Rza Sadıqov — Vikipediya

Rza Sadıqov
4 fevral 1960 – 6 aprel 1962
SədrMəmməd İsgəndərov
Ənvər Əlixanov
ƏvvəlkiMahmud Məmmədov
SonrakıƏsgər Orucov
6 aprel 1962 – 23 noyabr 1970
SədrƏnvər Əlixanov
Əli İbrahimov
28 yanvar 1958 – 4 fevral 1960
SədrMəmməd İsgəndərov
24 mart 1947 – 7 may 1949
SədrTeymur Quliyev
26 sentyabr 1949 – 3 noyabr 1958
ƏvvəlkiMirabutalıb Səmədov
SonrakıQurban Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1914(1914-01-17)
Doğum yeri
Vəfat tarixi 3 may 1986(1986-05-03) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri namizədi

Təltifləri "Lenin" ordeni — 1959

Rza Nəcəfqulu oğlu Sadıqov (Sadıxov) (17 yanvar 1914, Bakı3 may 1986, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1960–1962) və müavini (1947–1949, 1958–1960, 1962–1970), Azərbaycan SSR maliyyə naziri (1949–1958).

Rza Nəcəfqulu oğlu Sadıqov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olmuşdur. 1928-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra inşaat texnikumuna daxil olmuş, burada 4 il oxuduqdan sonra xüsusi orta təhsil almışdır.[1]

Rza Sadıqov bir il Masallı MTS-də inşaatçı-texnik işlədikdən sonra, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun Arxitektura fakültəsinə daxil olmuşdur. O, təhsil aldığı illərdə "Azqaz" trestinin mərkəzi kontorunda işləmiş, inşaatçı texnik, növbətçi mühəndis, texniki bölmənin rəhbəri, texniki şöbənin müdiri, təmir-tikinti şöbəsinin müdiri, direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1939-cu ildə ali məktəbi bitirdikdən sonra "Azqaz" tresti müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir.[2] 1941–1942-ci illərdə Azərbaycan Dövlət Tikinti Tresti müdirinin müavini, tikinti-quraşdırma sahəsinin baş mühəndisi, zavod tikintisi rəisi vəzifələrində çalışmışdır.[3]

Sonralar rəhbər vəzifələrdə çalışan Rza Sadıqov 1945-ci ilədək Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığında baş nəzarətçi, 1945-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komissiyası sədrinin müavini işləmişdir. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1949–1958-ci illərdə isə Azərbaycan SSR maliyyə naziri olmuşdur.[3] 1958–1960-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1960–1962-ci illərdə birinci müavini, 1962-ci ildən isə yenidən müavini vəzifələrində çalışmışdır.[4]

Rza Sadıqov 1934-cü ildən komsomol, 1941-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[1] VI çağırış SSRİ Ali Sovetinın, II, IV, V və VII çağırış Azərbaycan SSR Ali Sovetinin[3] və Bakı Sovetinin deputatı seçilmişdir.[2] O, 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş (1960–1962-ci illərdə büro üzvü), "Lenin" ordeni (1959) və medallarla təltif edilmişdir.[4]

Rza Sadıqov 3 may 1986-cı ildə vəfat etmişdir.[5] Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

  1. 1 2 Рза Нәҹәфгулу оғлу Садыгов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 272.
  2. 1 2 Рза Нәҹәфгулу оғлу Садыгов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 389.
  3. 1 2 3 Садыгов Рза Нәҹәфгулу оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 304.
  4. 1 2 Sadykhov, Rza Nadzhaf Kuliogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 534.
  5. Вышка (rus). 6 мая 1986 г. С. 4.