Aleksandr Tuqanov — Vikipediya
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Aleksandr Tuqanov | |
---|---|
rus. Александр Туганов | |
Doğum tarixi | 19 (31) mart 1871 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 mart 1960 (88 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr rejissoru, aktyor |
Fəaliyyət illəri | 1888–1954 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Aleksandroviç Tuqanov (rus. Александр Александрович Туганов; 19 (31) mart 1871, Moskva – 6 mart 1960, Bakı) — Tiflis Azərbaycan Teatrının baş rejissoru, Azərbaycan SSR xalq artisti (1936).
Həyatı
[redaktə | vikimətni redaktə et]Aleksandr Tuqanov Azərbaycan teatr sənətində iz qoymuş simalardandır. O, 1871-ci ildə Moskvada doğulub. Moskvada Korş teatrında, habelə Rusiyanın bir sıra şəhərlərində aktyor, sonradan Gürcüstanda, 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib. Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır.
Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə səfəri zamanı olmuşdur. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə gəlir və burada rus teatrında fəaliyyətə başlayır. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı "Müsəlman teatr cəmiyyəti"nin tamaşalarına baxır. Bu tamaşalar "Zubalov Xalq Evi"ndə, habelə digər teatrların səhnələrində göstərilirdi. O da bir mütəxəssis kimi imkan daxilində bütün tamaşaları izləyirdi.
Tuqanovun Azərbaycan teatrına böyük maraq və bağlılığı, təbii ki, məhz o vaxtlar meydana gəlib. Onun xatirələrindən: "Zubalov Xalq Evi"ndə baxdığım tamaşalar, ekzotik Tiflisdə, başqa xalqların milli tamaşaları ilə eyni səviyyədə, böyük bir məktəb təsiri bağışlayırdı. Burada (Zubalov Xalq Evi nəzərdə tutulur – A. B.) on bir bölmə işləyirdi. Hər millətin tamaşası öz doğma dilində səhnəyə qoyulurdu. Rus, gürcü, Azərbaycan dram dərnəklərindən başqa, burada Ukrayna, yəhudi, osetin, yunan, aysor dram cəmiyyətləri də fəaliyyət göstərirdi". Məlum olduğu kimi, 1912-ci ildə Tiflisdə azərbaycanlı artistlərin hazırladığı tamaşaları göstərmək üçün şəhərin azərbaycanlılar yaşayan "Şeytanbazar" məhəlləsində teatr üçün xüsusi bina – "Auditoriya" açılmışdı. Bundan sonra tamaşaların göstərilməsi ardıcıl xarakter alır və Tuqanov bu tamaşalara ardıcıl baxmaq imkanı qazanır. "Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları ilə əsaslı şəkildə yaxınlaşdırırdı. Peşəkar teatr olmasa da, buradan sonralar böyük aktyorlar çıxmışdı: Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı və başqaları".
O, 1922-ci ildən başlayaraq azərbaycanlı aktyorların dəvəti ilə Azərbaycan dilində də tamaşalar hazırlayırdı. "O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrı ilə belə yaxından bağlanacağam və yaradıcılığımın ən qaynar, hərarətli illərini ona həsr edəcəyəm", – deyə Tuqanov sonralar xatirələrində qeyd edirdi. Azərbaycanın Xalq artisti Mustafa Mərdanov həmin dövrü belə xatırlayır: "1922-ci ildə öz benefisimə "Ədirnənin fəthi"ni (C. Cabbarlının pyesi – A. B.) hazırlayırdım; əsərdə baş rolu – Harisi özüm oynayırdım. Tamaşanın daha gözəl hazırlanması üçün Tiflis Dövlət Rus Teatrının baş rejissoru A. Tuqanovu "Ədirnənin fəthi"nin rejissorluğuna dəvət etdik. Tuqanov əsəri gözəl surətdə hazırlayıb tamaşaya qoydu". Nəhayət, Tiflis teatrının aktyorlarından Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının, habelə inzibatçı Əli Bayramovun təkidli xahişləri nəticəsində A. Tuqanov bu teatrda işləməyə razılıq verir. Beləliklə də o, 1923-cü il avqustun 23-də Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru təyin edilir. Qeyd etdiyimiz kimi, Tuqanov teatrın aktyor heyəti və tamaşaları ilə tanış idi və sənət yanğılı bu insanları yüksək qiymətləndirirdi: "O vaxt Azərbaycan teatrının (Tiflis teatrı – A. B.) Meydandakı darısqal binasında rastlaşdığım aktyorların ürəyi işləmək, tamaşa hazırlamaq həvəsi və yanğısı ilə dolu idi". Məhz bunları nəzərə alan rejissor əsl teatr yaratmaq, güclü kadrlar yetişdirmək üçün bütün gücünü səfərbər edir. Tuqanov ayrı-ayrı əsərlərin səhnəyə çıxarılması ilə kifayətlənmir, hazırladığı tamaşaların ümumi mədəni səviyyəsinin yüksəldilməsinə də xüsusi səy göstərir və buna nail olurdu: "Bir sözlə əsl teatr yaratmaq istəyirdik!" Bütün bu işlərdə onun ən yaxın köməkçisi Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı idi. Tuqanov İsfahanlını özünün müəllimi hesab edir, onun, habelə Gürcüstanın Əməkdar artisti Mirzəli Abbasovun, aktyorlardan Mirzəxan Quliyevin, Əşrəf Yüzbaşovun və digər aktyorların səhnə fədakarlığını yüksək qiymətləndirirdi. Tiflis teatrında orijinal pyeslərin, habelə Azərbaycan səhnəsi üçün yeni olan klassik əsərlərin Tuqanov tərəfindən tamaşaya qoyulması aktyorların fərdi yaradıcılıq xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradır, onlara özlərinə məxsus cəhətləri göstərmək imkanı verir, tamaşaçıları teatra cəlb edirdi. Onun bu teatrda ilk işi Şəmsəddin Saminin "Gaveyi-ahəngər" pyesinin tamaşası olub. Aleksandr Tuqanovun xatirələrindən: "Bu, yetkin tamaşa idi, aktyorların öz rollarına tamam yeni münasibətləri duyulurdu: bu tamaşa bütün mövsümə müəyyən hava verdi". Beləliklə, başlanğıc uğurlu olur. Bunun ardınca tamaşaçılara fransız yazıçısı Jan Batist Molyerin "Jorj Danden" komediyası təqdim olunur. Bu tamaşa da böyük uğur qazanır. Aleksandr Tuqanov teatrda baş rejissor kimi fəaliyyət göstərərkən "Uçurum", "İblis", "Şeyx Sənan", "Pəri cadu", "Ölülər" pyeslərini yeni quruluşda tamaşaya hazırlayır. İbrahim İsfahanlının fikrincə, onun ən maraqlı quruluşlarından biri "Müfəttiş" (N. V. Qoqol) komediyasının tamaşası olmuşdur. Səhnədə ilk addımlarını atan gənc aktyor Ülvi Rəcəb məhz Tuqanovun hazırladığı tamaşalarda uğurlu obrazlar yaratmışdır. Onun yaratdığı Dərviş ("Şeyx Sənan"), İxtiyar ("İblis"), Məhkəmə rəisi ("Müfəttiş") obrazları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır. Tuqanovun Tiflis teatrında hazırladığı "Dağılan tifaq" (Ə. Haqverdiyev), "Hacı Qara" (M. F. Axundov), "Qaçaqlar" (F. Şiller, tərcümə edəni Həsən Səbri), "Məkr və məhəbbət" (F. Şiller, tərcümə edəni Ələkbər Seyfi) və "Otello" (U. Şekspir, tərcümə edəni Həsən Səbri) tamaşaları da uğurlu olmuşdur. Məlumdur ki, Aleksandr Tuqanov Bakıda, Azərbaycan Dövlət Dram Teatrında çalışarkən böyük dramaturq Cəfər Cabbarlı ilə yaradıcılıq əməkdaşlığı etmişdir. Yazıçının pyeslərinin quruluşları əsasən ona məxsusdur. Lakin onun Cəfər Cabbarlı ilə "ilk görüşü" Tiflis teatrında olmuşdur. Tuqanov bu teatrda dramaturqun "Ədirnənin fəthi" pyesindən sonra "Aydın" və "Oqtay Eloğlu" pyeslərinə də quruluş vermişdir. O, sonralar bu barədə belə yazmışdır: "Bu, xatirəsi mənim üçün müqəddəs olan, son dərəcə gözəl, böyük dramaturqla ilk görüş idi". Dövri mətbuat teatrın fəaliyyətini yüksək qiymətləndirirdi. Tuqanovun xatirələrindən: "Dövri mətbuat bizim işimizə dostcasına, nikbin baxırdı. Əməyimiz hədər getmirdi, birgə işimizin elə ilk çağları, ilk mövsüm göstərdi ki, müstəqil yolla irəliləyən Azərbaycan teatrı yaşamağa qadirdir". Həmin vaxtlar Tiflis Azərbaycan Teatrının uğurları Bakı teatr ictimaiyyətinin də diqqətini cəlb edir. Şübhəsiz, uğurlu tamaşaların meydana çıxması əsasən Aleksandr Tuqanovun adı ilə bağlı idi. Əlbəttə, bu işdə teatrın fədakar aktyorlarının əməyi də danılmazdır. Tuqanov 1924-cü ildə işləmək üçün Bakıya – Azərbaycan Dövlət Dram Teatrına dəvət edilir. O bu təklifi məmnuniyyətlə qəbul etmiş və sonralar belə yazmışdır: "Tiflisdə ilk mövsümün uğurları elə böyük idi ki, mən Azərbaycan teatrındakı bu təcrübəmi davam etdirmək üçün imkanı əldən verməmək qərarına gəldim".
Beləliklə, Aleksandr Tuqanov 1924-cü ilin yazında Tiflislə, oradakı rəssam, şair və aktyor dostları ilə vidalaşıb yeni teatr yaratmaq, bütün bilik və təcrübəsini sevdiyi sənətə həsr etmək barədə qəlbində baş qaldıran çoxdankı arzularını reallaşdırmaq üçün Azərbaycana, yeni iş yerinə gedir.