Əhməd Cəlayır — Vikipediya

Əhməd Cəlayır
Qiyasəddin sultan Əhməd Bahadır[1]
ərəb. قياس الدين سلطان أحمد بهادير
Sultan Əhməd Cəlayır adına Şamaxıda zərb edilmiş dinar (1384-1385)
Sultan Əhməd Cəlayır adına Şamaxıda zərb edilmiş dinar (1384-1385)
naməlum – naməlum
bayraq
Bəsrə hakimi[2]
naməlum – 1382
1382 – 1410 (fasilələrlə)
ƏvvəlkiCəlaləddin Hüseyn[4]
SonrakıŞah Vələd[5]
Şəxsi məlumatlar
Doğum tarixi naməlum
Vəfat tarixi [6]
Vəfat yeri Təbriz[7]
Fəaliyyəti Şair[8]
Atası Üveys Cəlayır[2]
Ailəsi Əhməd Cəlayırın ailəsi
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Cəlayır (tam adı: Qiyasəddin sultan Əhməd Bahadır; ərəb. قياس الدين سلطان أحمد بهادير‎; d. naməlum — ö. 30 avqust, 1410, Təbriz) — Cəlairilər sultanlığının hökmdarı, şair. 1382–1410-cu illərdə fasilələrlə Cəlairi sultanlığını idarə etmişdir.

Cəlairi taxtına 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlaləddini devirərək çıxmışdır.[3] İk dövrlərində daxili üsyanlarla məşğul olmuş və ilk növbədə qardaşı Şeyx Əlini, daha sonra isə digər qardaşı Bəyazidi və onun müttəfiqi Əmir Adili məğlub edərək İraqdaAzərbaycanda tam hakimiyyət qurmuşdur.[9]

Sultan Əhmədin hakimiyyət dövründə Yaxın ŞərqdəQafqazda siyasi vəziyyət stabil deyildi. XIV əsrin 80-ci illərindən etibarən Cəlairi hakimiyyətini qorumaq üçün Teymurilərlə mübarizə aparmışdır. Əmir Teymur tərəfindən Cəlairilər 1786-cı ildə Azərbaycan,[10] 1393-cü ildən sonra isə İraqdan çıxarıldılar.[11] Daha sonra Əhməd Cəlayır qısa müddətlik Bağdad ətrafında hakimiyyətini bərpa etsə də,[12] 1399-cu ildə yenidən İraqı tərk etdi.[11]

1399–1405-ci illərdə sürgün həyatı yaşamışdır. Bu dövrdə Teymurilərin təqibindən OsmanlılaraMəmlüklərə sığınmışdır. Əmir Teymurun Məmlüklərə təzyiqi ilə 1404–1405-ci illərdə Hələbdə həbsdə saxlanılmışdır.

1405-ci ildə Əmir Teymurun ölümü ilə sultan Əhməd İraqda hakimiyyətini bərpa etdi.[13] Azərbaycan isə aralarında olan razılaşmaya əsasən Qara Yusifin hakimiyyətinə verildi.[14]

1410-cu ildə Əhməd Cəlayır böyük ordu ilə Qaraqoyunlular üzərinə yürüşə çıxdı və Təbrizə daxil oldu.[15] Həmin il Təbriz yaxınlığında Qara Yusiflə döyüşdə məğlub edildi və əsir alındı.[15] Sultana İraqın və Azərbaycanın Qara Yusifin oğullarına verilməsi ilə bağlı fərman yazdırıldı və daha sonra öldürüldü.[16]

Sultan Əhməd həmçinin şair fəaliyyəti ilə də tanınırdı. Azərbaycan-türk dilində, farscaərəbcə şeir və qəzəllər yazmışdır. Şairləri, alimləri və musiqiçiləri himayə edirdi.[8]

İlk illəri və hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]
Əhməd Cəlayırın Ərdəbildəki Səfəvi sülaləsinə güzəştlər edilməsi barədə fərmanı, 1372

Əhməd Cəlayır sultan Üveys Cəlayırın 5 övladından biridir.[2] Doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. Üveys Cəlayırın ölümündən sonra qardaşı sultan Hüseyn Cəlaləddin dövründə Ərdəbil və ətrafını, daha sonra isə Bəsrə bölgəsini idarə edirdi.[2]

1377-ci ildə Müzəffəri sülaləsindən Şah Şüca Cəlairilər üzərinə yürüş təşkil etdi və Hüseyn Cəlaləddin Bağdada çəkildi. Lakin Hüseyn Cəlaləddin qardaşı Şeyx Əlinin yardımı ilə əks-həmlə edərək Təbrizi Müzəffərilərdən geri aldı. Şah Şüca daha sonra Sultaniyə yaxınlığında Əmir Adilin[q 1] başçılıq etdiyi Cəlairi ordusunu məğlub edərək şəhəri ələ keçirdi və adına xütbə oxutmağa başladı. Şah Şüca müharibəni dayandırmaq və qohum evliliyi ilə sülhə razılaşmaq istəsə də, Hüseyn Cəlaləddin bu təklifi qəbul etmədi.[2]

Həmçinin 1379-cu ildə Bağdad hakimi Şeyx Əli müstəqillik elan etdi və Hüseyn Cəlaləddinin hakimiyyətini tanımadı. Əhməd Cəlayır bu dövrdəki ümumi narazılıqdan istifadə edərək, 1382-ci ildə Bəsrədən MuğanaArrana getdi. Orada qardaşına qarşı xeyli qoşun topladı. Həmin il Hüseyn Cəlaləddin üzərinə hərəkətə keçdi və Təbrizi mühasirəyə aldı. Daha sonra şəhəri ələ keçirdi və Hüseyn Cəlaləddini edam etdirərək Cəlayırı taxtına çıxdı.[2][3][4]

Birinci hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Hakimiyyətdaxili böhranların aradan qaldırılması

[redaktə | mənbəni redaktə et]

Əhməd Cəlayırın özünü sultan elan etməsindən sonra qardaşları Bəyazid və Şeyx Əli onun hakimiyyətini qəbul etmədilər.[17] Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Əmir Adil tərəfindən hökmdar elan edildi[3] və Təbrizə doğru hərəkətə başladı. Əmir Adilin Təbrizə gəldiyindən xəbər tutan Əhməd Cəlayır Mərəndə çəkildi və Əmir Adilin qüvvələri Təbrizə daxil oldu. Lakin Əhməd Cəlayırın Əmir Adilin əmirlərindən bir çoxunu öz tərəfinə çəkməsi ilə onun gücü önəmli dərəcədə sarsıldı və yenidən Sultaniyəyə qayıtmağa məcbur oldu.[18][3] Əhməd Cəlayır Təbrizə dönmək istəsə də, digər qardaşı Bağdad hakimi Şeyx Əlinin[q 2] ordusunun artıq şəhər yaxınlığında olduğu xəbərini aldı. Təbriz yaxınlığında, Həftrüd adlı yerdə baş vermiş hərbi toqquşma zamanı Əhməd Cəlayırın Ömər Qıpçaki başda olmaqla önəmli əmirlərinin Şeyx Əli tərəfinə keçməsi nəticəsində Əhməd Cəlayır Naxçıvana doğru geri çəkildi.[3] Həmin vaxt Naxçıvanda olan Qaraqoyunlu hökmdarı Qara Məhəmmədin yardımı ilə Şeyx Əlinin qüvvələri məğlub edildi və Şeyx Əli öldürüldü.[19] Bundan sonra sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi.[17]

Şeyx Əlinin məğlubiyyətindən sonra sultan Əhməd Əmir Adil ilə sülh üçün danışıqlara başladı. Ancaq Əmir Adil danışıqlardan imtina etdi və böyük bir qoşunla sultan Əhməd üzərinə hərəkətə keçdi. Sultan Əhməd əvvəlcə Arana, sonra isə Muğana doğru geri çəkildi.[20] O, burada şirvanşah Huşəngin yardımı ilə Əmir Adilin qüvvələrinə qarşı mübarizə apardı. Şirvanşah Huşəng qardaşlar arasında danışıqlar aparılmasına nail oldu.[9] Nəticədə tərəflər arasında sülh əldə edildi və sülhün şərtlərinə görə Azərbaycan sultan Əhmədə, Əcəm İraqı Bəyazidə, Ərəb İraqı isə sultan Əhmədlə Əmir Adilin ortaq hakimiyyətinə verildi. Sülhdən bir müddət sonra Əmir Adil Ərəb İraqının tamamilə ələ keçirmək üçün qardaşı oğlu Dursunu Bağdada göndərdi. Bundan xəbər tutan sultan Əhməd Bağdada doğru yürüşə başladı və şəhərə daxil oldu.[20][9] Dursun isə edam edildi. Bundan sonra 1383-cü ildə yenidən Təbrizə geri döndü.[21] Dursunun ölümü ilə tərəflər arasında qarşıdurma yenidən başladı və Əmir Adil yenidən qoşunla sultan Əhmədə qarşı yürüşə başladı. Marağada Neylan adlı yerdə tərəflər arasında döyüş baş verdi. Lakin döyüş nəticəsiz oldu və onlardan heç biri qələbə əldə etmədi.[9] Əmir Adil Sultaniyəyə, daha sonra isə Həmədana geri çəkildi. Onu təqib edən sultan Əhməd Sultaniyəyə daxil oldu və burada qardaşı Bəyazidi ələ keçirərək özü ilə Təbrizə apardı. Oğlu Ağbuğanı şəhərə hakim təyin etdi, Mahmud Candar isə onun atabəyi təyin edildi.[20]

Beləliklə, Əhməd Cəlayır Ərəb və Əcəm İraqına, həmçinin Azərbaycana tam nəzarəti ələ keçirdi.[17][9]

Toxtamış xana qarşı mübarizə

[redaktə | mənbəni redaktə et]

1385-ci illərdə Qızıl Orda xanı Toxtamış Cənubi QafqazaAzərbaycana yürüş təşkil etdi. Toxtamış 90 minlik ordu ilə[q 3] Dərbənddən Şirvana daxil oldu. Qızıl Orda qüvvələri sürətli şəkildə Təbrizə doğru hərəkətə başladılar və şəhəri mühasirəyə aldılar. Lakin 8 gün ərzində şəhərə daxil ola bilmədilər.[22] Toxtamış Cəlairilərin şəhər valisi əmir Vəli ilə danışıqlara başladı. Toxtamışla əmir Vəli arasında əldə olunan razılığa görə Qızıl Orda qüvvələri 250 tümən qızıl qarşılığında mühasirəni dayandıraraq şəhər ətrafını tərk etməli idilər.[23] Şəhər əhalisi Qızıl Orda qüvvələrinin geri çəkildiyini görüb müdafiə mövqelərini tərk etdikdən sonra, Toxtamış ani hücumla şəhəri ələ keçirdi.[22][24] Şəhər qarət edildi və alimlər və sənətkarları isə paytaxt Saraya aparıldı.[23]

Əhməd Cəlayır şəhərin geri alınması üçün ordu göndərsə də, bu qüvvə Təbriz yaxınlığında məğlubiyyətə uğradıldı və geri çəkildi. Daha sonra Qızıl Orda qüvvələri Mərənd, NaxçıvanMarağa istiqamətlərinə irəliləyərək şəhərləri qarət etdilər. Sonra isə Qarabağda toplaşaraq oradan şimala, öz ərazilərinə geri döndülər.[23] 1386-cı ildə Əhməd Cəlayir yenidən Təbrizə daxil oldu.[10]

Əmir Teymura qarşı mübarizə

[redaktə | mənbəni redaktə et]

1384-cü ildə Əmir Teymur seçmə süvari qoşunu ilə Reyə gəldi. Bu zaman Əhməd Cəlayır Sultaniyədə idi. O, Əmir Teymurun yaxınlıqda olması xəbərini aldıqdan sonra şəhərin müdafiəsini möhkəmləndirərək Bağdada çəkildi. Əmirin Sultaniyə üzərinə hərəkətə keçməsi ilə Əhməd Cəlayırın oğlu, şəhər hakimi Ağbuğa geriyə, Təbrizə doğru çəkildi. Teymuri ordusu ciddi müqavimət olmadan şəhərə və qalaya daxil oldu. Həmin dövrdə Əhməd Cəlayırın rəqibi Əmir Adil Şirazda idi. O, burada Əmir Teymurla görüşərək ona itaətini bildirdi. Əmir Teymur Sultaniyə və Təbrizin idarəsini ona verdi.[24]

Toxtamış xanın gedişindən sonra Əhməd Cəlayir 1386-cı ilə Təbrizi geri aldı. Həmin il İranda olan Əmir Teymur da şəhəri ələ keçirmək üçün ağır yüklərini yolda buraxaraq sürətli şəkildə şəhərə doğru hərəkətə başladı. Əhməd Cəlayir Bağdada çəkildi. Təbriz və ətrafı isə Teymurilərin nəzarətinə keçdi və yenidən Əmir Adil şəhərə hakim təyin olundu.[10] Əmir Teymurun bölgədən uzaqlaşmasından sonra Əhməd Cəlayır yenidən ordu ilə Təbrizə doğru yürüş etdi. Əhməd Cəlayırın qüvvələri Marağaya daxil olduqda Əmir Adil Təbrizdən Ucana doğru geri çəkildi və burada Əmir Teymurun qüvvələri ilə birləşdi. Sultan Əhməd Təbrizə daxil olsa da, Əmir Teymurun qüvvələrinə qarşı müqavimət göstərə bilməyəcəyini anlayıb, Naxçıvana, oradan da yenidən Bağdada çəkildi.[22]

Əmir Teymurun 1393-cü il Bağdad yürüşü, Zəfərnamə

Əmir Teymur 1392-ci ildə İran və Azərbaycan üzərinə ikinci böyük səfər təşkil etdi. Sultan Əhməd dövrün elm və din adamlarından müfti Nurəddin Əbdürrəhman İsfərayini hədiyyələrlə birlikdə Əmir Teymurun yanına göndərdi. Lakin Əmir Teymur sultan Əhmədin ona tabelilik bildirmədiyini və adına sikkə zərb etdirib, xütbə oxutmadığını əsas gətirərək hədiyyələri qəbul etmədi. 1393-cü ildə Bağdad yaxınlığında olan Əmir Teymur sultan Əhmədə məktub yazaraq üzərinə hərəkət edəcəyini bildirdi. Sultan Əhməd məktubu aldıqdan dərhal sonra xəzinəsini Dəclə çayının digər tərəfinə keçirdi və Teymuri ordusunun yolları üzərindəki körpüləri dağıtdırdı. Lakin bunlar Teymuri ordusunun şəhərə daxil olmasının qarşısına ala bilmədi. Sultan Əhməd Bağdadan çıxaraq və qiymətli əşyarını da yolda buraxaraq Fərat çayı istiqamətində hərəkət etdi.[11] Lakin Teymuri qüvvələri yolda sultanı yaxaladılar. Baş vermiş toqquşmada Teymuri ordusu böyük itki versə də, təqibi davam etdirdi. Nəticədə Sultan Əhmədin düşərgəsində olan bacısı Dilşad xatun, oğlu ƏlaüddövləƏbdülqadir Marağayi də daxil olmaqla dövrün bir çox elm və din adamları tutularaq Bağdada, daha sonra isə Səmərqəndə aparıldılar.[25]

Sultan Əhməd isə Məmlük ərazilərinə doğru hərəkət etdi. O, əvvəlcə Məmlüklərin Suriya valisi Dəmirtaşa sığınmaq istəsə də, bu istəyi rədd edildi. Daha sonra Qahirəyə, Məmlük sultanı Bərkukun sarayına getdi. Bərkuk onu yaxşı qarşıladı və qalması üçün saraylardan biri onun üçün ayrıldı.[11]

Əmir Teymur bölgədən yenidən uzaqlaşmasından sonra[26] sultan Əhməd Misirdən İraqa doğru hərəkət etdi və ordu toplayaraq Bağdada daxil oldu. O, burada bir neçə il hakimiyyətdə oldu.[12] 1399-cu ildə Əmir Teymur bölgəyə yeni bir yürüşə[q 4] başladı. Azərbaycana gələn Əmir Teymurun Bağdad üzərinə qoşun göndərməsindən xəbər tutan Əhməd Cəlayır xəyanət edəcəyini düşündüyü bir neçə əmirini edam etdirdi və az qoşunla Mosula hərəkət etdi. O, Mosulda Qaraqoyunlu hökmdarı Qara Yusiflə görüşdü. Onlar Teymuri ordusunun uzaqlaşmasından sonra Bağdadı yenidən ələ keçirsələr də, Əmir Teymurun yaxınlıqda olması səbəbindən şəhəri tərk etdilər.[11]

Bəyazid xan! Biz istəyirdik ki, bizimlə o tərəf arasında dostluq hökm sürsün. Elə buna görə də [sizə] bir neçə məktub yazdıq, [sizdən] sülh və dostluq istədik. İndi siz Əhməd Cəlayırı özünüzdən uzaqlaşdırın, [elə] Qara Yusiflə də o cür hərəkət edin.
Əmir Teymurun İldırım Bəyazidə məktubundan.[27]

Müttəfiqlər 1400-cü ilin ortalarında Məmlük sultanı Fərəcə məktub göndərərək ona sığınmaq istədiklərini bildirdilər və Məmlük sərhədlərinə doğru hərəkət etdilər. Lakin Məmlüklərin Hələb valisi Dəmirtaş yollarını kəsərək onları Suriyaya buraxmadı. Tərəflər arasında baş vermiş hərbi toqquşma zamanı Dəmirtaş məğlub oldu və geri çəkildi. Bu qarşıdurma onların Məmlüklərlə əlaqələrini pozdu və Misirə sığınmalarına imkan vermədi.[26] Daha sonra müttəfiqlər Osmanlıya sığınmaq üçün hərəkət etdilər və sultan İldırım Bəyazid tərəfindən yaxşı qarşılandılar. Əhməd Cəlayır və sultan Bəyazid qarşı-qarşıya gələrkən hər ikisi atdan endilər və bir-birlərini qucaqladılar. Həmçinin sultan Bəyazid Əhməd Cəlayır üçün qarşılanma mərasimi tərtib etdi və Kütahyanı ona dirlik olaraq verdi.[12]

Şam qalasının (Dəməşq qalası) bürclərindən biri.

Həmin dövrdə Osmanlı sərhədlərinin yaxınlığında olan Əmir Teymur Osmanlı sultanından Əhməd Cəlayır və Qara Yusifi tələb etsə də, sultan Bəyazid bu istəyi rədd etdi. Osmanlı-Teymuri münasibətlərinin kəskinləşməsinin səbəblərindən biri də sultan Bəyazidin onların hər ikisinin cəzalandırmaması, yaxud çağatay hökmdarına göndərməməsi olmuşdur.[28]

Ankara döyüşündən öncə, 1401-ci ildə Əhməd Cəlayır sultan Bəyazid Kayseridə olarkən ondan ayrıldı. Oradan İraqa, Hillədəki oğlu sultan Tahirin yanına getdi. Sultan Tahir Əhməd Cəlayır tərəfindən 1386-cı ildə Əlincə qalasına hakim təyin olunmuş və 14 il burada Teymurilərə qarşı Cəlayır xəzinəsini müdafiə etmişdir. Daha sonra gürcülərinŞəki hakimliyinin köməkliyi ilə Teymuri ordusunun mühasirəsini yararaq xəzinə ilə birlikdə Bağdada getmişdi. Sonrakı dövrdə Əhməd Cəlayırla sultan Tahir arasında münasibətlər pozuldu. Əhməd Cəlayır Qara Yusifin dəstəyi ilə sultan Tahiri məğlub etdi. Sultan Tahir qaçarkən həlak oldu.[29]

Lakin türkmanlar Əhməd Cəlayırdan üz döndərərək onun mallarını ələ keçirmək istədilər, bunu anlayan sultan Bağdada üz tutdu. Onu təqib edən Qara Yusif Bağdada daxil olaraq Ərəb İraqını ələ keçirdi. Sultan Əhməd Bağdadda gizləndi və gecə vaxtı Qara Həsən adlı bir nəfərin köməkliyi ilə şəhəri tərk edərək Şama getdi. Qara Yusif Ərəb İraqında çox qala bilmədi ƏbubəkirRüstəmin rəhbərlik etdiyi Teymuri ordusu Qaraqoyunluları məğlub edib İraqdan çıxardı. Qara Yusif də Teymurilərin təqibindən Şama qaçdı.[30][31][32]

Məmlük sultanı Fərəc Əmir Teymurun təzyiqi ilə Qara Yusif və sultan Əhmədi həbs etdirdi.[33][30][34] Müttəfiqlər Şam qalasının bürclərinin birində 1 il həbsdə qaldılar.[35][32] 1405-ci ildə Əmir Teymur vəfat etdi.

İkinci hakimiyyəti

[redaktə | mənbəni redaktə et]
Qara Yusifin və sultan Əhmədin oğulluğa götürdüyü Pirbudağın adına Bitlisdə zərb olunmuş təngə

Həbsdə olarkən Qara Yusifin bir oğlu anadan oldu. Sultan Əhməd onu oğulluğa qəbul etdi.[36][37][38] Adını Pirbudaq qoydular və bir-biriləri ilə şərt kəsdilər ki, həbsdən çıxdıqdan sonra Azərbaycan Qara Yusifin, İraqi-Ərəb isə sultan Əhmədin olsun.[14] Həmin dövrdə Şam valisi Şeyx Xasəgi Sultan Fərəcə qarşı müxaliflik etməyə başladı.[32] Bölgədə yaranmış qarşıdurmalar səbəbindən sultan Fərəc müttəfiqləri həbsdən azad etdi.[33]

Sultan Əhməd həbsdən çıxdıqdan sonra Diyarbəkirə, oradan isə Hilləyə doğru hərəkətə başladı. Türkmanlardankürdlərdən topladığı ordu ilə 1405-ci ildə Bağdada daxil oldu. Bundan sonra Təbrizə doğru hərəkət etdi.[13] Bu zaman şirvanşah I İbrahim ordusu ilə Təbrizə daxil olmuşdu. Şirvanşah sultan Əhmədin gəlişindən xəbər tutduqdan sonra şəhəri tərk etdi.[39][40] Əhməd Cəlayır böyük ordu ilə şəhərə daxil oldu. Təbrizə daxil olduqdan sonra Qazı İmadəddini Teymurilər tərəfindən dağıdılmış Əlincə qalasının təmirinə göndərdi.[41][42]

Həmin dövrdə Əli OyratƏmir Əli Ərəb kimi saray əyanları Teymuri Mirzə Əbubəkirə məktublar göndərib onu Təbrizə gəlməyə təhrik etdilər. Sultan Əhmədin əmri ilə Sultaniyə qalasını mühasirə etməklə məşğul olan Şeyx Hacı məktubları ələ keçirib sultana göndərdi. Sultan onları həbs edib Bağdada yolladı. Mirzə Əbubəkir bir müddət sonra ordusu ilə Təbrizə yaxınlığına gəldi.[41] Mirzə Əbubəkirin bölgəyə gəlməsi ilə sultan Əhməd Bağdada getdi. Əbubəkr isə Naxçıvan yaxınlığında Qara Yusiflə döyüşdə məğlub oldu.[43][44]

1407-ci ildə Qara Yusif Təbrizi ələ keçirdi.[45] Qara Yusifin Teymurilər üzərində qələbələrindənvə onları Azərbaycandan çıxarmasından[46] sonra sultan Əhmədə çoxsaylı hədiyyələrlə elçi heyəti göndərdi. Sultan onları çox yaxşı qarşıladı, Pirbudaq və Qara Yusif üçün padşahlıq simvolları göndərdi.[47][48][49]

1409–1410-da Əhməd Cəlayır Xuzistana yürüş etdi. Cəlairi ordusu ciddi müqavimət görmədən Hüveyzəyə daxil oldu. Daha sonra Şüştər yaxınlığındakı Səlasil qalası ələ keçirildi və dağıdıldı. Əhalisi Şüştərə köçürüldü. Əhməd Cəlayır Xuzistan qalalarının idarəçiliyini Maqsud Nizədara tapşırdı və Bağdada geri döndü.[50]

Əhməd Cəlayır Xuzistanda olarkən oğlu Əlaüddövlə icazəsiz şəkildə Qaraqoyunlu ərazilərinə daxil oldu. Qara Yusif kiçik hərbi qüvvə göndərdi ki, onu Bağdada geri göndərsinlər. Lakin Xoyda kürdlər onu tutub Məlik İzzəddinin yanına apardılar. Qara Yusif Məlik İzzəddinə Əlaüddövləni Bağdada qaytarması barədə məktub yazdı. Lakin şəhzadə Bağdada yox, Şeyx Şərəfəddin Əli Səfəvi ilə görüşmək üçün Ərdəbilə hərəkət etdi. Təbriz yaxınlığında türkmanlar tərəfindən ələ keçirilən şəhzadə Qara Yusifə təhvil verildi. Qara Yusif onu Ədilcəvaz qalasında həbs etdirdi.[51]

Xuzistana yürüşdən döndükdən sonra Əhməd Cəlayır xəstələndi və həkimlərin məsləhəti ilə Üveys-Qərn yaylağına getdi. Bu əsnada Bağdadda Veys adlı bir nəfər sultanın oğlu olduğunu iddia edərək üsyan qaldırdı. Sultan Əhməd Bağdada geri döndü və üsyanı yatırdı. Üsyan başçıları həbs edildi.[52][53]

Qara Yusiflə qarşıdurma və ölümü

[redaktə | mənbəni redaktə et]

1409-cu il dekabrın 18-də sultan Əhməd Təbrizə elçi göndərərək Qara Yusifdən Həmədan yaylağının ona verilməsini istədi. Lakin bu məktubda oğlu Əlaüddövlənin həbsi barədə söz açmadı. Qara Yusif bu tələbi rədd etdi və elçini geri qaytardı.[47][54]

1410-cu ildə sultan Əhməd Təbrizə doğru qəfil yürüş təşkil etdi. Həmin vaxt Qara Yusif Ərzincanın mühasirəsi ilə məşğul idi.[16] Oyrat türkmanları, KürdüstanLuristan tayfaları ilə da ittifaqa girən sultan böyük bir ordu ilə Həmədana, oradan isə Təbrizə doğru hərəkət etdi. Qara Yusifin oğlu, Təbriz hakimi Şahməhəmmədə xəbər çatdıqdan sonra o, şəhəri tərk etdi və Xoya çəkildi.[15] Şahməhəmmədi təqib edən Cəlairi ordusu ilə Xoy yaxınlığında döyüş olsa da, tərəflərdən heç bir qalib gəlmədi və geri çəkildilər.[15] Qara Yusifə bu xəbər çatanda o, Ərzincandan geriyə döndü.[55] 1410-cu il avqustun 30-da Təbrizin 2 fərsəxliyində,[q 5] Əsəd kəndində tərəflər arasında baş verən döyüşdə Qara Yusif qələbə qazandı. Sultan Əhmədin ordusu döyüşdə dağıldı və tək qaldı. O, döyüş meydanını tərk edərkən əsir alındı.[15] Şirvanşah I İbrahimin qüvvələri sultan Əhmədə kömək üçün gəlsələr də, artıq döyüş bitdikdən sonra Təbrizə çatmışdılar. Daha sonra onlar Şirvana geri döndülər.[39]

Sultan Əhməd döyüş meydanını tərk edərək Təbrizə doğru hərəkət etdi. Orada yaşlı bir ayaqqabıçının evinə sığındı. Lakin ayaqqabıçı onu tanıdı və türkmanlara bu barədə məlumat verdi.[7] Əsir alınan Əhməd Cəlayir Qara Yusifin yanına aparıldı. Qara Yusif Əhməd Cəlayiri öldürmək itməsə də, daha sonra əmirlərin təkidi ilə onun edamına razı oldu.[56] Qara Yusif ölümündən əvvəl sultan Əhməddən Azərbaycanın oğlu Pirbudağa, Ərəb İraqının isə digər oğlu Şahməhəmmədə verilməsi haqda yarlıq aldı.[16][57][15]

Əmir Satılmış sultan Əhmədi Qazi Şeyx Əli mədrəsəsinə apardı.[7] O, burada daha əvvəl qardaşını öldürdüyü xoca Cəfəri Təbrizi tərəfindən edam edildi.[6] Hər kəsin öldüyünə inanması üçün cəsədi 3 gün Təbrizdə nümayiş etdirildi.[8]

Sultan Əhməd Dəməşqiyyədə, qardaşı sultan Hüseynin və anasının yanında dəfn edildi. Ölümündən sonra digər əsir düşən uşaqları və həbsdəki oğlu Əlaüddövlə də öldürüldü.[7]

Sultan Əhmədin ölümündən sonra Cəlairi taxtına qardaşı Şeyx Əlinin oğlu Şah Vələd keçdi.[5]

Mədəni fəaliyyəti və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Külliyyat"ın divanlarının əlyazmaları

Monqollar dövründən başlayaraq inkişaf etmiş ədəbi cərəyana Cəlairi hökmdarı sultan Əhməd də daxil idi.[58] Cəlayırlar sülaləsi monqol mənşəli olsa da, həmin dövrdə artıq türkləşmişdi. Həyatından bəhs edən mənbələr sultan Əhmədin Azərbaycan-türk dilində, farscaərəbcə qəzəllər və şeirlər yazdığını bildirirlər. Sarayda xüsusi təhsil alması və sultan Üveys dövründə yaradılmış mədəni mühitdə formalaşmasının mədəni fəaliyyətində böyük rolu olmuşdur. Şairləri və alimləri himayə etmişdir. Öz sarayında Übeyd Zəkani, Nasiri Buxarayi, Səlman Savəçi, Əssar Təbrizi kimi şairlərə yer vermişdir.[8]

Sultan Əhmədin türkcə şeirlər yazması Əbül Mahasin Yusif bəy Tanrıbirdinin "Əl-Nucum əl-zuhirrə" əsərində təsdiqlənmişdir. Onun yazdığı qəzəl Azərbaycan-türk dilinin Cəlairi saraylarında ədəbi dil kimi işlədildiyini göstərir.[58] Sultan Əhməd şairlikdən əlavə astrologiyaya, xəttatlığa, oymaçılığanaxışçılığa da maraq göstərmişdir. Həmçinin mənbələr onun yaxşı bir oxçu olduğunu da qeyd edir.[17] Musiqişünas Əbdülqədir Marağayi həyatının 20 ilini Əhməd Cəlayirin yanında olmuşdur.[59] Cəlairi sarayında Azərbaycan-türk dilinin rolunu göstərən sübutlardan bir digəri də Əbdülqədir Marağayinin iki kiçik dördlüyüdür.[58]

Sultan Əhmədin dövrümüzə gəlib çatmış yeganə əsəri yeddi bölmədən ibarət "Külliyyat"dır. Hazırda Türkiyədə Türk və İslam əsərləri Muzeyində 2046 qeydiyyat nömrəsi altında saxlanılır.[60]

Əhməd Cəlayırın Azərbaycan-türk dilində dövrümüzə gəlib çatan yeganə əsəri "Eyləməz" adlı rədifli qəzəlidir. [61]

Sultan Əhmədin "Külliyyat"ı[60][62]
Divan Tərkibi
1 Kitalbul-hidayə 159 qəzəl, 1 müxəmməs, 1 müstəzad, 6 qitə
2 Künüzzul-uşşak 166 qəzəl, 6 qəsidə, 7 tərcibənd, 8 məsnəvi, 2 müsəmmən, 11 qitə, 24 müfrəd, 14 rübai, 7 misra
3 Kitabuş-şərqiyyət 135 qəzəl, 1 qəsidə, 4 məsnəvi, 1 müsəmmən, 49 qitə, 70 müfrəd, 40 rübai
4 Kitabül-bədiyyət 121 qəzəl, 2 tərcibənd, 21 məsnəvi, 5 qəsidə, 23 qitə, 24 müfrəd, 35 rübai, 8 misra
5 Kitabül-müqəddimə 179 qəzəl, 2 tərci, 10 məsnəvi, 23 qitə, 47 rübai, 31 mürfəd, 42 misra
6 Kitabül-qərbiyyət 214 qəzəl, 3 tərci, 11 qəsidə, 10 məsnəvi, 49 qitə, 1 müstəzad, 46 müfrəd, 50 rübai, 6 misra
7 Kitabu Ləvamıl-ənvar 78 qəzəl, 2 tərci, 6 qəsidə, 8 məsnəvi, 21 rübai, 12 müfrəd, 3 misra

Sultan Əhməd sultan Üveys Cəlayırın 5 övladından biridir.[2] Qardaşlarından Şeyx ƏliHüseyn Cəlaləddin sultan Əhmədlə qarşıdurmalar zamanı həyatlarını itiriblər.[3][19] Digər qardaşı Bəyazid isə ona qarşı çıxış etsə də, Sultaniyədə əsir alınaraq Təbrizə aparılıb.[20] Qardaşlarından başqa Dilşad xatun adlı bir bacısı da olub.[63]

Ailəsi haqqında mənbələrdə geniş məlumat yoxdur. Məxsusən, qızları və həyat yoldaşlarının adları mənbələrdə çəkilmir.[63] Şəhzadəliyi dövründə və səltənətinin ilk dönəmlərində Qara Məhəmmədin qızı ilə evləndiyi məlumdur. Qara Məhəmmədin qızı 1390-cı ildə Şamda öldürülmüşdür. Həmçinin 1385-ci ildə Əmir Adilin qızlarından biri ilə evliliyi qəbul etmişdir. Ancaq tərəflər arasında sülh uzun müddət çəkmədiyi üçün evliliyin baş tutub-tutmaması dəqiq deyil. Həmçinin digər həyat yoldaşı, sultan Tahirin anası 1392–1393-cü illərdə Əlincə qalası Teymurilər tərəfindən ələ keçirilərkən sultan Tahir tərəfindən öldürülmüşdür.[64]

Sultan Əhmədin bacısı Dilşad xatun, qızları və həyat yoldaşlarının bir çoxu Bağdadın işğalı dövründə Teymurilər tərəfindən əsir alınmışdır.[64][63] Qızlarından biri Qara Məhəmmədlə evləndirilmişdi, digər qızı isə Osmanlı şəhzadəsi Musa Çələbi ilə nişanlandırılsa da, 1402-ci il Ankara döyüşündən sonra Əmir Teymur tərəfindən əsir alınıb Səmərqəndə aparılmışdır. Həmçinin əsir düşmüş başqa bir qızı Astarabad hakimi Pir Padşah ilə evləndirilmişdi.[65]

Mənbələrdə adı keçən oğulları bunlardır: Tahir, Əlaüddövlə, Nurulverd, Ağbuğa, Üveys.[66] Əmir Teymurun yürüşü dövründə Tahir Əlincə qalası hakimi idi, Ağbuğa isə Sultaniyə hakimi idi. Daha sonra Əlincəni tərk edib Hilləyə gedən Tahir sultan Əhməd tərəfindən öldürüldü. Digər oğulları Ələüddövlə və Nurulverd isə Əmir Teymurun yürüşləri zamanı əsir düşmüşdülər. Nurulverd 1404-cü ildə, 18 yaşında ikən Əmir Teymurun əmri ilə öldürüldü. Əlüddövlə isə Əmir Teymurun ölümündən sonra Bağdada geri döndü. Lakin Qaraqoyunlu ərazilərinə icazəsiz daxil olduğu üçün Ədilcəvazda həbs edildi və sultan Əhmədin öldürülməsindən sonra, Qara Yusifin əmri ilə o, da öldürüldü.[65]

1410-cu ildə Qaraqoyunlularla toqquşma zamanı özü ilə birlikdə bir neçə oğlu da əsirlikdə edam edildilər. Həmçinin sultan Əhməd əsirlikdə olarkən ona yazdırılan fərmanda "oğullarım" deyə Məhəmməd və Əbülqasım adlı 2 şəhzadənin də adını çəkir. Məhəmmədin Şah Vələdin oğlu olduğu ehtimalı olsa da, Əbülqasımın kim olduğu haqqında mənbələrdə məlumat yoxdur və onun sonrakı həyatı naməlumdur.[65]

  1. Bəzi mənbələrdə "Sarı Adil", və ya "Adil ağa".
  2. Bəzi mənbələrdə "Şah Əli".
  3. Ordu 9 tüməndən ibarət idi və hər birində 10 min nəfər hərbi qüvvə var idi.
  4. Mənbələrdə "yeddi illik yürüş" adlandırılır.
  5. 1 fərsəx 5–8 km-dir.
  1. turkedebiyatiisimlersozlugu.com. "AHMED İBN VEYS, Gıyâseddîn Sultân Ahmed Bahâdır, Mugîseddîn Sultân Ahmed". turkedebiyatiisimlersozlugu.com (türk). PROF. DR. BEYHAN KESİK. 04.01.2014. 23.09.2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 okt 2024.
  2. 1 2 3 4 5 6 7 8 Elşən Mirişli. "Azərbaycanı idarə edən Elxanlar və idarəçilik böhranı" (PDF). Türküstan. 7. 31.01.2023. 2024-10-02 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 4 5 6 7 Azərbaycan Tarixi, III cild, 2007. səh. 30
  4. 1 2 Veyis Değirmençay, 2021. səh. 17
  5. 1 2 Fatih Korkmaz, 2017. səh. 61
  6. 1 2 Nimet Yıldırım, 1991. səh. 17-18
  7. 1 2 3 4 Veyis Değirmençay, 2021. səh. 21
  8. 1 2 3 4 Nimet Yıldırım, 1991. səh. 18
  9. 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 31
  10. 1 2 3 Nizaməddin Şami, 1992. səh. 6
  11. 1 2 3 4 5 Nimet Yıldırım, 1991. səh. 14
  12. 1 2 3 Veyis Değirmençay, 2021. səh. 19
  13. 1 2 Nimet Yıldırım, 1991. səh. 17
  14. 1 2 Həsən bəy Rumlu, 2017. səh. 54
  15. 1 2 3 4 5 6 Həsən bəy Rumlu, 2017. səh. 68
  16. 1 2 3 Nəcəfli Tofiq, 2012. səh. 64
  17. 1 2 3 4 islamansiklopedisi.org.tr. "AHMED CELÂYİR" (türk). FARUK SÜMER. 1989 (dərc olunma tarixi). 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  18. Nimet Yıldırım, 1991. səh. 11
  19. 1 2 Nimet Yıldırım, 1991. səh. 11-12
  20. 1 2 3 4 Nimet Yıldırım, 1991. səh. 12
  21. Veyis Değirmençay, 2021. səh. 18
  22. 1 2 3 Azərbaycan Tarixi, III cild, 2007. səh. 39
  23. 1 2 3 islamansiklopedisi.org. "TOKTAMIŞ HAN". islamansiklopedisi.org (türk). İLYAS KEMALOĞLU. 2020-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 okt 2024.
  24. 1 2 Nizaməddin Şami, 1992. səh. 5
  25. Nimet Yıldırım, 1991. səh. 14-15
  26. 1 2 Nəcəfli Tofiq, 2012. səh. 58
  27. Şahin Fazil, 1995. səh. 7
  28. Şahin Fazil, 1995. səh. 6
  29. Veyis Değirmençay, 2021. səh. 19-20
  30. 1 2 Veyis Değirmençay, 2021. səh. 20
  31. Həsən bəy Rumlu, 2017. səh. 52
  32. 1 2 3 Nimet Yıldırım, 1991. səh. 16
  33. 1 2 Həsən bəy Rumlu, 2017. səh. 53
  34. Nizaməddin Şami, 1992. səh. 29
  35. Nizaməddin Şami, 1992. səh. 30
  36. Şahin Fazil, 1995. səh. 10
  37. Qızılbaşlar tarixi, 1993. səh. 10
  38. Nəcəfli Tofiq, 2012. səh. 59
  39. 1 2 Azərbaycan Tarixi, III cild, 2007. səh. 78
  40. Şahin Fərzəliyev, 1983. səh. 60
  41. 1 2 Həsən bəy Rumlu, 2017. səh. 56
  42. Şahin Fərzəliyev, 1983. səh. 52
  43. Azərbaycan Tarixi, III cild, 2007. səh. 71
  44. Nəcəfli Tofiq, 2012. səh. 61
  45. Nəcəfli Tofiq, 2012. səh. 62
  46. Fatih Korkmaz, 2017. səh. 76
  47. 1 2 Nəcəfli Tofiq, 2012. səh. 41
  48. Həsən bəy Rumlu, 2017. səh. 60
  49. Fatih Korkmaz, 2017. səh. 77
  50. Həsən bəy Rumlu, 2017. səh. 63
  51. Həsən bəy Rumlu, 2017. səh. 64
  52. Həsən bəy Rumlu, 2017. səh. 66
  53. Fatih Korkmaz, 2017. səh. 79-80
  54. Fatih Korkmaz, 2017. səh. 79
  55. Fatih Korkmaz, 2017. səh. 81
  56. Şahin Fərzəliyev, 1983. səh. 30
  57. Azərbaycan Tarixi, III cild, 2007. səh. 73
  58. 1 2 3 Köprülü, 2000. səh. 34-35
  59. Nimet Yıldırım, 1991. səh. 19
  60. 1 2 Nimet Yıldırım, 1991. səh. 22
  61. Veyis Değirmençay, 2021. səh. 12 (birinci bölüm)
  62. Veyis Değirmençay, 2021. səh. 11 (birinci bölüm)
  63. 1 2 3 Veyis Değirmençay, 2021. səh. 4 (birinci bölüm)
  64. 1 2 Bülent Yılmaz, 2002. səh. 236
  65. 1 2 3 Bülent Yılmaz, 2002. səh. 237
  66. Fatih Korkmaz, 2017. səh. 99

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]