Kanzaşi — Vikipediya

Mayko üçün kanzaşi.

Kanzaşi – ənənəvi yapon saç bəzəkləri. Əsasən metal və ya taxtadan hazırlanır, ipəklə bəzədilir. Bəzək əşyası olmaqla yanaşı, saçı tutmaq üçün də istifadə olunur. Sözün yaponca yazılışında bambuk (簪) heroqlifindən istifadə olunur. Belə ki, qədim Çində saç sancaqlarının hazırlanmasında bambukdan istifadə olunurdu.[1]

Yaponiyada tapılmış ən qədim saç bəzəyi nümunələri Comon dövrünün son hissəsinə aiddir və heyvan sümüklərindən hazırlanıblar.[2]

Kanzaşi ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Orijinal kanzaşi şəri qovduğuna inanılan talisman hesab olunurdu. VIII əsrdə Çinin təsiri ilə qızıl və gümüş kimi metallardan hazırlanan ornamental kanzaşilər yaranmışdır. Belə ki, bu dövrdə qadınlar uzun tareqami üslubundan imtina edib yığcam, ləçəkli saç üslublarına üstünlük vermişdirlər. "Gencinin hekayəsi" əsərində kanzaşidən bəhs olunur. Kanzaşi uzun, iti və saçda gizlədilə bilən əşya olduğu üçün potensial sui-qəsd silahı da hesab olunurdu. Buna görə də şoqunların evlərində kanzaşidən istifadə etmək qadağan idi.[1]

Kanzaşi, xüsusilə, XVII əsrdən sonra daha populyar olmuş, insanlar yeni kanzaşi növləri yaratmışdırlar. XIX əsrdə Qərbin təsiri ilə kanzaşinin populyarlığı azalsa da, XX və XXI əsrlərdə kanzaşidən istifadədə canlanma baş vermişdir.[1]

Kanzaşinin bir çox növü mövcuddur:[1]

  • Tama-kanzaşi: sadə və ən populyar kanzaşi növlərindən biridir. Ucunda top olan sancaqdan ibarətdir.
  • Kanako-dome: boru və ya dairəvi formada olan kanzaşidir. Mirvari və çiçəklə bəzədilmiş parçadan ibarətdir. Maykolar tərəfindən istifadə olunur.
  • Kuşi: daraq formasında olan kanzaşidir. İpəkdən hazırlanmış çiçəklərlə bəzədilir.
  • Oqi bir kanzaşi: şahzadə üslubu hesab olunan kanzaşi növüdür. Yelpik formasında olur və metaldan hazırlanır.
  • Bira-bira kanzaşi: zəng və ya metal parçaları olan kanzaşidir. Külək əsəndə zəng səsinin çıxmasına səbəb olur.
  • Hana-kanzaşi: çiçək formasında olan kanzaşi növüdür. Əsasən maykolar tərəfindən istifadə olunur. Müasir kanzaşilər iki kateqoriyaya bölünür: katsuyama (saçın yuxarı hissəsinə qoyulan böyük ornamentlər) və daykan (saçın aşağı hissəsinə qoyulan ornamentlər).[1]

Hazırlanması və istifadəsi

[redaktə | vikimətni redaktə et]
Mövsümi hana-kanzaşilər.

Kanzaşinin çiçək ornamentləri tsumami adlı ənənəvi metodla hazırlanır. İpək parçadan ayrı-ayrı ləçəklər hazırlanır, sonra çubuqda birləşdirilir. Hər çiçək qurumaq üçün 24 saat gözlədilir. Kanzaşinin hazırlanmasında metal, taxta, tısbağa qabığı, plastik kimi materiallardan istifadə oluna bilər. Kanzaşinin ornamental çiçəkləri habutae adlı ipək parça növündən hazırlanır.[1]

Müasir dövrdə kanzaşi əsasən geyşalar, gəlinlər, yukata geyinənlər tərəfindən istifadə olunur. Xüsusilə, Kioto geyşaları ilə assosiasiya olunur. Kanzaşi şəxsin statusu və pozisiyası haqqında məlumat verə bilər.[1]

Hana-kanzaşi mövsümi xüsusiyyətə malikdir, yəni hər ayın özünəməxsus hana-kanzaşi üslubu olur:[1]

  • YanvarYeni il dizaynıdır. Payızgülü, ume çiçəyi, bambuk kimi yaşıl qış çiçəklərindən ibarətdir.
  • Fevral – baharı qarşılama dizaynıdır. Çəhrayı, ağ, qırmızı ume çiçəklərindən ibarətdir.
  • Mart – bahar dizaynıdır. Nərgiz, pion, rapsdan ibarətdir.
  • Aprelsakura dizaynıdır. Sakura çiçəklərindən ibarətdir.
  • May – baharın pik nöqtəsi dizaynıdır. Süsən, visteriya, pion kimi göy çiçəklərdən ibarətdir.
  • İyun – yağış mövsümü dizaynıdır. Söyüd yarpaqları və hortenziyadan ibarətdir.
  • İyul – yay festivalı dizaynıdır. Üzərində cırcırama və ləçək təsviri olan yelpiklərdən ibarətdir.
  • Avqust – yayın sonu dizaynıdır. Səhər şöhrəti bitkisi, susuki otu, zanbaqdan ibarətdir. Geyşalar gümüşü, meykolar isə çəhrayı və qırmızı rənglərə üstünlük verirlər.
  • Sentyabr – payız dizaynıdır. Zəng çiçəyi və payızgülündən ibarətdir.
  • Oktyabr – payızın pik nöqtəsi dizaynıdır. Payızgülündən ibarətdir.
  • Noyabr – sarı, qırmızı və yaşıl rəngli bitkilərdən, ağcaqayın yarpaqlarından ibarətdir.
  • Dekabr – ağ çiçəklərdən ibarətdir.
  1. 1 2 3 4 5 6 7 8 "What are Kanzashi? 13 Things to Know about Japanese Hairpins". Japan Objects (ingiliscə). 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2023.
  2. Kodansha Encyclopedia of Japan. səh. 154