Marat Haqverdiyev — Vikipediya

Marat Haqverdiyev
Marat Xanlar oğlu Haqverdiyev
Doğum tarixi (86 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Xanlar Haqverdiyev
Anası Cahan Əfruz
Təhsili Azərbaycan Politexnik İnstitutu
Fəaliyyəti dramaturq
Fəaliyyət illəri 1970-ci ildən indiyə kimi
Əsərlərinin dili azərbaycanca
Janrlar komediya
dram
İlk əsəri "Ailədə məhkəmə"
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2018

Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018).

Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin.

İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olur. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulur. Tamaşa uğurlu alınır. Bir il sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Mərahim Fərzəlibəyov Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada", ardınca "Məşuqələr" pyesini tamaşaya qoyur. Hər iki əsər teatr aləmində böyük əks-səda yaradır.1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazıb Həsənağa Turabova təqdim edir, Həsənağa Turabov tərəfindən bəyənilir.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoyur. Baş rolda görkəmli aktyor Səyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar. Tamaşa maraqla qarşılandı. Bir ildən sonra "Qısqanc ürəklər" komediyası yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirildi. Bu tamaşa da yaxşı mənada böyük səs-küyə səbəb oldu.

Sonralar müəllifin "Fədakarlıq", "Sənsiz yaşaya bilmərəm", "Məhəbbət əzabları", "Məhəbbət yaşa baxmır" və başqa pyesləri bir-birinin ardınca müxtəlif teatrların səhnəsində uğurla tamaşaya qoyulur.

Marat Haqverdiyevin "Qısqanc ürəklər" komediyası qardaş Türkiyədə İstanbul şəhəri Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti əsəri səhnəyə qoyur.2000-ci ildə "Qısqanc ürəklər" tamaşanın premyerası "Çırağan" sarayında keçirildi. Bu sarayda adətən dövlət tədbirləri keçirilir, amma o zaman hörmət əlaməti olaraq tamaşanın premyerası orada təşkil olundu. Premyera yüksək səviyyədə keçdi. O zaman yazıçıdan başqa bir əsər istədilər, yazıçı "Ah, qadınlar, qadınlar" əsərini təqdim edir. Hər iki əsər Türkiyənin bir çox teatrlarında — İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirilib. Hal hazırda "Qısqanc ürəklər" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində 10-ilə yaxındı ki oynanılır. Marat Haqverdiyev dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifidir. Lütfü Məmmədbəyov yazıçının ssenarisi əsasında "Səninlə və sənsiz" bədii televiziya filmini çəkib. Bu melodram azərbaycanlı yazıçı ilə türk müğənnisinin məhəbbətindən bəhs edir. Film Azərbaycan Dövlət Televiziyası ilə dəfələrlə nümayiş olunub. "Səni gözləyirəm" lirik əsərinidə də Lütfü Məmmədbəyov ekranlaşdırıb. Marat Haqverdiyev 1993-cü ildə yazdığı "Qarabağ şikəstəsi" ssenarisində böyük siyasətçi Heydər Əliyevin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib. Onun ümummilli lider haqqında ikinci əsəri "Fədakarlıq" adlanır. Müəllifin ssenarisi əsasında "Fədakarlıq" bədii televiziya filmi çəkilir. Sonra müəllif bu ssenarinin dram variantını qələmə alır. Əsər Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilir, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilir. Marat Haqverdiyev "Üç dəniz əfsanəsi" əsərini isə yaradıcılığının son zirvəsi adlandırır. Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yeni əsər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" dramıdır. Üçüncü dəfə dahi şəxsiyyət Heydər Əliyevlə bağlı mövzuya müraciət etməyinin səbəbi odur ki, Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Azərbaycan Respublikasının tarixində misli görünməmiş nailiyyət idi. Ona görə də bu layihənin tarixi-siyasi qiymətini nəzərə alaraq, bədii həllini verməyə çalışdı. "Üç dəniz əfsanəsi" dramını beş ilə yazılıb. Bu əsər Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına salınıb, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə olunub.

27 may 2018-ci ildə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.[1]

  • "Ailədə məhkəmə"
  • "Fədakarlıq",
  • "Sənsiz yaşaya bilmərəm",
  • "Məhəbbət əzabları",
  • "Amerikalı kürəkən"(Ramiz Mirişli ilə birgə)
  • "Qısqanc ürəklər"(Ramiz Mirişli ilə birgə
  • "Məhəbbət, şeytan və lambada",
  • "Məşuqələr"
  • "Ah, qadınlar, qadınlar"
  • "Üç dəniz əfsanəsi"
  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.