Müstəqilliyin Bərpası Günü (Azərbaycan) — Vikipediya

Müstəqilliyin Bərpası Günü
Rəsmi adı Müstəqilliyin Bərpası Günü
Qeyd olunmağa başlayıb 1991
Tarix 18 oktyabr

Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik GünüAzərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.[1]

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt sözügedən Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər.

Qeyd olunan Konstitusiya Aktınin 2-ci maddəsində deyilir: " Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir". Həmin Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib[2].

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himnigerbi haqqında da qanunlar qəbul edilib.

  1. Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-18.