Mirzə Rza Əlizadə — Vikipediya

Mirzə Rza Əlizadə
Mirzə Rza bəy Mahmudəli oğlu Əlizadə
Doğum tarixi
Doğum yeri Faxralı, Borçalı
Vəfat tarixi
Vəfat yeri İstanbul Türkiyə Türkiyə
Uşaqları Səltənət, Hidayət
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pedaqoq

Mirzə Rza Əlizadə (Tam adı: Mirzə Rza Mahmudəli oğlu Əlizadə 1875, Faxralı1942, İstanbul) — Tiflis şəhər ibtidai məktəbinin müəllimi.

Mirzə Rza bəy Əlizadə 1875-ci ildə Borçalı qəzasının Faxralı elində dünyaya gəlmişdir. Tiflis Əliyyə məktəbində oxumuş, 1890–1895-ci illərdə Qori seminaryasında təhsil almışdır.

Məmmədəlizadələr (Kovxalılar) nəslindən idi. Bölgədə tanınan axund Qazi Ələsgər onun əmisi idi. Mirzə Rza Əlizadənin mühəndis təhsilli Hidayət adlı oğlu və Səltənət adlı qızı olmuşdur.

Seminariyanı bitirdikdən sonra, 1895-ci il sentyabrın 6-dan 1899-cu ilin yayına qədər Telavi-Qaracalar məktəbində müəllim olmuş, sonra Borçalı qəzası barışdırıcı münsifi (мировой посредник) yanında tərcüməçi, 1917–1918-ci illərdə Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin yardımçısı, 1918–19-cu tədris ilində Tiflis Puşkin adına Azərbaycan şəhər məktəbinin müdiri işləmişdir.

Mirzə Rzanın Gürcüstan Demokratik Respublikası qurulanda orada Azərbaycan xalq məktəbləri inspektoru vəzifəsini tutur. Və məktəblərin inkişafında xüsusi rol oynamışdır.

Onun bu məsul vəzifəyə namizədliyini Gürcüstan hökumətinə 1919-cu ildə Gürcüstan Azərbaycanlıları Milli Şurası parlamentin Azərbaycan firqəsinin təşəbbüsü ilə qaldırılmış və şuranın sədri Əlimirzə Nərimanov M.R.Əlizadəni belə səciyyələndirmişdi:

" Onu tanıyanlar kəsin deyə bilərlər ki, xalq maarifi nazirliyi öz seçimində yanılmayıb. Əlizadənin şəxsində bizim yüksək əxlaqi dəyərli insanımız, öz işini yaxşı bilən və bütün Gürcüstanın müsəlman əhalisinə gözəl tanış olan təcrübəli pedaqoqumuz var. Onun öz keçmişi təsdiqləyir ki, o, həmişə xalq naminə çalışmış, xidməti işində də dözümü, bacarığı, əzmkarlığı və öz vəzifələrinə ürəklə yanaşmağıyla seçilmişdir, buna baxmayaraq də onun qabiliyyətini alqışlayır və möhkəm inanırıq ki, o, hadisələrin fövqündə dura biləcəkdir.[1] "

Avqustun 1-də o, Qarayazı, Görarxı, Qızılhacılı, Sarvan, Sadaxlı, Arıxlı, Tecis, Soyuqbulaq, Muğanlı məktəblərinin sənədlərini qəbul etmişdi.[2]

Mirzə Rza pedaqoji təşkilatçılığına "Vozrojdenye" qəzetində "Gürcüstanın müsəlman müəllimlərinə açıq məktub"la çıxış etməklə başlamışdır. O bu məktubunda qeyd edirdi ki:

" Gürcüstan hökumətinin humanist xadimləri respublikada məskunlaşan bütün xalqlara eyni cür ilişki bəslədikləri, respublikanın müsəlman əhalisini nadanlıq zülmətindən çıxarmaq, müsəlmanlar arasında maarif, mədəniyyəti yaymaq məqsədiylə tədbirlər gördükləri, bunun üçün çoxlu vəsait buraxdıqları bir vaxtda başa düşmək çətin deyil ki, bizim ziyalılar nə etməlidirlər və hökumət, öz xalqımız qarşısında sizin hüquqi, əxlaqi borcunuz nədə ifadələnməlidir.[3] "

1919–20-ci dərs ili başlamazdan əvvəl var olan Azərbaycan məktəblərinə müəllim göndərmək gərəkliliyi meydana çıxanda Mirzə Rza ən yaxşı çıxış yolu kimi qısasürətli pedaqoji kursların açılmağını təklif etmiş, sentyabrın 3-də aşağı dərəcəli təhsil ocaqları baş rəisinə raportla müraciət edib azərbaycanlı müəllimlər hazırlayan kursların açılmağı gərəkliliyini müfəssəl əsaslandırdı[4]. 1919-cu il dekabrın 31-də şəhərdəki üç Azərbaycan məktəbində 389 nəfər şagird oxuduğunu və onların müəyən qisminin təhsili davam etdirmək istədiyini bildirmişdi, bu məsələnin çözümü məqsədilə Tiflis şəhərində müsəlmanlar üçün hökumət hüququnda yüksək dərəcəli ibtidai məktəbin açılmağını zəruri saymışdı. 1920-ci il dekabrın 16-da inspektor adıkeçən məktəbdən belə məktub aldı:

" Sizin 5/XII tarixli 428 saylı təklifinizə əməl edərək, mənə etibar olunmuş məktəbin pedaqoji şurası dekabrın 11-də qərara alıb ki, məktəbə görkəmli müsəlman şairi Şeyx Nizaminin adı verilməyi haqqında müvafiq rəhbərlik önündə məsələ qaldıraq. Onun Tiflis şəhərinin başqa Azərbaycan məktəblərindən fərqləndirilməsi üçün mənə etibar olunmuş məktəbə həmin adın təsdiqi barədə tövsiyə verməkdən imtina etməmənizi xahiş edirəm.[5]
Müdir: Qulubəyov
"

Azərbaycan aşağı ibtidai məktəblərinin tədris planını Mirzə Rza tərtib etmişdi. Burada məcburi fənnlər sırasında Azərbaycan dili dururdu. Azərbaycan dili dərsləri Gürcüstan Müsəlman Milli Şurasının, inspektor Mirzə Rza Əlizadənin, qəza məktəb şöbələrinin hazırladıqları proqramlar, Bakıda və Tiflisdə çap olunmuş dərsliklər əsasında keçilirdi.

Sovet işğalından sonra

[redaktə | mənbəni redaktə et]

Mirzə Rza Əlizadə 1921–1931-ci illərdə Gürcüstan maarif komissarlığında Azərbaycan məktəbləri üzrə baş təlimatçı işləmiş, Borçalı ellərində müəllimliklə məşğul olmuşdu. Mirzə Rza bəy Məhəmməd Əmin Rəsulzadə ilə dostluq əlaqələrinə, 1918-ci ildə Azərbaycan Milli Hökumətinin təşkilində iştirakına və Türk millətinin azadlığı uğrunda çıxışlarına görə Sovet dövründə siyasi təqiblərə məruz qalmış, 1934-cü ildə M. Ə. Rəsulzadənin məsləhəti ilə mühəndis təhsilli oğlu Hidayət və qızı Səltənətlə birlikdə Türkiyəyə mühacirətə getmişdir. 1942-ci ildə orada vəfat etmişdir.

Onu məktəb və seminarya yoldaşı, Səməd bəy Acalov o dövrü belə xatırlamışdı:

" Biz üç yoldaş: mən, Məmməd Məmmədov və Rza Əlizadə hələ Tiflisdə oxuduğumuz şiə-məzhəb məktəbini ikmal etmədən qət etdik ki, Qori darülmüəlliminə daxil olaq. Bizim bu fikrə düşməyimiz müəllimimiz Paşa bəy Hüseynovun təsiri altında əmələ gəlib. O, özü həmin darülmüəllimini qurtarmışdı və gözəl əxlaq və ətvar sahibi olmaqla bərabər, çox yaxşı dərs deməyiylə, uşaqlarla qayət-mülayim atacasına rəftar edirdi və gözəl danışığıyla hamımızı özünə cəlb etmişdi. Nəhayət, hər üçümüz ərizələrimizi onun əliylə hazırlayıb Qori darülmüəlliminə göndərdik, özümüz də 1890-cı il avqustunda Qoriyə yola düşdük, imtahan tutmağa. O vaxt hər birimizin 14–15 yaşı ancaq olardı. "
  • Gülnara Qocayeva-Məmmədova, Gürcüstan Azərbaycanlılarının təhsili tarixi: Yüz yaşlı məktəblər, Tbilisi, Qlobal-Print, 2002
  • Gürcüstan Milli Arxivi, fondlar 745, 767: Gürcüstan Demokratik Respublikası Xalq Təhsili Nazirliyi fondu, 1918–1921
  • "Грузия" (Qruziya – Gürcüstan), gündəlik siyasi və ədəbi qəzet, rus dilində, Tiflis 1918–1921
  • "Возрожденье" (Vozrojdenye – Dirçəliş), gündəlik siyasi və ədəbi qəzet, rus dilində, Tiflis 1919
  1. «Грузия» qəzeti, 1919, sayı 169, s. 3
  2. Gürcüstan Dövlət Mərkəzi Arxivi, saxlama vahidi 767, səh. 12
  3. «Возрожденье», 1919, №1, s. 4
  4. GDMA, s. v. 767, s. 44
  5. GDMA, s. v. 745, s. 154