Əsədulla xan Əbülfətzadə — Vikipediya
Əsədulla xan Əbülfətzadə | |
---|---|
Əsədulla xan Əbülfət xan oğlu Əbülfətzadə | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Fəaliyyəti | hərbi lider[d] |
Əsədulla xan Əbülfət xan oğlu Əbülfətzadə (1881-1918) — İran Kazak diviziyasının generalı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Əsədulla xan Əbülfətzadə əslən Naxçıvanın Kəngərli elinin Şərurlu tayfasından olan mühacir Əbülfət xan Mirpəncin oğludur. II Rusiya-İran müharibəsindən sonra bir çox insanlar kimi onlar da rus dövlətinə tabe olmayaraq İrana mühacirət etdilər.
Əsədulla xan əvvəlcə İran Kazak diviziyasının əsgəri olmuş, burada general rütbəsinə qədər yüksəlmişdir. O, Məşrutə inqilabının (1905-1911) ilk dövrlərindən milyonlarla insana qoşularaq Məhəmmədəli şah əleyhinə çıxmış, kazak divizyasından istefa verən hərbçilərdən biri olmuşdur. Ə. Əbülfətzadə 24 iyul 1908-ci ildə Məclis topa tutulan gecə Məşrutə inqilabının fəal mücahidlərindən biri kimi məclisin müdafiəsində iştirak etmişdir. O, bu hadisədən sonra milli-azadlıq hərəkatına qoşulan milyonlardan biri kimi tanınırdı. 1907-ci ildə də mücahidlərin Tehrana daxil olması üçün millətin Tehran və Qəzvinə tərəf hərəkətinin təşkili işində fəal iştirak etmişdir. Ə. Əbülfətzadə Tehran fəth olunduqdan sonra idarə heyəti tərəfindən şahzadə Məsud mirzə Qovanlı-Qacarın yanına göndərilmişdi.
İnqilab yatırıldıqdan sonra Avropaya qısamüddətli səfər etmiş Ə. Əbülfətzadə 1912-ci ildə amerikalı Morqan Şusterin əvəzinə baş xəzinədar təyin olunmuş belçikalı Mornard tərəfindən Savucbulaq və Şəhriyara dövlət vergilərini yığmağa göndərilmiş, burada maliyyə işləri ilə məşğul olmuşdur. Az bir müddət keçdikdən sonra kəndlilərlə onun arasında narazılıqlar yarandığından o, bu işdən çıxarıldı. Onun vəzifədən uzaqlaşdırılması səbəbini rəqibləri bununla əlaqələndirdilər ki, guya nəslinin və qohumlarının bəhai təriqətinə mənsubiyyəti məlum olmuşdur. O guya bu təriqəti təbliğ edirmiş. İran alimi Mehdi Bamdad yazır ki, Əsədulla xan Əbulfətzadənin düşüncə və baxışları bu ehtimaldan çox-çox yüksəkdir. Nəsli bəhailikdə təqsirləndirilirdisə, onun bununla əlaqəsi yox idi, çünki bəhai təriqəti başçıları öz üzvlərinin siyasətlə məşğul olmasının tam əleyhinə idilər. Ə. Əbülfətzadə isə kamilən siyasət aləminə daxil olmuşdu və onun gördüyü işlər bəhailər tərəfindən qadağan olunmuş, onların əqidəsinə zidd işlər idi.
Ruslar 1915-ci ildə Tehrana hücum edərkən Əsədulla xan mücahidlərlə birlikdə şəhərdən çıxaraq Kirmanşaha tərəf getmişdi. Bir ildən sonra vaxtilə Kazak diviziyasında polkovnik rütbəsində olmuş yaxın dostu İbrahim xan Münsizadə ilə birlikdə "Cəza komitəsi" (komiteyi-mücazat) təşkil etdilər. Sonra Məhəmmədnəzər xan Mişkatul-məmalik də onlara qoşuldu və beləliklə "Cəza komitəsi" həmin üç nəfərin səyi ilə təşəkkül tapdı. Komitə bir neçə nəfərin hesabına təkmilləşdi. Bunun vasitəsilə əhalini istismar edən bir neçə nəfər öldürüldü.
Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Komitə üzvləri Kürdüstana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər. Lakin həmin il, yəni 1918-ci ildə Həsən Vüsuq (Vüsuqüddövlə) Baş nazir təyin olundu və dərhal "Cəza komitəsi"nin bütün üzvlərini həbs etdi. Komitə üzvləri dar ağacından asıldılar. General Əsədulla xan Əbülfətzadə və polkovnik İbrahim xan Münşizadə zahirən Xorasan tərəfdə olan Kelata sürgün edildilər. 1918-ci ilin sentyabr ayında yolda ikən Vüsuqüddövlənin tapşırığı ilə Simnanla Damğan arasında güllələndilər.