Tariyel Həsənov — Vikipediya
Tariyel Həsənov | |
---|---|
Tariyel Həsənov | |
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 2005 |
Vəfat yeri | |
Elm sahələri | tarix, ilahiyyat |
Elmi dərəcəsi | tarix elmləri namizədi |
Tariyel Həsənov (1941, Poladtuğay, Sabirabad rayonu – 2005, Bakı) – şərqşünas alim, tarixçi, ilahiyyatçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tariyel Bilal oğlu Həsənov 1941-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Poladtuğay kəndində anadan olmuşdur. 1958-ci ildə Əli Bayramlıda orta təhsilini başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1962–1971-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi ərəb redaksiyasının diktoru işləmişdir. O, 1971–1987-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1966–1967-ci illərdə Yəmən Ərəb Respublikasında, 1973–1977 və 1987–1992-ci illərdə İraqda xidməti ezamiyyətdə olmuşdur.
Tariyel Həsənov İraqda SSRİ Nazirlər Sovetinin İqtisadi İnkişaf Komitəsinin müşaviri vəzifəsində işləmişdir. Ən yüksək səviyyədə danışıqlarda iştirak edən Tariyel Həsənov SSRİ Nazirlər Sovetinin sədri A. Kosiqin ilə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr arasında gedən danışıqların tərcüməçisi olmuşdur.[1]
1992-ci ildən ömrünün sonuna kimi Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin baş müəllimi işləmişdir.[2]
Tariyel Həsənov 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tariyel Həsənov 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. İraqın müasir tarixinə və İslam dini məsələlərinə dair bir monoqrafiyanın, otuzdan çox məqalənin, bir neçə əlyazmanın, habelə Quranın ərəbcədən tərcüməsinin müəllifidir.[2] - Qurani-Kərim (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi) BAKI - GÖYTÜRK - 2000[3]
Tariyel Həsənov uzun illər Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Akademik Vasim Məmmədəliyev alim haqqında yazmışdır: "Tariyel Həsənov Azərbaycan ərəbşünaslığının sayılıb-seçilən nümayəndələrindən biridir… Onun ərəbcəsi çox qüvvətli, tələffüzü əla idi…"[4]
İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154–1191) "Filosofların görüşləri" traktatını AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında çap edilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti 2 aprel 1991-ci ildə Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar qərar (№ 9/11) qəbul etmişdir. Bu qərara əsasən Təşkilat Komitəsinin sədri akademik Fuad Qasımzadə, sədr müavini Zakir Məmmədov, elmi katib Tariyel Həsənov olmuşdur.[5]
Akademik Ziya Bünyadovun tərcümə etdiyi Məhəmməd Füzulinin "Mətlə əl-etiqad" fəlsəfi kitabının redaktorları Tariyel Həsənov və Zakir Məmmədov olmuşlar.[6]
Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsinin 2006-cı ildə çap edilən bir sayı Tariyel Həsənova ithaf edilmişdir.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "HEYDƏR ƏLİYEV- "TARİYELLƏ İŞİNİZ OLMASIN. O MƏNƏ GƏRƏKDİR."". 2016-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ 1 2 Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.9
- ↑ "Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)". 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Vasim Məmmədəliyev. Unudulmaz dost. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh. 11–12
- ↑ Aytək Zakirqızı. Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il
- ↑ Məhəmməd Füzuli. "Mətlə əl-etiqad". Tərcümə edən: Ziya Bünyadov. Bakı, 1987
- ↑ Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.9
- Vasim Məmmədəliyev. Unudulmaz dost. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.11–12
- Aytək Zakirqızı. Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il
- Abdullah Kahraman. Editörün notu. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh. 7–8