Bakıda şərq xalqlarının I qurultayı — Vikipediya
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq.
XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi
[redaktə | mənbəni redaktə et]1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi.
İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi.
Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi. 1920-ci ilin sonlarında Ənzəlidə keçirilən təsis qurultayı "Ədalət" təşkilatlarını İran Kommunist Partiyasının bayrağı altında birləşdirdi.
1920-ci ildə Türkiyə xalqı öz vətəninin müstəqilliyi uğrunda, imperialist qəsbkarlara qarşı qəhrəmancasına mübarizə aparırdı. Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin inqilabi hökuməti sovet Rusiyası ilə dostluq əlaqələri yaratmışdı. 1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi, Mustafa Kamal Atatürkün imzası ilə V. İ.Leninə məktub göndərərək, imperialist qüvvələrə qarşı mübarizəyə yardım göstərilməsini xahiş etdi. Xüsusən Azərbaycan SSR elan olunduqdan sonra Sovet Rusiyasının yardımı gücləndi, hətta bəyan edildi ki, Azərbaycana gələn Qızıl Ordu Türkiyə xalqının milli-azadlıq hərəkatına yardım üçün gedir. Həmin dövrdə Bakıda öz orqanını — "Yeni dünya" qəzetini nəşr edən Türkiyə kommunistləri bu işdə xüsusi rol oynayırdılar. Onların 1920-ci il sentyabrın 10-da Bakıda keçirilən birinci qurultayı qətnamə qəbul edərək Türkiyə xalqının imperializmə qarşı milliazadlıq mübarizəsini gücləndirməyə çağırdı.
Kamalçılar hökumətinin nümayəndələri, müxtəlif diplomatik missiyaları Moskvaya Bakıdan keçib gedirdilər. Onlar bir qayda olaraq burada Azərbaycanın hökumət başçısı, digər dövlət, ictimai-siyasi xadimləri ilə qardaşcasına görüşür, dövrün mürəkkəb coğrafı-siyasi şəraitində ikitərəfli münasibətlərə dair ümdə məsələlər barəsində məsləhətləşmələr, fikir mübadiləsi aparırdılar.
Mustafa Kamal Atatürk Azərbaycan Respublikasının səfırini qəbul edərkən demişdi: "Rum eli və Anadolu xalqı azəri qardaşlarının qəlblərinin öz qəlbləri kimi çırpındığını bilirlər. Bunun üçün gətirdiyiniz salam töhfəsinin nə qədər dərin və ali hissdən xəlq olduğunu qiymətləndirir və bu salamı alarkən Azərbaycan türklərinin də bir daha əsarətə düşməmələri və hüquqlarının paymal edilməməsi istəyini və arzusunu izhar eyləyirlər. Azərbaycan türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün, onların muradlarına nail olmaları, azad və müstəqil olaraq yaşamaları bizi artıq dərəcədə sevindirir.[1]
V. İ.Lenin Azərbaycanda sovet hakimiyyətinin qurulmasına böyük əhəmiyyət verirdi. O, ölkənin beynəlxalq və daxili vəziyyətinin möhkəmlənməsində, Şərqdə sosialist ideyalarının yayılmasında sovet Azərbaycanının rolunu dəfələrlə vurğulamışdı. Əlamətdar haldır ki, Azərbaycan SSR-in yaranmasından dərhal sonra Əfqanıstan, İran, Türkiyə və digər müsəlman ölkələrinin nümayəndələri Bakıya gəlməyə başlamışdı. Tezliklə Bakıda hind bölməsi təşkil edildi və o, yerli mətbəədə urdu dilində "Azad Hindistan Əxbarı" qəzetinin nəşrinə başladı.
Qurultayın keçirilməsinə hazırlıq
[redaktə | mənbəni redaktə et]RK(b)P MK Şərq xalqlarının qurultayını çağırmaq barədə Kominternin icraiyyə komitəsinin təklifıni müzakirə edərək, şərq xalqlarının birinci qurultayını Bakıda — ilk müsəlman sovet respublikasının paytaxtında çağırmağı qərara aldı.[2]
1920-ci il iyunun 18-də RK(b)P MK Siyasi Bürosu III İnternasionalın Bakıda "Şərq xalqlarının qurultayını" keçirməsini prinsip etibarilə bəyəndi və qərara aldı ki, bu məsələ barədə Nəriman Nərimanovun və İ. V. Stalinin rəyləri soruşulsun.[3] Müsbət cavab alan Siyasi Büro Bakıda qurultayın çağırılması haqqında məsələni iyunun 29-da müzakirə etdi və qurultayın təşkili üzrə büro yaratdı.[3] Kominternin icraiyyə komitəsi II konqresdən sonra "İran, Ermənistan və Türkiyənin əsarətdə qalan xalq kütlələrinə" məktubla müraciət etdi'"
Kominternin icraiyyə komitəsi ġərqin fəhlə və kəndlilərinə müraciətində bildirirdi ki, o, Bakıda qurultayı ümumi düşmənlə-imperializmlə mübarizədə şərq zəhmətkeşləri və Avropa proletariatının səylərinin birləşdirilməsi məsələlərini birlikdə müzakirə etmək üçün çağırır.
Şərq ölkələrinin kommunist, demokratik və mütərəqqi təşkilatları III İnternasionalın icraiyyə komitəsinin müraciətinə cavab olaraq, Bakıda şərq xalqları qurultayının çağırılması uğrunda təşviqata başladılar.[4] 1920-ci ilin avqustundan etibarən Azərbaycanda bütün əməkçi əhalinin iştirakı ilə şərq xalqlarının birinci qurultayına seçkilər başlanmışdı.[5]
Partiya işini gücləndirmək, əmək haqqının bir hissəsini Avropa və Sərq ölkələrində tətil edən proletariata yardım üçün köçürmək və müsəlman fəhlələri partiya sıralarına cəlb etmək məqsədilə Bakıda qurultay çağırılması münasibətilə "şərq İnternasionalı" təşkil etmək qərara alındı.
Azərbaycanın partiya, sovet və ictimai təşkilatları şərq xalqlarının birinci qurultayının çağırılması, nümayəndələrin işinin təşkili ilə bağlı böyük hazırlıq görmüşdülər. 1920-ci il avqustun 30-da Dövlət opera teatrının binasında qurultay nümayəndələri üçün konsert-mitinq oldu, ertəsi gün isə Bakı fəhlə, qızıl əsgər və matros deputatları sovetinin və Azərbaycan həmkarlar ittifaqlarının qurultay nümayəndələrinin iştirakı ilə təntənəli iclası keçirildi. Həmin iclasda Nəriman Nərimanov, habelə Bela Kun (Macarıstan), Tomas Kvelç (İngiltərə), Con Rid (ABŞ), Q. Zinovyev, K. Radek və b. şərq xalqlarına təbriklə müraciət etdilər.[6]
Şərq xalqlarının I qurultayı
[redaktə | mənbəni redaktə et]V. İ. Leninin dediyi kimi, "Şərq xalqlarının Bakı qurultayı" 1920-ci il sentyabrın 1–7-də keçirildi. Bakıya, qurultaya 1891 nümayəndə — Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Bakıya, qurultaya 1891 nümayəndə — Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi.[7] Qurultayda bir sıra Avropa ölkələrinin və Amerika kommunist partiyalarının nümayəndələri — Bela Kun, Tomas Kvelç, Con Rid və başqaları da iştirak edirdilər. Nümayəndələrin 55 nəfəri qadın idi.
Şərq xalqlarının birinci qurultayı aşağıdakı məsələləri müzakirə etdi: beynəlxalq vəziyyət və ġərgin zəhmətkeş kütlələrinin vəzifələri, milli məsələ, müstəmləkə məsələsi, aqrar məsələ, şərq ölkələrində sovet quruculuğu haqqında və s.
Qurultayı Kominternin icraiyyə komitəsi adından Nəriman Nərimanov açdı. 18 nəfərdən ibarət Rəyasət Heyətinə partiyanın və bitərəf fraksiyaların nümayəndələri seçildi, habelə katiblik təşkil olundu. Şərq qadınlarının azadlıq uğrunda mübarizə ilə həmrəylik timsalı kimi daha üç qadın, o cümlədən Azərbaycandan X. Ş. Şabanova da Rəyasət Heyətinə seçildi. İngiltərə, Fransa, ABŞ, Bolqarıstan, Avstriya, Macarıstan və b. ölkələrin nümayəndələri Rəyasət Heyətinin üzvü idilər.
Qurultayda aqrar məsələyə, milli məsələyə və müstəmləkə məsələsinə, sovet quruculuğu məsələsinə və təşkilat məsələsinə dair bölmələr təşkil edildi.
Azərbaycanın nümayəndəsi D. X. Bünyadzadə qurultayda beynəlxalq vəziyyət və şərqin zəhmətkeş kütlələrinin vəzifələri haqqında çıxış etdi. O, Azərbaycanı "Şərqdə sovet siyasətinin astanası" adlandırdı.[8] Müzakirələrdə Dağıstan, Türkiyə, İran, Türküstan, İngiltərə, Fransa, Hindistan nümayəndələri və başqaları da çıxış etdilər. Amerika, Yaponiya, İspaniya, Hollandiya və Avstriya nümayəndələri öz nitqlərini dərc olunmaq üçün yazılı şəkildə təqdim etdilər. Con Rid (ABŞ) yazılı şəkildə təqdim olunmuş məruzəsində Şərq xalqlarına, xüsusən Amerika imperializminin hakimiyyətini hələ öz üzərində hiss etməyənlərə müraciətlə xəbərdarlıq edirdi ki, qoy düşünməsinlər ki, "Azad Amerika" ingilis, yaxud fransız imperialistlərindən yaxşıdır".[9]
Qurultay nümayəndələri Leninin milli məsələyə və müstəmləkə məsələsinə dair Kominternin II konqresində təsdiq olunmuş tezislərini müzakirə etdilər. Tezislərdə "millətləri zülmkar və məzlum millətlərə bölmək, onları fərqləndirmək", müstəmləkə ölkələrindəki milli-azadlıq hərəkatlarını dəstəkləmək ideyası[10] əsas yer tuturdu. Qurultay tezislərlə həmrəy olduğunu bildirdi, lakin onlara dair xüsusi qətnamə qəbul etmədi.
Milli məsələ və müstəmləkə məsələsi barədə məruzə edən M. Pavloviç demişdi:" III İnternasional məzlum xalqların inqilabi hərəkatı ilə sözdə deyil, işdə həmrəy olur və bütün ölkələrin, xüsusən əsarətdə olanların kommunist partiyalarının qarşısında vəzifə qoyur — milli-inqilabi hərəkata ən fəal yardım göstərsinlər".[11]
Bela Kun Şərqdə sovet quruculuğu haqqında məruzə etdi və Şərqdə sovet hakimiyyəti uğrunda mübarizəni dəstəklədi.[12]
Aqrar məsələyə dair məruzədə deyilirdi ki, "torpaq alınıb, heç bir ödəncsiz, keçmiş sahiblərinə heç bir haqq verilmədən, zəhmətkeş kəndlilərə paylanmalıdır".[13]
Şərq xalqlarının birinci qurultayı Kominternin II konqresinin qərarlarına qoşuldu və Şərqdə sovet hakimiyyəti və aqrar məsələ haqqında tezisləri təsdiq etdi. Qurultay iki müraciətnamə qəbul etdi: "Şərq xalqlarını müstəmləkəçilərə qarşı mübarizəyə çağırış" və "Şərq xalqlarının azadlıq hərəkatını dəstəkləmək" barədə Avropa, Amerika və Yaponiya zəhmətkeşlərinə müraciət. Qurultayda ilk dəfə belə bir şüar elan edildi: "Bütün ölkələrin proletarları və bütün dünyanın məzlum xalqları, birləşin!". Beləliklə, vurğulandı ki, kommunistlər "yalnız bütün ölkələrin proletarlarının nümayəndələri kimi deyil, həm də məzlum xalqların nümayəndələri kimi çıxış edirlər".
Qurultayın son iclasında şərq qadınlarının nümayəndələri alovlu nitqlər söyləyərək öz tələblərini irəli sürdülər. Onlar bildirdilər ki, qadın hərəkatını bütün dünyanın məruz qaldığı inqilabi hərəkatın mühüm və zəruri nəticəsi kimi qiymətləndirmək lazımdır.
Şərq xalqlarının qurultayı 48 nəfərdən ibarət (35 kommunist və 13 bitərəf) şərq xalqlarının "Təbliğat və Fəaliyyət şurasını" seçdi. Şura daimi fəaliyyət göstərən icra orqanı idi və "Kommunist İnternasionalı icraiyyə komitəsi"nin rəhbərliyi altında işləməli idi. Şura şərq xalqları arasında inqilabi təbliğat aparmağı, onların azadlıq hərəkatını dəstəkləməyi və birləşdirməyi qarşısına vəzifə qoydu. Şuranın daimi məkanı Bakı şəhəri idi.
Qurultayın tarixi əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Şübhəsiz, şərq xalqlarının birinci qurultayı şərq ölkələrində imperializmə və müstəmləkəçiliyə qarşı mübarizə aparan inqilabi qüvvələrin yüksəlişini, onların həmrəyliyinin artmasını nümayiş etdirdi. Təsadüfi deyil ki, şərq xalqlarının Bakıda keçirilən qurultayı Antanta imperialistlərini karıxdırmışdı. Onlar şərq ölkələrindən qurultaya nümayəndələr gəlməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Nümayəndələri həbs etmək və Bakıya gəlmələrinə imkan verməmək üçün İngiltərə gəmiləri Trabzon sahillərində daim qarovul çəkirdilər. Onlar Hindistanın sərhədlərində və limanlarında da bu cür əngəllər yaratmışdılar. İrandakı ingilis müdaxiləçiləri Ənzəli limanına basqın edərək, qurultay nümayəndələrinin olduğu "Kursk" gəmisini bombardman etmişdilər. Nəticədə iki nəfər ölmüş və bir neçə adam yaralanmışdı. Onlarca nümayəndə imperialistlərin təşkil etdiyi blokadadan keçə bilməmişdi.
İngiltərənin nüfuzlu burjua qəzeti "Mançester Qardian"ın aşağıdakı etirafı şərq xalqları qurultayının imperialistləri, müstəmləkəçiləri necə narahat etdiyini göstərir: "İndi Rusiya şərqdə həmişəkindən daha güclüdür…". Bolşeviklər Azərbaycanda möhkəmlənmişlər, onun paytaxtı Bakı İranda və Xəzər dənizindən şərqə doğru vilayətlərdə siyasi təbliğatın mərkəzi olmuşdur. Nəhayət, lap bu yaxınlarda Bakıda bolşeviklərin rəhbərliyi altında şərq xalqlarının birinci qurultayı keçirilmiş və o, Qərbi Avropaya müqəddəs müharibə elan etmişdir. Bütün şərq nartlayış ərəfəsindədir, İranda bolşevik hərəkatı inkişaf edir. Mesopotamiyada üsyan qalxmışdır, bütün şəhərlərdə qarşısı çətinliklə saxlanılan inqilabi hərəkat alovlanır".[14]
Hətta Gürcüstanın menşevik qəzetləri də Bakıda şərq xalqlarının birinci qurultayının işlədiyi vaxt Qərb mətbuatının avazı ilə qurultay barədə təhrif olunmuş hesabatlar dərc edirdi. Gürcüstanın menşevik hökuməti şərq xalqlarının qurultayında iştirak etmiş gürcü nümayəndələrinin Gürcüstana qayıtmasını qadağan etmişdi.[15]
Şərq xalqları qurultayının İrandan olan nümayəndələri sərhədi keçəndə həbs edilib jandarmlar tərəfindən öldürülmüşdülər.[16]
1920-ci il oktyabrın 9-da RK(b)P MK Siyasi Bürosu V. İ. Leninin iştirakı ilə şərq xalqları birinci qurultayı iştirakçılarının nümayəndə heyəti haqqında məsələ müzakirə etdi.
1920-ci il sentyabrın 17-də Şərq xalqları birinci qurultayının İran, Hindistan, Türküstan, Xivə, Buxara, Qafqaz və s. yerlərdən olan 27 nəfərlik nümayəndə heyəti Bakıdan Moskvaya yola düşdü. RK(b)P MK Siyasi Bürosunun iclasında məruzələr və məlumatlar şərq xalqlarının birinci qurultayının 27 nəfər nümayəndəsi ilə müzakirə olunduqdan sonra, V. İ. Lenin (oktyabrın 13 və ya 14-də) şərq xalqlarının yaşadıqları yerlərdə RK(b)P-nin vəzifələri haqqında partiya MK-sı Siyasi bürosunun qərar layihəsini yazdı. 1920-ci il oktyabrın 14-də RK(b)P MK Siyasi bürosu Leninin yazdığı qərar layihəsini əlavələrlə birlikdə qəbul etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Quliyev C. B. ġərq xalqlarının I qurultayının 40 illiyi. "Azərbaycan kommunisti", 1960, № 9.
- Qaffarov T. Azərbaycan tarixi (1920–1991). Bakı, 1999.
- Сорокин Г.З. Первый съезд народов Востока. М., 1963.
- Агамалиоглы С.А. Ленин и Восток. "Бакинский рабочий", 25 января 1925 г.
- Məmmədli Qulam. Xiyabani. Bakı, 1949
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azəri türklərinin tarixi. İstanbul, 1993, səh. 5.
- ↑ V. İ. Lenin. ƏTK, 41-ci c, səh. 695.
- ↑ 1 2 Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 414, s. 1, i. 81, v. 17.
- ↑ Достижения Советского Азербайджана за 40 лет в цифрах. Стат. сб., Баку, 1960, стр. 44.
- ↑ V. İ. Lenin. ƏTK, 42-ci с, səh. 166.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra — ARDA), f. 3429, s. 2, i. 634, v. 1
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 461, s. 1, i. 30430, v. 1
- ↑ Azəri türklərinin tarixi. Prof. dr. Mehmet Safay. İstanbul, 1993, səh. 5.
- ↑ Azəri türklərinin tarixi. Prof. dr. Mehmet Safay. İstanbul,1993, səh.5.
- ↑ А.Гусейнов. "Голос Индии". Индийская газета в Баку, Вах: газета "Бакинский рабочий", 19 сентября 1967 г., № 221.
- ↑ V. İ. Lenin. ƏTK, 41-ci с, səh. 678.
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, s. 3, i. 89, v. 1
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, s. 3, i. 89, v.2
- ↑ . "Коммунистический интернационал". М., 1920, стр. 2259, 2262, № 12
- ↑ Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 85, s. 19, i. 2, v. 1–2
- ↑ Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSPİHA), f. 1, s. 74, i. 120, v. 86.