Əmircan (Suraxanı) — Vikipediya
Əmircan | |
---|---|
40°25′25″ şm. e. 49°59′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 18 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var.
Coğrafi mövqeyi
[redaktə | vikimətni redaktə et]Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir.[1]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi. Əhali sayı 1842-ci ildə 759 nəfər idi və Bakı kəndləri arasında bu, saya görə 9-cu olsa da, sonrakı illərdə daha sürətlə artmışdır. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən olub, əhali sayına görə 8-ci yerdə idi. XIX əsrin sonunda kənddə quruculuq abadlıq işlərinin aparılması məskunlaşmanı sürətləndirmiş, həmçinin 1926–1939-cu illərdə əhalinin sürətli artımı olmuşdur. Əhali sayı 1959-cu ildə 12,2 min, 2009-cu ildə 30,3 min və 2016-ci ildə 31,5 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 60 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 25 minə yaxındır. Neft-mədən ərazilərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişlər. Qəsəbənin cənubunda Rəng zavodu ərazisi tamamilə məskunlaşmış, hətta Bülbülə gölünün bir hissəsi qurudularaq əmlakçıların tikdirdiyi evlər salınmışdır.
Tanınmışları
[redaktə | vikimətni redaktə et]- Murtuza Muxtarov
- Səttar Bəhlulzadə
- Tofiq Bakıxanov
- Xalid Əliyev
- Ələkbər Muradov
- Tofiq Bayram
- Ramiz Rövşən
- Ağaxan Abdullayev
- Qəyyur Yunus
- Albert Aqarunov
- Şəmsi Əsədullayev
İnfrastrukturu
[redaktə | vikimətni redaktə et]Qəsəbədə mineral hidrogen-kükürd tərkibli sularla müalicə edən Bərpa-müalicə mərkəzi vardır. Bura revmatizm, dəri, dayaq-hərəkət, artrit və d. xəstəliklərin müalicəsində istifadə edilir. Qəsəbədə Suraxanı rayon İH binası, H.Əliyev mərkəzi, istirahət parkları, idman kompleksi, stadion fəaliyyət göstərir. Tofiq İsmayılov adına qəsəbə stadionunda və ya Azərsun Arenada futbol üzrə yerli və beynəlxalq oyunlar keçirilir.[2] Stadion Qarabağ futbol klubunun ev stadionudur. Əmircanda S. Bəhlulzadənin ev muzeyi, Atəşgah qoruğ muzeyi, 2 poliklinika, özəl tibb müəssisəsi, internat, musiqi məktəbi, 1 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və digər sosial binalar vardır. Burada 6 məktəbdə 5676 şagird təhsil alır və 6 uşaq bağçasında 472 uşaq tərbiyə alır(2011). İstehsalat müəssisələrindən Suraxanı Neft və Qazçıxarma İdarəsi, Suraxanı neft maşınqayırma, Neft-Mədən avadanlığı zavodu, Dalma avadanlığı və quyuların istismarı və hərbi maşınqayırma zavodları, Polad-armatur ASC, Gilan Holdinq Sənaye MMC, Sement istehsal müəssisəsi, Sement-Beton və kiçik müəssisələr fəaliyyət göstərir. Transformator zavodunun yeni korpusları fəaliyyətə başlamışdır. Əmircanda məhəllə sistemi əsasən XIX əsrdə formalaşmağa başlamışdır. Buradakı 5 məhəllə-Naxır bulağı, Meydan yeri, Soltanabadlılar, Əsədli, Bünyadlılar məhəlləsi adı ilə tanınan kiçik məhəllə ümumiyyətlə, Əmircanda 4 məscid fəaliyyət göstərmişdir. Nizaməddin məscidi XIV əsrə, digər üç məscid: Muxtarov, Bünyadlılar və Tutağacı məscidi isə XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid edilir. Əmircan kəndinin şəhərsalma strukturunda türbələrin və ovdanların da özünəməxsus rolu var. "Əmirhac", "Şıx Nəcəfəli", "Göyçək", "Səkinə" türbələri etiqad olunan dini ocaq kimi əmircanlılar arasında məşhurdur.[1]
Etimologiya
[redaktə | vikimətni redaktə et]Əmircan Bakının qədim kəndlərindən sayılır. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. "Əmir hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur, yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizamətdin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan xalçaları dünyada məşhur olubdur. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır.
Kəndin qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli "Şirvanşahlar dövləti" kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: "On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılar xəbər verir". Azərbaycanın bir çox bölgəsində "Xilə" adlı kənd var. Tarixçi Fəridə Bünyadova bunlar arasında Abşerondakı Xilə kəndinin daha qədim olduğunu deyir: "Bu kəndlərdə nə qədər arxeoloji qazıntılar aparılıb deyə bilmərəm, lakin eramızıdan əvvəl V əsrə aid tapılmış kişi büstü əsas verir ki, Abşerondakı Xilə kəndi digər bölgələrimizdəki Xilələrdən ən qədimidir".
Kənddə qədim məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. Nizamətdin məscidi (Moltan piri) XIV əsrə aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: "Bu məscidi Əmir Nizamətdin – "Əmir həc" böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu tikdirib".
Abidələr
[redaktə | vikimətni redaktə et]Azərbaycan yazıçısı və diplomat Abbasqulu ağa Bakıxanov və onun atası, babası Əmircanda Nizamətdin mülkündə yaşayıblar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik evlər indi də qalmaqdadır. Nizamətdin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır.
XVII–XVIII əsrlərdə kənddə bir neçə məscid tikilib. Bunlardan Binyətdilər məscidini göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və məscid onların nəslinin adı ilə adlandırılıb. Bu məscidlər mədəniyyət abidəsi kimi qorunur.
1908-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına kənddə başqa bir məscid inşa olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb.
Kənddə XIV əsrə aid "Göyçək pir"i və "Əmir-həc mavzoleyi" də tarixi abidə kimi mühafizə olunur. Əmircanın qədim tikililərindən danışarkən ovdanlardan da söz açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz sularını toplamaq üçün qədimlərdə tikilən su təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda dörd su ovdanı var. Əmircanın şərq hissəsində qədimdə içində kəhrizlər olan ovdanlar olub.
Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu ovdana "Bakirə qız ovdanı" deyirlər. Rəvayətə görə qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının xatirəsini əbədiləşdirmək üçün birinci dəfə görüşdükləri və ona su verdiyi yerdə ovdan tikdirib.
Kəndin ərazisində 15-ə yaxın qədim qəbristanlıq var. 1932-ci ildə kəndin mərkəzində qədim bir qəbristanlıq sökülüb. Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst mərtəbəsində islamaqədər dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki skelet aşkarlanıb.
Qədim Əmircanda atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan ərazisindəki Atəşgah dağıdılıb. İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdılıb. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar.
Təbiəti, coğrafiyası
[redaktə | vikimətni redaktə et]Kənddə bir neçə bulaq var. Bu bulaqların bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur. Bulaqların müalicəvi əhəmiyyəti də var. Əmircanda "Qızlar hamamı" və "Məşədi Xəlil hamamı" vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə indiki Bakıxanov küçəsində kükürdlü isti su çıxırmış. Burada "Qızlar hamamı" tikilib. İndi də hamamın xarabalıqları qalmaqdadır. Su isə tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət göstərir. Əmircanın Suraxanı küçəsindəki həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX–XX əsrin əvvəllərində salınmış neft mədənlərinə və sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanıya Əmircandan arabalarla şirin su daşınırmış.
Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə karvan və araba yolu qədim tarixin izi olaraq bu gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu Abşeron yarımadasının ortasından salıblar. Bu yol Pirallahıdan Bakıya qədər XIX əsrə qədər yeganə yol olub. Əmircan kəndinin hər məhəlləsində bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında kənddə buxar maşını ilə işləyən dəyirman varmış. 1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb.
Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının altında bir mağara var. Buraya 200-dən çox adam sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə Bakıya soxulanda öz banditlərilə bir müddət həmin mağarada saxlanıb. Sonradan bu yer uzun illər onun adı ilə bağlı olub. [mənbə göstərin]
Əmircanda neft quyuları qazılarkən çox dərin qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb. Burada mağara şiri, mağara ayısı, kərkədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət bütöv bir qəbristanlıq aşkar edilib. Bu qədər böyük sümük yığını qədimdə burada ehtimal ki, göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir.
Əmircanda Şor adlanan böyük göl var. Bu göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və göy gilabı çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabdan sabun yerinə paltar, palaz, xalçə yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib. XX əsrin əvvəllərinə qədər bu göldən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşeronun bir çox kəndlərindən duzu toplamaq üçün buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan daha istifadə etməyiblər.
Sənaye
[redaktə | vikimətni redaktə et]Əmircanda əhali həmişə təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat işləri görülərkən, quyular qazılan zaman çoxlu qədim məişət əşyaları, sümüklər, küplər, zinyət əşyaları, pullar, silahlar hətta heykəllər də tapılıb.
Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud olub. Kəndin varlı nəsillərindən olan Hacı Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin yerləri olub. Kənddə suvarma sistemi olmadığı üçün dəmyə taxıl əkilirmiş.
Əmircan əhalisi həm də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s. meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib. Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq Əmircanın əkin yerlərində neft mədənləri salmağa başlayıblar. Ancaq hazırda qismən də olsa kənddə təsərrüfatla məşğul olanlar var. Deyilənə görə kəndin varlı adamları Hacı Hacıbaba və Hacı Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar.
Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar var. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə Buta" və "Xilə əfşan" dünyanın hər yerində məşhurdur və dünyanın bir çox muzeylərində saxlanılır (Məsələn, Moskva Dövlət Tarix Muzeyində).
Əmircan oz qutablari ilə də çox məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş.
İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən "Həftə bazar" idi. Bu bazarda həftədə bir gün böyük alver olurmuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır.
XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" kəndi kimi məşhur olub. Neftçıxarmada işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi daim ağ nefti ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində 1859-cu ildə ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi.
Neftçıxarma sahəsində dərinlik nasoslarının tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən məlumdur. Həmin dövrdə Abşeronun bütün kəndlərində Əmircanın qocaman neft ustaları böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu, Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu, Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft zavodu tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu olan qazanlar quraşdırılıb. Neft sənayesinin inkişafı ilə əlaqədar kəndin kənarında Hümbət adlı sahibkarın mədən avadanlığı, alətlər və onları təmir edən emalatxanası olub. Həmin emalatxana 1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik-zavod məktəbinə çevrilib. Hazırda orada geofizika zavodu fəaliyyət göstərir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 R.Əliyeva, E.Bədəlov "Abşeronda məskunlaşma və memarlıq". Bakı — "Avropa" — 2016.264 səh.
- ↑ "Azərsun Arena". 2017-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.