Azərlotereya — Vikipediya

Azərlotereya ASC
  • Azərlotereya Açıq Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 23 noyabr 2001
Baş qərargah Bakı Bakı
Ünvan Təbriz küçəsi 79
Rəhbərlik
İdarə Heyətinin sədri Zafer Reisoğlu
Baş rəhbərlər Osman Karakuş, Salih Tüfekçi, Sənan Orucov
Müşavir Mikayıl Nəcəfov

Rəsmi saytı azerlotereya.com

Azərlotereya Açıq Səhmdar CəmiyyətiAzərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə 23 noyabr 2001-ci ildə yaradılmış qurum.[1]

Azərlotereya ASC-nin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. Malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini Azərlotereya ASC, lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.[1]

Cəmiyyətin nizamnamə kapitalı 20000,0 AZN və ya 10000,0 adi adlı sənədsiz səhmdir.[2]

2021-ci ildə "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A. Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B. V." şirkətinə idarəetməyə verilmişdir.[3]

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 29 yanvar 2002-ci il tarixli, 09 saylı əmri ilə cəmiyyətin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədri 23 fevral 2003-cü il tarixli, 50 saylı əmrlə "Azərlotereya" ASC-ti tərəfindən Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsini tənzimləyən qaydaları təsdiq etmişdir.[1]

8 – 12 iyun 2003-cü il tarixlərində Çexiyanın Praqa şəhərində keçirilən Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının növbəti konqresində "Azərlotereya" ASC həmin Assosiasiyaya qəbul edilmişdir. Qəbuletmə mərasimi 11 iyun 2003-cü il tarixində Assosiasiyanın Baş Assambleyasında keçirilmişdir. Həmin konqresdə Avropanın müxtəlif ölkələrindən 88 dövlət lotereya şirkəti daimi üzv şəklində iştirak etmişdir.[1]

"Azərlotereya" ASC tərəfindən təşkil olunan "Yeni Binqo" tirajlı lotereyasının keçirilməsinə 02.03.2021-ci il tarixdən etibarən xitam verildi. "Yeni Binqo" tirajlı lotereyasında oynanılan və udulmayan iri pul mükafatları ("CekPot" 10.000 manat, "MeqaPot" 49000,0 manat, "Binqo" 47000,0 manat, "Super Binqo" 23000,0 manat və "Fortuna" 45000,0 manat) cəmi 174000,0 manat olmaqla 5 aprel 2021-ci il tarixindən etibarən "4+4" tirajlı lotereyasının "CekPot" pul mükafatına əlavə olundu.[4]

2021-ci il fevralın 27-də "Azərlotereya" ASC-nin Türkiyə Respublikasının "Demirören Şans Oyunları Yatırımları A. Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B. V." şirkətinə idarəetməyə verilməsi ilə əlaqədar müqavilə imzalanıb.[3]

Hazırda "Azərlotereya" ASC tərəfindən "5/36", "6/40", "4+4" tirajlı lotereyaları və "Qızıl", "Şans ulduzu", "Brilliant" ani lotereyaları təşkil olunur..[5]

"Azərlotereya" ASC-nin idarə Heyətinin hal-hazırkı sədri Zafer Reisoğludur.[6]