Omanın dövlət quruluşu — Vikipediya

Oman
سلطنة عُمان
Bayraq Gerb
Bayraq Gerb
Himn: Ya Rabbana Ehfid Lana Jalalat Al Sultan
Paytaxt Maskad
İdarəetmə forması Teokratik monarxiya
Sahəsi Dünyada 70-ci
 • Ümumi 309500 km²
Əhalisi
 • Əhali 3,219,775 [1] nəfər (43-cü)
 • Sıxlıq 12,3 nəf./km²
ÜDM (AQP)
 • Ümumi $163.6 mlrd.[2] dollar  (69-cu)

Omanın dövlət quruluşu - 1996-ci ildə qəbul edilmiş Dövlətin Əsas Qanununa (Ağ Kitab) əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Oman Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik unitar islam monarxiyasıdır. Milli bayram günü olan Sultanın ad günü 1970-ci ildən etibarən hər il 18 noyabrda qeyd olunur. Dövlətin Əsas Qanunu (Ağ Kitab) 6 noyabr 1996-cı ildən qüvvədədir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Oman Sultanlığı 11 mühafaza (Dofar, Maskat, Musandam, Şimali Əl-Batina, Cənubi Əl-Batina, Şimali Əş-Şarkiya, Cənubi Əş-Şarkiya, Əd-Daxiliyə, Əz-Zahirə, Əl-Buraymi və Əl-Vusta) bölünür.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Oman Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər (imam) və ali hakim, habelə silahlı qüvvələrin ali baş komandanı, maliyyə, müdafiə və xarici işlər naziridir. Dövlətin idarə olunması, o cümlədən icraedici və qanunvericilik hakimiyyəti bütövlükdə Sultanın səlahiyyətinə aiddir. Kabinetin üzvləri və digər vəzifəli şəxslər, habelə 1996-cı ildən fəaliyyət göstərən Dövlət Şurasının 41 üzvü Sultan tərəfindən təyin olunur.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Nazirlər Kabinetinin tərkibi, ona bilavasitə rəhbərlik edən Sultanın xüsusi nümayəndəsindən, Baş nazirin 3 müavinindən (bir qayda olaraq Sultanın ən yaxın qohumları olur), Kabinetin katibindən və 20-dən artıq nazirdən ibarətdir. Nazirlərin və əyalət qubernatorlarının böyük əksəriyyəti hakim ailəyə mənsubdurlar. Kabinet üzvləri Sultanın qarşısında dövlət siyasətinin həyata keçirilməsi üçün kollektiv, öz səlahiyyətlərinin icrası üçün isə fərdi məsuliyyət daşıyırlar.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Sultan tərəfindən seçilən 84 (onlardan 1/6 hissəsini qadınlar təşkil edir) üzvdən ibarət birpalatalı Məşvərət Məclisi (Məclis əl-Şura) ölkədə qanunvericilik hakimiyyətini həyata keçirməkdə qismən səlahiyyətlidir. Sultanın rəhbərlik etdiyi Məşvərət Məclisi, ilk növbədə xalqla Hökumət (nazirliklər) arasında əlaqələndiricilik missiyasını yerinə yetirir.

Məşvərət Məclisi, yalnız xidmət (kommunikasiya və məişət) nazirliklərinin hazırladıqları iqtisadi və sosial xarakterli layihələrə baxmaqda və tövsiyə verməkdə səlahiyyətlidir. Zəruri hallarda, bu nazirliklərin rəhbərlərindən Məclis qarşısında hesabat tələb olunur. Bununla yanaşı, Məşvərət Məclisi xarici siyasət, müdafiə, təhlükəsizlik və maliyyə sahələrində heç bir səlahiyyətə malik deyil.

Siyasi partiyaların fəaliyyət göstərmədiyi Omanda Məşvərət Məclisinin hazırkı tərkibi 15 oktyabr 2011-ci ildə formalaşmışdır.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Ölkədə hüquq sistemi bütövlükdə İslam hüquq sisteminə (Şəriət) əsaslanır. Formal olaraq məhkəmə iyerarxiyasının ən yüksək instansiyası sayılan Ali Məhkəmə, habelə Apelyasiya və digər birinci instansiya məhkəmələri mövcud olsa da, Omanda məhkəmə hakimiyyətinin fövqündə Sultan özü durur.

  • Francis Owtram. A Modern History of Oman: Formation of the State Since 1920. London, I. B. Tauris, 2004.
  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4..
  • Д. Осипов. Путеводитель по Оману. — (Серия «Иди за мной!») — М.: ИОИ, В. Секачёв, 2006.
  • Mandana E. Limbert. In the Time of Oil: Piety, Memory, and Social Life in an Omani Town. Palo Alto, Stanford UP, 2010.
  1. http://countrymeters.info/ru/Oman/%7Ctitle=Счетчик Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine населения Омана (18.10.13.
  2. "ЦРУ (2010)". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.