Beynəlxalq müqavilə — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır.
Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.
Hər iki Konvensiyanın 2-ci maddəsinə görə:
Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir.
Beynəlxalq müqavilədə tərəflər
[redaktə | mənbəni redaktə et]1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər.
Beynəlxalq müqavilələrin təsnifatı
[redaktə | mənbəni redaktə et]Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayrı-ayrı növlərə bölmək olar:
- I – iştirakçıların dairəsinə görə:
- ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);
- çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr). Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.
- II – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:
- açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan tərəf ola bilər):
- qapalı müqavilələr
Beynəlxalq müqavilənin strukturu
[redaktə | mənbəni redaktə et]Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur:
- Müqavilənin adı. Beynəlxalq müqavilə təcrübəsində "müqavilə" ümumi anlayışı altında müxtəlif konkret adlardan istifadə olunur; (məsələn, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, traktat, statut, konkordat və s.).
- Preambula. Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayrı müddəalarının təfsiri zamanı preambula müəyyən rol oynaya bilər.
Beynəlxalq müqavilələrin bağlanması
[redaktə | mənbəni redaktə et]Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:
- Müqavilənin mətninin tərtib olunmaı və qəbulu.
- Müqavilənin mətninin autentikliyinin müəyyən olunması.
- Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.
Beynəlxalq müqavilənin qüvvədə olması
[redaktə | mənbəni redaktə et]Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.
Beynəlxalq müqavilələrin etibarlılığı
[redaktə | mənbəni redaktə et]Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir. Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası mövcuddur.
Beynəlxalq müqavilənin xitam olunması
[redaktə | mənbəni redaktə et]Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqavilə aşağıdakı əsaslarla xitam oluna bilər:
- müqavilənin bağlandığı müddətin başa çatması. Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən müddət bitdikdən sonra xitam olunmuş sayılır.
- müqavilə öhdəliklərinin icra olunması. Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər müqavildə bu, xsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Теория международного права. Тункин Г. И. Arxivləşdirilib 2011-12-23 at the Wayback Machine
- Бирюков П. Н. Международное право. Учебное пособие. М.: Юристъ. 1998, 2000.
- Международное право: учебник / под ред. Ю. М. Колосова, Э. С. Кривчиковой. М., 2005.
- Учебник международного права / под. ред. Г. И. Тункина. М., 1994.
- Гетьман-Павлова И. Международное право: Учебник. М., 2008.