəfindən göndərilən Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş Nuru paşanın və onun ətrafındakı qüvvələrin Milli Şuraya və Hökumətə soyuq və inamsız münasibəti oldu. Nuru paşanın bu mövqeyi Azərbaycana gəldiyi ilk günlərdə milli hökumətə hörmət və etimadla yanaşacağı, daxili siyasi proseslərə müdaxilə etməyəcəyi barədə verdiyi bəyanata tam əks idi. Belə bir vəziyyət Azərbaycan istiqlalı üçün ciddi təhlükə yaradırdı.
Gərginliyin dərinləşməsinə Nuru paşanı əhatə edən, ona güclü təsir göstərən "rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar"ın (R.Vəkiləv) "xidmətləri" mühüm rol oynamışdı. Özünün də etiraf etdiyi kimi, siyasətçi olmayan Nuru paşanın Azərbaycan hakimiyyətinə qarşı tutduğu bu sərt mövqe Azərbaycanın daxili və xarici vəziyyətinin çox mürəkkəb olduğu bir durumda bildirilmişdi. Bakıda sovet hakimiyyəti pərdəsi altında fəaliyyət göstərən daşnak rejimi Osmanlı dövlətinin Qafqaz xalqları üçün ciddi təhlükə doğurduğu, Osmanlı işğalının ağır nəticələrinin bütün xalqlar üçün faciəli sonluqla bitəcəyi, yalnız "Sovet hakimiyyəti"nin xalqlara "xoşbəxt gələcək" bəxş edəcəyi və bu kimi cəfəngiyatlarla dolu təbliğat apardığı bir şəraitdə Nuru paşanın Azərbaycan istiqlalına münasibəti onun siyasi proseslərə düzgün qiymət verə bilməməsi ilə bağlı idi.
İlhaqçıların mövqeyi
[redaktə | mənbəni redaktə et]Nuru paşanı əhatə edən İlhaqçılar Azərbaycanın yeganə xilas yolunu Osmanlı imperiyası hüdudları daxilində mövcudluqda görürdülər. Onlar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər. Azərbaycana yeni-yeni Osmanlı hərbi qüvvələrinin gəlməsi ilə Nuru paşanın özünün Azərbaycandakı rolu barəsində təsəvvürlərində ciddi dəyişikliklər baş verirdi. Belə ki, o, özünü burada mütləq hakim kimi aparmağa başlamışdı. Onun, əksər hallarda, Azərbaycan Hökuməti ilə razılaşdırılmamış və Hökumətin əhali qarşısında bəyan etdiyi prinsiplərə zidd olan qərarları ölkənin siyasi dairələrində çaşqınlıq və məyusluq doğururdu, hətta bəzi siyasi xadimlər Azərbaycanın xarici siyasət istiqamətinə yenidən baxmaq zərurətinin yarandığını bildirirdilər. Vəziyyətin anlaşılmazlığı belə bir münasibətin Nuru paşanın şəxsi mövqeyi, yaxud Osmanlı dövlətinin siyasəti ilə bağlı olub-olmamasının qeyri-müəyyənliyindən irəli gəlirdi. Bunu və digər məsələləri müzakiə etmək üçün Milli şura və hökumət tərəfindən Məhəmməd Əmin Rəsulzadə, F.x.Xoyski, M.H.Hacınskidən ibarət nümayəndə heyəti təşkil edildi. Gəncədəki siyasi mühit danışıqların gərgin olacağından xəbər verirdi. "Bu mübarizə məmləkət üsuli-idarəsinə aid demokrasi cərəyanlarla aristokrat zehniyyətlər arasında vüsuə gəliyordu" (Məhəmməd Əmin Rəsulzadə). Nuru paşa Qafqaz İslam Ordusunun komandanı kimi yalnız hərbi sahə ilə məşğul olduğunu bildirib, nümayəndə heyətini onları maraqlandıran məsələləri onun siyasi işlər üzrə müşaviri Əhməd bəy Ağaoğlu ilə müzakirə etməyi məsləhət gördü: "Mən əsgərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağaoğludur. Onunla görüşün".
Azərbaycan hökumətinin Ə.Ağaoğlunun bəyanatına reaksiyası
[redaktə | mənbəni redaktə et]Azərbaycan nümayəndə heyəti Ə.Ağaoğlunun sərt bəyanatı ilə qarşılaşdı. Onun fikrincə, guya indiki hakimiyyət əhali arasında nüfuzunu tamamilə itirmişdir və əhali ona qarşı hər an üsyana qalxa bilər. Belə bir vəziyyət yaranarsa, Osmanlı hərbi qüvvələri hakimiyyəti müdafiə etməyəcəklər. Ə.Ağaoğlu bununla Nuru paşanı əhatə edən qüvvələrin hökumətin radikal islahatlar proqramından, xüsusilə aqrar islahat tədbirlərindən narahatlıqlarını çatdırırdı. Zahirən Azərbaycanın müstəqilliyinə qarşı çıxmayan Ə.Ağaoğlu sərt şəkildə "siz Milli Şuranı bağlayın, hökumətdən əl çəkin, Nuru paşa istədiyi adamlardan bir hökumət qurar" tələbini dilə gətirmişdi.
Azərbaycan nümayəndə heyəti Ə.Ağaoğlunun bu tələbini qətiyyətlə rədd etmiş və bildirmişdi ki, bu, əslində, Azərbaycanın işğal edilməsi demək olacaqdır. Bunun isə istər Osmanlı dövlətinin, istərsə də Azərbaycanın beynəlxalq aləmdə maraqlarma ciddi zərbə vuracağı şəksizdir. Belə bir tələb, dolayısı ilə, 1918-ci il iyunun 4-də Batumda imzalanmış "Sülh və dostluq haqqında" Osmanlı-Azərbaycan müqaviləsinin şərtlərinə kökündən zidd idi. Azərbaycan nümayəndələrinin ortaya qoyduqları bu və digər dəlillər Ə.Ağaoğlunu özünün əvvəlki mövqeyindən geri çəkilməsi ilə nəticələndi. Danışıqların yekununda belə bir razılıq əldə olundu ki, Milli Şura yalnız yeni hökuməti yaratmalı və səlahiyyətlərini bu hökumətə verib özünü buraxmalıdır.
Siyasi böhran
[redaktə | mənbəni redaktə et]Siyasi böhran Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələrin kəskin narazılıqlarına səbəb oldu. Müsəlman sosialist bloku və "Hümmət" Osmanlıların dövlətin daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq Milli Şuranı tərk etdilər.
1918-ci il iyunun 17-də Gəncədə şəhər idarəsinin binasında Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın 7-ci iclası keçirildi. İclası giriş sözü ilə açan Məhəmməd Əmin Rəsulzadə yaranmış vəziyyətin fövqəladə olduğunu və müzakirəyə çıxarılacaq məsələlərə hissə qapılmadan soyuqqanlı yanaşmağın vacibliyini qeyd etdi. O bildirdi ki, əsas prinsipə sadiq qalmaqla, yaranmış vəziyyət nəzərə alınmalıdır. "Bəlkə də bu gün qəbul edəcəyimiz qərar bizim bədbəxtliyimiz olacaq, lakin əgər yaranmış vəziyyətdən yeganə çıxış yolu yalnız bundadırsa, biz onu qəbul etməliyik". Siyasət naminə siyasətdən əl çəkməyin vacibliyini vurğulayan sədr şura üzvlərini verəcəkləri qərarlarda vətən və millətin maraqlarını nəzərə almağa çağırdı.
Sonra hökumət başçısı Fətəli xan Xoyski ölkə hüdudlarına köçməsi ilə əlaqədar mayın 28-də Tiflisdə yaradılmış Müvəqqəti hökumətin istefasını qəbul etməyi Milli Şuradan xahiş etdi. Aslan bəy Səfikürdski Nuru paşanın simasında Osmanlı dövləti rəhbərlərinin Azərbaycan xalqının maraqlarına zidd addımlar atmasına təəssüfləndiyini bildirdi. Məhəmməd Əmin Rəsulzadə natiqin çıxışını kəsərək, "paşanın bu işə aidiyyəti yoxdur" dedi. A.Səfikürdski çıxışının davam etdirərək, xalqın türklərə münasibətdə məyusluğunun son nəticədə Azərbaycan üçün çox ağır nəticələrə səbəb olacağını bildirdi. Məmməd Yusif Cəfərov isə qeyd etdi ki, "biz asanlıqla əldə etdiyimiz azadlığı belə asanlıqla da təhvil veririk... Kömək gözlədiyimiz Osmanlı qardaşlarımız ürəklərimizi oxlayırlar, hisslərimizi zəhərləyirlər".
Məmməd Həsən Hacınski Osmanlıların Azərbaycanın müstəqil və nüfuzlu hökumətinin yaradılmasını səmimiy-yətlə istədiklərini qeyd etdi. Rəhim bəy Vəkiləv isə müzakirəyə çıxarılmış təklifı "Müsavat partiyasının çəkildiyi son səngər" adlandırdı.
İclasda çıxış edən Nəsib bəy Yusifbəyli yaranmış böhranın əsas səbəbinin Nuru paşanı əhatə edən "şübhəli şəxslər"də olduğunu göstərdi. Onun fkrincə, indiki vəziyyətdə güzəştə getməmək olar, lakin bu ağır nəticələrə gətirib çıxarar ki, bu da "belə bir müşkül vəziyyətə düşdüyümüz vaxtda vətənpərvərlik hərəkəti ola bilməz". O, hökumətin istefasının qəbul edilməsini, Milli Şura sədrinin yeni hökumətin təşkilini özünün inandığı şəxsə həvalə edərək, Milli Şuranın bütün səlahiyyətlərinin həmin hökumətə verilməsini, tezliklə Müəssislər məclisinin çağırılmasını, hökumətə bu ixtiyarı heç kəsə könüllü təhvil verməməyi tapşırmağı təklif etdi, əks halda, "hər cür cəhdlərə qarşı müstəqilliyimizin ilk müdafiəçisi olacağını bildirdi.
Fasilədən sonra Məhəmməd Əmin Rəsulzadə ümumi razılığa əsasən, yeni Hökumətin təşkilini F.x.Xoyskiyə həvalə etdiyini bildirdi. F.x.Xoyski yeni hökumətin fəaliyət proqramının əsasında Azərbaycanın şərəfıinin, azadlığının və müstəqilliyinin durduğunu bəyan etdi. Müzakirələrin yekununda Milli Şuranın fövqəladə iclasının iştirakçıları - Məhəmməd Əmin Rəsulzadə, M.Mahmudov, R.Vəküov, S.Qənizadə, N.Yusifbəyli, X.Xasməmmədəv, F.x.Xoyski, X.Məlik-Aslanov, T.Makinski, Ə.Şeyxülislamov, M.Rizayev, M.H.Seyidov, Hacı Molla Səlim Axundzadə, İ.Vəkiləv, A.Qardaşov, F.Köçərli, M.Hacınski, C.Hacınski, Q.Camalbəyov, Ə.Pepinov, H.Ağayev, X.Sultanov, Ş.Rüstəmbəyli, M.Məhərrəmov, Məmməd Yusif Cəfərov, A.Səfikürdski, M.H.Hacınski, Şərifov iki qətnamə qəbul etdilər. Müvəqqəti hökumətin hüquq və vəzifələrinə dair birinci qətnamədə göstərilirdi ki, müvəqqəti hökumət dövlət müstəqilliyini və mövcud siyasi azadlığı ləğv etmək, aqrar və bu kimi digər vacib məsələlər barəsində inqilabi qanunları dəyişdirmək hüquqlarına malik deyildir. Hökumət altı aydan gec olmayaraq, Müəssislər məclisi çağırmalıdır, digər idarəetmə məsələlərində isə tam hüquqa malikdir. İkinci qətnamə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının buraxılması haqqında idi. Qətnamədə deyilirdi: "Azərbaycanın daxili və xarici həyatındakı ağır vəziyyəti nəzərə alaraq, bütün hakimiyyət F.x.Xoyskinin sədrliyi ilə təşkil olunmuş hökumətə verilsin və ona tapşırılsın ki, öz hakimiyyətini yaxın vaxtlarda çağırılacaq Müəssislər məclisindən başqa heç kəsə güzəştə getməsin".
Son nəticə
[redaktə | mənbəni redaktə et]Yekun nitqi ilə çıxış edən Məhəmməd Əmin Rəsulzadə bu qətnamələrə əsasən, tarixi məsuliyyətin bütün ağırlığının F.x.Xoyski hökuməti üzərinə düşdüyünü nəzərə çarpdırmaqla, onun vəziyyətini döyüşün ən ağır və məsuliyyətli anında geri çəkilən ordunun son arxa mövqelərini müdafiə etmək əmri almış hərbi qüvvənin keçirdiyi qorxu və həyəcan hissi ilə müqayisə etdi. Yeni doğulmuş Azərbaycan dövlətinin məhvinə yol verməmək hökumətin ən vacib vəzifəsi hesab olunurdu. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın xalq nümayəndəliyini təmsil etdiyini göstərməklə, bu orqanın fəaliyyətini dayandırmasını "heç şübhəsiz, demokratiyanm geri çəkilməsi və irtcaçı qüvvələrin uğuru" kimi qiymətləndirdi. Məsələyə əsl qiyməti tarixin verəcəyini bildirən natiq Müəssislər məclisinə tezliklə keçiriləcək seçkilərdə Azərbaycan xalqının əsl istəyinin ortaya çıxacağına inandığını bildirdi. Məhəmməd Əmin Rəsulzadə çıxışının sonunda həmkarlarını mövcud şəraitin ağırlığına baxmayaraq, Azərbaycanın tezliklə azad və mütərəqqi bir cəmiyyətə sahib olacağına inandıraraq dedi:
"İştə, müstəqil bir Azərbaycan! Siyasətin kəsbi-hürriyyət və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid düsturların, hər halda, müstəbid Rusiya zamanından daha geniş, daha müsaid olacağına şübhə etməm. Hətta, əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrai-nüfuz edən və edəcəyi mütəsəvvir bulunan qüvvət yabançı bir qüvvət deyil, öz qüvvətimizdir. Buradan istiqbal, böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarının tövhidə doğru gedəcəyi eyni məqsədimizdir. İctimai və hüquqi hürriyyətlərdə bilfərz qaib etsək belə, siyasətən qazanacaq təlafıyi-mafat edəcəkiz". |
Məhəmməd Əmin Rəsulzadə çıxışını "Yaşasın Azərbaycan! Yaşasın türk xalqı!" şüarı ilə bitirdi. Beləliklə, yeni yaranmış Azərbaycan dövlətçiliyi üçün ilk ciddi sınaq olan "İyun böhranı" Milli Şuranın öz fəaliyyətini dayandırması ilə nəticələndi. Yeni hökumətin tərkibinə daxil olan 12 üzvdən 6-sı əvvəlki hökumətdə də iştirak etmişdi.
Nuru paşa isə tezliklə Azərbaycan Hökuməti ilə münasibətlərini normallaşdırmaq məcburiyyətində qaldı.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (Сборник документов), Б., 2001;
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
- Rəsulzadə M.Ə., Azərbaycan Cümhuriyyəti, B., 1990;
- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;
- Vəkiləv P.Ə., Azərbaycan Respublikasının yaranma tarixi, B., 1998; Hətəmov R., "17 iyun böhranını doğuran səbəblər haqqında, "Tarix və onun problemləri" jurnalı, № 2, B., 2002.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 72-75. ISBN 9952-417-44-4.