Dominion — Vikipediya
Dominion (ing. dominion; lat. dominium — hakimiyyət) — əvvəllər Britaniya İmperiyasının (sonra Millətlər Birliyinin) tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu. Dominionların dövlət başçıları dominionların general-qubernatoru tərəfindən göstərilən Britaniya monarxı hesab olunurdu.
1926-cı ildə Böyük Britaniyanın xarici işlər naziri və Mühafizəkarlar partiyasının lideri olan Artur Ceyms Balfur imperiya konfransında ilk dəfə olaraq dominion anlayışının tərifini vermişdir.
11 dekabr 1931-ci il Vestminster əsasnaməsinə görə dominionlar "Britaniya İmperiyasının bərabərhüquqlu, öz daxili və xarici siyasi aspektlərinə görə bir-birindən asılı olmayan, amma taxt-tac qarşısında ümumi öhdəliklər daşıyan və Britaniya Millətlər Birliyi üzvlərinin azad assosiasiyasını təşkil edən müstəqil icmaları" idilər. Həmin vaxt dominion statusu aşağıda adları qeyd edilən ərazilərə aid idi (bu status həmin ərazilərə daha əvvəl və müxtəlif illərdə verilmişdir):
- Kanada (1867);
- Avstraliya İttifaqı (1901);
- Yeni Zellandiya (1907);
- Nyufaundlend (1907);
- Cənubi Afrika Birliyi (1910);
- İrlandiya (1921).
Bu status bir qayda olaraq, iqtisadi cəhətdən bir qədər inkişaf etmiş ərazilərə verilirdi, hansı ki həmin ərazilərin əhalisi əsasən Avropadan köçənlərdan ibarət idi və bu hal da metropoliya siyasətinə sədaqət zəmanəti olmuşdur.
1931-ci ildə Britaniya Birliyinə (1946-cı ildən — Millətlər Birliyi) daxil olan bütün dövlətlər (birbaşa koloniyalar və müstəmləkə əraziləri istisna olmaqla) Böyük Britaniya dominionu kimi tanındılar.
1949-cu ildə Hindistanın respublika idarə üsuluna keçməsindən sonra və Millətlər Birliyinə üzv dövlətlər üçün Britaniya monarxının rəsmən dövlət başçısı kimi qəbul olunmasının qeyri-məcburi hesab edilməsindən sonra "dominion" terminindən daha istifadə olunmur. Amma Böyük Britaniyanın bəzi keçmiş dominion və kaloniyalarında hələ də Böyük Britaniya monarxı rəsmən dövlət başçısı hesab edilməkdədir.