Aişə Səniyəpərvər Sultan — Vikipediya
Aişə Səniyəpərvər Sultan | |
---|---|
29 may 1807 – 28 iyul 1808 | |
Əvvəlki | Mihrişah Sultan |
Sonrakı | Nakşidil Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1761 |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1828 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | qul[d] |
Uşaqları | Şahzadə Əhməd Əsma Sultan IV Mustafa Fatma Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Aişə Səniyəpərvər Sultan (1761, Bolqarıstan – 11 dekabr 1828, İstanbul) — 27. Osmanlı sultanı I Əbdülhəmidin üçüncü xanımı.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Doğum tarixi tam olaraq bilinməsə də, 1761-ci ildə dünyaya gəldiyi düşünülür. Bəzi mənbələrdə bolqar əsilli, bəzi mənbələrdə isə çərkəz əsilli olduğu qeyd olunur. Saraya nə vaxt alındığı məlum olmasa da, 1775-ci ildə Sultan Əbdülhəmidə təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Şahzadə Əhməd, Əsma Sultan, Şahzadə Mustafa və Fatma Sultan. Ancaq bir oğlu və bir qızı uşaq yaşlarında vəfat etmişdir.
1789-cu ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Sultan Səlimin səltənəti dönəmində oğlunun taxta çıxarılması uğrunda mübarizə apardı. Nəticədə çıxan Qabaqçı Mustafa üsyanıyla Sultan Səlim devrildi və oğlu IV Mustafa taxta çıxarıldı. Cülusun ertəsi günü (30 may 1807) sədarət naibi, şeyxülislam və kaptan-ı dərya tərəfindən Köhnə saraya hədiyyələr göndərildi və bir gün sonra mərasimlə Topqapı sarayına gətirildi.[2]
Validə sultanlıq dönəmi isə olduqca sakit keçmişdir. Belə ki, oğlunu taxta çıxaran üsyançı birliklər dövlət idarəsində söz sahibi olmuş, bu yolda həm sultanı, həm də anasını dövlət məsələlərindən uzaq tutmağa çalışmışdır. Nəticədə Sultan Səlimin intiqamını almaq və yenidən taxta oturtmaq məqsədilə ayaqlanan Ələmdar Mustafa Paşa saraya basqın tərtiblədi. Çevriliş davam etdiyi əsnada Sultan Səlim saxlandığı saray bölümündə qətlə yetirildi. Ancaq bu da hadisələrin önünü ala bilmədi və ölümdən saniyəylə xilas olan Şahzadə Mahmud taxta çıxarıldı.
Sultan Mahmudun cülusu əsnasında IV Mustafa və ətrafındakı insanları təhqir edərək can-fəşanlıq salan anası Səniyəpərvər Sultan saraydakı otaqlardan birinə həbs edildi. 4 ay davam edən həbs həyatı boyunca qızı Əsma Sultanla birlikdə oğlunu yenidən taxta çıxarmaq üçün intriqalar aparsa da, sabiq sultan 17 noyabr 1808-ci ildə belindəki qurşağı ilə boğularaq edam edildi.
Oğlunun ölümündən sonra sarayda qalmaq istəmədi və Sultan Mahmuda ayrı bir evdə yaşamaq istədiyini bildirən məktublar göndərdi. Ancaq onu göz önündə tutmaq istəyən Sultan Mahmud buna razılıq vermədi. Bir müddət qızının köşkündə yaşayan Səniyəpərvər Sultan 11 dekabr 1828-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Əyyubsultan məscidi həzirəsinə dəfn edildi.[3]
Övladları
[redaktə | vikimətni redaktə et]- Şahzadə Əhməd (1779 - 1780)
- Əsma Sultan
- IV Mustafa
- Fatma Sultan (12 dekabr 1782 - 11 yanvar 1786)
Mənbə
[redaktə | vikimətni redaktə et]- Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. p. 6
- John Freely (2001). Inside the Seraglio: private lives of the sultans in Istanbul. Penguin.
- Kal'a, Ahmet; Tabakoğlu, Ahmet (2002). Vakıf su defterleri. İstanbul Araştırmaları Merkezi. p. 182.
- M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. p. 159.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. 198 Madison Avenue, New York, New York 10016–4314: Oxford University Press. p. 312.
- ↑ Gábor Ágoston, Bruce Alan Masters (1 Jan 2009). Encyclopedia of the Ottoman Empire. Infobase Publishing. p. 414.
- ↑ Sarıcaoğlu, Fikret (2001). Kendi kaleminden bir Padişahın portresi Sultan I. Abdülhamid (1774–1789). Tatav, Tarih ve Tabiat Vakfı. p. 17.