Məhəmməd Ulcaytu — Vikipediya
Qiyasəddünya vəd-Din Məhəmməd Xüdabəndə Ulcaytu Sultan | |
---|---|
monq. ᠦᠯᠵᠡᠢᠲᠦ ᠺᠬᠠᠨ | |
19 iyul 1304 – 17 dekabr 1316 | |
Əvvəlki | Qazan xan |
Sonrakı | Əbu Səid Bahadur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Sultaniyyə |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d], hərbi qulluqçu |
Atası | Arqun xan |
Anası | Uruk xatun |
Həyat yoldaşı | məlum olan - Hacı Xatun |
Uşaqları | |
Ailəsi | Elxanlılar sülaləsi |
Dini | Buddizm (1291-ci ilədək), Xristianlıq (1295-ci ilədək), Sünni İslamı (1310-cu ilədək), Şiə İslamı (ölənədək)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Məhəmməd Ulcaytu xan (d.24 mart, 1282 - ö.17 dekabr 1316) — Elxanilər dövlətinin hökmdarı; Qazan xanın qardaşı, Arqun xanın ikinci oğlu, elxan.
Həyatı
[redaktə | vikimətni redaktə et]Məhəmməd Ulcaytu xan 24 mart 1282-ci ildə anadan olmuşdur.[2] Arqun xan və xristian Uruk xatunun oğludur. İlk adı Nikolas idi.[3] Əvvəlcə buddist, daha sonra qardaşı Qazan ilə birlikdə İslam dinini qəbul etmiş və Məhəmməd adını götürmüşdür. [2]
Hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Daxili siyasəti
[redaktə | vikimətni redaktə et]Sultan Məhəmməd Ulcaytu 19 iyul 1304-cü ildə Hülakilər dövlətinin taxtına əyləşdi. Fasih əl-Xəvafi yazır ki, onun qardaşı Qazan xanla münasibətləri yaxşı olduğuna görə hakimiyyətə gəldikdən sonra naibləri, hacibləri və qardaşının digər səlahiyyətli şəxslərini dəyişdirmədi. Həmin şəxslər əvvəlki kimi öz vəzifələrini icra etməyə davam etdilər. O 1305-ci il 22 oktyabr tarixində Sultaniyyə qalasının inşası və şəhərdə yenidənqurma işləri ilə bağlı qərar qəbul etdi. Arqun xan dövründən bəri salınmağa başlamış Sultaniyyə şəhərinin tikintisi bitmişdir. Sultaniyyə dövlətin mərkəzi şəhəri oldu.[2] Xanın yay iqamətgahı Sultaniyyə, qış iqamətgahı isə Bağdad idi. 1309-cu ildə Şirazda "Seyyidlər evi"nin əsasını qoymuş, hər il 10000 dinar həmin müəssisəyə ianə etmişdir.
Sultan Məhəmməd Ulcaytu Qazan xanın islahat kursunu davam etdirdi. O xüsusi yarlıqla öz sələfinin bütün qanunlarını təsdiqlədi. Buna baxmayaraq Ulcaytu xanın (1304-1316) hakimiyyəti dövründə müxtəlif tipli pullar buraxılır, sikkələrin çəkisi və dəyəri aşağı düşür, zərbxanaların sayı azalırdı.[4] Onun da hakimiyyəti dövründə dövlət işlərinə ən nüfuzlu şəxs Ali divanın vəziri Fəzlullah Rəşidəddin oldu. Fəzlullah Rəşidəddin özünə rəqib kimi gördüyü Hoca Səadəddin Savəcini nəinki zərərsizləşdirə bildi, həm onu, həm də naiblərini edam etdirdi. 1312-ci il 19 fevralda Hoca Səadəddin Savəci və onun naibləri - Şihabəddin Mübarək şah, Zeynəddin Məstəri, Nəsirəddin Yəhya ibn Cəlaləddin Turra, Davud şah, Kəriməddin Bağdad yaxınlığında edam edildi. Savəcinin digər naibləri - Seyid Həmzə Avci və Seyidəl-müluk Şəmsinin isə gözləri çıxarıldı. 1312-ci ildə Məhəmməd Ulcaytu xanın göstərişi ilə Hoca Tacəddin Əlişah Gilani ikinci vəzir təyin edildi. 1314-cü ildə iki vəzir arasında yaranan münaqişədən sonra Ulcaytu onların nüfuz dairələrini bölüşdürdü. Rəşidəddin mərkəzi və cənubi İrandan Xorasan hüdudlarınadək, Tacəddin isə şimal-qərbi İrandan Mesopotamiya və Kiçik Asiyaya qədər ərazilərə nəzarətə yiyələndi.
Dini siyasəti
[redaktə | vikimətni redaktə et]1289-cu ildə Ulcaytu xristian olan anası Uruk-xatun tərəfindən xaç suyuna salınaraq Arqun xanın diplomatik əlaqələr saxladığı Papa IV Nikolayın şərəfinə Nikolay adını aldı. [5] 1295-ci ildə o islam dinini qəbul etdi və Xudabəndə (Allahın qulu) ləqəbini götürdü. 1310-cu ildə, Əllamə Hillinin təsiri ilə isnə-əşəriyyə, yəni 12 imam şiəliyini seçmiş[6][7] və monqol xanları içərisində ilk dəfə 12 imamın adının zərb edildiyi pullar dövriyyəyə buraxdırmışdır. Başqa bir mənbə onun xanımının razılığı ilə İslamı qəbul etdiyini göstərir.[8] [9] 1310-cu ilin əvvəllərində o tenqriçiliyi qəbul etməyi belə düşünmüşdü.[10]
Xarici siyasəti
[redaktə | vikimətni redaktə et]Ulcaytu məmlüklərə qarşı dəstək əldə etmək və Suriyanı işğal etmək üçün Avropa dövlətləri ilə diplomatik münasibətləri davam etdirdi. O, Buskarello de Gizolfinin rəhbərliyi altında Avropaya elçi heyəti göndərdi. Bu heyətə ayrı-ayrı Avropa monarxlarına - Fransa kralı Gözəl Filippə, İngiltərə kralı Eduarda və Papa V Klementə təqdim etmək üçün məktublar verildi. Bu danışıqlar Abaqa, Arqun və Qazan xanın hakimiyyəti dövründə olduğu kimi heç bir praktiki nəticə vermədi. 1308-ci ildə Ulcaytu Bizans imperatoru II Andronikə Osmanlılara qarşı mübarizədə kömək etdi və 30.000 nəfərlik monqol qoşununu Kiçik Asiyaya göndərdi. [11]
1304-1305-ci illərdə məmlüklər Hülakilərin vassalı olan Kilikiya çarlığı üzərinə yürüş etsələr də tezliklə özünü çatdıran Kiçik Asiyadakı monqol qarnizonları onları məğlub edib geri çəkilməyə məcbur etdilər. [12]
1312-ci ilin avqustunda Dəməşq hakimi Qara Sunqurun və Tripoli hakimi Ak-Kuş Aframın Ulcaytunun tərəfinə keçməsindən sonra elxan Məmlük mülklərin əyürüş etdi. Qara Sunqura Marağa hakimliyi, Ak-Kuşa isə Həmədan hakimliyi tapşırıldı. Birləmiş qoşunlar 23 dekabrda Rahba şəhərinə yaxınlaşdılar. Məmlük qarnizonları monqollara qarşı dirəniş göstərdi və 26 yanvar 1313-cü ildə Sultan Ulcaytu mühasirəni dayandırmalı oldu. Hülakilər Suriyanın işğalı planından imtina etməli oldular. [13]
1305/1306-cı ildə Cağatay ulusunun şahzadələri, Misir və Şam əmirləri Sultan Məhəmməd Ulcaytudan asıllığı qəbul etdilər. 1306/1307-ci ildə Sultan Ulcaytu Gilan üzərinə yürüş etdi və oranı ələ keçirdi. Qutluq şah noyon döyüşdə öldürüldü. 1309/1310-cu ildə Məhəmməd Ulcaytu xan Nəcməddin Qutluq Teymuru Xarəzmə göndərdi və onu Xarəzmşah təyin etdi.
Herat məliki Qiyasəddin Məhəmmədi oğlu Şəmsəddin Ömər şah Handari əvəz etdi. Divan işlərinin idarəsi Əzizəddin ibn Hoca Şihabəddinə, Sultaniyyə qalası və xəzinənin idarəsi isə İxtiyarəddin Məhəmməd ibn Haruna həvalə edildi. 1312/1313-cü ildə Sultan Məhəmməd Ulcaytu Şama yürüş etdi və Qurciya qalasını ələ keçirdi.
Ticarətin inkişafı
[redaktə | vikimətni redaktə et]Hakimiyyətinin ilk ilində Genuya respublikası ilk dəfə Təbrizdə konsulluq açmışdır. Bundan əlavə 1306-cı ildə Venesiyalılara da azad ticarət hüququ verilmişdi. Avropa ölkələrindən gətirdiyi mancanaq ustaları sayəsində Herat şəhərini ələ keçirmişdi. Ulcaytunun Avropalılarla Məmlüklərə qarşı yeni müharibə planı baş tutmamışdı. Bu isə 1313-cü ildə Kebek xanın Xorasana daxil olmasına bəhanə verdi. Cağatay ordusunda Yasavur xanın elxanilərin tərəfinə keçməsi ilə Kebek xan məğlub oldu. Ulcaytu, Yasavur xana Badğis vilayətini verdi.
Ölümü
[redaktə | vikimətni redaktə et]Məhəmməd Ulcaytu 38 yaşında vəfat etmişdir. Yerinə oğlu Əbu Səid Bahadur keçmişdir.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Sultan Məhəmməd Ulcaytunun 13 həyat yoldaşı olubː Tərcuqan xatun, İltuzmiş xatun, Hacı xatun, Qutluqşah xatun[14], Buluqan xatun, Kuncuskab xatun, Ulcatay xatun, Soyurqatmuş xatun, Qonqtay xatun, Dünya xatun, Adilşah xatun[15], Dəspinə xatun[16], Tuqa xatun
Oğulları
- Süleymanşah (gənc yaşda öldü) - Adilşah xatundan ölan övladıdır;
- Sultan Əbu Səid Bahadur xan (1316–1335) - Hacı Xatundan olan övladıdır;
- Bəstam (1297 - 15 oktyabr 1309) - Iltuzmiş xatundan olan övladıdır. O, 12 yanvar, 1305-ci ildə Ulcay Qutluq Xatunla evlənmişdir. Daha sonra Bəyazid Bəstami kimi tanınmışdır.
- Bəyazid
- Məhəmməd Teyfur (d.3 dekabr 1306-cı il) - Iltuzmiş xatundan olan övladıdır.
- Əbülxeyr - Ulcatay xatundan olan övladıdır.
Qızları
- Sultan Satıbəy xatun (1339–1340) - Iltuzmiş xatundan olan övladıdır. 6 sentyabr 1319-cu ildə Əmir Çobanla, ikinci dəfə 1336-cı ildə Arpa xanla, 1339-cu ildə isə Süleyman xanla evlənmişdir);
- Sultan Xatun - Qutluqşah xatundan olan övladıdır.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Ulcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. Nəsir Bakuvi Sultan Məhəmməd Ulcaytuya həsr etmiş olduğu Azərbaycan dilindəki müxəmməsində[17] belə qeyd etmişdiː
...Səltənət təxtinə yetgəc əqlü tədbir eylədi, Ayəyi-ədli bəyanə çəkdi təqrir eylədi, Tərhi-memarı töküb virani təmir eylədi, Himməti-şahanəsini hər yerdə təksir eylədi, Xanələr abad qıldı əmr ilən, fərman ilən.... Beydəqi-İslami Əla qılmağa amadədir, Dad edər kim dad qılsa, dadə çün dildadədir. Binəsib olmaz o kəs kim, payinə üftadədir, Afərin ol şahə kim, həqqa Hülakuzadədir, Zərdə Hatəm, zurdə həmtaydur xaqan ilən. |
Haqqında əsərlər
[redaktə | vikimətni redaktə et]Əbdülqasım Kaşani. Tarix-e Ulcaytu. Be-kuşeş-e Məhin Həmbəli. -Tehran, 1348 h. (1969)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Hope, 2016. səh. 185
- ↑ 1 2 3 "Fasih əl-Xəvafi - Mücməl-e Fasihi". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.
- ↑ Histoire de l'Empire Mongol, Jean-Paul Roux, səh.408
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007, s. 65
- ↑ Roux, Jean-Paul. Histoire de l'Empire Mongol. — Fayard, 1993. — P. 408. — ISBN 2213031649.
- ↑ Alizadeh, Saeed; Alireza Pahlavani; Ali Sadrnia. Iran: A Chronological History. səh. 137.
- ↑ Al Oraibi, Ali. Rationalism in the school of Bahrain: a historical perspective // Lynda Clarke (redaktor). Shīʻite Heritage: Essays on Classical and Modern Traditions. Global Academic Publishing. 2001. səh. 336.
- ↑ The preaching of Islam: a history of the propagation of the Muslim faith By Sir Thomas Walker Arnold, p. 197.
- ↑ Ann K.S. Lambton, Continuity and Change in Medieval Persia, ed. Ehsan Yarshater, (Bibliotheca Persica, 1988), p. 255.
- ↑ Kamola, Stefan. Rashīd al-Dīn and the making of history in Mongol Iran (Tezis). 2013-07-25. 204–224. hdl:1773/23424. 2023-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- ↑ I. Heath, Byzantine Armies: AD 1118—1461. London: Osprey, 1995, pp. 24-33.
- ↑ D’Ohsson, Histoire des Mongols, depuis Tchinguiz-Khan jusqu'à Timour Bey, ou Tamerlan, vol. IV. La Haye ; Amsterdam : Les Frères van Cleef, 1834, p.532
- ↑ Абу Бакр ал-Кутби ал-Ахари. Тарих-и шейх Увейс / Пер. М. Д. Кязимова и В. З. Пириева. — Баку: Элм, 1984.
- ↑ Lambton, Ann K. S. (January 1, 1988). Continuity and Change in Medieval Persia. SUNY Press. p. 293. ISBN 978-0-887-06133-2.
- ↑ Hillenbrand, Robert; Peacock, A. C. S.; Abdullaheva, Firuza (January 29, 2014). Ferdowsi, the Mongols and the History of Iran: Art, Literature and Culture from Early Islam to Qajar Persia. I. B. Tauris. p. 131. ISBN 978-1-780-76015-5.
- ↑ Korobeinikov, Dimitri (2014). Byzantium and the Turks in the Thirteenth Century. Oxford University Press. p. 212. ISBN 978-0-198-70826-1.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007, s. 125
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Fəzlullah Rəşidəddinin "Oğuznamə"dən sonra ən böyük əsəri: Xüdabəndə günbəzi - REPORTAJ" (az.). apa.tv. 2015-10-28. 2016-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
SƏLƏF Sultan Mahmud Qazan xan | Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanilər | XƏLƏF Sultan Əbu Səid Bahadur xan |