Oroys — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Oroys | |
---|---|
| |
Qafqaz Albaniyasının çarı | |
Əvvəlki | Nüşabə |
Sonrakı | Kozis |
Şəxsi məlumatlar | |
Milliyyəti | alban |
Dini | Zərdüştilik |
Oroys — E.ə. I əsrdə Albaniyada hökmdarlıq etmiş çar. Yunan-roma mənbələrində Oroys adlandırılsa da, əsl adı Aruzdur. Onun hakimiyyəti dövründə Albaniya ərazisinə Roma ordusu soxulmuşdur. Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun rəhbərlik etdiyi Albaniya ordusu arasında E.ə. 66-cı ildə döyüş olmuşdur. Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə E.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.
Hakimiyyəti dövründə baş verən hadisələr
[redaktə | vikimətni redaktə et]E.ə. I əsrin birinci yarısında Roma sərkərdəsi Pompey Şərqə doğru hərəkət etmiş və Cənubi Qafqaz üçün təhlükə yaratmışdı . Onun başçılığı ilə romalılar Xəzər dəniz sahillərini tutmaq Albaniya ərazisindən keçərək Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək istəyirdilər .
Kür çayı sahilində döyüş
[redaktə | vikimətni redaktə et]Qney Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı. Tit Livi yazırdı:
"Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə qələbə çaldı".
Plutarx isə xəbər verir ki,
"albanlar əvvəlcə Pompeyin onların ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."
Pompey bu yürüş zamanı Ermənistandan Göyçə gölünün yanı və Dilican dərəsindən keçərək Qazax və Ağstafa tərəfə uzanan yeganə rahat ticarət yolu ilə hərəkət edirdi. Anait məbədinin yaxınlığı romalılara bir çox cəhətdən sərfəli idi. Qismən ona görə ki, müxtəlif əyləncələrlə müşayiət edilən Roma bayramları yaxınlaşırdı. Albanlar əvvəlcə Roma sərkərdəsinə yol verməyə razı oldular. Lakin dekabr ayında qeyd edilən Kron (Saturn) bayramı başlandıqda, azı 40000 alban çağırılmamış qonaqların üzərinə hücum etdi.
Bu zaman alban hökmdarı Oroys idi. Ondan əvvəlki alban hökmdarlarının adları məlum deyildir. Düşünmək olar ki, Oroys Qafqaz xalqları ilə həmrəylik naminə romalıların VI Mitridata qarşı hərəkətinə maneçilik törətmək istəmişdi, həm də Albaniyanı romalıların işğal etməsi təhlükəsi yarana bilərdi. Oroysun bayram günü Roma ordusuna hücumu təsadüfi deyildi. O, romalıların tətbiq etdiyi gözlənilməz və qəfil hücum taktikasını onlara qarşı işlədirdi. Lakin Oroysun közlənilməz həmləsi pis təşkil olunmuşdu. Əslində, albanların gözlənilməz hücumu baş tutmadı, çünki Pompey onların Kür çayını keçməsi barədə məlumat almış və ordunu üç hissəyə bölərək, hazır vəziyyətdə dayanmışdı. Roma dəstələrinə müvafiq surətdə Metell Keler, Luki Flakk və Pompey rəhbərlik etməli idilər. Albanlar əvvəl Kelerin və Flakkın dəstələrini təkləmək, sonra isə Pompeyə hücum etməyi qərarlaşdırdılar. Lakin Dion Kassinin məlumatına görə, Pompey albanların həmin sərkərdələrə hücum etməsi xəbərinin eşidən kimi, onların qarşısına çıxdı və gördü ki, albanlar artıq Kür çayını keçirlər. Döyüş başlandı. Oroys Metell Kelerin dəstəsinə hücumu öz üzərinə götürmüşdü. Lakin Pompey Kelerin köməyinə gəldi. Oroys döyüş təşəbbüsünü əldən verdi və Kelerin zərbələrinə məruz qaldı. Luki Flakkın vəziyyəti bir qədər çətin oldu; bu zaman Pompey birbaş Oroysa tərəf hərəkət etdi. Oroys kimi digər alban dəstələri də uğursuzluğa düçar oldular. Döyüşü uduzacağını başa düşən Oroys Kür çayını keçdi və döyüş meydanından uzaqlaşdı. Romalılar üzbəüz sahilə keçmədilər və hücum dayandırıldı . Beləliklə, E.ə. 66-cı ilin dekabr ayında romalılar ilə döyüş albanların uğursuzluğu ilə başa çatdı, Pompeylə müqavilə bağlandı.
Alazan çayı sahilində döyüş
[redaktə | vikimətni redaktə et]Qney Pompey VI Mitridatı təqib edərkən iberlərlə döyüşməli oldu, onların məğlubiyyətə uğratdı və hökmdar Artokun iki oğlunu girov kötürdü. E.ə. 65-ci ilin əvvəlində, o, albanların üsyan qaldırması xəbərini aldı. Plutarx yazır ki, Qney Pompeyə albanların yeni qiyamı barədə məlumat çatdı. Qney Pompey hirs və qəzəb içində geriyə, onlara qarşı döndü. O, yenə Kür çayını çətinliklə keçdi və ordunu təhlükə qarşısında qoydu, çünki barbarlar çayın sahilinə uzun çəpər çəkmişdilər. Susuz çöllə uzun və əziyyətli məsafə (yol) keçəcəyini nəzərə alaraq, o, on min tuluğun su ilə doldurulmasını əmr etdi. Düşmənə qarşı gedən Qney Pompey onları Abanta (ind. Alazan) çayı yaxınlığında, artıq döyüş qaydasında düzülmüş gördü. Barbarların ordusu 60 min piyada və 12 min süvaridən ibarət idi. Dion Kassinin məlumatına görə, Qney Pompey albanları qəfil yaxalamaq üçün Armeniyanın ərazisi ilə hərəkət etdi. Ehtimala görə, o, indiki Ağstafa tərəfdən Kürün sahilinə çatdı. Buradan Alazan çayına doğru hərəkət etdi. Alazan çayının sahilində Pompeyi albanlar gözləyirdilər. Plutarxın məlumatına görə, alban ordusunun başında hökmdarın qardaşı Kosis dayanmışdı. Yəqin ki, ilk döyüş əməliyyatını keçirmək Kosisə həvalə edilmişdi.
Döyüş meşədə başladı. Dəstənin bir hissəsinə hökmdarın qardaşı Kosis başçılıq edirdi. Dion Kassi Pompeyin hərbi taktikası barədə yazırdı ki, o, öncə süvariləri yerləşdirdi, piyadaları isə onların arxasında qalxanla dizi üstə oturdaraq, səssiz-səmirsiz gözləməyi əmr etdi. Pompeyin məqsədi Oroysu tələyə salmaq idi. Pompeyin hiyləsini başa düşməyən albanlar süvarilərə hücum etdilər. Süvarilər qəsdən geriyə çəkilib, yan tərəflərə dağılışdılar. Bu məqamda Pompeyin piyada dəstələri döyüşə atılaraq alban süvari dəstələrini mühasirəyə aldılar. Qanlı döyüş başlandı. Döyüşün gedişində Kosis Pomleyin dayandığı yerə çatdı və nizəsini ona atdı. Lakin nizə onun zirehli geyiminə dəyib yerə düşdü. Pompeyin atdığı nizə isə Kosisi ölümcül yaraladı. E.ə. 65-ci ildə baş vermiş bu döyüş romalıların qələbəsilə sona yetdi. Alban qoşununun qalan hissəsi qaçıb meşədə gizləndi. Pompey meşəni mühasirəyə aldı. Onun əmrilə meşə yandırıldı və orada gizlənən alban döyüşçüləri həlak oldular. Appian yazır ki, əsirlərin arasında xeyli yaralı qadınlar vardı. Antik müəlliflər onları amazonkalar adlandırırdılar.
Alban süvari dəstələri və Kosis Pompeyin qurduğu tələyə düşərək, məhv oldular. Oroys döyüşə girməyib dağlara çəkildi. Güman ki, o, yenidən müqavimət göstərmək niyyətində imiş. Lakin Pompey sülh yolu ilə albanları razı saldı. Antik müəllif Flor (II əsr) yazır ki, Pompey "albanlara mərhəmət göstərdi. O, Qafqaz altında düşərgə salaraq, Oroysa düzənliyə enməyi əmr etdi". Oroys Pompeyin yanına getmədi, lakin ona məktub və hədiyyələr göndərdi. Oroysun barışıq təklifini Pompey qəbul etdi. Burdan belə bir nəticə çıxır ki , Albaniya xalqı yazı ilə tanış idi və bunun ən böyük sübutu da Alazan çayı sahilində döyüşdən sonra Pompey və Oroys arasında olan məktublaşmalar oldu .
Bəzi qədim qaynaqlarda deyilir ki, "Pompey… albanların və indi alan adlandırdığımız massaketlərin ölkəsini keçdi, bu tayfanı da məğlub etdi və Xəzər dənizini gördü". Plutarx isə yazır ki, "döyüşdən sonra Pompey Hirkan, yaxud Kaspi (Xəzər) dənizinə doğru hərəkətə başladı, lakin sürünən zəhərli ilanlar üzündən bu niyyətdən əl çəkdi"
Əslində isə, albanların yenidən üsyana qalxması və yolun çətinliyi onu Xəzər dənizinin sahilinə çıxmaq niyyətindən daşındırmışdı. Pompey albanlarla sülh sazişinə gəldikdən sonra, ona müraciət edən digər tayfalarla da müqavilə bağladı. Ola bilsin ki, Pompey kaspilərlə də ittifaqa girmişdi. Dion Kassinin yazdığına görə, "Pompey albanlar ilə sülh sazişi, sonra isə elçilər vasitəsilə Kaspi dənizinə qədər Qafqazın bəzi başqa sakinləri ilə müqavilələr bağladı". Yadellilərə qarşı müharibədə albanlara köçərilər də kömək edirdilər, onlar Qafqaz Albaniyasının müqəddəratında böyük rol oynayırdılar. Bospor padşahlığında tezliklə VI Mitridata qarşı üsyan qalxdı. Üsyanın başında onun oğlu Farnak dayanırdı. E.ə. 63-cü ildə Mitridat həlak oldu. Bospor padşahlığı Roma hakimiyyəti altına keçdi.
Oroysun dövründə Alban ordusunun vəziyyəti
[redaktə | vikimətni redaktə et]Strabon yazırdı ki, albanlar"…həm piyada, həm at belində, həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular".
Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kosis Qney Pompeyə "nizə ilə zərbə" endirmişdi.
Strabon alban qalxanları haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin qardaşı Kosis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, "döyüşdən sonra romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka peltaları tapılmışdı".
Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi işin öyrənilməsi məsələsində müəyyən yer tutur. Strabonun dediyinə görə albanlar "[döyüş üçün] iberlərə nisbətən daha çox qoşun düzürlər. Onlar 60000 piyada qoşun və 22000 süvari silahlandırırlar – Pompeylə döyüşə (albanlar) belə bir (qoşunla) getmişlər". Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən zaman albanlar 40000 nəfərdən az olmamışlar. Daha sonra Plutarx romalıları qarşılayan albanların sayı haqqında bir qədər başqa məlumat verir. Qədim müəllif bildirir ki, Pompeyi "döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq, heyvan dərisində 60000 piyada və 12000 süvari" qarşılamışdır. Birinci halda Plutarx piyadanı süvaridən fərqləndirmir, alban qoşununun ümumi miqdarını verir: döyüşçülər 40000 nəfər idi. İkinci halda Plutarxın məlumatı Strabonun məlumatını xatırladır, lakin alban süvarilərinin sayı cəhətdən ondan fərqlənir.
Deyilənlərdən görünür ki, alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Appiana əsasən, albanların basilevsi Oroys və iberlərin basilevsi Artok yeddi miriad döyüşçü ilə Kür çayının yaxınlığında Pompeyi güdürdü. Appian belə müəyyən edir ki, alban və iber qoşunu 70 min döyüşçüdən ibarət idi. Əgər iber qoşununun alban qoşunundan az olması haqqında Strabonun məlumatı əsas götürülsə, deməli, albanların payına təqribən 40 min döyüşçü düşür, bu isə alban qoşununun miqdarı haqqında Plutarxın birinci məlumatı ilə düz gəlir. Beləliklə, görünür ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada və 22 min süvari), Plutarxa görə bir halda 72 min (60 min piyada və yalnız 12 min süvari), başqa bir halda 40 min, Apiana görə təqribən 40 min döyüşçüdən ibarət idi. E.ə. 64-cü ildə alban qoşunlarının romalılarla ilk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu toqquşma eramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədar Korneli Tasit tərəfindən də xatırladılır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Albaniya dövlətinin yaranması və süqutu — "Səs" qəzeti Arxivləşdirilib 2014-07-05 at the Wayback Machine