Rəşid Yusifov — Vikipediya
Rəşid Yusifov | |
---|---|
Digər adları | Rəşid Yusubov, Rəşid Yusibov |
Doğum tarixi | 1 sentyabr 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 1982 (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | güləşçi, sirk ustası |
Mükafatları |
Rəşid Əliməmməd oğlu Yusifov (rusca: Рашид Алимамед-оглы Юсупов, gürcücə: რაშიდ ალიმამედ–ოღლი იუსიპოვი, 1 sentyabr 1900, Məscidli Görarxı, Borçalı qəzası – 25 fevral 1982, Bakı) — pəhləvan, atlet, klassik güləş və sirk ustası, Azərbaycan SSR xalq artisti (1980).
Həyatı
[redaktə | mənbəni redaktə et]Rəşid Yusifov 1900-cü ildə Borçalı mahalının Gorarxı kəndində (indiki Gürcüstanın Marneuli rayonun Gorarxı (Algeti) kəndi) dünyaya göz açıb. Uşaqlığı əsasən Borçalıda, Baş keçiddə və Tiflisdə keçib.[1]
1910–1912-ci illərdə Gorarxı kəndində fəaliyyət göstərən dini məktəbdə təhsil alıb. Gəncliyindən Rəşid Yusifov heyrətamiz fiziki gücü ilə seçilib. 15 yaşında ikən dəfələrlə Rəşid Yusifovun yalın əllə canavar boğduğu indi də Gorarxıda, eləcə də Borçalıda danışılır. Gəncliyi daha sonra Tiflisdə keçmişdir. Atası Əliməmməd sonradan Tiflisin Şeytanbazar məhəlləsində məskunlaşmışdır. 1914–1915-ci illərdə təhsilini Tiflisdə yenə dini məktəbdə davam etdirmişdir.
1915-ci ildən etibarən Rəşid Yusifov Tiflisdə müxtəlif sirklərdə pənləvan kimi çıxış etməyə başlamışdır. 1916-cı ildə bir sirk səhnəsi zamanı Rəşid Yusifov gürcü pəhləvanı Pavliyaşvilini güləşdı məğlub edir. Bu zaman R. Yusifova diqqət göstərən məşhur gürcü güləş ustası Maysuradze onu öz məşqlərinə dəvət edir.
1916–1917-ci illərdə Rəşid Yusifov təcrübəli güləşçilər Maysuradze və Yemelyanovun tələbəsi olur. Daha sonra Rəşid Yusifovun məşqlərinə güləş üzrə dünya çempionu, "Parisin şarfının fəxri sahibi" titulunu daşıyan Karazakumov rəhbərlik edir.
1919-cu ildə Rəşib Yusifovun fiziki-idman hazırlığı təcrübəli gürcü idmançısı Lado Kavsadze rəhbərliyi altında davam edir
1919-cu ildən etibarən Rəşid Yusifovun peşəkar pəhləvan fəaliyyəti başlayır. 1919-cu ildə Tiflisdə məşhur gürcü güləş ustası, pəhləvan David Beriaşvili üzərində qələbə çalır. 1920-ci ildə yenə Tiflisdə Osmanlı imperiyasının məşhur pəhlavanı Mustafa Xamırçı üzərində parlaq qələbə qazandı. Mustafa Xamırçı üzərində qələbə Rəşid Yusifovun pəhləvan kimi şöhrətini daha da artırdı. 1920-ci ildə Moskvada turnirlərdə qazandığı qələbələrin şərəfinə Rəşid Yusifova "Qafqaz çempionu" fəxri adı verildi. Qeyri-rəsmi olaraq isə Rəşid Yusifova "Qafqaz Şiri" deyilməyə başladı. 1924-cü ildə Tiflis sirkində keçirilən turnirdə Rəşid Yusifov Fransalı pəhləvan, "Fransız güləşinin texniki" adlandırılan Petr Paraşek üzərində 17 saniyə ərzində inanılmaz qələbə qazandı. 1924-cü ilin mayında Rəşid Yusifov Almaniyalı güləş ustası Abek Andersonu məğlub etdi. Bu turnir zamanı Rəşid Behbudova gürcü kinorejissoru İ. Perestiani "Üç həyat", "Qaçaq Arsen" və "Tariyel Mklavadzenin işi" filmlərində rollarda iştirak etməyi təklif etdi. 1924-cü ilin sonlarında Rəşid Yusifov Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin sədri Mir Bəşir Qasımov tərəfindən Azərbaycana, Bakı sirkində fəaliyyət göstərməyə dəvət olunur. 1925-ci ildən Rəşid Yusifovun pəhləvan karyerasının Bakı dövrü başlayır. 1929-cu ildə o, Azərbaycan SSR adından Aşqabad (Türkistan MSSR) sirkində görüş zamanı məşhur fransız pəhləvan Nikolye Bredix üzərində qələbə qazanmışdır. Aşqabad sirkində Rəşid Yusifov həmçinin türkmən pəhləvanı Başkirovu və rus güləşçisi Şatskini də məğlubiyyətə uğratmışdır. 1933-cü ildə etibarən Rəşid Yusifov Moskva Dövlət Sirkinin truppasında müxtəlif qastrollarda çıxış etməyə başlamışdır. Bu zaman həmçinin rus pəhləvanı İvan Poddubnı onun məşqlərinə rəhbərlik etmişdir. 1934-cü ildən etibarən Rəşid Yusifov Türkiyəli pəhləvan Kara Yusif, Almaniyalı pəhləvan Rudolf Albert, ABŞ pəhləvanları Çembers Tsips və Frenk Qud üzərlərində parlaq qələbə qazanaraq, onları güləş zamanı məğlubiyyətə uğratmışdır. Almaniyalı pəhləvan Rudolf Alberti məğlub etməsi hətta o zamankı Rexskansler Adolf Hitleriə məruzə edilmiş və onun alman pəhləvanın məğlub olmasına ciddi qəzəbi tutmuşdur. Rəşid Yusifovun pəhləvan və güləş karyerası 1958-ci ilə qədər davam etmişdir. 1950-ci il martın 8-dən 11-nə qədər Bakı dövlət sirkində keçirilən klassik güləş üzrə yarışlarda Rəşid Yusifov 14 qələbə qazanmış, 2 oyunu heç-heçə qurtarmışdır. 1958-ci ildən etibarən peşəkar fəaliyyətini dayandırmış, əməyini güləş üzrə idmançıların hazırlanmasına sərf etmişdir. Təqaüdə çıxdıqdan sonra ölümünə qədər Bakıda yaşamışdır.
Fəxri adları
[redaktə | mənbəni redaktə et]- "Qafqaz çempionu" — 1920, Moskva
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 2 fevral 1957, Bakı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 20 aprel 1957, Bakı
- SSRİ İdman Komitəsinin Fəxri fərmanı — 1958, Moskva
- Gənclərin Ümumdünya 6-cı Festivalının Fəxri fərmanı — 1958, Moskva
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 oktyabr 1980, Bakı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Savalan Fərəcov. "Dünya şöhrətli Rəşid PƏHLƏVAN". karabakhmedia.az. 24 iyun 2016. 2016-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2016.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Məmməd Sarvan, "Ulu Borçalı" – Bakı, Elm 1998 − 370s. İSBN 5-8066-0850-6