İmam Səraxsi — Vikipediya

İmam Səraxsi
ərəbcə: أبوبكر محمد بن أحمد السرخسي
Doğum tarixi 1009
Doğum yeri
Vəfat tarixi 1090 və ya 1096
Vəfat yeri
Fəaliyyəti fəqih

Əbu Bəkr Şəmsul-Əimmə Məhəmməd ibn Əhməd ibn Əbi Səhl Səraxsi (ərəbcə: أبوبكر محمد بن أحمد السرخسي), (1009, Sərəxs, Rəzəvi Xorasan ostanı1090 və ya 1096, Yeni Mərgilan) — Hənəfi məzhəbinin böyük fiqh alimi.[1]

Həyatı və Təhsili

[redaktə | vikimətni redaktə et]

İslam alimlərinin məşhurlarından biri olan İmam Səraxsinin adı, Məhəmməd ibn Əhməd ibn Əbi Səhl Səraxsidir. Ləqəbləri "Əbu Bəkr" və "Şəmsül-Əimmə"dir. Türkistanda yetişən İslam alimlərindən olub, 1010-cu ildə Səraxsda dünyaya gəlmişdir. 1090-cı ildə vəfat etmişdir. Ona Səraxs şəhərinə izafədən Səraxsi deyilmişdir. Səraxs şəhəri, Türkmənistanda Məşhəd ilə Mərv arasında köhnə bir şəhər olub, bu gün İran və Türkmənistan sərhədi üzərindədir.[1]

Əbu Bəkr Səraxsi təhsilini Buxarada aldı. Fiqh elmini zamanının ən məşhur alimlərindən olan Şəmsül-Əimmə Əbu Məhəmməd Əbdüləziz ibn Əhməd Hulvanidən öyrəndi. Uzun illər bu müəlliminin dərslərinə davam edib, fiqh elmində çox yaxşı yetişdi. Bu şəxsdən başqa, digər alimlərdən də dərs aldı. Dövlətlər hüququ barəsində alim və bu barədə imamı İmam Məhəmməd əş-Şeybani tərəfindən yazılan əsərlərdə mütəxəssis olan Əbu Həsən Əli ibn Məhəmməd bin Hüseyndən və Əbu Hafs Ömər ibn Mənsur əl-Bəzzardan dərs almışdır.[1]

İmam Səraxsinin ən başda gələn müəllimi Şəmsül-Əimmə Hulvani Buxarada məşhur Hənəfi məzhəbi alimlərindən idi. Elmiylə, yaşayışıyla, tələbə yetişdirməsi ilə insanlığa çox xidmət edən bu müəllimindən sonra onun yerinə keçdi, elmdəki üstünlüyündən ötəri Səraxsiyə də Şəmsül-Əimmə (alimlərin, imamların günəşi) ləqəbi verilmişdir.[1]

İmam Səraxsi, kəlam və münazərə elmində də alim olub,[2] çox ibadət edən zahid bir şəxs idi. Ömürü elm öyrənmək, öyrətmək və dinə xidmət etməklə keçmişdir. Bu barədə çox çətinliklərə dözmüş və çox mükəmməl əsərlər yazmışdır. Osmanlı şeyxül-islamı Kamalpaşazadə, Səraxsinin müctəhid fil-məzhəb təbəqəsindən (Məzhəbdə müctəhid) olduğunu bildirmişdir.[1]

Həbs edilməsi

[redaktə | vikimətni redaktə et]

İmam Səraxsinin həyatında əhəmiyyətli və çətin bir dövr olmuşdur. Bu dövr, çox sürən həbs həyatıdır. Zamanın xaqanı Şəmsmülk Nəsr xana nəsihət etmiş, nəsihətləri xaqanın xoşuna gəlmədiyindən Şəmsmülk Nəsr xan tərəfindən həbs edilmişdir.[3] Atıldığı həbsxanada bir quyuya bağlanmışdır. Uzun müddət, həbs edildiyi quyuda qalmışdır. Dibində otaq kimi kiçik bir yer olan bu quyuda belə elmi işlərini davam etdirmişdir. Yanında heç bir kitab yox idi. Lakin o, on iki min cüz kitabı əzbərləmişdi. Tələbələrinə, bu quyudaykən dərs verdi. Tələbələri quyunun başına toplanar, o da aşağıdan onlara dərs verərdi. Otuz cildlik "Məbsut" adlı məşhur əsərini, bu həbsliyi əsnasında, quyunun içindən çöldə olan tələbələrinə söyləmək surətiylə yazdırmışdır. Bu kitabı yazdırarkən heç bir qaynağa müraciət etməmiş, daha əvvəl öyrənmiş və əzbərləmiş olduğu məlumatlarla yazdırmışdır.[4]

İmam Səraxsi bir dəfə, soyuq səbəbi ilə elm oxumaq üçün dəstəmaz almayan tələbəsinə belə dedi:

"Allahu Təala səni bağışlasın. Bu qədər soyuq səbəbiylə dəstəmaz almaqdan imtina edilərmi? Mən Buxarada tələbəykən, bir gün qarın ağrısına tutulmuşdum. Gündə qırxa qədər tualetə getməyə məcbur qalırdım. Hər dəfə dəstəmazı təzələmək üçün çaya gedirdim, elə soyuq idi ki, otağıma gəldiyimdə mürəkkəbim donmuş olurdu. Sonra mürəkkəb qabını bir müddət sinəmə sürtürdüm və sinəmin hərarəti onu əridincə, qeydlərimi yazmağa davam edirdim."[4]

Həbsinin son aylarında, məmləkəti vətəndaş müharibələri ilə qarışmışdı. Bu aralar, İmam Məhəmməd əş-Şeybaninin dövlətlərin ümumi hüququ ilə əlaqədar "Siyəri-Kəbir" adlı əsərini şərh etməyə başladı. Bu kitabı, dövlətlər hüququ sahəsində yazılan ilk əsərdir. 1087-ci il Rəbiül-əvvəlin 20-də həbsdən çıxarıldı.[5] Həbsdən çıxaıldıqdan bir müddət sonra Fərqanəyə getdi. Fərqanə əmiri Əmir Həsən onu böyük bir məmnuniyyətlə qəbul etdi. Son illərini Fərqanədə keçirən Səraxsi, orada da alimlər və xalq tərəfindən çox sevilmiş, əhəmiyyətli məsələlər üçün müraciət qaynağı olmuşdur.[4]

İmam Səraxsidən Burhanul-Əimmə Əbdüləziz ibn Ömər ibn Mazə, Mahmud ibn Əbdüləziz Özcəndi, Rüknüddin Məsud ibn Həsən, Osman ibn Əli ibn Məhəmməd Beykəndi fiqh elmini öyrənmişlər.[1]

İmam Sərxasinin əsərləri bunlardır:[4]

1. Kitabul Məbsut — 30 cildlik məşhur əsəridir. Fiqh elminə dairdir. Allamə Tarsusi demişdir:

"Səraxsinin "Məbsut"u elə bir kitabdır ki, onun müxalifi ilə əməl edilməz. Ancaq ona etibar edilir və onunla fətva verilər."

2. Əşratüs-saat. Bu əsərini tələbəliyi əsnasında müəllimi Şəmsül-Əimmə Hulvaninin qiyamət əlamətləri ilə əlaqədar dərsləri əsnasında tutduğu qeydlərdən yazmışdır.

3. Şərhi Ziyadat-üz-ziyadat.

4. Şərhi Məscidül-Kəbir.

5. Şərhi Məscid-əsas-sağir.

6. Şərhül-müxtəsər fil-fiqh.

7. Şərhi Siyəri Kəbir — İmam Məhəmməd əş-Şeybaninin "Siyəri Kəbir" adındakı məşhur əsərinə yazdığı şərhidir.

8. Müxtəsəri Təhavi şərhi.

9. Şərhi kitabün-nəfəqat.

10. Şərhi Ədəbül-Qazi.

11. Fəvaidül-fiqhiyyə və kitabül-hayz.

  1. 1 2 3 4 5 6 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 216. ISBN 978-9952-489-89-7.
  2. İbn Fəzlullah, əl-Öməri. Məsalikul Əbsar, cild VI (ərəb). 65–66.
  3. əl-Mərcani, Şəhabəddin. Qurfətul Havəkin (ərəb). 27.
  4. 1 2 3 4 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 217. ISBN 978-9952-489-89-7.
  5. Şərhi Siyəri Kəbir (ərəb). Qahirə: nəşr edən: Səlahəddin əl-Munəccid. 1959.