Əmir İsfahan — Vikipediya
Əmir İsfahan | |
---|---|
fars. اسپند میرزا | |
| |
1432 – 1445 | |
Əvvəlki | Şahməhəmməd |
Sonrakı | Fulad Mirzə |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Qara Yusif |
Uşağı | Fulad Mirzə |
Dini | islam |
Əmir İsfahan — Qara Yusifin Pirbudaqdan sonra 2-ci oğludur, Qara İsgəndərin anabir qardaşıdır. 1433–1445-ci illərdə Bağdad hakimi olmuşdur.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1410-cu ildə Sultan Əhməd Cəlayır ilə döyüşdə iştirak etmiş və Qaraqoyunlu ordusunun sol qoluna başçılıq etmişdir.[2] 1420-ci ildə Qara Yusif Teymuri sultan Şahruxu qarşılamaq üçün Təbrizdən hərəkətə başlayanda, Əmir İsfahan Ədilcəvazda hakim idi, lakin atasına qoşunla yardım göstərmədi.[3] Qara Yusifin ölümündən sonra əvvəlcə Naxçıvana sonra Çuxursəədə çəkildi. Burada Səəd tayfası onu hakimiyyət üçün namizəd elan etdilər və Qara Yusifin xəzinəsi də Əmir İsfahanın əlinə keçdi.[4]
Şahrux tərəfindən əmr verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik 20 min süvari ilə Əmir İsfahanın ələ keçirilməsi üçün Naxçıvan və Səlmatu tərəfə hərəkət etdilər. O əsnada İsfahanın elçiləri Şahruxun düşərgəsinə gəlib tabelik bildirdilər. Bundan sonra Şahrux onların üzərinə hücumu dayandırdı.[5]
Qardaşı İsgəndərin Qaraqoyunlu torpaqlarındakı hakimiyyəti yenidən bərpa etməsi Şahruxun Azərbaycana yeni yürüşünə gətirib çıxardı. 1421-ci ildə baş vermiş Alaşkerd döyüşündə Əmir İsfahan Qaraqoyunlu qoşununun sol cinahına başçılıq edirdi. Döyüşdə Qaraqoyunlu ordusu məğlubiyyətə uğradı. Qara İsgəndərdən ayrılan Əmir İsfahan Şahruxun Xorasana dönməsindən istifadə edərək, Naxçıvan və Təbrizi ələ keçirdi və müstəqil hakimiyyətə başladı.[6]
İraq hakimliyi dövrü
[redaktə | mənbəni redaktə et]İsfahan Azərbaycanda olarkən Qara İsgəndər Tovuq və Kərkükdə idi. O, bu xəbəri eşitdikdə Təbriz tərəfə hərəkət etdi. Əmir İsfahan qardaşına müqavimət göstərməkdən çəkinərək Ərzuruma və Avnik qalasına çəkildi. 1433-cü-cu ildə Hilləyə hərəkət edərək şəhəri tutdu və şəhər hakimi Əhməd Cəlayırın qardaşı Sultan Hüseyni öldürdü.[7]
Şahməhəmmədlə mübarizəsi
[redaktə | mənbəni redaktə et]Qara Yusif 1420-ci ildə Teymuri Şahruxun yürüşünü qarşılamaq üçün səfərdə ikən vəfat etdi. Şahməhəmməd atasının ölüm xəbərini eşitdikdən sonra Naxçıvana yollandı, güman edilirdi ki, o, özünü yaxınlaşan taxt mübarizəsi üçün hazırlayırdı. Lakin gözlənilənlərin əksinə o, bu iddiadan imtina etdi və atasının çadırını yağmalayan, cəsədini hörmətsizlik edən əmirləri qəbul etməkdən imtina etdi. Qara yusifin ölümü zamanı onun qardaşları Əmir İsfahan və İsgəndər uyğun olaraq Kərkük və Adilcəvazda idi. Şahməhəmməd öz oğlu Şahəlinin üsyanına görə geri dönməyə məcbur oldu. Eyni zamanda 1421-ci ildə Əmir İsfahan da Ərəb İraqının işğalına başlamışdı. Maraqlıdır ki, Şahməhəmməd qardaşına elə də müqavimət göstərmədi və Bağdadın ona kifayət etdiyini bildirdi. Əmir İsfahan onu Bağdaddan da çıxarsa da, Cəlairi Üveysə məğlub oldu, sonda isə Şahməhəmməd şəhəri geri qaytarmağı bacardı. Bir müddətliyinə iki qardaş Bağdadı birlikdə idarə etdilər, lakin qardaşının vecsizliyindən bezən Əmir İsfahan Bağdadın şimalımdakı Doceylə yollandı. Şahməhəmməd qardaşı ilə ortaq idarəetmədən razı olsa da, oğlu Şahəli bunu qəbul etmirdi. O, 1432-ci ildə atasının icazəsi olmadan Əmir İsfahanın üzərinə hücub edib, uğursuz oldu. Sonda 1432-1433-cü illərdə Əmir İsfahan Şahməhəmmədi Bağdaddan uzaqlaşdırdı və onnu Bağdad hakimliyi sona çatdı.[8][1]
Şaməhəmmədin son günləri və ya ayları yaxşı qeyd edilməmişdir. Gheyasi iddia edir ki, o, Bağdad ətrafında ordusunu yenidən qruplaşdırmağa çalışmış, uğursuz olduqdan sonra isə gəmi ilə Fərat çayının qərb sahilinə keçmişdir. O, oğlu Şahbudağın və bir hambalın müşayiəti ilə VII imam Musa Kazımın məzarını ziyarət etmiş, burada Seyid Covsaki adlı şəxs ona heyvanlar verdikdən sonra Duceylə, oradan da Hadithaya yollanmışdır. Burada müəyyən ordu topladıqdan sonra Mosul və Ərbili yenidən ələ keçirmiş və diqqətini Bağdada yönəltmişdir. O. Bakubəni ələ keçirmiş və yağmalamışdır. Lakin o, Əmir İsfahanın xəstə olmasına baxmayaraq, Bağdadı ələ keçirə bilməmişdir. Son olaraq, Əmir İsfahan ona hücum etmiş və Bağdaddan uzaqlaşdırmışdır. Gyesainin bildirdiyinə görə, Şahməhəmməd və ətrafı Şekan adlı qalanı ələ keçirməyə çalışarkən öldürülmüşdülər.[9] Muḥaddis̲in yazdığına görə isə, oğlu Şahəlinin Qara İsgəndərin yanına qaçmasından sonra Şahməhəmməd Baba Hacı Həmadani tərəfindən öldürüldü. Həmədani Gaverudun hakimi idi.[10]
Sonrakı fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1435-ci ildə Qara İsgəndərin ölümündən sonra oğullarının və qızlarının bir hissəsi əmiləri İsfahan bəyə sığındılar. Onlara oğullarından Əlvənd, Məlik-Qasım, Əsəd, Rüstəm, Tərxan, Məlik-Məhəmməd və qızlarından Arayiş, Şahsaray bəyimlər daxil idilər.[11] Həmin il Əmir İsfahana sığınan qardaşı Şahməhəmmədin oğlu Şahəli əmisindən üz döndərib Şahruxa sığındı.[12]
Əmir İsfahan Ağqoyunluların daxilindəki ara müharibələrindən istifadə edərək sərhədlərini genişləndirmək istəyirdi. Həmzə bəy Bayandur 1437-ci ilin yazında İsfahan bəyi məğlub etdi. O, böyük ordu toplayaraq Qaraqoyunlu qüvvələrini Diyar-i Rəbiyyədən və Şimali Cəzirədən çıxardı.[13]
1445-ci ilin martın 8-də Əmir İsfahan vəfat etdi. Əyanlar İsfahan mirzənin oğlunu səltənətə əyləşdirdilər. Xəbər Cahanşaha çatdıqda Azərbaycandan böyük ordu ilə Bağdad tərəfə hərəkətə başladı. 1446-cı ildə İraqda Əmir İsfahan dövründən qalmış bütün müstəqil qüvvələr Təbrizdəki mərkəzi hakimiyyətə tabe edildi.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Qızılbaşlar tarixi.s.16.
- ↑ Faruk Sümer.s.83.84.
- ↑ Həsən bəy Rumlus.s.93.
- ↑ Faruk Sümer.s.109; 116.
- ↑ Həsən bəy Rumlus.s.99.
- ↑ Faruk Sümer.s.123.
- ↑ Həsən bəy Rumlus.s.104; 134.
- ↑ Binbaş, 2019. səh. 221
- ↑ Binbaş, 2019. səh. 221-222
- ↑ Muḥaddis̲, 1982. səh. 16
- ↑ Faruk Sümer.s.143.
- ↑ Həsən bəy Rumlus.s.142.
- ↑ Tihrânî, Diyârbekriyye, C. I, s. 130–134, çev. s. 88–91.
- ↑ Həsən bəy Rumlus.s.155–156.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Prof. Dr. Faruk Sümer. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar). I. cilt Türk Tarih Kurumu Basım Evi — Ankara — 1967
- Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, "Azərbaycan" nəşriyyatı. 1993–48 s.
- Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
- Ebû Bekr-i Tihrânî. Kitâb-ı Diyârbekriyye, C. I–II, ner. N. Lugal, F. Sümer, Ankara, 1993, çev. Mürsel Öztürk, Ankara, 2001.
- Evrim Binbaş. The Jalayirid Hidden King and the Unbelief of Shāh Mohammad Qara Qoyunlu. Journal of Persianate Studies. 12 (2). 2019. ISBN 1874-7094.