Mirzə Məhəmməd Tağı Qumri — Vikipediya
Mirzə Məhəmməd Tağı Qumri | |
---|---|
Axund Hacı Kərbəlayi Mirzə Məmmədtağı İbrahim oğlu | |
Təxəllüsü | Гумри |
Doğum tarixi | 1819 |
Doğum yeri |
|
Vəfat tarixi | 1891 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Mirzə Məhəmməd Tağı Qumri Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Məhəmməd Tağı Qumri (1819, Dərbənd, Rusiya Respublikası – 1891, Dərbənd, Dağıstan vilayəti) — XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Mirzə Məhəmməd Tağı Qumru 1819-cu ildə (h. 1235) indiki Dağıstanda, Dərbənd şəhərində anadan olmuşdur. Bir çox sivilizasiyanın yerləşdiyi bir məkan olan Dərbənddə xalqın hələ orta əsrlərdə, Ərəb hakimiyyəti dövründə türk dilində danışdığı mənbələrdə qeyd edilmişdir.[2] XIX əsrin ortalarında Dərbəndə səfər edən tədqiqatçılar, türk dillərindən Azərbaycan türkcəsinin şəhərdə geniş şəkildə danışıldığını və bu dilin şəhərdə hakim olduğunu bildirmişlər. Mirzə Məhəmməd Tağı XIX əsrdə Dərbənddə yaşanayan ən məşhur şairlərdən biri idi. Atasının adı İbrahimdir. O əsərlərində özündən Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və ya Qumri kimi bəhs etmişdir. Əsərlərində Qumri təxəllüsünü istifadə etmişdir.[3][4]
Şairin həyatı barədə mənbələrdə kifayət qədər məlumat yoxdur. Onun həyatı ilə bağlı məlumatlar şair haqqında yazılmış bir neçə məqalə və öz əsərlərindən yola çıxaraq əldə edilmişdir. Mənbələrin verdiyi məlumata görə, "Mirzə Məhəmməd Tağı kiçik yaşlarından məktəbə gedərək təhsil almış, zəka və çalışqanlığı sayəsində çox qısa zamanda türk, fars və hətta ərəb dillərində təhsilini tamamlamışdır. Öz dövrünün insanları arasında elm sahibi bir şəxs kimi yetişmişdir."[5]
Şairin həyatı haqqında ətraflı məlumata Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı əsərinin II cildində rast gəlmək mümkündür. Köçərli onun şairliyindən əlavə, əsas peşəsinin tacirlik olduğunu bildirir. Firudin bəy Köçərli ondan "mötəbər tacirlərdən biri" kimi bəhs edir və yazır:[6][5]
"Tacirlikdə də zəka və bacarığı ilə seçilən Mirzə Məhəmməd Tağı, ətrafı və qohumları arasında dəyərli və uğurlu bir şəxs kimi tanınmışdır."
F. Köçərli şairin Kərbala ziyarətindən sonra yaradıcılığını Kərbala şəhidlərinin vəsfinə həsr etdiyini bildirir. O yazır ki, "cavanlıq əyyamını bir müddət eyşü işrətdə keçirib, ömrünü gözəllərin xəttü xulına və əbruyi-hilalına və naz-işvəsinə sərf edən" Qumri təxminən 30 yaşında Kərbəla ziyarətinə gedərək, özünü "İmam Hüseynə dəxil salır və ona növhəgər olub", yaradıclığını Kərbəla şəhidlərinin vəsfinə həsr edir.[6]
Qumri haqqında Seyid Əzim Şirvani də məlumat vermişdir. Belə ki, Seyid Əzim Şirvani “Təzkirə”sində Qumri haqqında yazır: “Məhəmməd Təqi ibn-İbrahim Dərbəndi bir cavandır ticarətpişə və dəqiqəndişə. Fünuni-şeirdə övqatın mərasiyi-İmam Hüseyn əleyhissəlamə və şəbehgərdanlığa sərf edibdir”.[7]
Mənbələrdə şairin Mirzə Mehdi və Mirzə Cəfər adlı iki oğlunun olduğu haqqında məlumatlar var. Onun iki oğlunun hansısa bir səbəbdən məhkəmədə mühakimə olunduğu və daha sonra həbsə atıldığı söylənilir. İki il Dərbənddə həbsdə qalan oğulları daha sonra Sibirdə İrkutsk həbsxanasına göndərilmişdir. Mirzə Məhəmməd Tağının oğullarını xilas etmək üçün çox əziyyət çəkdiyi, bütün sərvətini və malını bu işə sərf etdiyi qeyd olunur. Mənbələrin verdiyi məlumata görə, o, övladlarının azadlığa buraxılması üçün bəzən Tiflisə, bəzən Peterburqa, bəzən də Tehrana səyahətlər etmişdir. Mirzə Məhəmməd Tağı bütün səylərinə baxmayaraq, oğullarını xilas edə bilməmişdir.[8]
Qumrinin yaşadığı dövrdə və coğrafiyada Kərbəla mövzusu haqqında şeir yazma və mərsiyə ənənəsini başlatdığı və bu üslubun zamanla yayılaraq bir ədəbi janr kimi çoxsaylı nümunələrə yol açdığı bildirilir.[9]
Mirzə Məhəmməd Tağı Qumri, 1891-ci ildə (hicri 1307) 72 yaşında vəfat etmişdir. Mənbələrdə onun harada vəfat etdiyi və qəbrinin harada yerləşdiyi barədə heç bir məlumat yoxdur.[3][2]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Mirzə Məhəmməd Nəqi (Qumri) demək olar ki, bütün həyatını Kərbəla faciəsini təsvir edən şeirlər yazmağa həsr etmişdir. Qumri, ifadə tərzi baxımından didaktik və lirik üslub nümayiş etdirmişdir. Şairlik qabiliyyətini ortaya qoymaq üçün gənc yaşlarından şeir yazmağa başlamış, lakin bir müddət sonra yazdığı şeirləri yarımçıq qoymuşdur. Daha sonra daxili dünyasını və özünü qiymətləndirdikdən sonra yenidən şeir yazmağa başlamışdır. Şair əslində, özündən təxminən 350 il əvvəl yaşamış olan, Kərbəla mərsiyəsi növünün öncüsü və bu növün şah əsərini yazan Füzulini nümunə götürmüşdür.[9] Əsərində istifadə etdiyi dil və tərz, seçdiyi sözlər Füzulini və onun "Həqiqətüs-Süəada" adlı əsərini xatırladır.[2] Yaradılış və dünya görüşü baxımından da Füzuli kimi eşq mövzusuna üstünlük verən və bu eşqə görə əzab və sıxıntı çəkməkdən çəkinməyən, hətta bu əzabdan məmnun olan bir şairdir:[10]
Məşuqdən gərək yetişə aşiqə bəla, Aşiq deyil o kəs ki, bəladən hərası var. Hər nə bəla gələ, edərəm canıma qəbul. Əlbəttə, bu bəlalarımın müddəası var. Canan yolunda hər yara bir güldü aşiqə Gülzari-sinəsin nə əcaib səfası var. Dörd min yarə dəyib, yenə azdı sinəmə, Min dəfə can ilə çəkərəm, hər cəfası var. |
“Eşq” Qumrinin bütün şeirlərində bəhs etdiyi əsas mövzudur. Buradakı eşq əzəli və həqiqi eşqdir. Çünki şair, hər şeyi gözəl, incə və təravətli edən gücün eşq olduğuna inanır. Onun fikrincə, bütün məxluqata hökm edən, insanları birləşdirən, yaşlını cavanla, müsəlmanı xristianla, xristianı müsəlmanla bir araya gətirən, hər bir şeyin idarəsini əlində saxlayan və lazım gəldikdə hər şeyi yoxluğa qərq edən qüvvə məhz eşqdir:[2][11]
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin, Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?! Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin, Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?! Ol anda fəsli-gül tər qönçənin arayiş əyyami, Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?! Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq Və lakin müşkül işdir ləzzəti-didardən keçsin. |
Qumri, bənövşə, qərənfil, gül, lalə, sünbül, süsən, reyhan kimi çiçəkləri Kərbəla şəhidlərini təsvir etmək üçün bir vasitə olaraq istifadə etmişdir. Məsələn bənövşə, "inləyən Səkinə"nin başını əyilmiş gördüyü zaman onun xatirinə "qan ağlayır". Qumri, bu düşüncələri dərin şəkildə düşündüyü zaman, özünü bu “vəfa məclisi”nə və “səfa gülşəni”nə daxil olmağa layiq görməmişdir.[12]
Qumrinin yaradıcılığında “Kərbəla gülşəninin bülbülləri” adlandırılan və Kərbəla faciəsini şeir və hekayələrində işləmiş sənətkarlardan bəziləri bunlardır: Müqbil, Mirfətəhh, Məhzun, Ağabağır, Cövhəri, Dəxli, Xaki, Sərbaz və digərləri. Qumri, bu şəxsiyyətlərin hər birinin adını hörmətlə zikr edərək şeirlərini yaratmışdır. Qumrinin özünə nümunə götürdüyü bu şairlər isə onu “həqiqətən bədii ifadə və şirin dilə malik, eyni zamanda vəznli şeirlər ustası” kimi dəyərləndiriblər.[12]
Bəzi mənbələrdə Qumri şeirlərində yalnız gözəlliyi təsvir etməklə kifayətlənməyib, xalqın ehtiyaclarını və arzularını dilə gətirən, hər zaman Dərbənd camaatının məsələlərini müdafiə edən bir vətənpərvər şair kimi qiymətləndirilmişdir.
Kənzül-məsaib
[redaktə | vikimətni redaktə et]Mirzə Məhəmməd Tağı haqqında aparılan tədqiqatlar nəticəsində onun üç böyük əsərinin olduğu bildirilir. Bunlardan günümüzə qədər gəlib çatan ən böyük həcmlisi “Kənzül-məsaib” əsəridir. Digər iki əsərin nə olduğu və ya harada olduğu ilə bağlı mənbələrdə hər hansı bir məlumata rast gəlinməmişdir. 1970-ci illərdə Azərbaycanda Quranla bağlı tədqiqatlar aparan Mir Məsumə adlı bir şəxs, Qumrinin musibət kitabını farsca öyrənmişdir. Mir Məsumənin Qumrinin şeirlərini musiqili bir şəkildə Məhərrəm ayında ifa etdiyi məlumdur. O, ifa edəcəyi şeirləri öz dəftərində topladığını qeyd edir. Lakin bu dəftərdəki şeirlərin hamısının Qumriyə aid olub-olmadığı məlum deyil. Mir Məsumənin dediyinə görə, Qumrinin əsərləri Stalin tərəfindən məhv edilmişdir. Əslində, mənbələrdə fərqli adlarla qeyd olunsa da, günümüzdə Qumriyə aid olan tək mövcud əsər “Kənzül-məsaib”dir. Məhəmməd Əli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Qumri və əsəri haqqında yazır:[13]
“ O, əvvəllər Məhərrəm ayında şəbeh çıxarardı. Sonra bu işi buraxıb, rövzəxanlığa və Kərbəla hadisələri haqqında yazmağa başladı. Qumri bu mövzu haqqında “Kənzül-məsaib” (“Müsibətlər xəzinəsi”) adlı bir mənzumə yazmışdır. Əsərdə Kərbəla şəhərində baş vermiş hadisələr təsvir edilir. Bu əsər dönə-dönə Təbrizdə çap edilmişdir."
Əsərlə bağlı məlumat verənlərdən biri də Firudin bəy Köçərlidir. Onun “Azərbaycan ədəbiyyatı” kitabını çapa hazırlayan Ruqiyyə Qənbər qızı Firidun bəy Köçərlinin bu əsəri yazarkən istifadə etdiyi mənbələri araşdıran zaman, onun Qumrinin “Kənzül-məsaib” əsərinin bir neçə dəfə Təbrizdə çap olunduğunu söyləyib, Firidun bəy Köçərlinin bu çaplardan məhz hicri 1300, miladi tarixlə isə 1882-ci ildə Təbrizdə çap olunmuş nüsxəsindən istifadə etdiyini qeyd edir.[13]
XIX əsrdə yaşamış Molla Mirzə Məhəmməd Tağı tərəfindən qələmə alınmış "Gülzar" ya da "Kənzül-məsaib" adlanan əsər İran, İraq, Rumeli, Suriya kimi ərazilərdə və Anadolu ələviləri arasında yas mərasimlərində ən çox oxunan əsərlərdən biridir.[14]
"Kənzül-məsaib" əsərində, Məhəmməd peyğəmbərin vəfatından sonra başlayan xilafət mübarizələrindən, Hüseynin Kərbəlada şəhid edilməsinə qədər baş verən tarixi hadisələr ardıcıl şəkildə qələmə alınıb. Bu mənada, əsər yalnız yaşanan hadisəni deyil, eyni zamanda İslam tarixini də təqdim edir. Əsər Kərbəla hadisəsini ehtiva edən və bu hadisədə iştirak edən şəxslərin dilindən türkcə deyilən şeirlərdən ibarətdir. Bu ifadələrin Azərbaycan dilində ümumi adı "növhə"dir.[15]
Nüsxələri
[redaktə | vikimətni redaktə et]Yas mərasimlərində ən çox oxunan əsər olduğuna görə “Kənzül-məsaib” əsərinin çox sayda nüsxəsi mövcuddur.
Əsərin İstanbul Böyükşəhər Bələdiyyəsi Atatürk Kitabxanası Türkcə Əlyazma Divanları Kolleksiyası, Bələdiyyə K. 761 nömrəsində yerləşən nüsxəsi digər nüsxələrə nisbətən daha geniş və tamdır. Bu nüsxə 333 vərəqdən ibarətdir.[16]
Üz qabığı cildlənmiş olan əsərin 1b səhifəsinin yuxarı hissəsində "Xəza Kitab-ı Qumri Dərbəndî" başlığı yerləşir. Bu başlığın altında isə “Bismillah” hissəsi var. Əsərin adını da özündə əks etdirən "Türki əl-Müsəmma bi-Kənzül-Məsaib" başlığı ikinci başlıq kimi 2a səhifəsində yerləşir. Mənzum şəkildə qələmə alınan əsərin yeganə nəsr hissəsi 14a və 14b səhifələrində yer alan və əsərin yazılma məqsədinin izah edildiyi bölmədir.[17]
Nüsxə ümumilikdə qara mürəkkəblə yazılsa da, lakin bəzi başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Bundan əlavə, 181b səhifəsinin 217 nömrəli beytinin ilk üç sözü də qırmızı mürəkkəblə yazılıb. 317b səhifəsində 34-cü müxəmməs misrasının ikinci beytinin ilk iki sözü adi qara mürəkkəblə və eyni yazı üslubu ilə yazıldığı halda, beytin davamı olan dörd söz fərqli bir yazı növü ilə və mavi mürəkkəblə yazılmışdır.[17]
Əsərin demək olar ki, tam hissəsi hərəkəsizdir, lakin bəzi ayə və hədislərdə, həmçinin oxunuşda qarışıqlığın qarşısını almaq üçün dairəvi saitlərin olduğu bəzi sözlərdə hərəkələr yerləşdirilmişdir.[17]
Nüsxədə şeirlər 123 başlıq altında toplanıb. Əsərin böyük bir hissəsi səhifə ətrafı və misralar arasına qırmızı xətlə çərçivə çəkilərək yazılıb. Hətta, ilk səhifədən etibarən başlıqlar və bəzi keçid beytləri cüt xətt çəkilərək səhifənin ortasına yazılmışdır. 1b səhifəsindən 37a səhifəsinə qədər, 290a səhifəsindən 291b səhifəsinə qədər və 332b səhifəsi qırmızı çərçivə daxilində yazılıb.[18]
Əsərin bəzi səhifələrində həm qara, həm də qırmızı mürəkkəbin yayıldığı hissələr mövcuddur. Bu hissələrdə yazılar solğun olduğu üçün oxunmur. Bundan əlavə, əsərin cildlənməsi zamanı səhifənin üst hissəsinin əyri kəsilməsi səbəbindən bəzi səhifələrin ilk misraları yarımçıq qalmışdır. Əsərdəki beytlərin bir hissəsində də misralar yarımçıq buraxılmışdır. Bununla yanaşı, bəzi beytlərdə misralar arasında bir söz yazılmamış və yeri boş saxlanılmışdır. Həmçinin, səhv yazıldığı düşünülən sözlərin üstü xətt çəkilərək düzgün olanları ya yanına, ya da səhifə kənarına qeyd edilmişdir. Beytlərin üstünə yazılan sözlərin yerləri nöqtələrlə uzadılaraq beyt içərisindəki yeri göstərilmişdir. Bəzi səhifələrdə isə beytin tamamilə səhifə kənarına şaquli şəkildə yazıldığı və yenə də yeri nöqtələrlə göstərildiyi müşahidə olunur.[18]
Əsərin Azərbaycan türkcəsində Gülzari-Hüseyn adlanan başqa bir nüsxəsi mövcuddur.
Nüsxənin əvvəlində "Kəlamı Min Mirzə Məĥəmməd Təķiyyül-Mütəxəllis Be Qumri Gülzarı Ĥüseyni" başlığı yer alır. İstanbul nüsxəsinin birinci başlığında yerləşən "eşq" rədifli bölmə bu nüsxədə yoxdur. Nüsxə ikinci başlıqdan başlayır. Daha sonrakı səhifələrdə şeirlərin sıralaması İstanbul nüsxəsində olduğu kimi davam edir. Nüsxədə başlıqlarda bəzən ad dəyişiklikləri və başlıqların buraxıldığı hallar müşahidə olunur. Nüsxənin ilk üç səhifəsində aşınma və yırtıqlar var.[19]
Nüsxənin bütün mətnləri səhifələrin kənarları və şeir araları çərçivəyə (cədvəl çəkilərək) alınaraq yazılmışdır. İstanbul nüsxəsində "a" və "b" vərəq şəklində yazılmış beytlər bu nüsxədə tək vərəqə yazılmışdır. "A" vərəqi səhifənin ortasında düz, "b" vərəqi isə eyni səhifənin kənarlarında ayrıca çərçivəyə (cədvəl çəkilərək) alınaraq əyri formada yazılmışdır. Başlıqlar, rədif və ya vəzn dəyişiklikləri olduğu hallarda araya boş bir cədvəl qoyularaq davam etdirilmişdir.[20]
Şeir sayı baxımından İstanbul nüsxəsinə nisbətən bu nüsxədə əskik olan beytlər çoxdur. Xüsusilə İstanbul nüsxəsindəki vərəqlərin ilk və ya son beytləri bu nüsxədə yoxdur. Bundan əlavə, İstanbul nüsxəsində beytlərdə boş buraxılan bütün yerlər bu nüsxədə vəznə uyğun şəkildə doldurulmuşdur.[20]
Bu nüsxədə 9 səhifədə (113, 129, 136, 185, 201, 210, 260, 306 və 313-cü) səhifənin tam və ya bir hissəsini əhatə edən təsvirlər var. Bu təsvirlər şeirin təsvir etdiyi hissələrə canlılıq gətirmək üçün həmin mövzu ilə əlaqədar çəkilmişdir. Təsvirlərdə Hüseyn ibn Əliin, Əli Əkbərin, Qasımın və ya Abbasın döyüş meydanındakı vəziyyətləri təsvir olunmuşdur. Xüsusilə son təsvirdə Hüseyn ibn Əlinin şəhid edilməzdən əvvəlki vəziyyəti, at üstündəki duruşu təsvir edilmişdir. Nüsxənin son səhifəsinin alt hissəsində “1328” tarixi qeyd edilmişdir.[21]
Yazıda bəhs olunan nüsxə 186 vərəqdən ibarətdir. Hər səhifədə təxminən 30 misra yerləşir. İstifadə olunan dil Azərbaycan türkcəsinin xüsusiyyətlərini daşıyır. Nüsxənin yazıldığı material dəftər kağızı növündədir. Vərəqlərdə müstənsihin adını göstərən hər hansı bir qeyd yoxdur. Yazmanın ilk səhifəsində yerləşən "Xəza Kitab-ı Qumri Dərbəndî" ifadələrindən anlaşılır ki, nüsxə “Kənzül-məsaib” adlı əsərin tam mətnini deyil, buradan seçilmiş bölmələrini əhatə edir.[14]
Bu nüsxə də təsvirlərlə bəzədilmişdir. Əsərin sonunda hicri 1300-cü il qeydinə əsasən əsərin yazılma tarixi dəqiq şəkildə müəyyən edilib.[22]
Əldə olan bir digər nüsxə yenə sarı kağıza yazılmış və “Kənzül-məsaib” adı ilə qeydə alınmışdır. Burada qeyd olunan tarix Hicri 26 Rəbiüləvvəl 1329dur. Bu nüsxənin sonunda müstənsihin adı “Kətəbəhü Məhəmməd Əli Təbrizi” şəklində yazılmışdır.[22]
Əsərin quruluşu
[redaktə | vikimətni redaktə et]Əsərdə cəmi 123 başlıq mövcuddur. Bu başlıqlarda ən az 6, ən çox isə 546 beyt olmaqla, ümumilikdə 10.733 beyt var. Bu beytlərin yanında əsərdə 79 bənd və 12 dördlük də mövcuddur. Əsər bəsmələdən sonra 20 beytlik "eşq" rədifli şeirlə başlayır. Ardınca, əsərin yazılma səbəbləri və Şah Nəsrəddini tərif edən misralar gəlir. Daha sonra şeirin təsviri barədə bir bölmə var.[23]
"Saqinamə" başlıqları altında sıralanmış 6 ədəd şeir var. Bunlar qəzəl növündə yazılmış şeirlərdir. Sonra "Qəsidə" başlığı altında 18 ədəd şeir toplanıb. Bu şeirlər Allaha yalvarış, peyğəmbərin tərifini əks etdirən nət və Hz. Əliyə aid qəhrəmanlıqları təsvir edən qəsidələrdir. "Məclis" başlığı altında isə 42 ədəd şeir mövcuddur. Bu bölmələrdə Hüseyn ibn Əlidən bəhs olunur. Hüseyn ibn Əlinin həyatı Kərbəlada baş verən hadisələrdən də əvvəl dövrdən başlayaraq, hadisə zamanı da daxil olmaqla, xronoloji qaydada izah edilir. Bu bölmələrdə Hüseyn ibn Əli ilə birgə Müslim, Həsən ibn Əli, Fatimə, Zəhra, Abbas, Əli Əkbər kimi Əhli-Beyt üzvləri ilə əlaqəli şeirlərə yer verilmişdir.[24]
Əsərdəki 123 başlıqdan 85-i məsnəvi, 24-ü qəsidə, 10-u qəzəl, 2-si rübai, 1-i müxəmməs nəzm forması ilə yazılmış şeirlərdir. Bununla yanaşı, əsərin 52-ci başlığı altında "Vələhu Mürəbbe" adlandırılan bir alt başlıqda 6 dördlükdən (yəni, 4 misralı şeirlərdən) ibarət olan mürəbbe şəklində yazılmış şeirlərə rast gəlinir. Əsərin sonunda, tərkibbənd nəzm forması ilə yazılmış farsca bir qissə mövcuddur.[25]
Əsərdə 6 ayrı əruz bəhri və 10 ayrı əruz qəlibindən istifadə edilmişdir. Ən çox istifadə olunan vəzn müctəs bəhrinin “Məfâilün Failâtün Məfâilün Failün” qəlibidir. Ən az istifadə edilən vəzn qəlibi isə “Failâtün Failâtün Failâtün Failün” və “Failâtün Mafâilün Failün” qəlibləridir.[26]
Əsərdə "Keyfiyyət", "Əhli Kufə və Şam", "Ləşkəri Əşkiya", "Ricz", "Zəbanı Hal" kimi başlıqlar var. Bu başlıqlarda adətən camaat və şəxs adları keçməkdədir. Xüsusilə, Hüseyn ibn Əliin Kufəyə dəvət edilməsi hadisəsi ilə əlaqədar Kufə adı kollektiv olaraq tez-tez istifadə olunur. Bu şeirlərdə Hüseyn ibn Əli və ailə üzvləri ilə birlikdə Kərbəla hadisələrinin müsbəti kimi göstərilən Yezid, İbn Ziyad, İbn Mülcəm və Hür tez-tez adı çəkilən şəxslərdir.[27]
Əsərdə diqqət çəkən məqamlardan biri, Hüseyn ibn Əli və Əhli-Beytin başına gələn hadisələr təsvir edilərkən, peyğəmbərlərin də çəkdiyi çətinliklərdən söz açılmasıdır. Hz. Yusifin zindana salınması və sonradan Misirə padşah olması, Hz. Yaqubun peyğəmbər oğlunu itirdikdən sonra yaşadığı ağrı ilə gözlərini itirməsi, Hz. Əyyubun əziyyət çəkməsi və səbr etməsi, Hz. İbrahimin odun içində atılması və Nəmrudla mübarizəsi, Hz. Davudun Fironla mübarizəsi kimi hadisələr Hüseyn ibn Əlinin başından keçən çətinliklərlə müqayisə edilərək şeirlərdə tez-tez xatırlanır. Bütün bu hadisələr və çətinliklər qarşısında Hüseyn ibn Əli Kərbəla Süleymanı olaraq adlandırılmışdır.[28]
Xatirəsi
[redaktə | vikimətni redaktə et]2019-cu ildə Dərbənd şəhərində Qumri Dərbəndinin 200 illiyinə həsir olunmuş tədbir keçrilmişdir. Tədbirdə Dərbənd şəhər administrasiyasının nümayəndəsi, deputatlar, Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycandan gəlmiş qonaqlar, şəhər sakinləri, dini və ictimai təşkilatların nümayəndələri və şairlər iştirak etmişlər. Yubiley tədbirində şairin həyat və yaradıclığından söz açılmışdır.[29]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Bütöv Azərbaycan" qəzeti, № 43(175), 12–18 dekabr 2012-ci il.
- ↑ 1 2 3 4 Sözlüğü, Türk Edebiyatı İsimler. "KUMRÎ, Mirzâ Muhammed Nakî". teis.yesevi.edu.tr. İstifadə tarixi: 2024-12-30.
- ↑ 1 2 Əsgərli, 2005. səh. 166
- ↑ Namazova, 2019. səh. 3
- ↑ 1 2 Karataş, 2021. səh. 123
- ↑ 1 2 Köçərli, 1981. səh. 328
- ↑ Hüseynov, 2019. səh. 41
- ↑ Namazova, 2019. səh. 4
- ↑ 1 2 Karataş, 2021. səh. 124
- ↑ Əsgərli, 2005. səh. 170
- ↑ "Mirzə Məhəmməd Tağı Qumri - Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi". Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler (az.). 2018-12-07. İstifadə tarixi: 2024-12-30.
- ↑ 1 2 Köçərli, 1981. səh. 330
- ↑ 1 2 Hüseynov, 2019. səh. 42
- ↑ 1 2 Şişman, 2019. səh. 116
- ↑ Mamedov, 2003. səh. 13
- ↑ Karataş, 2021. səh. 126
- ↑ 1 2 3 Karataş, 2021. səh. 127
- ↑ 1 2 Karataş, 2021. səh. 128
- ↑ Karataş2, 2021. səh. 27
- ↑ 1 2 Karataş2, 2021. səh. 28
- ↑ Karataş2, 2021. səh. 29
- ↑ 1 2 Şişman, 2019. səh. 117
- ↑ Karataş2, 2021. səh. 33
- ↑ Karataş2, 2021. səh. 34
- ↑ Karataş2, 2021. səh. 35
- ↑ Karataş, 2021. səh. 130
- ↑ Karataş, 2021. səh. 131
- ↑ Karataş, 2021. səh. 132
- ↑ "Dərbəndə məşhur Azərbaycan şairi Qumri Dərbəndinin 200 illik yubileyi qeyd olunub-FOTO » Sözçü qəzeti". Sözçü qəzeti (ingilis). İstifadə tarixi: 2024-12-30.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Əsgərli, Zaman. XIX əsr Azərbaycan şeri antologiyası (az.). ŞƏRQ-QƏRB. 2005. ISBN 9952-418-69-5.
- Karataş, Muzaffer. Mirzâ Muhammed Nakî (Kumrî)’nin Kenzü’l-Mesâib’i Üzerine (türk). Diyarbakır: International Journal Of Social Sciences. 2021. 119–134.
- Karataş, Muzaffer. MİRZÂ MUHAMMED NAKÎ (KUMRÎ) VE KENZÜ’L-MESÂİB’İ (İNCELEME-METİN-DİZİN) (türk). Diyarbakır: T.C. Dicle Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dili ve Edebiyatı Anabilim Dalı. 2021.
- Mamedov, Anar. Azerbaycan Litürjisinde Maktel Türü (türk). İstanbul: Mimar Sinan Üniversitesi. 2003.
- Şişman, Rabia Şenay. ""AYRILIK" TEMİ EKSENİNDE ÖNCELENEN DİL ÖGELERİNİN STİLİSTİK KULLANIMLARI: KUMRÎ ÖRNEĞİ*". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma dergisi. 90. 2019-02-29: 111–134. doi:https://dx.doi.org/10.34189/hbv.90.008 (#bad_doi).
- Hüseynov, Taleh. "XIX ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATINDA MƏQTƏL MÖVZUSUNDA YAZAN ŞAİRLƏR" (PDF). DİL VƏ ƏDƏBİYYAT: 41–45.
- Köçərli, Firudin bəy. XIX əsr Azərbaycan ədəbiyyatı (PDF) (az.). II. Bakı: Avrasiya Press. 2005. ISBN 9952-421-17-4.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Bafəddin Canəliyev, "Qumri Dərbəndi yaradıcılığına bir nəzər", Bütöv Azərbaycan qəzeti, № 43(175), 12–18 dekabr 2012-ci il.