Kür-Araz mədəniyyəti — Vikipediya

Kür-Araz mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Azərbaycan ərazisindən başlanğıcını götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür-Araz mədəniyyəti adlandırılmışdır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İlk Tunc dövründə, az qala, bütün AzərbaycanınCənubi Qafqaz ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilir. Bu dövrdə Mərkəzi və Şərqi Cənubi Qafqazın, Şimal-şərqi Qafqazın, həm də Cənubi AzərbaycanınŞərqi Anadolunun əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr tərəfindən məskunlaşır. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.

Eneolit dövründən ilk tunc Kür-Araz mədəniyyətinə keçidi bilavasitə əks etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir tərəfdən Kür-Araz mədəniyyətinə, digər tərəfdən eneolit mədəniyyətinə bağlayan materiallara rast gəlinir.

Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim İkiçayarasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğunu qeyd etmişlər. Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür.

Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə (Babək), Ovçular təpəsi, Qazax rayonunda Babadərviş, Cənubi Azərbaycanda GöytəpəYanıqtəpə belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda QaraköpəktəpəGünəştpə, Beyləqan rayonunda Çardaxlıtəpə, Cəlilabad rayonunda Mişarçay, Xaçmaz rayonunda Qəflə təpələri, Şabran rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. yaşayış yerlərini göstərmək olar.

Azərbaycanda bu dövrün bir sıra dəfn abidələri Xankəndi yaxınlığında və Göygöldə, Mingəçevirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda Osmanobuzda, Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq edilmişdir.

Cənubi Qafqazın Kür-Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1–2 ha sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.), lakin bəzi Kür-Araz mədəniyyəti yaşayış yerlərinin sahəsi çox böyükdür. Belə ki, Cənubi Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tutur, bu isə İlk Tunc dövrünün bəzi yaşayış yerlərində hövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun müddətli həyat tərzi ilə bağlıdır. I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m, Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində Göytəpədə 9 m-dir.

Xəritədə boz rəngli ərazi Kür – Araz mədəniyyətinin yayıldığı, qara rəngli ərazi isə Urartu dövlətinin əhatə etdiyi ərazidir

Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi, lakin bəzi yaşayış yerlərində düzbucaqlı formalı evlərə də rast gəlinir. Belə kərpic evlər Göytəpədə aşkar olunmuşdur. Yanıqtəpədə belə evlər dairəvi planlı tikililəri əvəz edir və burada uzun müddət inşaatda vahid forma olaraq qalır. Eyni vəziyyət Qaraköpəktəpə yaşayış yerində də qeydə alınmışdır. Dairəvi planlı evlərin diametri bəzən 13 m-ə çatır, adətən onların diametri 3 m-dən 5 m-ə qədər, divarların qalınlığı isə təqribən 0,5 m-dir.

İnşaatda adi formalı kərpiclər işlədilirdi. Kültəpə, Yanıqtəpə və Mişarçay evlərində kərpiclərin düzülüş texnikası maraq doğurur. Bir cərgədə kərpiclər cüt-cüt divar boyu uzununa, o biri cərgə isə divarın eninə düzülmüşdür.

Dairəvi planlı evlərdə damları örtmə konstruksiyası, görünür, konik formalı olub, dirəklər üzərində qurulmuşdu.

Babadərvişdə evlərdən birinin mərkəzi hissəsində dirək çalası, döşəməyə basdırılmış gil manqal və möhrədən düzəldilmiş kürsünün varlığı aşkar olunmuşdur.

Evlərin divarları və döşəmələri adətən gillə suvanırdı. Qaraköpəktəpənin ilk tunc dövrü təbəqəsində, ötən dövrün bəzi yaşayış yerlərində olduğu kimi, evlərdə gillə suvanmış döşəmələrə qırmızı şirə çəkilməsi halları qeydə alınmışdır.

Adətən yaşayış otaqlarının mərkəzi hissəsində gil manqallar yerləşdirilirdi. Kültəpə və Yanıqtəpə yaşayış yerlərinin bəzi evlərində divar dibində qurulmuş sobaların varlığı maraq doğurur. Onların iç hissəsində istiliyi çox saxlayan qum qatı və alovun cərəyan etdiyi kanallar vardır.

Yanıqtəpə yaşayış yerində ikimərtəbəli evlərin aşkar olunması, şəksiz, böyük əhəmiyyət kəsb edir. Orada xüsusi məqsəd daşıyan yataq səkiləri, taxçalar və taxıl kəndisi olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün bunlar Yanıqtəpə əhalisinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət edir.

Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.

Azərbaycanda Kür-Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində becərilən dən qalıqları əldə edilmişdir. Süni suvarma bəsit şəkildə olsa da, bu ərazinin eneolit dövrü əhalisində də məlum idi. Azərbaycanda süni suvarma ilə yanaşı, xüsusən dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu.

Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır.

Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir.

Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif əşyalar geniş şəkildə təmsil olunmuşdur. Onlar başlıca olaraq mis-mərgmüş qatışığından ibarət tuncdan hazırlanırdı, ancaq tək-tək məmulatların tərkibində qalay qatışığı vardır.

Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur, lakin Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir.

Metal əşyaların spektral tədqiqi, onların əksər halda mis-mərgmüş tərkibli olduğunu göstərmişdir. Qədim ustalar şüurlu surətdə əşyaların daşıyacağı məqsəddən asılı olaraq, onların tərkibinə müxtəlif miqdarda mərgmüş qatırdılar. İş burasındadır ki, misin əridilməsi üçün yüksək (1083°) istilik tələb olunur, başqa metalın (mərgmüş, qalay, nikel və s.) qatışığı olduqda ərimə dərəcəsi azalır, metalişləmə ilə əlaqədar görülən işlər bir qədər yüngülləşir. Qədim ustalar bu biliyi mənimsədikdən sonra tuncun başqa xassəsini də müəyyənləşdirirlər. Yəni tunc misdən bərkdir və az istilikdə (700°) əriyir. Eyni zamanda müəyyən olunur ki, tərkibinə çox mərgmüş qatılmış əşyalar kövrək olur. Kənd təsərrüfatında istifadə məqsədilə hazırlanan metal alətlərdə, həm də İlk Tunc dövrü abidələrindəki silahlarda az mərgümüş (4–5 faizə qədər) qatışığının olması məhz bununla izah olunur.

Sənətkarlıq sahələrindən arxeoloji materiallarla daha zəngin dulusçuluq təmsil olunmuşdur. Zaqafqaziyanın İlk Tunc dövrü saxsı məmulatı o qədər mənalı və özünə məxsus əlamətlərə malikdir ki, o, Kür-Araz mədəniyyətini müəyyənləşdirən əsas amil rolunu oynayır. O, Eneolit dövrünün saxsı məmulatından keyfiyyətinə, texniki işlənməsinə və formaların müxtəlifliyinə görə fərqlənir. İlk Tunc dövrü abidələrində sözün əsil mənasında hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar olunmamışdır. Çox güman ki, dulusçuluq emalatxanaları yaşayış yerlərindən kənarda yerləşmişdir. Mişarçay yaşayış yerində hələlik yeganə bir dulus kürəsi qalıqlarının abidənin qənşərində yerləşməsi bunu sübuta yetirir. Kürədə gildən sapand daşlarının bişirilməsi prosesi nə səbəbdən isə başa çatmamış, kürə bərk dağıdılmışdır. Kürədən qalan hissədə çoxlu yarıbişmiş gil sapand daşları və sönmüş sobanın qırmızı rəng almış divarından parçalar vardır.

Kür-Araz mədəniyyətinin qab-qacağı bir qayda olaraq, əksər halda, qum qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı.

Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quş və heyvan rəsmlərinə və s. təsadüf olunur. Zəngin ornamentik naxışlara malik qab-qacaq Babadərviş və Yanıqtəpə yaşayış yerlərindən əldə edilmişdir. Babadərvişdə demək olar ki, Kür-Araz saxsı məmulatında tətbiq olunan bütün bəzək vurma üsullarına və motivlərinə rast gəlinir. Yanıqtəpə qablarında isə naxışlar bütünlüklə çərtmə üsulla yerinə yetirilnişdir. Burada, Kür-Araz mədəniyyətinin başqa yaşayış yerlərində olduğu kimi, qabların yuxarı hissəsi, bəzən də boğazları naxışla bəzənirdi.

Dulusçuluq sənətinin inkişaf səviyyəsi müxtəlif formalı kiçik miniatür camlardan tutmuş taxıl saxlanan iri qablaradək özünü əyani surətdə göstərmir. Səciyyəvi formalar çölmək, bardaq, xeyrə, parç, qazança və sairədən ibarətdir. Həmin vaxtda yarımkürə qulplu gil qapaqların geniş istehsalı başlanır və Kür-Araz mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir.

Manqalların, müxtəlif sacayaqların hazırlanması da İlk Tunc dövrünün saxsı məmulatı istehsalında xüsusi yer tutur. Bir çox başqa səciyyəvi əşyalar kimi onlar da bu mədəniyyətin tənəzzülü ilə istifadədən çıxır.

Kür-Araz mədəniyyəti qəbilələrinin inkişaf etmiş sənət sahələrindən biri də toxuculuq olmuşdur. Ona görə təəccüblü deyil ki, iribuynuzlu heyvanların sümüyündən kəsilmiş və ortasından deşik açılmış iy başlıqlarına hər bir Kür-Araz mədəniyyəti yaşayış yerində təsadüf olunur. İy başlıqlarını (iyrəcək) bəzən gildən və daşdan düzəldirdilər. İlk tunc dövründə ipəyirmə sənətində iy başlıqları əsas alət olmuşdur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir.

Ayinlər və adətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada ilk tunc dövrü ayin, adət və sairədə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır. Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır.

Kişiyə pərəstiş oda pərəstişlə əlaqələndirilir. Məhsuldarlıq rəmzi kimi gil manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları məlumdur. Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur. Onların qəbirləri üzərində böyük kurqanlar qurulur.

İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər heç yerdə yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Belə abidələr, görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.

Xankəndinin qarşısında tədqiq olunan kurqanların hərəsində 40–50 ölü basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri 4,5 m-ə çatan dairəvi meydançalar olmuşdur. Orada bükülü, oturaq və arxası üstdə uzadılmış ölülərə təsadüf olunmuşdur. Bir çox hallarda ölülərin başı altına gil camlar və ya daş qoyulmuşdur.

Dəfn olunanlar sağlığında istifadə etdiyi əşyalarla, o cümlədən daşdan, metaldan və sümükdən əmək aləti, eləcə də qızıl və başqa bəzək əşyaları, içərisinə azuqə qoyulmuş qab-qacaqla basdırılmışlar. Burada keçi skeletinə də rast gəlinmişdir. Xankəndi kurqanlarının birinin tədqiqi Azərbaycanın İlk Tunc dövründə bu rayonda yaşamış əhalinin dəfn adətlərinin və dini təsəvvürlərinin maraqlı xüsusiyyətlərini aşkar etdi. Qəbir meydançasının bir yarısında ölülər sadəcə basdırıldığı halda, o biri yarısında ölülər yandırılmışdır. Bu dövrdə ölüyandırma adəti Gəncəçay hövzəsi abidələrindən də məlumdur. Orada kurqan qəbirlərinin dairəvi meydançası xəndəklə əhatə olunmuşdur. Xəndəklərin birində 22 dirəkdən istifadə edərək meydança ətrafına divar çəkmişlər. Başqa bir kurqanda qəbirin divarı daşla hörülmüşdür. Bu kurqanlann qəbirlərində ölüyandırma adəti müşahidə edilmişdir. Gəncə şəhəri yaxınlığındakı bir kurqan qəbrində insan sümükləri, ağac kömürü, kül, qab parçaları, daşlar və başqa qalıqlar güclü yanmadan bərkimiş kütlə əmələ gətirmişdir.

Göygöl rayonunda bir kurqanda isə ölüyandırma sal daş üzərində aparılmışdır, orada çoxlu ağac kömürü, kül və yanmış insan sümükləri qalmışdır. Ölüyandırma adəti Azərbaycanda OğuzQəbələ rayonlarında da qeydə alınmışdır. Qəbələ yaxınlığında tədqiq edilən iki kurqanın qəbirlərində kömür və kül qalıqlarının olmaması ölülərin yandırılmasında yağdan və ya neftdən istifadə olunduğunu söyləməyə əsas verir. İki qəbirdə 26 ölü yandırılmışdır. Qəbirlərin birinin şərq hissəsində, çox güman ki, dəfn mərasimi ilə əlaqədar daş səki qurulmuşdur.

Maraqlıdır ki, Qafqazın başqa rayonlarında o dövrdə belə dəfn adəti yayılmamışdı. İraqı çıxmaq şərtilə, Qədim Şərq ölkələrində də bu adət məlum deyil. Mesopotamiyanın tarixində ilk dəfə, ölüyandırma adəti Şimali İraqda Xalaf mədəniyyətinə aid II Yarımtəpə yaşayış yerində müşahidə olunmuşdur. Azərbaycanda ölüyandırma ölübasdırma adəti ilə yanaşı, sonrakı dövrlərdə də tətbiq olunur. Ölüyandırma həm də tək ölü basdırılan qəbirlərdə də, məsələn, İlk Tunc dövrü bir Xoşbulaq kurqanlarında müşahidə edilmişdir. Ölülərin kütləvi yandırılması Şəmkirçayın Kürə töküldüyü Osmanbozu adlı yerdə, həm də Tərtər rayonunun Borsunlu kəndi yaxınlığındakı kurqanlarda aşkar edilmişdir. Ölüyandırma adətinə Azərbaycanın Böyük və Kiçik Qafqaz sahəsi arasında eramızdan əvvəl III minillikdə geniş ərazidə məskunlaşmış Azərbaycan əhalisinin möhkəm etnik əlamətlərindən biri kimi baxılmalıdır. İlk tunc dövrü əhalisinin həyatında bir sıra etiqadlar və dini adətlər möhkəmlənir. Belə ki, Babadərviş yaşayış yerində bir quyu yanmış öküz sümükləri ilə dolu idi. Ehtimal etmək olar ki, öküz qurban ayini ilə əlaqədar mərasimdə yandırılmışdır.

Kür-Araz mədəniyyəti yaşayış yerlərində ev heyvanlarının, xüsusən çox əhəmiyyət verilən öküzün gildən hazırlanmış fiqurlarına dəfələrlə rast gəlinmişdir. Orijinal formalı iki öküz fiquru Babadərviş evlərinin birində ocaq kənarında tapılmışdır. Başqa bir evdə ocaq kənarında öküz buynuzlarını təqlid edən gil sacayaqlara rast gəlinmişdir. Buynuzvari sacayaqların və öküz fiqurlarının tez-tez tapılması öküzə pərəstişin Zaqafqaziyada geniş yayıldığını göstərir.

Eramızdan əvvəl III minilliyin son rübündə Kür-Araz mədəniyyətinin süqutu ilə əlaqədar Azərbaycanın və ona həmsərhəd olan ölkələrin tarixində yeni mərhələ başlandı.

Kür-Araz mədəniyyətini şöhrətləndirən maddi varidatda bir çox formaların, nümunələrin yeknəsəq olması heyrət doğurur. Buna qəbilələrarası daimi və fəal əlaqələr imkan yaratmışdı. Bu prosesdə yarımköçəri maldarlıqla məşğul olan qəbilələr böyük rol oynamışdır. Özlərinin həyat tərzi sayəsində onlar texnika və mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır. Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi olur. Əkinçilər mübadiləni əsasən taxıl, həm də sənətkarlıq məmulatı ilə aparırdılar. Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar.

Tunc metallurgiyasının inkişafı dəvəgözünü təsərrüfat və məişətdən sıxışdırdı, qəbilələrarası mübadilədə öz əhəmiyyətini itirdi. Qafqazda tunc sənayesinin inkişafının başlanğıc mərhələsi Ön Asiya ilə təmasda keçir. İlk Tunc dövründə Qafqaza müxtəlif biçimli, xüsusən metal əşyalar daxil olur və yaxud onların formaları mənimsənilir. Buna görə təəccüblü deyildir ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri nəinki öz aralarında bir-birinə bənzəyir, həm də bu ərazidən kənarda olan abidələrin materialları ilə yaxın oxşarlıq tapır. Bu dövrdə Qafqazda dəstəkli nizə ucluqları geniş yayılır. Belə ucluqlar Ön Asiyanın bir çox vilayətlərindən məlumdur və orada onlar nəinki tuncdan, həm də qızıl və gümüşdən hazırlanırdı. Azərbaycanda Lənkəran düzənliyindən Şimali Qafqazda Prikuban vilayətinə qədər, tipoloji cəhətdən Ön Asiyanın İlk Tunc dövrü nümunələri ilə oxşar yastı iskənəvari baltalar yayılmışdı. Astara rayonunun kurqanlarından birində dəstəkli nizə ucluğu ilə birlikdə iki iskənəvari formalı balta tapılmışdır. Bu kurqanın metal əşyaları mərgmüşlü tuncdan hazırlanmışdır, lakin bəzi nümunələrdə mərgmüşdən əlavə az miqdarda qalay da var. Məlum olduğu kimi, Qafqazda və ona qonşu rayonlarda qalay yataqları yoxdur. Ona görə Qafqazda tapılan qalay qatışıqlı əşyaları buraya qalayın, bəlkə də bəzi qalay qatışıqlı tunc məmulatın xaricdən gəlməsi ilə izah etmək olar. Babadərviş yaşayış yerindən qarmaqvari tunc əşyanın, Dağlıq Qarabağ kurqanlarının birində tapılmış tunc xəncər tiyəsinin tərkibində qalay qatışığı olması onların və ya qatışığın gətirilmə məmulata aidiyyətini göstərir.

Kültəpədən tapılmış dördtilli, tərkibində nikel və mərgmüş qatışığı olan biz diqqəti cəlb edir. Nikel qatışıqlı əşyalar Şimali Qafqazda Maykop mədəniyyəti abidələrindən məlumdur. Ancaq qalay kimi nikel də Qafqazın mədən yataqlarında yoxdur.

Qafqazın İlk Tunc dövrü abidələrində rast gəlinən mis-nikel qatışıqlı əşyalar, yəqin ki, Ön Asiya ilə bağlıdır. Onlar ola bilsin ki, Omanda hasil edilmiş metaldan hazırlanmışdır.

Yerli qəbilələrin cənubla sıx əlaqəsi qiymətli metaldan hazırlanmış əşyalarda özünü əks etdirir. Azərbaycanda onlar dəfn abidələrindən əldə edilmişdir. Xankəndi qənşərində bir kurqanda üzərinə qızıldan qabıq çəkilmiş yuvarlaq formalı üç pasta muncuq tapılmışdır. Orada başqa bir kurqanda, ölünün başı altında, öz formasına görə Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən hazırlanmış sırğa tapılmışdır. Dağlıq Qarabağda Xaçınçay sahilindəki kurqanda basma naxışlı qızıl boru va məftildən spiralvari burulmuş qızıl bəzək vardır. Xoşbulaqda İlk Tunc dövrü kurqanında ölünün gicgah sümükləri ilə yanaşı, bir-birinə keçirilmiş nazik məftildən iki cüt sırğaya rast gəlinmişdir. Onlardan biri qızıldan, üçü isə qızıl qatışıqlı gümüşdən hazırlanmışdır.

Bu dövrdə Azərbaycan və Zaqafqaziya qəbilələrinin Şimali Qafqazla qarşılıqlı əlaqələri möhkəmlənir. Böyük Qafqazın cənub ətəklərində Kaxetiyadan Şirvana qədər ərazinin bir çox abidələrində qırmızı oxralı qab-qacağın tapılması Şimali və Cənubi Qafqaz qəbilələri arasında geniş qarşılıqlı əlaqələrin olduğunu təsdiq edir. Maykop mədəniyyəti əşyalarının kimyəvi tərkibinin öyrənilməsi də həmin nəticəyə gətirir. Məlum olmuşdur ki, Maykop mədəniyyəti tunc əşyalarının əsas hissəsi öz mənşəyi ilə Zaqafqaziyaya bağlıdır. Şimah Qafqaz qəbilələri Zaqafqaziya ilə sıx təmasda olaraq, yaratdığı əlaqə yolları ilə aldığı metalın müəyyən hissəsini Şərqi Avropa düzənliyi qonşularına da çatdırırdı.

Görünür, yaranmış belə yollar vasitəsi ilə Şimali Qafqaza parlaq zərgərlik sənəti məhsulu olan çoxlu miqdarda məmulat, Mesopotamiyadan qızıl və gümüş əşyalar, İrandan əqiq muncuqlar daxil olurdu. Bu işdə Zaqafqaziya, o cümlədən həm də Azərbaycan, yəqin ki, Şimali Qafqaz ilə Ön Asiya vilayətləri arasında vasitəçi kimi iştirak edirdi.