Nəcəfqulu İsmayılov — Vikipediya

Nəcəfqulu
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Güllü Mustafayeva
Uşaqları Rəna İsmayılova
Sevinc İsmayılova
Fəaliyyəti rəssam, qrafika ustası
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janrlar portret, peyzaj, karikatur, natürmort
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963
"Əməkdə fərqlənməyə görə" medalı — 1959
İmza

Nəcəfqulu (tam adı: Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov; 15 mart 1923, Bakı25 mart 1990, Bakı) — Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).

Nəcəfqulu İsmayılov 15 mart 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini davam etdirə bilməmişdir. Rəssam 1952–1979-cu illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışmışdır.[1][2]

Nəcəfqulu İsmayılov 1949-cu ildə rəssam Güllü Mustafayeva ilə ailə qurmuşdur. Orqan ifaçısı Rəna İsmayılovanın və skripkaçı Sevinc İsmayılovanın atasıdır.[3] O, 25 mart 1990-cı ildə vəfat etmişdir.[4]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərmişdir. O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaratmış, rəsm və plakatlar işləmiş, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir.[5]

Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır. Onun yaradıcılığında portret janrı əhəmiyyətli yerə malikdir. Onun bu qəbildən olan əsərləri sırasına "Qubalı Fətəli xan" (1947), "General Həzi Aslanov" (1949), "Sara Aşurbəyli" (1951), "Şair Mirzə Əli Möcüz" (1954), "Yazıçı Abdulla Şaiq" (1955), "Ana" (1967), "Yazıçı Cəlil Məmmədquluzadə" (1967), "Şair Səməd Vurğun" (1967), "Akademik Mikayıl Useynov" (1972), "Səttar Bəhlulzadə" (1973), "Üzeyir Hacıbəyov" (1975), "Nəsirəddin Tusi" və digər portretlər daxildir.[6]

Rəssamın süjetli tablo və mənzərə janrında yaratdığı əsərlərinə "Qrand-opera" (1960), "İçərişəhərdə küçə" (1960), "Səadət" (1970), "Realist rəssam" və başqaları daxildir.[6] O, "Qayğıkeş ferma müdiri", "Əsl şərəf lövhəsi belə olar", "Axır ki dil tapdıq", "Sözsüz" və başqa karikaturlarında qarşılaşdığı neqativ hallara olan münasibətini əks etdirmişdir.[5] Rəssam 1958-ci ildə tarixi mövzuda olan "Nəsiminin edamı" əsərini yaratmışdır.[2]

Nəcəfqulu İsmayılov "Kirpi" jurnalında çəkdiyi karikaturların sözlərini də yazmışdır. O, bir sıra mədəniyyət xadimlərinin portretlərini yaratmış, Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının dostluq şarjlarını işləmişdir.[5]

Nəcəfqulu İsmayılov 1940-cı illərdən başlayaraq tarixi lövhələr, surətlər, habelə mədəniyyət xadimlərinin obrazlarını ilə respublika və Moskvada təşkil edilmiş rəssamlıq sərgilərində iştirak etmişdir.[7] Bakıda, Moskvada, Leninqradda fərdi sərgiləri açılmış və burada onun şəkillərindən ibarət bir neçə albom, kitablara çəkliyi illüstrasiyalar nümayiş etdirilmişdir.[4] İllər ərzində "Kirpi", "Krokodil" və başqa satirik jurnal səhifələrində onun yüzlərlə karikaturu dərc olunmuşdur.[8] Rəssam 1970–1982-ci illərdə Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun misdən barelyeflərini də hazırlamışdır. Onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş olunmuşdur. Rəssamın "Kirpi" jurnalı üçün çəkdiyi bir çox əsər 1970-ci illərdə Bolqarıstanın Qabrovo şəhərində gülüşlə bağlı keçirilmiş beynəlxalq yarışmada sərgilənmişdir.[1]

Təltif və mükafatları

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 "Məşhur karikaturçu rəssam Nəcəfqulu". "Azadlıq" qəzeti. 26 avqust 2013. səh. 14. 13 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2020.
  2. 1 2 Нәҹәфгулу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 171.
  3. ""Həsən və Güllü" dastanı". "Mədəniyyət" qəzeti. 13 mart 2015. səh. 12–13. 12 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2020.
  4. 1 2 "Нәҹәфгулу (Н. Ә. Исмајылов)". № 11 (2406). Әдәбијјат вә инҹәсәнәт. 30 март 1990-ҹы ил: сәһ. 7.
  5. 1 2 3 Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 72–73.
  6. 1 2 "Nəcəfqulu İsmayılovun sənət dünyası". "Mədəniyyət" qəzeti. 14 dekabr 2011. səh. 14. 13 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2020.
  7. Кәримова, Р. Азәрбајҹан совет портрет бојакарлығы. Бакы: Азәрбајҹан ССР Елмләр Академијасы Нәшријјаты. 1964. С. 122.
  8. Нәҹәфов, М. Нәҹәфгулу Исмајылов // Азәрбајҹанын карикатурачы рәссамлары. Бакы: "Ишыг" нәшријјаты. 1972. С. 38.
  • Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник. 1970. с. 192.
  • Бахлулзаде Саттар Бахлул оглы // Художники народов СССР: Биобиблиографический словарь. В 6-ти томах . Т. IV. Главный составитель и библиограф О. Э. Вольценбург. Искусство. 1983. 561.
  • "Nəcəfqulu". Cəlil Məmmədquluzadə Ensiklopediyası. 13 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2020.