Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti — Vikipediya
Xarici xidmət orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi
[redaktə | mənbəni redaktə et]28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi. I Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, Ceyhun Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin inkişaf mərhələləri
[redaktə | mənbəni redaktə et]Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel).
XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki təlatümlü hadisələr Azərbaycanın türk-müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının geniş yayılmasına və inkişafına ciddi təkan verdi.
Osmanlı dövlətilə münasibətlər
[redaktə | mənbəni redaktə et]Balkan müharibələri dövründə Rusiyada antitürk əhvali-ruhiyyəsinin qızışdırılması bir tərəfdən Qafqaz müsəlmanlarını ondan narazı saldı, digər tərəfdən isə Azərbaycan xalqında Osmanlı dövlətinə qarşı təbii meyli gücləndirdi. Bu dövrdə milliyyətçi qüvvələrin yaydığı bəyannamədə göstərilirdi: "Biliniz və agah olunuz ki, bizim yeganə çareyi-nicatımız Türkiyənin istiqlalı və onun tərəqqisidir".[1]
I Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə olan təbii meyil onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə yeni mərhələyə daxil oldu.
Bu yeni mərhələnin səciyyəvi cəhəti ondan ibarət idi ki, azərbaycanlıların Osmanlı dövlətinə söykənməyi milli idealla yanaşı, meyli dərəcədə millətin fiziki varlığının hifz edilməsi zərurətindən irəli gəlirdi.
1918-ci ilin əvvəllərində Trabzon və Batum danışıqları Zaqafqaziya Seyminə daxil olan xalqların Türkiyəyə münasibətində köklü fikir ayrılıqlarını üzə çıxartdı. Trabzon danışıqları dayandırıldıqdan sonra Batuma səfər edən Ənvər Paşa Trabzonda Zaqafqaziya hökumətinin dağılacağı təqdirdə Türkiyə ilə geniş sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və bu dövlətin Türkiyə tərəfindən müdafiə ediləcəyini bildirdi.[2] 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. 1918 il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya - Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi.
Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: "Bir tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyin elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlirlər".[3] 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.[4]
Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu. Nümayəndə heyətinə bu beynəlxalq konfransa dəvət edilmiş Osmanlı, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.[5] Nəzərdə tutulan beynəlxalq konfrans keçirilməsə də, Azərbaycan nümayəndələrinin İstanbul missiyası çox faydalı oldu. İyun ayının axırlarından oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nümayəndələri səmərəli danışıqlar apardılar.
Sentyabın 6-da isə Azərbaycan nümayəndələri Mehmet Rəşadın vəfatından sonra taxta əyləşmiş Sultan VI Mehmet Vahideddin tərəfindən qəbul edildi. Həmin gün Sultan taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təntənəli rəsmi qəbul (audiensiya) mərasimi düzəltmişdi. Gözləmə zalında bir çox xarici nümayəndəliklər olmasına baxmayaraq, Sultanın şəxsi təşəbbüsü ilə Azərbaycan nümayəndələri birinci qəbul edildilər. Onları Ənvər Paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Xalq Cümhuriyyəti adından VI Mehmeti təbrik edən Məhəmməd Əmin Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi: "Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək, bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm".
Bu qəbul barədə Azərbaycan hökumətinə məlumat verən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu".
1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi. Dünya müharibəsinin sonunda Bakı Türkiyə, Almaniya, İngiltərə, Sovet Rusiyası arasında mübarizənin əsas obyektinə çevrilmişdi.
1918-ci ilin yayında İstanbulda vəziyyəti müşahidə edən almanlara aydın oldu ki, Türkiyənin müdafiə etdiyi Azərbaycan hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək istəmir. Buna görə, almanlar Bakı ilə bağlı planlarına Sovet Rusiyası vasitəsilə çatmaq fikrinə düşdülər və bu məqsədlə onunla gizli danışıqlara başladılar. Berlin danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım almaq ümidləri boşa çıxdı və iyul ayının axırlarında Bakı Kommunası yıxıldı. Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər şəhəri Qafqaz İslam Ordusunun hücumundan müdafiə etmək iqtidarında deyildilər. Nəhayət, Berlində üç aya qədər davam edən Almaniya-Rusiya danışıqları avqustun 27-də saziş imzalanması ilə nəticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi:"Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə heç bir yardım etməyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artıracaq, çıxarılan neftin dörddə birini Almaniyaya verəcək.[6]
İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya - Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də verildi.
1918-ci il sentyabrın əvvəllərində Azərbaycan nümayəndələri Sədr-Əzəm Tələt Paşa tərəfindən qəbul edildi və danışıqlar zamanı Tələt Paşanın Berlinə səfəri ərəfəsində Almaniyanın Bakı məsələsində tutduğu mövqe, Bakının tezliklə azad edilməsinin zəruriliyi müzakirə olundu.
Az sonra Berlinə gedən Tələt Paşa təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının edilməsində mühüm əhəmiyyətə malik oldu. Sentyabrın ortalar Azərbaycan-Türkiyə hərbi qüvvələri Bakıya girdi.
Bakının azad edilməsi istiqlalı elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.
Bakının azad edilməsi barəsində məlumatı Ənvər Paşa İstanbulda olan Azərbaycan nümayəndələrinə çatdırdı. İstanbuldan baş nazir Fətəli xan Xoyskiyə və xarici işlər naziri Məmmədhəsən Hacınskiyə yazdığı məktubda Məhəmməd Əmin Rəsulzadə göstərirdi ki, Bakının alınması burada əhvali-ruhiyyəni qaldırmışdır. Bakı azad edildikdən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts, AvstriyaMacarıstan diplomatik nümayəndələri, Osmanlı Sultanlığının Qafqaz Ordusunun hərbi qərargahı Bakıya gəldi.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı.
Berlin danışıqlarından sonra oktyabrın 2-də Ə.M.Topçubaşovu qəbul edən Tələt Paşa məlumat verərkən bildirmişdi ki, Azərbaycanın mənafeyi naminə nə mümkündürsə, hamısını etmişdir. Danışıqlar zamanı Tələt Paşa Berlindəki rus səfiri A.A.İoffenin Azərbaycana münasibətdə qərəzli mövqeyini də açıqladı.[7]
1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət ərəfəsində böhran içərisində olduğu və ay yarım ərzində üç hökumət kabineti dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətləri bərqərar etmək mümkün olmadı.
1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil, Azərbaycan Xalq Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığı imzalandı. Barışığın 11-ci maddəsinə görə, Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, on beşinci maddəyə görə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.[8]
Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi.[9] Lakin bu etirazın elə bir əhəmiyyəti olmadı. Mudros barışığının Azərbaycana aid maddələrinə görə, Osmanlı dövlətindən narazı qalmasına baxmayaraq, onun dünya müharibəsində məğlub dövlətlərdən biri olmasından ehtiyat etməyərək, noyabrın 10-da Azərbaycan hökuməti Respublikanı tərk edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az sonra isə bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində Türkiyə oriyentaliyası dövrü başa çatdı.
Qərb dövlətləri ilə münasibətlər
[redaktə | mənbəni redaktə et]I Dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı.[10] I Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar. İngiltərənin baş naziri Lloyd Corcun fikrincə, müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək olmazdı. Ona görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustuna qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla min nəfərlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük sevinclə qarşıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.
Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şayiə olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında ikiaylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin Birinci Dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi.
1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu.[11] Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhdlərinə baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, onun "Bakıda ən bacarıqlı adamlardan biri" saydığı Fətəli xan Xoyskinin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.
Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən buraya böyük müttəfiq millətlərin nümayəndəsi hesabında gəldim. Məqsədimiz məmləkətdə sülh və ədaləti bərpa etməkdir. Müttəfiqlərin qələbəsi hüquqi-ədalət və millətlərin təyini-müqəddəra-ixtiyari təmininin rəhnidir. Sülh konfransında burası bəyan ediləcəkdir. İbraz etdiyiniz hüsni-istiqbaldan naşı təşəkkürümü bəyan edirəm. Qoşunlarımız məmləkətinizdə bulunduqca hüsni-qəbul və hər dürlü müzahirət görəcəklərinə ümidvaram. Məmləkətinizin ticarət sənaətinin tərəqqisinə var qüvvəmiz ilə çalışacağıq.[12]
Fətəli xan Xoyski ilə danışıqlar zamanı C.Miln bildirdi ki, "Azərbaycan dairəsində İngiltərə hökuməti Azərbaycan hökuməti-Cümhuriyyəsini tanıyır və qəbul edir və hökumətə müttəfiqlər komandanlığı hər barədə kömək edəcəkdir. Ayrı-ayrı millətlərin təyini-müqəddərat hüququ İngiltərə hökuməti nöqteyi-nəzərincə müdafiə edilməlidir. Sülh konfransında İngiltərə nümayəndələri bunu müdafiə edəcəklərdir. Bundan əlavə, general bəyan etmişdir ki, müttəfiqlər komandanlığı təzə təşkil edilmiş Zaqafqaziya hökumətlərinin daxili işlərinə qarışmayacaqdır. Və müttəfiqlərin yeganə məqsədi bu dövlətlərdə asayiş və müsalimətə kömək etməkdir". Əlbəttə, bu, tək general C.Milnin fikri deyildi, 1918-ci ilin dekabr ayında Cənubi Qafqaz məsələsi bir neçə dəfə Britaniya hökumətinin iclaslarında müzakirə edilmişdi. Lord Kerzon bu fikirdə idi ki, Cənubi Qafqazda sabitlik lazımdır, əks təqdirdə "anarxiya, qarma-qarışıqlıq, yaxud bolşevizm" bu regionda ingilis siyasətinə maneçilik törədə bilər.
1919-cu ilin əvvəllərindən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı, stanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata keçirilirdi.
Dekabr ayında ingilislər Batum və Tiflisi də tutdular və 1919-cu ilin yayına qədər Qafqazda qaldılar. İngilislərin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi tədricən aradan qaldırıldığına görə, Azərbaycan hökuməti bütün işləri öz əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliyini bərqərar edirdi.
U.Çörçill sonralar öz xatirələrində yazırdı ki, Cənubi Qafqaza daxil olmuş 20 minlik Britaniya Ordusunun yardımı ilə Gürcüstan, Ermənistan və Azərbaycan tam müstəqil olmalı idi və bu müstəqil dövlətlər İrana və Türkiyəyə bolşeviklərin gözlənilən müdaxiləsinin qarşısındadurmalı idilər.[13] Azərbaycan xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan parlamen tinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: "Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər".
Dövlətlərarası münasibətlərdə yeni mərhələ
[redaktə | mənbəni redaktə et]Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respııblikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr bağladı. İki dövlət arası bağlanmış müqaviləyə əsasən, Azərbaycan hökuməti ciddi maliyyə çətinlikləri ilə qarşılaşmış, Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmiş və o, Denikinin təcavüzünə məruz qaldıqda əlində olan bütün vasitələrlə ona yardım göstərəcəyini bildirmişdi. 1919-cu il mart ayının əvvəllərində general Tomsona etiraz notasında Azərbaycan hökuməti bəyan edirdi: "Dağlılar üçün ağır bir zamanda Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır".Təkcə Dağıstanı deyil, bütün Qafqazı hədələyən ağ və qırmızı Rusiyasına münasibətdə Azərbaycan hökumətinin mövqeyi respublika XİN-nin Kuban hökumətindəki səlahiyyətli nümayəndəsi C.Rüstəmbəyova məktubunda öz əksini tapmışdı. Orada deyilirdi: "Bizim hökumətin fikri belədir: kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və i.a., Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir".[14]
Cənubi Qafqazın üç yeni respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmmədhəsən Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin xariıci işlər idarəsinin başçısına yazırdı: "Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir".[15] Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cu il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cu ilin iyununda, Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz konfransı öz işini dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru irəliləməsi Azərbaycan-Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cu il iyunun 16-da iki dövlət arasında üç il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər. Eyni zamanda müqavilənin 10-cu bəndində göstərilirdi ki, "bu müqavilə barədə rəs mi mə lumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu müqaviləyə qoşula bilər".[16] Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təsdiq edildi.
16 iyun hərbi-müdafiə paktına uyğun olaraq, tərəflər hərbi-texniki saziş imzaladılar və birgə hərbi Şura yaratdılar. İngilis komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı general C.Miln Denikinin Cənuba doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi.[17]
Müstəqilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyyətli bir yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı.
İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cu ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı: Azərnəşr. 1993.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ .Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Ankara, 1991, səh. 40 (Türk dilində).
- ↑ Həsən1i C. Azərbaycan tarixi: Türkiyə yardımından Rusiya işğalına qədər, səh. 72.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 894, iş 88, v. 1.
- ↑ Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti, səh. 39-40.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 970, siy. 1, iş 138, v. 4.
- ↑ Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində, səh.119
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 894, siy. 10, iş 150, v. 2-3
- ↑ Ключников Ю.В., Сабанин А . Междунар. политика нов. времени в договорах, нотах и декларациях. Часть II. М.,1928, səh.188.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), ф.970, сий.1, иш 68, в.2.
- ↑ Токаржевский Е . А. Из истории иностранной интервенции и гражданской войны... səh.11
- ↑ 28 mау 1918. Azərbaycan Cümhuriyyəti istiqlalının birinci sənaye dövriyyəsi, Bakı, 1919, səh.12.
- ↑ Ziyadxanlı A . Azərbaycan, səh.94.
- ↑ Черчилль У. Мировой кризис, səh. 106
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f .970, siy. 1, iş 146, v. 28.
- ↑ Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f 970, siy. l, iş 64, v.15.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 894, siy. 10, iş 70, v. 5.