I Hişam — Vikipediya
I Hişam ibn Əbdürrəhman | |
---|---|
ərəb. هشام بن عبد الرحمن الداخل | |
| |
Əvvəlki | I Əbdürrəhman |
Sonrakı | I Hakəm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | I Əbdürrəhman |
Anası | Halul |
Uşağı | I Hakəm |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
I Hişam və ya Hişam ibn Əbdürrəhman (ərəb. هشام بن عبد الرحمن الداخل) (d. 26 aprel 757 - ö. 17 aprel 796) — 2-ci Kordova əmiri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hişam ibn Əbdürrəhman 26 aprel 757-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmirliyinin qurucusu I Əbdürrəhman, anası isə onun ispan əsilli cariyəsi Haluldur. Atasının vəfatı xəbərini almasının ardından hakim olduğu Merida qalasından ayrılaraq Kordovaya gəldi və 7 oktyabr 788-ci ildə dövlət adamlarının, eləcə də əhalinin qarşısında taxta çıxdı. Ancaq Suriyalı ərəblərin dəstəklədiyi qardaşı Toledo hakimi Süleyman, yaşının çox olması səbəbilə taxtın öz haqqı olduğunu iddia edərək onun əmirliyini tanımadı. Çox keçmədən kiçik qardaşı Abdullah da Süleymana qatıldı. Əmir Hişam ilk öncə məsələni sülh yoluyla həll etmək istəsə də, qardaşları buna razı olmadı. Nəhayət alınan sərt hərbi tədbirlərlə hər ikisinin üsyanı yatırıldı və bir miqdar mal-mülk verilərək Əndəlüsdən şimali Afrikaya sürgün edildilər (790). Bu əsnada onun qardaşlarıyla mübarizəsindən istifadə edən bəzi ərəb və bərbər tayfaları Saraqosa, Ronda və Tortosada ayaqlandılar. Çox keçmədən bu üsyanlar da yatırıldı və bu hadisələr Əmir Hişamın üzləşdiyi son daxili çəkişmələr oldu. Bunda əsas səbəblərdən biri onun ədalətli idarəçiliyi, ölkənin hər yerinə yolladığı gizli müfəttişlərlə yerli əyanlara nəzarət etməsi, tez-tez əhalinin arasına qarışması, hansısa bir tayfaya deyil, bütövlükdə əhaliyə hamilik etməsi kimi üstün xüsusiyyətləri oldu.[1]
Əmir Hişam ölkənin daxili problemlərini həll etdikdən sonra hər il şimaldakı xristian krallıqları üzərində səfərlər tərtib etdi. 791-ci ildə göndərdiyi bir ordu Ebro vadisi boyunca irəliləyərək Kastiliyaya çatdı. 794-cü ildə Asturiya krallığının yeni mərkəzi Oviedoya hücum edildi və bol qənimət əldə olundu. Ertəsi il Əmir Hişamın göndərdiyi ordu Asturiya kralı II Alfonso və müttəfiqləriylə baş tutan toqquşmalarda geri çəkilsə də, çox keçmədən müttəfiq qoşunları məğlub edildi. Xristian dünyası üçün fəlakət hesab edilən bu məğlubiyyətin ardından müsəlmanlar Oviedo şəhərinə yenidən hücum edərək yağmaladılar. Digər yandan Pireney dağları keçilərək Fransanın cənubundakı Septimaniya bölgəsinə səfərlər tərtib olundu. Hətta bəzi mənbələrə görə, Narbon bölgəsi qısa müddətliyinə də olsa, müsəlmanların idarəsi altına girdi.
Maliki məzhəbi məhz Əmir Hişamın dönəmində Əndəlüs bölgəsində yayılmağa başladı. İmam Malikin tələbələrinin bölgəyə gəlişiylə bu dini təriqət sürətlə yayıldı. Əmir Hişam isə bu məzhəbi dövlət səviyyəsində dəstəkləmiş, bu dəstəyi səbəbilə şəxsən İmam Malik tərəfindən təşəkkür edilmişdir[2][3]. Dönəmin mühüm Maliki alimlərindən Yəhya Əl-Leysi əmirin üzərində o qədər güclü nüfuz qazanmışdı ki, Əmir Hişam onun fikrini almadan heç bir bölgəyə qazı təyin etməməyə başlamışdı. Bu məzhəbdən yetişən bir çox dövlət adamı Əmir Hişamın himayəsi altında mühüm dövlət vəzifələrinə təyin edildilər. Əmirliyin hər tərəfində memarlıq işləri sürətləndi. Xarab olan körpülər bərpa edildi, Böyük Kordova kanalı açıldı. Atasının inşa etdirdiyi Kordova məsidinin inşasını tamamladı və binaya bir minarəylə bulaq əlavə etdirdi. Ölkədəki qeyri-müsəlman əhalinin sürətlə müsəlmanlığı qəbul etməsi səbəbilə ölkənin bir çox yerində yeni məscid və mədrəsələr inşa edildi[4]. Onun səltənəti dönəmində ərəb dili və ədəbiyyatı qızıl dövrünü yaşadı. İncil və Tövrat ərəb dilinə tərcümə edildi.
Ədalətli hökmranlığı ilə Xəlifə Ömər ibn Əbdüləzizə bənzədilən I Hişam 17 aprel 796-cı ildə vəfat etdi. Dindarlığı, cömərtliyi və alimliyi ilə əhalinin sevgisini qazanmış, Rza ləqəbiylə anılmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 10.
- Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 13.
- Abdülvâhid el-Merrâküşî, el-Muʿcib fî telḫîṣi aḫbâri’l-Maġrib (nşr. M. Saîd el-Uryân – Muhammed el-Arabî), Dârülbeyzâ 1978, s. 33.
- İbnü’l-Ebbâr, el-Ḥulletü’s-siyerâʾ (nşr. Hüseyin Mûnis), Kahire 1963, I, 42-43.
- İbn İzârî, el-Beyânü’l-muġrib, II, 61-68.
- Nüveyrî, Nihâyetü’l-ereb (nşr. M. Ebû Dîf), Fas, ts., s. 72-78.
- İbnü’l-Hatîb, Aʿmâlü’l-aʿlâm (nşr. E. Lévi-Provençal), Beyrut 1956, s. 11-13.
- a.mlf., el-İḥâṭa, I, 419.
- İbn Haldûn, el-ʿİber, IV, 124-125.
- Ẕikru bilâdi’l-Endelüs (nşr. Luis Molina), Madrid 1983, s. 118-124.
- Makkarî, Nefḥu’ṭ-ṭîb (nşr. Muhyiddin Abdülhamîd), Kahire 1949, I, 313-317.
- R. Dozy, Historia de los musulmanes de España, Madrid 1984, II, 58-59.
- Abdülazîz Sâlim, Târîḫu’l-müslimîn ve âs̱âruhüm fi’l-Endelüs, İskenderiye 1961, s. 213-219.
- M. Abdullah İnân, Devletü’l-İslâm fi’l-Endelüs, Kahire 1969, I/1, s. 223-230.
- Abdülmecîd Na‘naî, Târîḫu’d-devleti’l-Ümeviyye fi’l-Endelüs, Beyrut, ts. (Dârü’n-nehdati’l-Arabiyye), s. 171-182.
- Ziriklî, el-Aʿlâm (Fethullah), VIII, 86.
- E. Lévi-Provençal, España musulmana, Madrid 1987, IV, 92-98.
- C. F. Seybold, “Hişâm I”, İA, V/1, s. 541-542.
- D. M. Dunlop, “His̲h̲ām I”, EI2 (İng.), III, 495.