Qədim Misir ədəbiyyatı — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qədim Misirdə bədii ədəbiyyatın əsasında şifahi xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən əkinçi həyat tərzini, dünyagörüşünü əks etdirirdi. Belə nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə nağıllardan "Gəmi qəzasına uğrayan adam", "Düz və əyri haqqında nağıl", "Firon Xufu və cadugərlər", "İki qardaş haqqında nağıl" və s. göstərmək olar.
Qədim misirlilər təbiətdə və insan həyatında olan hadisələri dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən təbiət allahı hesab etdikləri Osiris haqqında əfsanə bu baxımdan səciyyəvidir.
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və ictimai quruluşu müdafiə edən nəsihətlərə təsadüf olunur. Belə nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti, xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu nəsihətlərə misal olaraq, "Heraklopol hökmdarı Axtoyun oğlu Merikaya nəsihəti", "I Amenemxetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin kəlamı", "Nefertifm nəsihəti" və s. göstərə bilərik.