Rasional seçim nəzəriyyəsi — Vikipediya
Rasional seçim nəzəriyyəsi — insanın iqtisadi, sosial, siyasi həyatında seçimlərini rasional bir varlıq kimi etməsinə əsaslanan nəzəriyyə. Bu nəzəriyyəyə görə insan bir rasional varlıq kimi fəaliyyətində və seçimində maksimum mənfəət əldə etməyə istiqamətlənmişdir.
RSM nəzəriyyəsinin əsasında sosial mübadilə və rasional seçim haqqında iqtisadi nəzəriyyələr durur. RSM inkişaf edərək insanın fəaliyyət göstərdiyi bütün sahələrdə onun davranışını analiz etmək və proqnozlaşdırmaq üçün universal bir paradiqmaya çevrilmişdir.
Nəzəriyyənin kökü XVIII əsrin ortaları-XIX əsrin əvvəllərinə, Şotlandiya əxlaq məktəbinin təlimlərinə söykənir. İlk dəfə olaraq onlar insanın individual rasional davranışı konsepsiyasını təklif etmiş, onunla ictimai hadisələrin izah edilməsinin məhsuldarlığına diqqəti çəkmişlər. Nəzəriyyənin başqa bir kökü kimi utilitarizm məktəbini götürmək olar. Bu məktəbin banisi C.Bentam onun əsas prinsiplərini irəli sürmüşdür. Utilitaristlər insan davranışına müəyyən növ aprior ideyalar və streotiplər əsasında baxmaqdan imtina edərək, insanın fəaliyyətinin nəticəsinə çox böyük diqqət yetirməyə başladılar.