Çuxa — Vikipediya
Çuxa — kişi üst geyimlərindən biri.
Haqqında
[redaktə | vikimətni redaktə et]Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur.
Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir.
Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur. Çərkəzi çuxanın uzunluğu müxtəlifdir: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olur. Çuxanı mahuddan və ya şaldan tikirlər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirlər.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Çuxa – Oğuzlar arasında "çuqa", "çuğa", yaxud "cuğa" adı ilə bəlli olan bu geyim tipinin adı qədim türk dillərində "mahud" mənasını bildirən "çoha" istilahının danışıq dilində səs dəyişməsindən yaranmışdır. Digər türk xalqları kimi, görünür, oğuzlar da çuxanı ilk vaxtlar yundan toxunmuş mahuddan tikirmişlər. Parçanın adı geyim tipində öz ömrünü yaşatmışdır. Kitabi Dədə Qorqud dastanlarına əsasən əsasən kişi üst geyim tipi kimi təqdim edilən çuxa biçim üsuluna və tikiş texnikasına görə əsrlər boyu elə bir ciddi dəyişikliyə uğramamışdır. Zəmanəmizədək gəlib çatmış çuxalar kimi, oğuzların da çuxası gövdə (əyin), qol və ətək olmaqla üç hissədən ibarət biçilib tikilirmiş.
Rəqs ansambllarının milli geyim formasında özünə yer tapan çuxanın ətəyinin formasına görə, "kəmər çin" (büzməli) və "kahlı" (taxtalı) olmaqla, iki əsas növü geniş yayılmışdır. Oğuz boylarında adi çuxa ilə yanaşı, Bayındır xana hədiyyə olaraq ayrılan "toquzlama çuğa"dan, yaxud bəzəkli "çırğab çuxa"dan bəhs olunur: "Bir yigit olsa, dirisi xəbərin gətürsə, çırğab çuxa, altun-aqça verərdim": yaxud: "Quşun ala qatını, qumaşın arusını, qızın gögçəgini, doquzlama çırğab çuxa xanlar xanı Bayındıra pəncik çıqardılar". Xan üçün hədiyyə, bəxşiş məqsədilə ayrılan bəzəkli çuxa doqquz "taxta"dan (kahdan) ibarət biçilib tikilirmiş. Çuxanın bu növü, yəni ətəyi doqquz kahdan ibarət olan çuxa Azərbaycanın Şirvan bölgəsində yaxın keçmişədək qalmaqda idi.
Kitabi Dədə Qorqud dastanlarında cübbə və çuxanın həm də qadınlara məxsus geyim tipi olduğu anlaşılır: "Böylə digəc qız tanıdı – bildi kim, Beyrəkdir. Cübbəsiylə- çuxasıyla Beyrəgin, ayağına düşdi".
Zəmanəmizədək gəlib çatmış çuxa növləri arasında "düzyaxa", "oyma-yaxa", "atmaqol" çuxalar, hətta odlu silah meydana çıxandan sonra "vəznəli" çuxa geniş yayılmışdır. Oğuzlar arasında dəbdə olmuş çuxa formaları ilə bunların arasındakı tipoloji oxşarlığı izləmək üçün mövcud materiallar imkan vermir.
Çuxanın mənşəyindən bəhs edən mütəxəssislərin bir qismi onun bürüncəkdən bəziləri isə uzun ətəkli kişi xalatından meydana gəldiyini və e.ə. V əsrin arxeoloji materialları ilə səsləşdiyini ehtimal edirlər.
Qalereya
[redaktə | vikimətni redaktə et]- Aleksandr Düma çuxa geyimində
- Məşədi Süleyman bəy Mansurovun oğulları Bəhram və Nadir Mansurovla
Mənbə
[redaktə | vikimətni redaktə et]- "Kitabi-Dədə Qorqud Ensiklopediyası", II cild. Bakı,2004.
- ↑ "Azərbaycan milli geyimləri". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Mədəniyyət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |