Simurq — Vikipediya
Simurq (fars. سيمرغ) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir.
Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir.
Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb.
Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış. O, beş yüz ildən bir uçub Misirə gedər, "Ra"nın məbədini ziyarət edərmiş. Lakin bir dəfə onun bəxti gətirmir. Məbədə çatar-çatmaz onu tutub oda atırlar. Simurq isə oddan-atəşdən qorxmur. O, dəfələrlə atəşə atılsa da yanmır, sönən odun külü içərisindən dirilib çıxır. Öldükdən sonra yenidən dirilmənin rəmzi hesab olunur. Qırx gün Misirdə qaldıqdan sonra Hindistana üz tutur.[1]
Bir başqa əfsanəyə görə isə ilk dəfə məhz Simurq quşu göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Qədim Misir mifologiyasında "Feniks" adlanan bu əfsanəvi mistik quşun gözyaşları şəfa və dərman hesab edilirdi. "Simurq" quşu bəzi mənbələrdə ilahi gözəlliyin simvolu kimi təsvir olunur. Simurq (və ya Zümrüdü-Ənqa) bütün quşların şahı sayılır və gizli (kod ad) mənalarında ilanların şahı "Şahmaran"la eyniləşdirilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. I cild. Xalq ədəbiyyatı. Tərtib edənlər: T.Fərzəliyev, İ.Abbaslı. Bakı: Elm, 1982, s.34.