Azər Əmiraslanov — Vikipediya

Azər Əmiraslanov
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyul 1971(1971-07-19) (53 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azər Kamal oğlu Əmiraslanov (19 iyul 1971, Bakı) – Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri

Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Borçalı mahalındandır. 1978–1988-ci illərdə Bakı şəhəri 158 saylı tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuş, 1993-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmişdir.[1]

Əmək fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1993–1994-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında və Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı, 1994–1998-ci illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

2001–2003-cü illərdə İqtisadi Təhlil və Konsaltinq Mərkəzinin direktoru, 2003–2004-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyində (GTZ) makroiqtisadi məsələlər üzrə baş iqtisadçı, 2004–2005-ci illərdə "Ata Holdinq" Şirkətlər Qrupunda İdarə heyətinin üzvü, Strategiya və Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışmışdır.

2005–2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü təyin edilmiş və 2007–2008-ci illərdə Şuranın üzvü kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsinə təyin edilmiş, 29 noyabr 2019-cu il tarixədək bu vəzifədə çalışmışdır.[2]

2019-2024-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsini tutmuşdur.

2024-cü ildən Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir.

1-ci dərəcə dövlət müşaviridir.

Parlament fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olmuşdur.

Azərbaycan–Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Amerika Birləşmiş Ştatları, Azərbaycan–Böyük Britaniya, Azərbaycan–Səudiyyə Ərəbistanı, Azərbaycan–Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilmişdir.

2024-cü ilin sentyabrın 1-də VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə 108 saylı Ağstafa Seçki Dairəsindən millət vəkili seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Tunis parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]

Elmi-pedaqoji fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasını bitirərək 1996-cı ildə "Bazar münasibətləri şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və "iqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır.[1]

6 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda 300-dən artıq analitik iqtisadi məqaləsi dərc edilmişdir. İqtisadiyyat və aqrar sahə ilə bağlı bir sıra proqram və konsepsiyaların, qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir.[4]

2001–2002-ci illərdə Qərb UniversitetindəAzərbaycan Dillər Universitetində "Dünya iqtisadiyyatı" fənnini ingilis dilində tədris etmişdir. 2008–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi olmuşdur.

2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiridir.

Xarici təcrübəsi

[redaktə | vikimətni redaktə et]

2000-ci ildə IREX proqramı xətti ilə Vaşinqtonda ABŞ-nin Kiçik Biznes üzrə Administrasiyasında "Dövlət, iqtisadiyyat və biznes" mövzusunda tədqiqat aparmış və ABŞ iqtisadiyyatının idarə edilməsi təcrübəsini öyrənmişdir.

ABŞ, Meksika, Yaponiya, Almaniya, Avstriya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Rumıniya, Çexiya, Slovakiya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Macarıstan, Makedoniya, Moldova, Estoniya, İsveç, Serbiya, Bolqarıstan kimi ölkələrdə təşkil edilmiş seminar və konfransların, işgüzar görüşlərin iştirakçısı olmuş, təqdimat və məruzələrlə çıxış etmişdir.

Beynəlxalq Valyuta Fondu (IMF), Bilkənt Universiteti (Türkiyə), İctimai-Özəl Əməkdaşlıq İnstitutu (ABŞ), Beynəlxalq İnkişaf Agentliyi (USAID), IREX, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Telekommunikasiya İnstitutu (USTTI) kimi qurumların sertifikatlarına malikdir.

İctimai fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1993-cü ildə Gənc İqtisadçılar Birliyini təsis etmiş və onun fəaliyyətinə rəhbərlik etmişdir. 2007-ci ildən İqtisadi İslahatlar Fondunun təsisçisi və prezidentidir.[1]

İngilis, rustürk dillərini bilir.[4]

Ailəlidir, iki övladı var.

  1. 1 2 3 "i.e.n., dos. Əmiraslanov Azər Kamal oğlu". unec.edu.az. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2021.
  2. "A.K.Əmiraslanovun Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 31 may 2017. 10 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2021.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  4. 1 2 "Azər Əmiraslanov Prezidentin İcra Aparatının aqrar-siyasət məsələləri şöbəsinin müdiri təyin edilib". apa.az. 25 avqust 2008. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]