Animasiya — Vikipediya

Azyaşlı balaca azərbaycanlı uşaq cizgi filmi seyr edərkən

Animasiya (lat. animātiō — canlandırma[1]) və ya cizgi[2]incəsənətin bir növü. Belə əsərlər kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır.

Professor Simon fon Ştampferin stroboskop diski nömrə X (1833)

Hərəkətin təsvirləri kinematoqrafiyadan əvvəl mövcud idi. Bunun erkən nümunələri arasında mağaralarda çəkilmiş heyvanları qeyd etmək olar. Bundan əlavə, marionet və kölgə kuklaları da cizginin sələfləri sayılır.[3] 1833-cü ildə stroboskop diskinin (fenakistiskop) yaradılması həm müasir cizgi, həm də gələcək kinematoqrafın prinsiplərini təsis edib.[4]

Animasiyanın yaranma tarixi Emil Reyno ilə bağlıdır. Fransız Emil Reyno ilk və əsl animator hesab olunur. O, ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz yaratdı. Bu optik cihazın adı "praksinoskop" adlanır. 1892-ci ildə isə o, özünəməxsus attraksiya olan "optik teatr" yaratdı. Bu tamaşaların birnicisi Yazıq Pyero (fr. Pauvre Pierrot) idi. Bu hadisə Parisli Lümyer qardaşların premyerasından əvvəl baş verdiyi üçün, fransızlar animasiya ilə kinofilmdən daha əvvəl tanış olmuşlar.[5]

Amerikada erkən animasiyanın pionerləri arasında Ceyms Stüart Blektonu və Uindzor Makkeyi adlandırmaq olar. 1910-cu illərdə animasiya filmlərinin istehsalı ABŞ-da sənayeyə çevirib.[4] O zaman, meydana çıxmış ilk cizgi personaj Pişik Feliks idi. Onun debütü 1919-cu ildə baş vermişdi.[6] 1928-ci ildə Uolt Disney studiyasının Mikki və Minni Mausu göstərən Paroxod Uilli (ing. Steamboat Willie) qısa cizgi filmi, sinxronlaşmış səs ilə buraxılmış ilk cizgi filmlərindən biri olmuşdu.[7] Bundan sonra həmin texnologiya yayılmış və ABŞ cizginin gızıl dövrü başlamışdı.[8]

Yaponiyada ilk animasiyanın adı Katsudo Şaşin (yap. 活動写真, yəni Hərəkətli şəkillər) idi. O, ölkəyə gələn alman və başqa qərbi animasiyaların təsiri altında təxminən 1907-1912 illərin arasında yaradılmışdı.[9] 1918-ci ildə isə Kitayama Seytaro Momotaro (yap. 桃太郎) adlı anime yaratmışdı. O, Fransada nümayiş olaraq, xaricdə göstərilən ilk anime olmuşdu. Cizgi filmləri necə yaradılır (Seneiga no tsukurikata) adlı məqaləsində Kitayama yazmışdı ki, xarici animasiya ona təsir edib.[10]

Müasir həyatımızda inkişaf edən texnika ilə animasiya yaratmaq daha da asan bir hala çevrildi. Belə ki, animasiya artıq kompüterdə müxtəlif proqramlar ilə hazırlanır və 2D, 3D, stop-motion və cut-out kimi növləri vardır.

Qrafik animasiya
Animasiyanın klassik növüdür. Şəkillər əllə çəkilir, adətən kompüterə köçürülür.
Həcmli animasiya
Müxtəlif materialların istifadəsi ilə yaradılır.
Kompüter animasiyası
Kompüter texnikası ilə yaradılan animasiyalar. 3D və 2D kimi növləri var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Animation Definition & Meaning". Dictionary.com (ingilis). 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-07.
  2. Televiziya nəzəriyyəsinin əsasları
  3. "How Modern Animation Originated from Live and Stage Performances - studio9". studio9.ie. İstifadə tarixi: 18 February 2024.
  4. 1 2 Solomon, Charles. Enchanted Drawings: The History of Animation. New York: Random House, Inc. 1989. ISBN 978-0-394-54684-1.
  5. The beginnings of animation: Émile Reynaud
  6. Cart, Michael. "The Cat With the Killer Personality". The New York Times (ingilis). 31 March 1991. 11 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2022.
  7. Furniss, Maureen. Classical-era Disney Studio // Art in Motion, Revised Edition (2014 print-on-demand ed., based on 2007 revised). New Barnet: John Libbey Publishing. 2007. 107–132. doi:10.2307/j.ctt2005zgm.9. ISBN 9780861966639. JSTOR j.ctt2005zgm.9. OCLC 1224213919.
  8. Barrier, Michael. Hollywood Cartoons American Animation in Its Golden Age. Oxford University Press. 2003. ISBN 9780199839223.
  9. Litten, Frederick S. "Japanese color animation from ca. 1907 to 1945" (PDF). litten.de. 17 June 2014. 14 July 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 June 2014.
  10. pp. 82-83