Yaqub İsmayılov — Vikipediya

Yaqub İsmayılov
16 yanvar 1962 – 15 noyabr 1978
ƏvvəlkiTofiq Əhmədov
SonrakıCavanşir Hüseynov
Bayraq
Azərbaycan SSR tikinti naziri
İkinci bayraq
8 may 1959 – 16 yanvar 1962
ƏvvəlkiNurulla Ağayev
SonrakıMəmmədəli Abbasov
Bayraq
Azərbaycan SSR tikinti nazirinin birinci müavini
İkinci bayraq
1957 – 1959
NazirNurulla Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 21 noyabr 1916(1916-11-21)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1983(1983-10-03) (66 yaşında)
Vəfat yeri

Yaqub Abbasəli oğlu İsmayılov (21 noyabr 1916, Yelizavetpol3 oktyabr 1983, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1962–1978), Azərbaycan SSR tikinti naziri (1959–1962).

Yaqub Abbasəli oğlu İsmayılov 21 noyabr 1916-cı ildə Gəncə şəhərində anadan olmuşdur.

1930-cu ildə yeddiillik məktəbi uğurla bitirən Yaqub İsmayılov təhsilini Gəncə Sənaye texnikumunda davam etdirmişdir. 1935-ci ildə texnikumu btirdikdən sonra texnikum rəhbərliyinin göndərişi ilə Tbilisi Sənaye İnstitutuna göndərilmiş və 1941-ci ildə Tbilisi Sənaye İnstitutunun inşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

SSRİ Aviasiya Sənayesi Nazirliyinin təyinatı ilə Bakıya, Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində olan "Azərdövləttikinti" trestinin sərəncamına göndərilən Yaqub İsmayılov 1941–1954-cü illər arasında bu trestdə iş icraçısı, istehsalat-texniki şöbəsinin rəisi vəzifələrində çalışaraq trestin baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdir.

O, 1954-cü ildə Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə əvvəlcə texniki şöbənin rəisi, sonra isə nazir müavini vəzifəsinə təyin edilmiş və burada 1956-cı ilə kimi çalışmışdır.

Yaqub İsmayılov 1956-cı ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə yeni təşkil olunan "Bakıbaştikinti" İdarəsinin baş mühəndisi, 1957-ci ildə Azərbaycan SSR Tikinti Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.

1959-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycan SSR tikinti naziri təyin olunan Yaqub İsmayılov 1962-ci ilə kimi bu vəzifədə çalışmışdır.

1962-ci ildə Yaqub İsmayılov çox mühüm bir sahəyə — respublika üzrə inşaatda texniki siyasəti müəyyən edən bir quruma — Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinə sədr təyin olunmuş və 1978-ci ilədək-16 il bu vəzifədə çalışmışdır.

Yaqub İsmayılov Azərbaycan Kommunist Partiyasının XXV, XXVI, XXVII və XXVIII qurultaylarının nümayəndəsi və Azərbaycan KP MK-nın Təftiş Kommissiyasının üzvü olmuşdur. Dəfələrlə Bakı şəhər Sovetinin deputatı olmuş və VI, VII, VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Yaqub İsmayılov 1978-ci ildə, 62 yaşında olarkən səhhəti ilə əlaqədar təqaüdə çıxmış və bir neçə ay aktiv fəaliyyətdən uzaqlaşsa da ancaq o, elmi fəaliyyətini davam etmək qərarına gəlmiş və 1981-ci ildə keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Bakı şəhərində fəaliyyət göstərən "Beton və dəmir-beton" elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

1983-cü ilin oktyabrın 3-də Yaqub Abbasəli oğlu İsmayılov 67 yaşında vəfat etmiş və 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdir.[1]

  1. "Arxivlənmiş surət". 2017-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.