Geosiyasət — Vikipediya
Geosiyasət — siyasi fikrin istiqaməti, əraziyə nəzarət anlayışı.
Geosiyasət anlayışı
[redaktə | mənbəni redaktə et]Elmi ədəbiyyatda “geosiyasət” anlayışı dəqiq və tam formalaşdırılmamışdır. Bu, bütün formalaşan elm sahələrinin xarakterik cəhətidir. Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 100 ilə yaxındır ki, davam edir. Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların kompleksi kimi görürlər. SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi. XX əsrin 80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı. Belə ki, 1989-cu ildə nəşr olunmuş sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi. Bununla belə, geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, “dövlətlərin siyasəti, xüsusən də xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s.”
İsveç alimi 'Rudolf Çellen' elmə “geosiyasət” anlayışını gətirmişdir. Bu ad altında çıxış edən elmi o, “dövləti coğrafi orqanizm və ya məkan fenomeni kimi nəzərdən keçirən doktrina” kimi qiymətləndirir. Geosiyasət dövləti daimi, dəyişməz təşkil forması deyil, canlı varlıq kimi nəzərdən keçirir.Bu cür yanaşmanı alman nəzəriyyəçisi 'Fridrix Ratsel' irəli sürmüşdür. Geosiyasət dövləti xarici aləmlə münasibətdə öyrənmək və bu münasibətlərdən doğan problemləri həll etmək məqsədini daşıyır. F. Ratselin fikrincə, siyasi coğrafiyadan fərqli olaraq, geosiyasət elmini dövlətin vəziyyəti, forması, sərhədləri və ya ölçüləri, iqtisadiyyatı, ticarəti və mədəniyyəti maraqlandırmır. Bütün bu məsələlər əsas etibarı ilə, dövlətin strateji vəziyyətinin təsviri ilə məhdudlaşan siyasi coğrafiya elminə aiddir. Politoloq E. A. Pozdnyakov təsdiqləyir ki, geosiyasət əsas diqqətini fiziki əhatə, dövlətin hərbi-siyasi, iqtisadi, və ekoloji təhlükəsizliyi faktorlarına və bu faktorların siyasətdə istifadə edilməsinin real imkanlarının açılmasına və öyrənilməsinə diqqətini yönəldir. Praktik geosiyasət dövlətin ərazi problemlərinin, sərhədlərinin, insan resursları da daxil olmaqla, resursların müəyyən edilməsi və səmərəli istifadə olunmasını öyrənir.
Geosiyasət elmi 3 elmi yanaşmanın əsasında meydana gəlmişdir:
- Sivilizasiya nəzəriyyələri
- Hərbi strateji nəzəriyyələr
- Coğrafi determinizm nəzəriyyələri
Mədəni yanaşmanın banisi rus alimi 'N.Y.Danilevski' hesab edilir.Onun fikrincə, tarixin teatr səhnəsində əsas fəaliyyət göstərən subyektlər kimi dövlətlər və ya ayrı-ayrı millətlər deyil, böyük mədəni-dini birliklər çıxış edir. Danilevski onları “mədəni-tarixi tiplər” adlandırır. Rus tədqiqatçılarından ilk olaraq, Danilevski “Avropanın Rusiyaya qarşı soyuqluğu” tezisini ifadə etmiş və bunu elmi surətdə əsaslandırmışdır. Onun fikrincə, bu soyuqluğun səbəbi 2 dünya gücü arasında olan prinsipial mədəni fərqlərdir: “Avropa bizi ozününkü kimi qəbul etmir. Avropalılar Rusiya və slavyanları yalnız yad deyil, eyni zamanda düşmən kimi görür. ”XIX əsrin sonu-XX əsrin əvvəllərində Danilevskinin konsepsiyası rus filosofu 'K. N. Leontyevin', alman filosofu 'O. Şpenqlerin', rus alimi 'Bu konsepsiyanı ingilis alimi Arnold Toynbi' də inkişaf etdirmişdir. Öz əsərlərində o, “pravoslav –rus” sivilizasiya tipini ayırmışdır. Sivilizasiya nəzəriyyəsi XX əsrin sonlarında da alim-geosiyasətçilərin diqqətini cəlb etmişdir.Harvard Universitetinin professoru Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı kitabı çox mübahisələrə səbəb oldu. Müəllif təsdiqləyir ki, XXI əsrdə konfliktlərin əsas mənbəyi kimi iqtisadiyyat və ya ideologiya deyil, mədəni fərqlər çıxış edəcək. O hesab edir ki, “sivilizasiyaların toqquşması dünya siyasətinin əsas faktoruna çevriləcək.Sivilizasiyalar arasında olan ayırma xətləri isə gələcəkdə cəbhə xətləri olacaq”. XXI əsrin mənzərəsi müəllifə 7-8 böyük sivilizasiyanın qarşılıqlı fəaliyyət və rəqabətinin nəticəsi kimi görünür.O, bu sivilizasiyalar arasında qərbləşməyə qarşı çıxan “pravoslav-slavyan” sivilizasiyasının da olacağını göstərir.
'Aristotel', “Siyasət” əsərində Krit adasının geosiyasi vəziyyətinin xüsusilikləri barədə qeyd edir: “Krit adası sanki Yunanıstan üzərində ağalıq etmək üçün nəzərdə tutulub.Onun coğrafi vəziyyəti isə çox əlverişlidir: o, demək olar ki, bütün yunanların ətrafında məskunlaşdığı dənizlə əhatələnir. O, bir tərəfdən Peloponnes, digər tərəfdən isə, Asiya ilə yaxın məsafədə yerləşir”.
Geosiyasətin obyekti və predmeti
[redaktə | mənbəni redaktə et]“Geosiyasət” termini artıq 100 ildən artıqdır ki, mövcuddur.Uzun müddət elm sahəsi kimi geosiyasətin mahiyyəti, sərhədləri və obyekti haqqında suallar cavabını tapmamışdır. Geosiyasətin obyekti barədə belə söyləmək olar ki, geosiyasət- dəniz və qurunun, hava və yer qabığının milyon illər boyu qarşıdurması baş verdiyi planetar məkan- quru səthi, su səthi, hava qatı, yer kürəsidir.Geosiyasətin predmeti qlobal və regional problemlərin həlli zamanı geosiyasi subyektlər arasındakı qarşılıqlı əlaqədir.İlk növbədə, geosiyasətin predmeti planetar məkan üzərində nəzarətdir.Lakin buradan suallar doğur: bu nəzarət hansı yollarla həyata keçirilir?, onun mexanizmi necədir?, hansı faktorlar bu mexanizmdə daha önəmlidir?, bu mexanizmi hərəkətə gətirən subyektlərin rolu nədən ibarətdir? və s. Qeyd etmək lazımdır ki, bu və ya digər faktorların rolu tarixən dəyişmişdir. Məsələn, hələ iki yüz il bundan əvvəl ön sırada coğrafi, təbii-iqlim, məkan və iqtisadi faktorlar, istehsalçı qüvvələrin inkişaf dərəcəsi və s. olmuşdur. XXI əsrin əvvəllərində biz dünya düzəninin bir modelindən digərinə-qlobal modelə keçidinin şahidi oluruq. Bu dövrdən etibarən geosiyasi vəziyyət daha az davamlılıq kəsb etməyə başladı ki, bunun da əsas səbəbi 150-200 il əvvəl olduğundan sayca daha çox faktorun əhəmiyyətli təsirə malik olmasıdır.
İqtisadi prosseslər, elmi-texniki inqilab coğrafi mühitə, ekoloji vəziyyətə və insanlara daha çox təsir etməyə başlayıb.Bütün növ beynəlxalq əlaqələrin qurulmasında iqtisadi maraqlar ön plana çıxır. Nəzərə alsaq ki, planetimizdə baş verən iqtisadi prosseslər yüksək dinamikliyi ilə seçilir, onda deyə bilərik ki, bu faktorlar müasir geosiyasi vəziyyətin qeyri-stabilliyini şərtləndirir.
- Elmi-texniki inqilab nəticəsində ən müasir texniki vasitələr meydana gəldi: kütləvi qırğın silahları və onların çatdırılma vasitələri, düşmən silahının aşkar edilməsi və onun məhvi, ordular və onların manevrlərinin idarə edilməsi və s. Hərbi sferadakı müasir vəziyyət geosiyasət atalarının Şimali Atlantika(“xarici aypara” və ya “Heartland”) ölkələrinin möhkəmliyi və davamlılığı haqda fikirlərini şübhə altına alır.
- Elmi texniki inqilab elektron rabitə vasitələrinin inkişafında da böyük rol oynadı.Bunun nəticəsində “kommunikativ” dünya birliyi- İnternet şəbəkəsi yaradıldı.Elektorn ünsiyyət vasitəsilə əvvəllər böyük məsafələrlə bir-birində ayrılmış dövlətlər və xalqlar yaxın qonşulara çevriliblər.
- Yeni texnika və texnologiyaların işlənib hazırlanması ilə məşğul olan elm sahələri, eləcə də beynəlxalq münasibətlərdə ümumi strategiyanın və geosiyasi vəziyyətin müəyyən edilməsi ilə məşğul olan ictimai-siyasi elmlər yüksək inkişaf tempi almışlar.
- Yuxarıdakı faktora uyğun olaraq əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsi.Zərif texnologiyaların praktikada tətbiqi, iqtisadi sferanın və elmin, hərbi işin inkişafı bu keyfiyyətlərdən daha çox asılıdır.
- Mədəniyyət səviyyəsi XX əsrin son onilliklərində geosiyasi qüvvələr tarazlığına təsir edən dünya dinlərinə təsir göstərir.
- Dövlətin siyasi rejiminin fəaliyyətinin effektivliyi, hakim elitanın təfəkkür və səriştə səviyyəsi, ölkə əhalisinə, cəmiyyətin qanun və qaydalarına hörmətlə yanaşılması da əhəmiyyətli rol oynayır.
Elmi-texniki tərəqqi nəticəsində ayrı-ayrı cöğrafi elementlərin: böyük ərazilərin, okeanların, dənizlərin, dağlar, çaylar, meşələr və çöllərin rolu azalmışdır.Bununla yanaşı, bir çox rabitə növlərinin də əhəmiyyəti azalmışdır: dəmir yolları, dəniz yolları. Lakin boru kəmərləri, avtonəqliyyat və hava daşımalarının rolu daha da artmışdır; elmi potensiala, texnologiya və maliyyəyə malik nisbətən kiçik dövlətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır.
Geosiyasi epoxalar
[redaktə | mənbəni redaktə et]Geosiyasət nöqteyi nəzərindən bəşər tarixinə geosiyasi epoxaların və ya güc mərkəzlərinin bir-birini ardıcıl əvəzləməsi kimi baxmaq olar.Hər bir geosiyasi epoxa öz qüvvələr balansına, təsir dairəsinə, sərhədlərinə malikdir.Qədim sivlilizasiyalar tarixi, “kontinental Roma”ilə “dəniz” Karfageni arasındakı qarşıdurmalar XX əsrdə bir çox geosiaysi reallıqları şərtləndirmişdir.Müasir dünya siyasətinin əsas prinsipləri “30 illik” müharibənin başa çatmasından sonra Beynəlxalq münasibətlərin Vestfal sistemi(1648) tərəfindən təsdiq edilmişdir.Bu dövrdə Avropada əsas etibarı ilə milli dövlətlər formalaşmışdı. Dünya sənaye inkişafı və mərkəzləşmiş dövlətlərin yaranması mərhələsinə qədəm qoydu.Bu dövrdən etibarən Avropa tarixi dünya tarixinə çevrilməyə başlayır.İspaniya, Portuqaliya, Hollandiya Avropada əsas güc mərkəzlərinə çevrilir. Daha sonra isə dünyanın bölüşdürülməsi uğrunda mübarizəyə İngiltərə, Fransa, İsveç qoşulur.Yaranmış milli dövlətlər öz sərhədlərini dil əlamətləri və təbii-coğrafi hüdudları nəzərə almaqla formalaşdırırdılar. Bu cür dünya düzəni və geosiyasi vəziyyət təqribən 150 il- Fransa inqilabına qədər davam etdi.XVII əsin sonu- XVIII əsrin əvvəllərində İspaniya, Portuqaliya, Hollandiya, İsveç, XVIII əsrin sonunda isə Polşa əvvəlki qüdrətini itirdi. Fransa və İngiltərənin mövqeləri möhkəmləndi, Prussiya qüvvətləndi.XIX əsrin sonu üçün Rusiya çox mühüm dünya dövlətinə çevrildi.
Geosiyasətin əsas qanunları
[redaktə | mənbəni redaktə et]Cəmiyyət və təbiət haqqında olan digər elmlər kimi geosiyasət də sosial-iqtisadi, coğrafi, siyasi, hərbi və digər sistemlərin yaranma, fəaliyyət və inkişaf qanunauyğunluqlarını öyrənir.Tədqiqatçıların fikrincə, geosiyasətin əsas qanunu fundamental dualizm qanunudur.Bu qanun özünü planetin geosiyasi düzənində və sivilizasiyaların tarixi tiplologiyasında göstərir.Qərb alimləri Çellen və Mexenin, Makinder və Haushoferin, rus tədqiqatçıları Danilevski, Semenov-Tyan-Şanski və başqalarının fikrincə, bu dualizm quru(tellurokratiya) və dəniz(talassokratiya) qarşıdurmasında əks olunur.Geosiyasət banilərinin, xüsusilə Alfred Tayer Mexen və Helford Makinderin fikrincə bu dualizm özü ilə düşmənçilik toxumları daşıyır ki, bu da əlverişli şərait yaranan kimi iki ünsür arasında barışmaz düşmənçiliyin yaranmasına səbəb olur.Tellurokratiya üçün dəqiq müəyyən edilmiş sərhədlər, təsdiq edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və hüquqi norma və qanunlar xarakterikdir.Qurunun özünün davamlılığı, möhkəmliyi əxlaq normalarının, qanunların və ənənələrin də davamlığını təmin edir.Əxlaq normaları ictimai fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər məcəlləsi formalaşır.Bu da onunla izah olunur ki, oturaq xalqlara individualizm deyil, kollektivizm hissləri daha yaxındır.Böyük və kiçik qrupların idarə olunmasında ierarxizm əsas prinsipdir.
Geosiyasətin kateqoriyaları
[redaktə | mənbəni redaktə et]Geosiyasət haqqında olan bütün nəzəriyyələr bu elmin əsas kateqoriyasını- məkan üzərində nəzarət kateqoriyasını formalaşdırır.Geosiyasət siyasi institutlar, ilk növbədə dövlətlər və dövlətlərin ittifaqı tərəfindən məkanın idarə olunmasının əsaslarını, imkanlarını, mexanizm və formalarını öyrənir. Dövlətin nəzarət etdiyi və ya nəzarət etməyə can atdığı ərazi mərkəz tərəfindən mənimsənmə və mərkəzlə əlaqələrin inkişafı səviyyəsi ilə xarakterizə olunur. Dövlətlər və ya onların ittifaqları tərəfindən idarə olunan məkan geosiyasi sahə adlanır. K.V.Pleşakov geosiyasi sahələrin təsnifatını bu cür verir:
- Endemik sahə (yunanca”endemos”-yerli) – dövlət tərəfindən uzun müddət nəzarət olunan məkan.Bu ərazinin müəyyən bir milli cəmiyyətə məxsusluğu qonşular tərəfindən tanınır.'''''
- Sərhədyanı sahə - müəyyən bir dövlətin nəzarəti atında olan, lakin demoqrafik, iqtisadi, siyasi baxımdan kifayət qədər mənimsənilməmiş ərazi.Əksər hallarda belə ərazilər milli azlıqların məskunlaşdığı ərazilərdir.Dövlətlər bəzən, bu ərazilərin özlərinə məxsus olduğunu iddia etsələr də, onları özlərininki kimi nəzərdən keçirmirlər.Rusiyanın Asiya, Şimal-şərq, Danilevski regionları, eləcə də Qafqaz, Kalininqrad vilayəti buna misaldır.'''''
- Çarpazlaşma sahəsi – bir neçə dövlətin iddia etdiyi ərazidir.Buraya ruslar və rusdilli xalqlar tərəfindən məskunlaşdırılmış keçmiş SSRİ-nin böyük əraziləri (hazırda MDB-nin tərkibində olan)aiddir.'''''
- Ümumi sahə - milli cəmiyyətin nəzarəti altında olan ərazidir.Buraya müasir Rusiyanın ərazisinin böyük hissəsi aiddir(Çeçenistan istisna olmaqla).Belorusiya ilə olan ittifaq bu məkanın genişləndirilməsi üçün tarixi perspektivlər yaradır.'''''
- Geosiyasi dayaq nöqtəsi – Ümumi sahə daxilində olmayan, hər hansı dövlət tərəfindən idarə olunan ərazi.Lakin bu ərazi ilə olan rabitə əlaqələri digər dövlət və ya dövlətlər tərəfindən idarə olunur. Rusiyanın Kalininqrad vilayəti buna misaldır.'''''
- Metasahə - yeni zamanda bir neçə dövlətin nəzarəti altında olan ərazi.Əksər hallarda bu cür nəzarət xaricdən geosiyasi təzyiq şəraitində baş verir.'''''
Qədimdən bəri geosiyasi məkan üzərində nəzarətin müxtəlif formaları məlumdur: iqtisadi, demoqrafik, kommunikasion, hərbi, siyasi, dini və s. XX əsrin sonlarından etibarən informasiyon-ideoloji, texnoloji və mədəni-sivilizasiyon nəzarət böyük rol oynamağa başlayıb.Geosiyasi münasibət müxtəlif dünya güclərinin nisbi birliyi və mübarizəsidir.Əksər hallarda bu, ziddiyyətlərin mübarizəsidir: quru və dənizin, mərkəz və periferiyanın. Dünya tarixi inkişafında birlik müvəqqəti mövcud olan anlayışdır.Böyük Britaniyanın görkəmli siyasi xadimi Vinston Çörçil(1874-1965) qeyd edir ki, İngiltərənin daimi dostları, müttəfiqləri yoxdur, onun yalnız daimi siyasi(geosiyasi) maraqları vardır.Buna görə də əksliklərin mübarizəsi mütləqdir.Buradan görünür ki, geosiyasətin başlıca kateqoriyalarından biri qüvvələr tarazlığıdır. SSRİ dağıldıqdan sonra dünyadakı qüvvələr tarazlığı əhəmiyyətli dərəcədə dəyişmişdir. Dünya artıq, ikiqütblü xarakterini itirmiş oldu.Bundan istifadə edən Qərb Rusiyaya dünya arenasında öz şərtlərini diktə etməyə başlayır, Rusiyanın hesabına yeni dünya düzəni yaratmağa çalışır.Bu isə bütün Yer kürəsinə Qərb təsiri güclənməsi faktorunun göstəricisidir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Мэхэн, Альфред Тайер. Влияние морской силы на историю 1660—1783, СПб.: Типография морского министерства — 1896
- Переслегин С. Б. Самоучитель игры на мировой шахматной доске. — М.: АСТ, Terra Fantastica, 2005. ISBN 5-17-027583-8.
- Данилевский Н. Россия и Европа. // Классика геополитики, XIX век. — М.: АСТ, 2003. ISBN 5-17-017281-8
- Макиндер Х. Географическая ось истории // Полис. — 1995. — № 4.
- Бжезинский З. Великая шахматная доска. — М.: Международные отношения, 2005. ISBN 5-7133-0967-3.
- Хантингтон С. Столкновение цивилизаций. — М.: АСТ, 2003. ISBN 5-17-007923-0.
- Дугин А. Основы геополитики. — М.: Арктогея, 2000. ISBN 5-8186-0004-1.
- Колосов В. А., Мироненко Н. С. Геополитика и политическая география: учебник для студентов вузов. — М.: Аспект-Пресс, 2001. ISBN 5-7567-0143-5.
- Василенко И. А. Геополитика. — М.: Гардарики, 2003. ISBN 5-8297-0254-1.
- Миньяр-Белоручев К. В. Мировая геополитика. — М.: Проспект-АП, 2006. ISBN 5-98398-018-1.
- Krejčí, Oskar. Geopolitics of the Central European Region. The view from Prague and Bratislava. — Bratislava: Veda, 2005. ISBN 80-224-0852-2.
- Елацков А. Б. О понятии «геополитика» в современной России // Вестник Санкт-Петербургского университета. Серия 7: геология, география. — 2000. — Вып. 3
- Клавихо Р. Г. де. Дневник путешествия в Самарканд ко двору Тимура. — М.: Наука, 1990. — 211 с. ISBN 5-02-016766-5.
- Браун Л. А. История географических карт. — М.: Центрполиграф, 2006. — 479 с. ISBN 5-9524-2339-6.