Gəncə üsyanı (1826) — Vikipediya
Gəncə üsyanı - 27 iyul, 1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan. 1826-cı il Gəncə üsyanı Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. [1]
Erkən hadisələr
[redaktə | mənbəni redaktə et]Gəncənin sonuncu xanı Uğurlu xan olmuşdur. Atası Cavad xan ruslarla müharibədə şəhid olandan sonra xanlığın qanuni varisi kimi rus işğalına qarşı mübarizə aparmışdır. Uğurlu xan 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Sarayda təhsil almışdı. Gəncə şəhəri ruslar tərəfindən işğal edildikdən və atası Cavad xan şəhid olduqdan sonra 1804–cü ilin yayında Gəncə xanlığı əhalisi ilə birlikdə rus ordusuna qarşı üsyan qaldırsa da, gəncəlilər məğlub olmuşdular. Məğlub olan gəncəlilər Qacar İranına köçməyə məcbur qalmışdı. Uğurlu xan həm də Xurşudbanu Natəvanın ana tərəfdən babasıdır. 1826-ci ildə Azərbaycanın ruslar tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün İran ərazisində yerləşən Qacar dövləti ordu hazırlamışdı. Orduya Abbas Mirzə komandanlıq edirdi. Ordu hərəkətə keçməzdən əvvəl Abbas Mirzə Azərbaycanın Xoy şəhərində Uğurlu xanla görüşmüşdür. Uğurlu xanın və Abbas Mirzənin təlimatı ilə Gəncə əhalisi rus işğalına- hərbi birləşmələrinə qarşı mübarizəyə hazırlaşdı. Üsyanın əsas təşkilatçısı Uğurlu xan idi. Uğurlu xan əhalini gizlicə üsyana hazırlamışdı. Üsyana din xadimləri də dəstək verirdi.
Üsyan
[redaktə | mənbəni redaktə et]Qacar ordusu Gəncəyə çatmadan Gəncədə üsyan başladı. Üsyançılar gizləndikləri yerlərdən çıxaraq rus qarnizonuna qarşı hücuma keçirdilər. Üsyan başladıqdan sonra şəhərin ətrafında olan rus qoşunları da dərhal Gəncədəki rus qarnizonuna kömək üçün göndərildi. Şəhərdə ağır döyüş başlandı. Gəncə xanı Uğurlu xanın köməyinə çatan Qacar qoşunu Gəncə əhalisi ilə birləşərək rus ordusunu Gəncədən çıxara bildilər. Gəncədə üsyan uğulu alındı. Rus ordusundan çoxlu silah qənimət kimi alınmışdı. Ruslar səkkiz minə qədər itki vermişdilər. Uğurlu xan Gəncə üsyançıları ilə rusların Şəmkirə qaçan hərbi hissələrinə arxadan zərbə endirərək beş minə qədər rus əsgərini öldürmüşdü. Uğurlu xan öldürdüyü rus sərkərdələrinin başlarını Qacar dövləti şahı Fətəli şah Qacara göndərdi.
Rus ordusu 40 min əsgər, 20 ağır topla general Mədətovun başçılığı ilə Gəncə istiqamətində hərəkətə başladı. Gəncənin müdafiəsinə Uğurlu xanla Nəzərəli xan başçılıq edirdilər. Qacar qoşunlarının əksəriyyəti Gəncəni tərk edərək Şuşanı mühasirəyə almağa yollanmışdı. Mədətovun qarşısına kiçik ordu çıxarıldı. Şəmkir ətrafında üsyançılar və Qacar ordusunun birlikləri ilə rus ordusu arasında şiddətli döyüş baş verdi. Qacar ordusu komandanı Əmir xan gözlənilmədən güllə yarası ilə şəhid oldu. Ordusunun komandanını itirən Qacar ordusu geri çəkildi. General Mədətov sürətli hücumla Uğurlu xan və Nəzərəli xanı məğlubiyyətə uğratdı. Nəticədə Uğurlu xan ordusu ilə Gəncəni tərk edir. Abbas Mirzə müharibənin planını dəyişdirərək Şuşanı mühasirə edən ordusunu Gəncəyə göndərməli olur. Qacar ordusu Uğurlu xanın ordusu ilə birgə hərəkət edirdi. Gorusda rus ordusunun avanqard hərbi hissəsi ilə döyüş olmuş, rus ordusu məğlub edilmişdi. Ruslardan üç min əsgər öldürülmüş, min nəfər əsir və altı top qənimət alınmışdı. Gəncə ətrafında ruslara ağır zərbə endirilmiş və Mədətovun ordusu sürətli şəkildə məğlub edilmişdi. Şəmkir nahiyəsində Mədətovun ordusuna son zərbə endirilmiş, ruslar məğlub edilmişdi. Ruslardan iki min əsir və səkkiz top qənimət alındıqdan sonra Gəncə yenidən üsyançılar və Qacar ordusu tərəfindən ələ keçirilmişdi. Gəncədə Uğurlu xan və Abbas Mirzə şadlıqla onları qarşılayan izdihamın alqışı altında şəhər əhalisinə öz məmunluğunu bildirmək üçün birbaşa böyük məscidə getmişdilər.
1826-cı ilin 26 iyulunda Uğurlu xan Gəncəni yenidən ələ keçirmiş Gəncə üsyanının rəhbəri olmuş, qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi. Azad olan Gəncə xanlığı bu mahallardan ibarət idi:
1. Samux mahalı.
2. Kürəkbasan mahalı.
3. Dağlıq mahalı.
4. Şəmkir mahalı.
5. Ayrım mahalı.
Üsyanın yatırılması
[redaktə | mənbəni redaktə et]Qacar qoşunundan, Gəncə əhalisindən bu kimi hücumları gözləməyən çar Avropa cəbhəsində qəhrəmanlıqlar göstərmiş, Polşa və Osmanlı müharibələrində böyük qələbələr əldə etmiş general Paskeviçi Qafqaz cəbhəsindəki rus qüvvələrinə baş komandan təyin edir. Paskeviçlə bərabər çox böyük ordu Mədətovun rus qoşunlarına yardım üçün göndərilmişdi.
Uğurlu xan rusların bütün seçmə ordularını Qafqaza göndərdiklərini bildiyi üçün öz ailəsini bacısı Püstə Bəyim ilə birlikdə Qacar dövlətinə göndərmişdir. Paskeviç ordusu Qafqaza çatdıqda Gəncə və İrəvan ətrafında Mədətovun ordusunun məğlubiyyəti xəbərini almışdı. Öz ordusu ilə Tiflisdən Mədətovun sağ qalan qüvvələri ilə birləşmək üçün dərhal hərəkətə keçmişdi. Şəmkir ətrafında baş verən növbəti döyüşdə Abbas Mirzə və Uğurlu xan bütün güclərini rus qoşunları ilə müharibəyə qoysalar da, rus ordusunun hədsiz çoxluğu qarşısında geri çəkilməli olmuşdular. Gəncə döyüşündə isə Uğurlu xan rusların hədsiz çox olan seçmə ordusuna əsir düşmüşdü.
1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Gəncə üsyanı yatırılırkən 1.500 –dən artıq Gəncəli ruslar tərəfindən şəhid edilmişdi. Yalnız Türkmənçay müqaviləsindən sonra o, Qacar İranına qayıda bildi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanda bu gün". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.
- ↑ Mirişli, Elşən. "Sonuncu Gəncə xanı Uğurlu xan Cavad xan oğlu Ziyadoğlu Qacar". anl.az. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.