Boz — Vikipediya

Boz
HEX 808080
RGB¹ (r, g, b) (128, 128, 128)
CMYK (c, m, y, k) (0, 0, 0, 50)
HSV² (h, s, v) (0°, 0%, 50%)
  1. [0—255] aralığında normallaşdırıldı
  2. [0—100] aralığında normallaşdırıldı

Boz – rəng çaları.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.[1]

Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s.

Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır. Ayın bu adda olması da səbəbsiz deyil. Xatırlanan zamanın buludlu, yağışlı, küləkli, isti, soyuq, günəşli-günəşsiz – bir sözlə, dəyişkən olması ayın belə ad daşıması ilə nəticələnmişdir. Əbəs yerə deyil ki, insanlar da bu aya münasibətlərini "Boz ay bozara-bozara keçər" şəklində bildirmişlər. Buradakı özündə bozluq daşıyan "bozara-bozara"nın da həm müstəqim, həm də məcazi mənası vardır. Yəni rəng bildirmək (boz paltar, qorxudan, soyuqdan rəngin bozarması) və həm də xasiyyəti, sərtliyi, kobudluğu bildirmək (boz adam, boz sifət, üstə bozarmaq). "Boz ay bozara-bozara keçər" deyəndə də, sözsüz ki, daha çox ayın sərtliyi nəzərdə tutulur.

"Kitabi-Dədə Qorqud"dan öyrənirik ki, bir vaxt xanların ağ, qırmızı (qızılı), qara rəngli otaqları olurmuş və oğlu olanları ağ, qızları olanları qırmızı (qızılı), oğlu-qızı olmayanları qara rəngli otaqda oturdurmuşlar. Mənbələrdən öyrənirik ki, elə əski çağlarda xanların "Boz otağı" da var imiş. Onun bu otağı daha çox yas məclisləri üçün imiş. Deməli, buradakı "boz" tanınma əlaməti kimi otağın, yaxud ümumilikdə çadırın hansı rəngdə olmasını bildirir.

Arxada boz rəngin həm də "çal", "qır" çalarları olduğunu demişdik. Bu rənglər özlərini daha çox atlara aid adlarda göstərirlər. Misal üçün, "Kitabi-Dədə Qorqud"da Boz at, Boz ayğır, Ağboz at adları vardır. Xızırın da atı çox vaxt elə mənbələrdə Boz at şəklində təqdim olunur. "Qurdoğlu" Azərbaycan əfsanəsinin qəhrəmanı Aldədənin atının da adı Boz atdır. Qaçaq Nəbinin atı Boz at adıyla məşhurdur. Koroğlunun Qıratı da əslində elə Boz atdır. Düzdür, Qıratdakı "qır" sözünün mənası ilə bağlı müxtəlif fikirlər olub. M.H.Təhmasib "qır"ı "qor", yəni "od", "qığılcım" olaraq izah etmişdir. Sonralar bu fikrə eynilə şərik çıxanlar da olmuşdur. Məsələnin belə olmamasını sübut edən dəlillər çoxdur. Lüğətlərdə "qır"ın ata aidliyini bildirən yerlərdə belə yazılıb: çal at, açıq çal at, qırmızı boz at, ala at. Azərbaycan dilində də "qır"ın mənaları az deyil: kül rənginə çalan ağ, çal, tünd boz rəng və s.

Rəng bildirən "qır" sözündən başqa, ümumiyyətlə, bütövlükdə "Qırat"ın rəngi ilə bağlı da araşdırmalarda xəbərlər vardır. Bir mənbədə deyilir ki, "Qırat ağ üzərinə qara xalların yer aldığı rəngdə olan at. Ağla qara və ya daha qatı tükləri bir-birinə qarışmış kimidir. Göy qır, pambıq qır, açıq qır, adi qır, qatı qır, dəmir qır, qızıl qır, tutqun qır, çilli qır, paxla qır və başqa çeşidləri vardır".

Altay əfsanələrindəki Ağxanın atı bəzən "Ağ qır", bəzən də "Qır bəyaz" adlanır. Məşhur hun sərkərdəsi Gültəkinin də atlarından biri "Qırat" adlanır. Gültəkin abidəsinin quzey yazısında deyilir ki, Gültəkin Qıratına minib doqquz əri mızraqladı.

Örnəklərdən biz "qır"ın ağ, çal, ala, ən əsaslısı boz mənalarında açıqlanmasının şahidi olduq. Çalın və bozun da eyni rəng olduğunu bilirik. Deməli, Koroğlunun Qıratı da öz üstündə elə əslində ağla açıq boz rəngin qarışığını daşıyıb. Daha dəqiqi Koroğlunun Qıratı ocaqda yanmış odunun tökülməmiş külü rəngdə, yəni boz rəngdə olub. Bu rəng adlarını xatırlatdığımız atlara da elə bu cür aiddir.

Rənglər insan həyatında

[redaktə | mənbəni redaktə et]

Boz rəngi sevənlər ən çətin problemləri belə həll etmək qabiliyyətinə malikdirlər. Dəqiq elmlərdən və texnikadan yaxşı anlayışları var. Hər şeydə qayda-qanunu xoşlayır, hətta düşüncələrində belə nizam-intizam olur. Bu insanlar sizə darıxdırıcı gələ bilər, lakin onlara həmişə güvənə bilərsiniz. Çünki çətin anlarınızda mütləq kömək əlini uzadacaq, sizi heç vaxt tək qoymayacaqlar. İntim həyatlarında açıq-saçıqdırlar. Həyatda ən çox problemlərdən qorxurlar və rastlaşmamaq üçün müxtəlif bəhanələrlə aradan çıxırlar. Boz rəngi seçənləri, adətən soyuqluqda günahlandırırlar, amma bu yanlış fikirdir, sadəcə onlar həddən artıq cəsarətsizdirlər.[2]

  1. "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-31.
  2. Rənglər haqqımızda nə deyir?[ölü keçid]
Veb rəngləri Qara Gümüşü Boz Qırmızı Çəhrayı Tünd qırmızı Bənövşəyi Açıq bənövşəyi Yaşıl Açıq yaşıl Zeytun Sarı Narıncı Göy Tünd göy Firuzə Mavi
                                   
Yazılış black silver gray white red pink maroon purple fuchsia green lime olive yellow orange blue navy teal aqua