Abxaziya Muxtar Respublikası — Vikipediya

Muxtar respublika
Abxaziya Muxtar Respublikası
gürc. აფხაზეთის ავტონომიური რესპუბლიკა

39°20′ şm. e. 45°30′ ş. u.HGYO


Ölkə Gürcüstan
İnzibati mərkəz
Nazirlər kabinetinin sədri Ruslan Abaşidze
Ali məclisin sədri Camal Qamaxariya
Tarixi və coğrafiyası
Yaradılıb 1991
Sahəsi 8.600 km²
Saat qurşağı +5
Əhalisi
Əhalisi 242.000 nəfər (2016)
Etnik tərkib

Abxazlar – 50,7  %,
Gürcülər – 19,3 %,
Ermənilər – 17,3  % ,
Ruslar – 9,2  %

Dini tərkib Ortodoks – 60  %,
Müsəlman – 16 %,
Digər dinlər – 24  % ,
Rəqəmsal identifikatorlar
ISO kodu GE-AB
Telefon kodu 44
İnternet domeni .ge
Rəsmi sayt
Abxaziya Muxtar Respublikası xəritədə
Abxaziya Muxtar Respublikası xəritədə

Abxaziya Muxtar Respublikası (gürc. აფხაზეთის ავტონომიური რესპუბლიკა) — rəsmən Gürcüstan Respublikasında muxtar respublika, ərazisi faktiki olaraq qismən tanınmış separatçı Abxaziya Respublikasının nəzarəti altındadır. 1921-ci il martın 4-də təşkil olunmuşdur. Şimalda Rusiya ilə (Krasnodar vilayətiQaraçay-Çərkəz respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın regionları olan Sameqrelo və Zemo-Svaneti ilə həmsərhəddir. Sahəsi 8,6 min km2. 5 rayonu, 7 şəhəri, 4 şəhər tipli qəsəbə var. Paytaxtı Suxumi şəhəridir.[1]

Arxeoloji tapıntılar Abxaziyanın ərazisində hələ Erkən Paleolit dövründə insanın olmasına şahidlik edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. 7–6-cı əsrlərdə baş vermişdir. E.ə. 6–4-cü əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın 1-ci əsrinin sonlarında Abxaz ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır. 6-cı əsrin ortalarında Bizans–İran müharibələri nəticəsində Abxaz Bizansın hakimiyyəti altına keçmiş və burada xristian dini, 7-ci əsrin sonu–8-ci əsrin əvvəllərindən isə ərəblərin yürüşləri ilə bağlı islam dini də yayılmağa başlamışdır.

Abxaziya xalqı, əsasən, 8-ci əsrdə təşəkkül tapdı. 8-ci əsrin 80-ci illərində II Leon Abxaziya çarlığını yaratdı. 975-ci ildə Abxaziya birləşmiş Gürcü çarlığının tərkibinə qatıldı. 13-cü əsrin 2-ci yarısında Abxaziya monqol istilasına məruz qaldı. Gürcüstanın siyasi parçalanması dövründə (16-cı əsrin sonu–17-ci əsrin əvvəli) Abxaziya müstəqil knyazlığa çevrildi. Lakin Qərbi Gürcüstan kimi, Abxaziyada 16-ci əsrin 2-ci yarısından etibarən Osmanlı imperiyasından asılı vəziyyətə düşdü; 17–18-ci əsrlərdə burada islam dini daha da möhkəmləndi.

E.ə I minillikdə Abxaziyanın ərazisində sinfi cəmiyyətin əlamətləri meydana çıxmağa başladı, bu dövrdə Qara dənizin şərq sahillərində ilk şəhər tipli məntəqələrin yarandığı ehtimal olunur. E.ə I minilliyin ikinci yarısında müasir Abxaziyanın ərazisinə yunanlar məskən saldılar. Onlar sahil zonalarında şəhərlər salmağa başladılar. İndiki Suxumi şəhərinin olduğu yerdə Diskourada, Oçamçiranın indiki yerində Qienos, Piçundanın indiki yerində isə Pitiunt şəhərləri salındı. Qədim yunanlar tərəfindən bu ərazi "Qenioxiya" kimi adlandırılmağa başlandı. Strabon özünün məşhur "Tarix" əsərində də Abxaziya ərazisi və orada yaşayan xalqlar barədə yazmışdı. Müasir Abxaziyanın ərazisində yunan koloniyalarının çiçəklənməsi ellinistik dövrə, e.ə III-I əsrlərə təsadüf edirdi. Həmin dövrdə Diskouradada gəmiqayırma tərsanəsi fəaliyyət göstərirdi, burada pul sikkələri kəsilirdi.

Abxaziya 1810-cu ildə Rusiyaya birləşdirildi. 1862-ci ildə abxaz əlifbası yaradıldı. Abxaziyada 1864-cü ildə birbaşa Rusiya idarəçiliyi tətbiq edildi və knyazlıq “Suxumi hərbi dairəsinə” çevrildi. 19-cu əsrin 70-ci illərində 200 mindən artıq abxaz müstəmləkəçi çar rejimi tərəfindən Osmanlı imperiyasının ərazisinə köçürüldü. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Abxaz ərazisi gürcü menşevik hökumətinin silahlı qüvvələrinin nəzarəti altında idi. 1921-ci il martın 28-də Abxaziya SSR yaradıldı. Dekabrın 16-da Abxaziya SSR Gürcüstan SSR-ə, 1922-ci il dekabrın 13-də ZSFSR-ə, dekabrın 30-da isə ZSFSR tərkibində SSRİ-yə daxil oldu. 1931-ci ilin fevralından Gürcüstan SSR-in tərkibində muxtar respublika olmuşdur. 1990-cı ildən Abxaziya MR, 1992-ci ildən isə Abxaziya Respublikası adlandırıldı. 1989-cu ildə yaranan gürcü-abxaz münaqişəsi müharibə (1992–94) ilə nəticələndi. 1994-cü ildə Abxaz ərazisinə Rusiyanın sülhməramlı qoşunları yeridildi. Rusiya–Gürcüstan müharibəsindən (2008) sonra Rusiya birtərəfli qaydada Abxaziyanın müstəqilliyini tanımışdır (26.8.2008).[1]

Dövlət hakimiyyət orqanları

[redaktə | mənbəni redaktə et]
Çxalta kəndində Abxaziya hökumətinin binası (2006-cı il)

Abxaziyanın Konstitusiyasına görə, dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin bölgüsünə əsaslanır. Qanunverici hakimiyyətin ali orqanı parlamentdir. Səlahiyyət müddəti 5 ildir, tərkibi 35 nəfərdən ibarətdir. İcraedici hakimiyyətin başçısı 5 il müddətinə seçilir. Məhkəmə hakimiyyətinin ali orqanı Ali Məhkəmədir.[1]

Gürcüstanın 200 rev əskinası (Suxumi)

Abxaziya iqtisadiyyatında yüksək keyfiyyətli tütünçülük, çayçılıq və sitrus bitkiçiliyi, kurort təsərrüfatı, turizm və mədən sənayesi əsas yer tutur. E.ə IV minillikdə Abxaziyada həm əkinçilik və maldarlıq, həm də toxuculuq, keramika istehsalı, daşın, misin və tuncun emalı inkişaf etmişdi.Energetikası yerli yanacaq (daş kömür) və hidroenerjiyə əsaslanır. Abxaziyada daş kömür (Tkvarçeli), polimetal filizlər, civə (Avadxara), barit (Pisikvara, Apşirin) yataqları vardır. Çay (Qali, Açiqvara, Okumi, Oçamçire, Dranda, Qudauta və s.) və tütün (Suxumi, Qudauta, Oçamçire, Qantiadi və s.) emal edən sənaye sahələri, həmçinin şərabçılıq, efir yağları, meyvə konservi, ət, süd istehsalı inkişaf etmişdir. Dəri-ayaqqabı (Suxumi), tikiş (Suxumi, Qudauta, Oçamçire), ağac emalı (Suxumi), tikinti materialları istehsalı müəssisələri var. Abxaziyanın kənd təsərrüfatında çayçılıq, tütünçülük, sitrus, efiryağlı bitkilər, tunq ağacının becərilməsi üstünlük təşkil edir. Üzümçülük, meyvəçilik, tərəvəzçilik, taxılçılıqheyvandarlıq inkişaf etmişdir. Abxaziyanın cənub-şərq hissəsində çay, dağətəyi-təpəlik zolağın şərq-qərb və mərkəzi rayonlarında sarı tütün, sahilboyu zolağın çox yerində meyvə və üzüm becərilir. Dənli bitkilərdən qarğıdalı daha çox əkilir. Kartof və bostan bitkiləri dağətəyində və iri kurort şəhərləri ətrafında yetişdirilir. Heyvandarlıqda südlük, südlük-ətlik, maldarlıq, donuzçuluq, quşçuluq üstündür. Qara dənizdə kefal, stavrida və s. balıqlar ovlanır. Abxaziyanın sahil hissəsindən elektrikləşdirilmiş Tuapse –Suxumi–Samtredia dəmiryol magistralı və Novorossiysk–Suxumi–Batumi avtomobil magistralı keçir. Dəniz daşımaları Suxumi portu və Qaqra, Qudauta, Yeni Afon, Oçamçire port-məntəqələri vasitəsilə həyata keçirilir. Abxaziya tütün, çay, meyvə, şərab, efir yağlarını ixrac, taxıl, ət-süd məhsulları, şəkər və s. idxal edir.[1]

Epik qəhrəmanlıq dastanları, lirik nəğmələr, aforizmlər və s.-dən ibarət zəngin folklor Abxaziya ədəbiyyatının əsas mənbəyini təşkil edir. İlk abxaz əlifba kitabı 1865-ci ildə nəşr olunmuşdur. 1892-ci ildə K.Maçavariani və D.Qulianın “Abxaz əlifbası” çap edilmişdir. S.Çanbanın (18861937) pyesləri ilə abxaz milli dramaturgiyasının əsası qoyulmuşdur. Şairlərdən İ.Koqonia (1903–28), K.Aqumaa (1915–50), B.Şinkuba (1917–2004) və b., nasirlərdən İ.Papaskiri (1902–80), M.Lakerbay (1901–65), V.Aqrba (1912–37) və b. abxaz ədəbiyyatının görkəmli nümayəndələridir. “Abxaz nağılları” (1960), D.Qulia və b. abxaz yazıçılarının bir sıra əsərləri Azərbaycan dilində nəşr edilmişdir.[1]

Memarlıq və təsviri sənət

[redaktə | mənbəni redaktə et]

Abxaziya ərazisində Tunc dövrünə aid dolmenlər (e.ə.3-cü minilliyin 2-ci yarısı – 2-ci minilliyin əvvəlləri) saxlanılmışdır. Orta əsr memarlıq abidələrindən Biçvintadakı günbəzli məbəd (10-cu əsr), Besleti çayı üzərindəki körpü (11–12-ci əsrlər) və s. qalmışdır. Suxumi, Qaqra və s. şəhərlərdə sanatoriyalar, istirahət evləri, mehmanxanalar tikilmiş, 1959–67-ci illərdə Pitsunda da yeni kurort kompleksi yaradılmışdır. Müasir təsviri sənətin yaranması və inkişafında Suxumidə açılmış rəssamlıq studiyası (1918), rəssamlıq məktəbi (1935), həmçinin rəssamlardan A. Şervaşidze, A.Sadkeviç, V.Kontaryov, O.Seqal və b.-nın yaradıcılığı mühüm rol oynamışdır. İ.Somaya, Ç.Kukuladze, N.Tabukaşvili və b. tarixi və s. mövzularda əsərlər yaratmışlar. Abxaziyada qrafika, monumental heykəltaraşlıq və dekorativ-tətbiqi sənət inkişaf etmişdir. Abxaziyada bədii oyma, tikmə və s. sənətlər geniş yayılmışdır.[1]

Abxaz teatrı xalq mərasimləri, adətənənələri, məişət oyunları əsasında formalaşmışdır. 1915-ci ildən Suxumidə həvəskar artistlərin iştirakı ilə tamaşalar verilirdi. 20-ci illərdə D.Qulianin rəhbərlik etdiyi teatr truppası fəaliyyət göstərirdi. 1930-cu ildə Suxumidə milli teatr (1967-ci ildən S.Çanba ad.) yaradılmışdır. Teatrın repertuarına “Qunda” (Ş.Paçaliya), “Diş ağrısı” (A.Lasuriya), “Qorxunc xəyallar” (D.Qulia), “Otello” (U.Şekspir), “Eskadranın məhvi” (A.Korneyçuk), “Medeya” (Evripid) və s. əsərlər daxildir. A.Aqrba, R.Aqrba, M.Zuxba, Y.Şakir bay, M.Kove və başqaları tanınmış teatr xadimləridir.[1]

Abxaz xalq musiqisi üçün ikisəslilik (bəzən üçsəslilik) səciyyəvidir. Milli musiqi alətləri: açarpan (fleyta növü), apxersa, gürcü çonqurisi (açenqur) və s. 1914-cü ildə Suxumidə müğənni D. Loluanın təşkil etdiyi abxaz-gürcü xoru ilk milli peşəkar musiqi kollektivi olmuşdur. Abxaziyada milli musiqi folklorunun toplanmasına böyük əhəmiyyət verilirdi. 1930-cu ildə musiqi məktəbləri, sonralar filarmoniya, dövlət mahnırəqs ansamblı, simfonik orkestr, opera studiyası, xalq yaradıcılığı evi və onun nəzdində dünyada yeganə olan yüzyaşlı xalq müğənnilərindən ibarət xor yaradılmışdı.[1]

Ritsa

Abxaziya Cənubi Qafqazın şimal-qərbində, Qara dəniz sahilindədir. Ərazisinin çox hissəsi Böyük Qafqazın cənub yamacı və ətəklərində (əsas silsilələri: Qaqra, Bzıb, Abxaz, Kodori), az hissəsi isə sahilboyu zolaqdadır. Cənub-şərqini Kolxida ovalığı tutur. Ən yüksək nöqtəsi (4046 m, Dombay–Yolgen d.) və əsas aşırımları Kluxori (2782 m) və Marux (2746 m) Baş Qafqaz silsiləsindədir. İqlimi rütubətli subtropikdir. Orta temperatur yanvarda subtropik qurşaqda 4–7 °C, dağlarda 2-dən –2 °C-yədək, iyulda, müvafiq olaraq, 22–24 °C və 18–16 °C-dir.

İllik yağıntı ovalıq və dağ ətəklərində 1300–1500 mm, dağlarda 2000–2400 mm-dir. Çayları: Bzıb, Kodori, Qumista, Kelasuri (Qara dəniz hövzəsi). Ən iri dağ gölü Ritsadır. Ovalıq və dağ ətəklərində bataqlıq, qırmızı, sarı torpaqlar, dağlarda çürüntülü-karbonatlı, qonur meşə, çimli torflu dağ-çəmən torpaqları var. Ərazinin 55%-dən çoxu meşəlikdir. Sahilboyu zolaq enliyarpaqlı meşələr, dağ yamacları iynəyarpaqlı meşələr, subalp və Alp çəmənləridir. Meşələrində ayı, qaban, maral, dağkeçisi, qırqovul və s. var. Qoruqları: Ritsa, Qumista, Psux, Pitsunda–Müsser.[1]

İl Cəmi Gürcülər (etnik Meqrellər) Abxazlar Ruslar Ermənilər Yunanlar
1886 68.773 34.806 28.320 1.216 1.090 2.140
1926 201.016 67.494 55.918 12.553 25.677 14.045
1939 311.885 91.967 56.197 60.201 49.705 34.621
1959 404.738 158.221 61.193 86.715 64.425 9.101
1970 486.959 199.596 77.276 92.889 74.850 13.114
1979 486.082 213.322 83.087 79.730 73.350 13.642
1989 525.061 239.872 93.267 74.913 76.541 14.664
2003 (təxminən) 215.972 45.953 94.606 23.420 44.870 1.486

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 9 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 44–46. ISBN 978-9952-441-02-4.