Meyci Konstitusiyası — Vikipediya

Yapon İmperiya konstitusiyası (lat. 大日本帝國憲法) — tarixdə Meydzi konstutsiyası kimi tanınır - Yaponiyada 1889-1947-ci illərdə qüvvədə olmuş əsas qanun.[1]

Konstitusiyanın qəbulunu zəruri edən amillər

[redaktə | vikimətni redaktə et]

1871-1873-cü illərdə Yaponiyada həyata keçirilmiş burjua islahatları imperator hakimiyyətini möhkəmləndirmişdi. O, Avropasayağı təşkil edilmiş orduya arxalanaraq, öz imtiyazlarını qoruyub saxlamağa çalışan hərbi silkin - samurayların çıxışlarını yatırmışdı. Aqrar islahatdan razı qalmayan, qəzəblənmiş kəndlilərin üsyanı darmadağın edilmiş və şəhərlərdə istismarın güclənməsinə qarşı çıxan əhaliyə şiddətli cəza verilmişdi.

Burjuaziyanın siyasi hüquqlarının genişləndirilməsini və sənayenin inkişafını sürətləndirmək üçün tədbirlər görülməsini tələb edən burjua-liberal partiyalar da təqiblərə məruz qalırdılar. Ölkədə genişlənən "Xalq hüquqları uğrunda" kütləvi hərəkatı zəiflətməyə çalışan hökumət "İctimai asayişi mühafizə" haqqında qanun qəbul etdi; həmin qanun polisə hökumət əleyhinə çevrilmiş çıxışları amansızlıqla boğmaq imkanı verdi. Hökumət eyni zamanda müxtəlif titullar və vəzifələr paylamaqla müxalifət liderlərini ələ alırdı.

1889-cu il Konstitusiyası

[redaktə | vikimətni redaktə et]
Meydzi Konstitusiyasının qəbul edilməsi

Ölkədəki narazılığı aradan qaldırmaq və demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyanın mətni 1889-cu il 11 fevralda dərc edildi. Konstitusiyanı qəbul etməklə imperator öz hakimiyyətini əbədiləşdirmək məqsədi güdürdü.

Konstitusiyada imperatorun şəxsiyyəti müqəddəs və toxunulmaz elan edilirdi.[2]. Konstitusiyaya görə geniş səlahiyyətlərə malik olan imperator ölkənin və xalqın taleyi üçün mühüm əhəmiyyətli bütün məsələlərin, o cümlədən müharibə elan etmək və sülh bağlamaq kimi məsələlərin həllində tam müstəqil idi. Parlamentin çağırılması və buraxılması, yüksək rütbəli məmurların işə qəbul olunması və işdən azad edilməsi də imperatorun səlahiyyətinə daxil idi. Konstitusiyaya görə, imperator ali baş komandan olmaqla bərabər həm də xarici dövlətlərlə bağlanılmış müqavilələr və sazişləri imzalayırdı. Parlamentin yuxarı palatasının tərkibi zadəganlardan və imperatorun təyin etdiyi şəxslərdən təşkil olunurdu. Aşağı palata isə seçki yolu ilə formalaşdırılırdı. Aşağı palataya seçmək hüququ yalnız yaşı 25-dən yuxarı olan kişilərə verilirdi. Yalnız 500 min nəfər seşki hüququ almışdı.

Parlament qanunvericiliklə yanaşı, büdcəni də təsdiq etməli idi. Parlamentin qəbul etdiyi qanunlar yalnız imperator tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minirdi.

Burjua-liberal partiyaları seçkilərdə parlamentin aşağı palatasında, bir qayda olaraq, çox yer alırdılar. Onların parlamentdə tənqidi çıxışları hökumət siyasətinin həyata keçirilməsini çətinləşdirirdi. Müxalifəti parçalamaq məqsədilə imperator hakim partiyaların nümayəndələrini hökumətin tərkibinə daxil etməyə çalışırdı. Artmaqda olan fəhlə hərəkatının, kəndli çıxışlarının və müharibə əleyhinə etirazların qarşısının alınması, habelə müstəmləkələrin işğalı və talan edilməsi liberallarla imperator əhatəsinin əməkdaşlığı əsasında həyata keçirilirdi.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. "Meiji Constitution | 1889, Japan". Encyclopedia Britannica (ingilis). 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  2. W. G. Beasley,The Rise of Modern Japan, p 80 ISBN 0-312-04077-6