Qeysanilər — Vikipediya
Qeysanilər — Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn Hənəfiyyənin imamətini qəbul edən dini cərəyanlardan biri olmuşdur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Qeysanilər Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin imamətini qəbul etmiş şiə yönümlü təriqətlərdən biridir. Bu təriqətin yaradıcısı Muxtar ibn Əbu Übeyd Səqəfi olmuşdur. O Abdulla ibn Zübeyrin (64/684–73/692) hakimiyyəti zamanı Xilafətdə siyasi qeyri-stabillikdən və daxili çəkişmələrdən istifadə edərək, Kufəyə gəlib Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin xeyrinə fəal təbliğat aparmışdır. Müsəlman tarixçiləri qeyd edirlər ki, Məhəmməd ibnül-Hənəfiyyənin bu barədə xəbəri olmayıb. Onun adından istifadə edərək, fəaliyyət göstərən adamlarla da onun əlaqələri olmamış Muxtarı isə o rədd etmişdir.
Tarixçilərin yazdıqlarına görə, Muxtar müsəlmanların peyğəmbər ailəsinə qarşı məhəbbətindən sui-istifadə edən adamlardan olmuş və pis məqsədlər güdmüşdür. Xəlifə Əlinin hakimiyyəti vaxtı o, İraqda yaşamış, onun ölümündən sonra isə Bəsrəyə getmişdir. Hüseyn ibn Əli Kərbəlada şəhid ediləndən sonra Muxtar dövlətin əleyhinə apardığı təbliğata görə Əməvilərin Kufədəki canişini Übeydulla ibn Ziyad tərəfindən həbs edilmişdir. Azadlığa buraxılandan sonra isə Əməvilərə qarşı üsyana qalxmış Abdulla ibn Zübeyrin hərəkatında fəal iştirak etmişdir, sonda ondan İraqa göndərimləsini xahiş etmişdir. Onun xahişi yerinə yetiriləndən sonra o Kufəyə qetmiş və orada həbs edilmişdir, qaynı Abdulla ibn Ömərin vasitəçiliyi ilə azadlığa buraxılmışdır. Muxtarın azadlığa buraxılmasının şərti şəhərdə qarışıqlıq salmamaq olmuşdur. Lakin o, verdiyi sözə əməl etməmiş, azad olan kimi tərəfdarlarını gizli olaraq ətrafına toplayıb, onlardan sədaqət andı almışdır. Tədricən qüvvətlənərək onlar xəlifə Abdulla ibn Zübeyr tərəfindən təyin olunmuş əyalət valisi Abdulla ibn Mütiyə qarşı qiyam qaldırmışdılar. Xəlifə qiyamı yatırmaq üçün onlara qarşı Şibs ibn Ribinin başçılığı altında qoşun göndərmişdi. Lakin şəhər əhalisi tərəfindən dəstəklənən qiyamçılar qoşunu məğlub edə bilmişdirlər. Bu hadisədən sonra Küfə valisi Bəsrəyə qaçdı, Muxtar isə şəhərdə hakimiyyəti əlinə keçirdi.
Bu uğurdan sonra, qiyamçılar Əməvilərə qarşı müfəqqiyyətlə vuruşsalar da, Abdulla ibn Zübeyrin qoşunu tərəfindən məğlub edilmişdilər. Muxtar isə hicrətin 68-ci ilində öldürülmüşdür.
Qeysaniləri ya Muxtar əs-Səqəfinin "Qeysan" ləqəbinə, ya da Məhəmməd ibnül-Hənəfiyyənin şagirdlərinin birinin adına görə belə adlandırmışdırlar.
Təlimi
[redaktə | vikimətni redaktə et]Qeysanilərin təlimi "ifratçı" təriqətlərdən fərqli olmuşdur. Belə ki, onlar Əli ibn Əbu Talibi və onun nəslindən olan imamları ilahiləşdirməmiş, amma onların günahsız, müqəddəs insanlar olduqlarını və bu səbəbdən onlara tabe olmağın vacibliyini iddia etmişdirlər. Onların inanclarına görə, imamlar dünyadakı İlahi təcəssümün nümunələridirlər. Onlar hətta peyğəmbərlərə bərabər sayılırdılar. Şiə təriqətlərinin çoxunda olduğu kimi, qeysanilər də imamın gəlişini gözləyirdilər. İkinci gəlişı gözlənilən imam kimi isə Məhəmməd ibnül-Hənəfiyyəni qəbul edirdilər. Qeysanilərin bir hissəsi onun öldüyünü təsdiq edib, yenidən dirilib dünyaya qayıdacağına inanırdılar. Başqa qruplar isə onun ölməsi faktını rədd edib, bir başqa yerdə yaşadığını iddia edirdilər. Daha sonra qeysanilər inanırdılar ki, Allah imamlara hansısa göstəriş versə də, onu başqası ilə (hətta ona zidd olanla) dəyişə bilər. Bəzi xəbərlərə görə, onlar insanın ölümündən sonra onun ruhunun başqa bədənlərə köçməsinə də inanırdılar.
Sonu
[redaktə | vikimətni redaktə et]Qeysanilərin içində birlik olmamışdır və onlar bir neçə təriqətlərə parçalanmışdırlar. Müsəlman tarixçilərinin yazdıqlarına görə, onların arasında iki əsas qol olmuşdur: muxtarilər (Muxtar Səqəfinin tərəfdarları) və həşimilərdir (Məhəmməd ibn-Hənəfiyyənin oğlu Əbu Həşimin imamlığını qəbul edənlər). Həşimilər də bir neçə təriqətə parçalanmışdırlar. Onlardan biri, Əbu Həşimdən sonra imamətin Bəyan ibn Siman Nəhdiyə keçdiyini iddia edən bəyanilər olmuşdurlar. Əbu Həşimdən sonra imamətin Abbasilər nəslinə keçdiyini iddia edən rizamilər də qeysani təriqətlərindən biri olmuşdur. Onlara Abbasi şiələri də deyirlər. Hal-hazırda qeysanilər təriqəti yoxdur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 156. ISBN 5-89968-070-9.
- Aydın Əlizadə, "Cəmiyyət və Din" qəzeti.