Paleogen — Vikipediya
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma dövrüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər. Bitki aləmində, demək olar ki, müasir cinslərə uyğun olan örtülütoxumlular geniş yayılmışdır. Paleogen dövrü iki paleofloristik əyalətə ayırır: yarpağı tokülən meşələri inkişaf etdiyi Şimal əyaləti (Orta Asiya, Şimal Amerika, Arktika) və həmişəyaşıl tropik bitkilərin yayıldığı Cənub əyaləti (Qərb Avropa, Cənub Asiya, Meksika).
Mənbə
[redaktə | vikimətni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.