Zaqafqaziya Seyminin Müsəlman fraksiyası — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası — Zaqafqaziya seymində Azərbaycanı təmsil edən fraksiya. 1918-ci il fevralın 23-də təşkil olunmuş, həmin il mayın 26-da Zaqafqaziya seyminin buraxılması ilə fəaliyyəti sona çatmışdır. 1918-ci ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukrurunun yaradılmasını qərara aldı. Bu vəzifəni 1918-ci il fevralın 23-də ilk sessiyasını keçirən Zaqafqaziya seymi öz üzərinə götürdü.[1]
Müsəlman partiyalar
[redaktə | vikimətni redaktə et]Zaqafqaziya seymində dörd müsəlman partiyası -Müsavat və ona qoşulan demokratik bitərəflər qrupu (bu qrup müsəlman ictimai xadimlərindən ibarət idi və müsəlman milli komitələri, müxtəlif mərkəzlər tərəfindən Müsavat Partiyası ilə eyni siyahıda irəli sürülüb seçilmişdilər),"Müsəlman Sosialist Bloku", Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət (menşevik) partiyaları təmsil olunmuşdu:
- Müsavat və demokratik bitərəflər qrupu — Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmməd Həsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Qazı Əhməd bəy Məmmədov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlik-Yeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firidun bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər Mahmudbəyov, Yusif Əfəndizadə, Mirzə Cəlal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə;
- Müsəlman Sosialist Bloku - İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır bəy Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov;
- Rusiyada müsəlmanlıq "İttihad" - Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu bəy Məmmədbəyli;
- Müsəlman Sosial Demokrat (menşevik) Partiyası "Hümmət" — Cəfər Axundov, İbrahim Əbilov, Əkbər Ağa Şeyxülislamov və Səməd ağa Ağamalıoğlu.[1]
Partiyaların bu siyahısı Seymin 1918-ci il 28 fevral tarixli iclasmda təsdiq olunmuşdu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edilmiş, bir partiyadan digərinə keçmək halları qeydə alınmışdı. Hümmətçi menşeviklər isə gürcü fraksiyasına daxil olmuşdular.
Bütün partiyaların ümumi razılığı ilə "Müsavat fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti müsəlman fraksiyalarının birləşmiş iclaslanın rəyasət heyəti kimi qəbul edilmişdi: Məhəmməd Əmin Rəsulzadə (sədr), Məmməd Yusif Cəfərov və Nesib bəy Yusifbəyli (sədrin müavinləri), Mustafa Mahmudov və Rəhim Vəkilov (katiblər), Mehdi bəy Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər).
Müsəlman fraksiyanın fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Müsəlman fraksiyası, gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq fəaliyyət göstərməsinə baxmayaraq, mühüm məsələlərin müzakirəsində öz qətiyyəti və sabit siyasi mövqeyi ilə seçilirdi. Fraksiyanın əsas diqqəti cənub-qərbi Qafqazda cərəyan eden proseslərə yönəlmişdi. Fraksiya Qars və Ərdəhanda müsəlmanların kütləvi qətlləri haqqında məlumatlar alırdı. Axalsıx, Axalkələk və Borçalıda milli zəmində toqquşmalar baş verirdi. Erməni-yunan və gürcü birləşmələri Salhidə və Qalistavada müsəlmanlara qarşı zorakılıqlara yol verirdilər. Qafqaz müsəlmanları bütün ümidlərini Müsəlman fraksiyasına bağlamışdılar. Seymin bu prosesleri nizamlamaq imkanları məhdud idi. Müsəlman fraksiyasının sərencamında isə hərbi qüvvə yox idi. Bununla belə, Müsəlman fraksiyası Seymin iclaslarında Qafqaz müsəlmanlarının maraqlarını təmin etmək uğrunda səylə mübarizə aparırdı. Qərb dövlətləri Müsəlman fraksiyası ilə əlaqələr yaratmağa cəhd göstərirdilər. Lakin fraksiya liderləri dərk edirdilər ki, öz maraqlarını güdən Qərb dövlətləri ilə əlaqələr Qafqazın müsəlman əhalisini təhlükəli vəziyyətə sala bilər. Onlar, ilk növbədə, Qafqaz müsəlmanlarının digər siyasi qüvvələri ilə əlaqələr yaratmağı zəruri hesab edirdilər. Bu məqsədlə şimali Qafqazı təmsil edən Heydər Bammat, Əbdülməcid Çermoyev və başqaları ilə görüşlər keçirilmiş, Qafqazdaxili milli münasibətlərə və xarici təhlükə məsələlərinə dair danışıqlar aparılmışdı. Lakin Müsəlman fraksiyası federativ dövlətin tərkibində olduğu üçün separat danışıqlara meyl etmirdi. Hətta Türkiyə ilə danışıqlarda da fraksiya Cənubi Qafqazın federativliyini nəzərə alırdı. Lakin gürcülər və ermənilər öz milli maraqlarını ümumqafqaz maraqlarından üstün tuturdular. Zaqafqaziya seyminin Batum haqqında Türkiyənin ultimatumu ilə bağlı təcili iclasında E.Gegeçkori, İ.Sereteli, X.Karçikyan, Y.Semyonov və digərləri öz çıxışlarında müqavimət göstərməyi, əslində, Türkiyəyə rəsmən müharibə elan olunmasını tələb edirdilər. Müsəlman fraksiyası isə müharibənin əleyhinə idi. Məhəmməd Əmin Rəsulzadə yazırdı:
Seymdə müsəlmanlarını bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. |
Seymin Türkiyə ilə Trabzonda apardığı sülh danışıqlarında (bax Trabzon konfransı) Müsəlman fraksiyasından Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, İ.Heydərov, M.Y.Mehdiyev, Ə.Şeyxülislamov iştirak edirdilər. Azərbaycan nümayəndələri Türkiyə ilə müharibəyə razı olmadıqlarını bildirdilər. Müsəlman fraksiyası adından Seymdə çıxış edən M.Y.Mehdiyev bildirdi ki, Zaqafqaziya öz müstəqilliyini elan etməsə, Müsəlman fraksiyası sülh danışıqlarını müdafıə etməyəcək. Xəlil bəy Xasməmmədov Batumun Türkiyəyə güzəştə gedilən ərazilərin siyahısından çıxarılmasını təklif etdi. O, Bakı neft kəmərinin son məntəqəsi olan Batumun Cənubi Qafqazın tərkibində saxlanmasını Azərbaycan neft sənayesinin mənafeyinə uyğun sayırdı.[1]
Qətnamə
[redaktə | vikimətni redaktə et]Türkiyə ilə müharibənin əleyhinə olan Müsavat və demokratik bitərəflər qrupu və ittihadçılar birgə qətnamə qəbul etdilər. Qətnamədə deyilirdi ki, Müsavat Firqəsi, demokratik bitərəflər qrupu və İttihad Partiyası Türkiyə ilə müharibənin Zaqafqaziya demokratiyası və onun daxili həyatı üçün ağır nəticələr verə biləcəyini əsas tutaraq, onun məsuliyyətini öz üzərinə götürmür. Erməni və gürcülər dini nifaq salmaq məqsədilə şiə azərbaycanlıların uzun bir tarixi dövrdə sünni türklərə qarşı döyüşdüyünü xatırlatsa da, bunun əhəmiyyəti olmadı. Hadisələrin sonrakı inkişafı Müsəlman fraksiyasının aparıcı qüvvələrinin düzgün mövqe tutduğunu sübut etdi. Xüsusilə erməni-daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törətdiyi soyqırımlarından sonra Türkiyəyə qarşı müharibədə iştirak etmək Azərbaycan üçün acınacaqlı nəticələrə gətirib çıxara bilərdi.[1]
Müharibə haqqında qərar
[redaktə | vikimətni redaktə et]Müsəlman fraksiyasının Türkiyə ilə müharibə əleyhinə mövqeyi Seymi öz fikrindən döndərə bilmədi. Seym 13 aprel tarixli iclasında müharibə haqqında qərar çıxardı. Ölkədə hərbi vəziyyət elan edildi. Seymin fəaliyyəti iki həftəliyə donduruldu. Həmin iclasda hərbi vəziyyətlə əlaqədar yaradılmış Ali Müdafiə şurasında Azərbaycan təmsil edilməmişdi. Bu, Müsəlman fraksiyasının müharibə əleyhinə olmasından daha çox onların hadisələrin gedişinə təsir imkanlarını aradan qaldırmaq məqsədi güdürdü. Seymin iclaslarının keçirilməməsi isə Müsəlman fraksiyasının tamamilə təcrid edilməsilə nəticələndi. Müsəlman fraksiyasının aprelin 13-də keçirilən iclasında çıxış edən Heybətqulu bəy Məmmədbəyli bildirdi ki, hökumət və Seym bu addımı ilə müsəlmanlarını hüquqlarını tapdalayır, belə olduqda ermənilər və gürcülərlə işləmək mümkün deyil. O, Seymin tərkibindən çıxaraq, Qafqazın çeçen və inguş nümayəndələrini bir yerə toplayıb onların gələcək taleyi barədə düşünməyi təklif etdi. Lakin Məmməd Yusif Cəfərov sülh nümayəndələri Trabzondan qayıdana qədər Seymin tərkibindən çıxmaq məsələsini müzakirədən çıxarmağı məsləhət gördü. O, həmçinin bildirdi ki, müharibə ilə bağlı milli münasibətlərin kəskinləşdiyi bir vaxtda müsəlmanlar bütün hakimiyyətin hərbi kollegiyanın əlində cəmlənməsi ilə barışmayacaqlar.[1]
Seymin fəaliyyəti haqqında qərar
[redaktə | vikimətni redaktə et]Həsən bəy Ağayev isə hesab edirdi ki, fövqəladə səlahiyyətli hərbi kollegiyanın yaradılması müsəlmanları ağır vəziyyətə salacaq və bundan yaxa qurtarmaq üçün kollegiyaya hansı hüquqların verildiyi qabaqcadan aydınlaşdırılmalı, bu orqanla yanaşı, seym də fəaliyyət göstərməlidir. Fraksiya bütün vasitələrlə Seymin fəaliyyətinin dayandırılmasına yol verməmək haqqında qərar qəbul etdi.[1]
Bakı məsələsi
[redaktə | vikimətni redaktə et]Seymdə Bakı Xalq Komissarları Sovetinə qarşı mübarizə məsələləri müzakirə edildikdə daşnak nümayəndələri Müsəlman fraksiyası ilə razılığa gəlməyib "bitərəf olduqlarını elan etmişdilər. şübhəsiz, bu qərar Stepan Şaumyanın Bakıda başçılıq etdiyi Xalq Komissarları Sovetinin onların mənafeyinə uyğun olmasından irəli gəlirdi. Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımından sonra özlərini şəhərin əsl sahibləri kimi aparan erməni-bolşevik güruhunun özbaşınalıqlarına Zaqafqaziya seyminin etinasız münasibəti də Müsəlman fraksiyasının ciddi etirazına səbəb oldu. Müsəlman fraksiyası Seymdən müsəlman əhalisini müdafiə etmək üçün Bakıya qoşun yeritməyi tələb etdi. 1918 il aprelin 3-də Seymin Bakı hadisələrinə həsr olunmuş iclasında Fətəli xan Xoyski bildirdi ki,
...müsəlman əhalini müdafiə etmək üçün tədbirlər görülməsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar. |
Fətəli xan Xoyski Seymin aprelin 7-də və 17-də keçirilən iclaslarında da Zaqafqaziya hökuməti qarşısında məsələni kəskin qoydu:
Bakı məsələsi respublikanın olum vəya ölüm məsələsidir. |
Müsəlman fraksiyasının təkidi ilə aprelin 22-də Seymin geniş iclası keçirildi və müstəqil, demokratik, federativ Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul edildi. Yeni Zaqafqaziya hökumətinə Müsəlman fraksiyasından X.Məlik-Aslanov, Fətəli xan Xoyski, N.Yusifbəyli, Məmmədhəsən Hacınski, İ.Heydərov daxil oldular.[1]
"Bakı məsələsini" Seymin gücü ilə həll etmək cəhdlərinin əbəs olduğunu görən Müsəlman fraksiyası yeganə çıxış yolunu Osmanlı qoşunlarının çağırılmasında gördü.Zaqafqaziya seyminin sonunun yaxınlaşdığını, habelə Türkiyəyə olan meylin artdığını hiss edən daşnak liderləri Bakı Sovetinə olan "bitərəf" münasibətlərini bəzi şərtlər daxilində dəyişməyə hazır olduqlarını Müsəlman fraksiyasına təklif etdi. Bu şərtlər Bakıda gələcək hökumətin təşkilində onların iştirakının təmin edilməsi, habelə erməni hərbi hissələrinin Bakıda saxlanılmasından ibarət idi. Seymin daşnak fraksiyası bu şərtlərin qəbul ediləcəyi halda Bakı Sovetinin buraxılmasını öz öhdəsinə götürürdü. Lakin Müsəlman fraksiyası bu şərtləri qəti surətdə rədd etdi. Mayın 6-da Müsəlman fraksiyasının birgə iclasında Fətəli xan Xoyski fövqəladə bəyanat verərək, bu şərtlərlə bağlı kəskin etirazını bildirmişdi.
Nəsib bəy Yusifbəyli daşnaklarını , qeyri-səmimi tələblərinin mehriban qonşuluq şəraitində yaşamaq arzusundan deyil, daha çox Türk ordusunun Azərbaycana yaxınlaşmasından irəli gəldiyini göstərmişdi. O qeyd edirdi ki,
Bakıda və ümumilikdə, Şərqi Zaqafqaziyada bütün hakimiyyət müsəlmanlara məxsus olmalıdır, biz Bakını müvəqqəti olaraq itirmişiksə də, lakin onu bütövlükdə və əbədi olaraq qaytarmaq üçün hər şeyi etməliyik, ikinci yol yoxdur, ya hamısı, ya da heç nə. |
Zaqafqaziya seymi ilə Türkiyə arasında Batumda davam etdirilən danışıqlarda Azərbaycanı Müsəlman fraksiyasının üzvləri Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski təmsil etmişdi. Konfransda Almaniya nümayəndələri ilə separat danışıqlar aparan Seymin gürcü fraksiyası Gürcüstanın Federativ Zaqafqaziya Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı. Mayın 25-də Seymin müsəlman fraksiyasının 458-ci iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi vəziyyətin dəyişilməsi ilə əlaqədar olaraq oxunmuş rəsmi bəyanatda deyilirdi ki, Zaqafqaziya seyminin gürcü fraksiyası, gürcü sülh nümayəndə heyətinin üzvləri Batumda gizli danışıqlar aparır, ayrılmağa və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşırlar.[1]
Müsəlman fraksiyasının bununla bağlı qəbul etdiyi qətnamədə göstərilirdi ki, "Gürcüstan öz müstəqilliyini elan etdiyi halda, biz də öz tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik". Daxili ziddiyyətlərin kəskinləşməsi, həmçinin xarici amillərin təsiri nəticəsində Seym dağıldı. 1918 il mayın 27-də artıq keçmiş Seymin Müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı və Müvəqqəti Milli Şura yaratmaq qərara alındı.
Zaqafqaziya seymindəki Müsəlman fraksiyasının bütün fəaliyyəti taleyüklü məsələlərdə Azərbaycan xalqının maraqlarını qorumaqdan ibarət olmuşdur. Zaqafqaziya seyminin Müsəlman fraksiyası gələcək müstəqil dövlətin — Azərbaycan Xalq Cümhuriyyətinin idarə olunması, minillik qədim dövlətçilik ənənələrinin bərpası üçün mühüm təcrübə məktəbi keçdi.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
- İsgəndərov A., Azərbaycan Xalq Cümhuriyyəti, B., 2003.