Ağac (ölçü vahidi) — Vikipediya
Ağac — riyaziyyatda əski çağlarda məsafələri ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə — hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Ağac uzunluq ölçü vahidi də məhz belə yaranmışdır.
Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda, xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir. Bu ölçü vahidi də şifahi xalq ədəbiyyatı nümunələrində geniş istifadə olunur. Məsələn,
- "Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı Çənlibelin on beş-iyirmi ağaclığına".
- "Qoç Koroğlu, xan gəlib, mən onları Çənlibelin üç ağaclığındakı bulağın başında qoyub gəldim".
Onu da qeyd etməliyik ki, arşın və ağac haqqında qaynaqlarda verilən bilgilər demək olar ki, üst-üstə düşür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 457. ISBN 978-9952-34-152-2