Samaqar noyon — Vikipediya
Samaqar noyon | |
---|---|
1271 sentyabr – 1271 noyabr | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | 28 yanvar 1296 |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Abaqa xan |
Rütbəsi | general |
Samaqar noyon və ya Cemakar (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. Samaqar noyonun adı 1271-ci ildə doqquzuncu xaç yürüşüylə kordinasiya edilmiş şəraitdə təşkil edilən Elxani hücumuna rəhbərlik edənlər sırasında çəkilir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Samaqar haqqında az şey məlumdur, lakin onun adı monqollar və səlibçilər arasında həyata keçirilən əməliyyatlar kontekstində çəkilir. 1269-cu ildə ingilis şahzadəsi Edvard (gələcəkdə I Edvard) kiçik qüvvə ilə Müqəddəs Torpaqlara doqquzuncu xaç yürüşünə başladı. O, 9 may 1271-ci ildə Akraya çatdı. Bu zaman Müqəddəs Torpaqlarda vəziyyət çox kritik idi. Belə ki Məmlük rəhbərlərindən biri olan Baybars Tripolidakı frank əsilzadəsi VI Bohemondu mühasirəyə almışdı.[1]
Samaqarın yürüşü
[redaktə | mənbəni redaktə et]Edvard Akraya gələn kimi Elxanilərin o dövrki hökmdarı Abaqa xanın yanına səfir göndərdi.[2] Edvard Elxanilərin qüvvələrindən də yararlanaraq Baybarsa hücum etməyi planlamaqda idi.[3] Abaqa xan 4 sentyabr 1271-ci ildə təklifə cavab üçün yazmış olduğu məktubda buna müsbət cavab vermişdi:[4]
Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Samaqarı) sizə yardım etməyə göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və gün barədə dəqiq qərarlar verməyinizə əmin olun. — Abaqadan Edvarda məktub, 4 sentyabr 1271
1271-ci ilin oktyabrının ortalarında Samaqarın komandanlığı altında monqol ordusu Suriyaya gəldi və Hələbdən cənuba doğru uzanan yerləri yağmaladı. Abaqa xan bu dövrdə Türküstanda da hərbi münaqişəyə girdiyi üçün yalnız 10 minlik bir dəstə göndərmişdi. Bu göndərilən ordu Anadoluda yerləşdirilmiş ordunun bir hissəsindən və səlcuqlu könüllülərindən ibarət idi.[5] Lakin monqolların hücumu xəbəri müsəlman əhalinin qorxaraq Qahirəyə qədər qaçmasına səbəb oldu. Əhalinin bu cür reaksiya verməsinin əsas səbəbi əvvəlki Kit Buğanın yürüşü zamanı baş verən hadisələr idi.[6] Monqollar Hələbi qoruyan türkmən qoşunlarını məğlub edərək, həmin şəhərdəki Məmlük qarnizonunu qaçıraraq Məərrət ən-Nöman və Apameya istiqamətində irəliləyişlərini davam etdirdilər.[5]
Monqollar qısa müddət bölgədə qaldılar və bu müddət ərzində heç vaxt Edvardın qüvvələri ilə birləşmədilər. 12 noybr 1271-ci ildə Baybars Qahirədən əks-hücuma başlayan zaman Samaqar artıq Fəratın şərqinə doğru keçmişdi. Samaqar yürüşdə olduğu zaman da heç bir zaman tam qüvvəli Məmlük ordusu ilə qarşılaşmadı. Samaqarın dönməsindən sonra Edvard da 1272-ci ilin sentyabrında İngiltərəyə döndü.[7]
Samaqar daha sonra Məmlük Sultanı Qalavuna Abaqa ilə şərtləri müzakirə etməkdə ona kömək edə biləcəyini bildirmişdi.
Çevrilişdə iştirakı
[redaktə | mənbəni redaktə et]Marko Polonun bildirdiyinə görə, Samaqar Arquna Əhməd Təkudarın girovluğundan qaçmasına kömək edən əsilzadələrdən biri olmuşdur. Buğa Noyon onu və başqalarını Arquna kömək etməyə vadar etmişdi. Nəticədə Əhməd Təkudar Arqunun ordusu tərəfindən məğlub edilmiş və 10 avqust 1284-cü ildə edam edilmişdi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Samaqarın bir oğlunun adı bəllidir. Onun oğlunun adı Ərəb olmuş və Qazan xanın hakimiyyəti dövründə Anadoluda üsyan qaldırmış Tağaçarın üzərinə göndərilən orduya rəhbərlik edənlərdən biri olmuşdur. Bu yürüş nəticəsində Tağaçar Dəlicə adlı yerdə ələ keçirildi və Azərbaycana aparılaraq edam edildi.[8]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hindley, 2004. səh. 205-206
- ↑ Richard, 1996. səh. 446
- ↑ Runciman, 1987. səh. 335
- ↑ Amitai-Preiss, 1987. səh. 98
- ↑ 1 2 Runciman, 1987. səh. 336
- ↑ Grousset, 1935. səh. 653
- ↑ Hindley, 2004. səh. 217-218
- ↑ Fisher, 1998. səh. 381
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hindley, Geoffrey. The Crusades: Islam and Christianity in the Struggle for World Supremacy. New York: Carroll & Graf. 2004. ISBN 978-0-7867-1344-8.
- R. Amitai-Preiss. ḠĀZĀN KHAN, MAḤMŪD. Encyclopaedia Iranica. 2000.
- Grousset, René. L'épopée des Croisades. Editions Perrin. 1935. ISBN 2-262-01864-2.
- Hazard, Harry W. (editor). Volume III: The Fourteenth and Fifteenth Centuries. A History of the Crusades. The University of Wisconsin Press. Kenneth M. Setton, general editor. 1975. ISBN 0-299-06670-3. ([[:Category:|link]])[[Category:]]
- Jackson, Peter. The Mongols and the West. Pearson Education Ltd. 2005. 414. ISBN 0-582-36896-0.
- Nicolle, David. The Crusades. Essential Histories. Osprey Publishing. 2001. ISBN 978-1-84176-179-4.
- Richard, Jean. Histoire des Croisades. Fayard. 1996. ISBN 2-213-59787-1.
- Jean-Paul Roux. L'Asie Centrale. Paris. 1997. ISBN 978-2-213-59894-9.
- Runciman, Steven. A history of the Crusades 3. Cambridge University Press. 1987. ISBN 978-0-14-013705-7.
- Tyerman, Christopher. God's War: A New History of the Crusades. Harvard University Press. 2006. ISBN 0-674-02387-0.
- Fisher, William Bayne. The Cambridge History of Iran, vol. 5. Cambridge University Press. 1998. ISBN 0-674-02387-0.