Gəncə Şəhər Duması — Vikipediya

Gəncə Şəhər Duması
(Yelizavetpol Şəhər Duması)
İdarə heyəti
Duma Sədri Ağalar bəy Səfikürdski, İttihad Partiyası
15 aprel 1920 tarixindən
Duma Sədrinin Müavini Cavad bəy Rəfibəyov
15 aprel 1920 tarixindən
Quruluşu
Üzvlərin sayı 74
Seçkilər
Sonuncu seçkilər 20 fevral 1920

Gəncə Şəhər Duması — 1892-ci ildə yaradılan Gəncə şəhərinin yerli idarə oqranı.

1892–1917-ci illərdə

[redaktə | mənbəni redaktə et]

1892-ci ildə Gəncədə yerli idarə oqranı olan Şəhər Duması yaradıldı. Gəncə qubernatorunun göstərişi ilə duma üzvlərinin siyahısı hələ 1896-cı il martın 6-da elan edilmişdi. Mart ayının 8-də Gəncə Şəhər Duması deputatlarının təntənəli surətdə 1. iclası açıldı və iclasda şəhər özünüidarəsinin ştat vahidləri təsdiq edildi, onların vəzifələri müəyyənləşdirildi.

Gəncə şəhər Duması vergi və ödənclərin toplanılması, bazarın açılması, şəhərin sanitariyasına nəzarət, yanğına qarşı mübarizə, bəzi mədəni–kütləvi tədbirlər və s. məsələlərlə məşğul olmalı idi.

Dumanın 1900-cü il 20 mart tarixli iclasının qərarı ilə Gəncə qubernatoru, Qafqaz canişininin qarşısında şəhərin baş planına əsasən bəzi küçələrin və məhəllələrin genişləndirilməsi və abadlaşdırılması məsəlsini qoydu. Qafqaz canişini Gəncə şəhər Duması deputatlarının tələbini yerinə yetirməyə məcbur oldu və işin icrasına göstəriş verdi.[1]

Gəncə Şəhər Dumasının 60 üzvündən 7 nəfərini Rəfibəylilər təşkil edirdi.[2]

Müxtəlif dövrlərdə Ələkbər bəy Rəfibəyli (1909–1913), Hacı Məmmədhüseyn Rəfiyev, Hacı Həsən Rəfiyev, Hadı bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov (1913–1917), Hüseyn bəy İsrafilbəyov, Fətəli xan Xoyski, Həsən Mollazadə Gəncəvi[3], Süleyman ağa Bədirbəyov Dumanın üzvləri olmuşdurlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1917–18 illərdəki hərbi əməliyyatlar, soyqırımları, hərc-mərclik və anarxiya dövründə fəaliyyətini dayandırmışdı. 1918 il iyunun 22-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncə şəhər başçısının müavininə şəhər özünüidarəsini çağırmaq və dərhal öz işinə başlamaq barədə tapşırıq verdi. Lakin son illərin hadisələri nəticəsində şəhər təsərrüfatının tənəzzülə uğraması, ölkədəki maliyyə böhranı, şəhərdə çoxsaylı qaçqınların olması və epidemiyalar şəhər idarəsinin fəaliyyətini əngəlləyirdi. Buna görə də Gəncə şəhər özünüidarəsinə kömək məqsədilə hökumət dəfələrlə xəzinədən vəsait ayırmalı olmuşdu.

Duma şəhər başçısı Ələkbər bəy Xasməmmədovun rəhbərliyi ilə əvvəlki tərkibdə, 74 deputatla işə başlamışdır.

1919 il yanvarın 25-də Azərbaycan Parlamenti səpmə yatalaq epidemiyası ilə mübarizə üçün Gəncə şəhər özünüidarəsinə 450 min manat faizsiz borc ayrılması barədə qərar qəbul etdi. Hoyabrın 1-də Gəncə sakinlərinə tibbi yardım üçün daha 50 min manat ayrıldı. Noyabrın 5-də isə səpmə yatalaq xəstəliyinə tutulmuş qaçqınlara tibbi yardımdan ötrü yenidən vəsait ayrılmışdı. Yaxın laşan aclıqla mübarizə məqsədilə 1919 il mayın 25-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti təkcə taxıl və digər zəruri ərzaq məhsulları alınmasına 1 milyon manat məbləğində faizsiz borc verilməsi barədə qərar qəbul etdi. Azərbaycan şəhərlərinin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün 1919 il iyulun 27-də " Gətirilən və aparılan yüklərdən şəhərlərin xeyrinə pud hesabı ilə rüsumlar toplamaq haqqında müvəqqəti qaydalar" barədə qanun qəbul olundu. Dekabrın 10-da isə hökumət Gəncə şəhər özünüidarəsinə bu qanunda nəzərdə tutulan şərtlərlə 1921 il yanvarın 1-dək, yəni 1919 il 27 iyul tarixli qanunun qüvvədə olduğu vaxtadək, şəhərin xeyrinə rüsumlar toplamağa icazə verdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti şəhər dumasına seçkilər və deputatların saxlanılması xərcləri üçün də vəsait ayırmışdı. Hökumətin şəhərə kömək üçün xəzinədən dəfələrlə xeyli vəsait ayırmasına baxmayaraq, Gəncə şəhər özünüidarəsi o zamankı mürəkkəb tarixi şəraitdə fəal və səmərəli fəaliyyət göstərə bilmirdi. Şəhər özünüidarəsinin fəaliyyətinə Gəncə qubernatoru və daxili işlər naziri nəzarət edirdilər.

Gəncə Şəhər Dumasına seçkilərin 1920-ci il 6 fevralda keçirilməsi qərara alınmışdır. Lakin fevralın 4-də Müsavat Partiyasının nümayəndələri Məşədi Əli Rəfiyəv, Teymur Qazıyev, Hidayət Niyazov, İttihad Partiyasından Ağalar bəy Səfikürdski, Səməd Əbilov, bitərəf Həbib Quliyev və başaqaları bələdiyyə idarəsinə gələrək şəhər başçısına seçki siyahılarının tərtibində səhvlərə yol verildiyini və mübahisəli ərazilərdə yaşayanlar, hətta yerli əhalinin siyahılarda tam əksini tapmadığını bildirmişdilər. Buna görədə nümayəndələr siyahılarda düzəliş və tamamlama işləri başa çatanadək seçkilərin təxirə salınmasını xahiş etdilər. Şəhər Duması fevralın 13-dəki iclasında Müsavat Partiyasıİttihad Partiyasının təkliflərini nəzərə alaraq seçki gününün vaxtını fevralın 20-nə təyin etdi.

Deputat yerləri belə bölünmüşdü: 50 yer müsəlman partiya və qruplarına (Müsavatİttihad Partiyaları, bitərəflər, tacirlər, sənətkarlar qrupları arasında hər birinə 10 yer olmaqla) , 24 yer ermənilərə. Yalnız bolşeviklər seçkiləri boykot edərək öz nümayəndə siyahısını təqdim etməmişdilər.

20 fevral 1920 tarixində Gəncə Şəhər Dumasına seçkilər keçirildi. 112 namizəd arasından 74-ü Dumaya üzv seçildi. Deputatlar 2 illik (1920–1921) müddətinə seçildilər. Seçilə bilməyən 35 nəfər isə müvafiq olaraq hər hansı partiya və ya qrupun deputat yeri boşaldığında onun yeri tutmaq hüqunu saxlayırdı.Gəncə qubernatoru 2 mart tarixli qərarı ilə seçkinin nəticəsini təsdiq elədi. Dumanın 15 aprel 1920-ci tarixli iclasında səs çoxluğu Ağalar bəy Səfikürdski Dumanın sədri, Cavad bəy Rəfibəyli isə onun müavini, Həsən bəy Fəttahov şəhər başçısı, Məşədi Musa Verdiyev və Qafar bəy Rəfibəyov isə bələdiyyə üzvləri seçildilər.

  1. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
  2. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  3. "Gəncə quberniyasının 1903-cü il üçün yaddaş kitabı"